Lui Teofil Mari Ruselye (fr. Louis-Théophile Marie Rousselet) - Fransız səyyah, fotoqraf və arxeoloq. Ruselye XIX əsrin ortalarında Hindistana etmiş olduğu səfərlər və orada gördükləri ilə bağlı yazdığı xatirələrlə daha çox tanınmışdır. Fotoqrafiya sənətində mühüm dönüş nöqtələrindən biri kimi qəbul edilmiş qaranlıq otağın əsas yaradıcılarından və ilk istifadəçilərindən sayılır. Ruselye tərəfindən çəkilmiş fotoqrafiya nümunələrinin bir çoxu bu gün də yüksək dəyərə və maddi qiymətə sahibdir. Bir çox fotosu dövrünün tanınmış ədəbi və mədəni jurnalları tərəfindən qravür halına salınmış və istifadə olunmuşdur.[1]
Lui Ruselye | |
---|---|
fr. Louis-Théophile Marie Rousselet | |
| |
Doğum tarixi | |
Doğum yeri | Perpignan, Fransa |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | Vineuil, Fransa |
Vətəndaşlığı | Fransa |
Həyat yoldaşı | Tereza Trotignon |
Milliyyəti | Fransız |
Fəaliyyəti | fotoqraf, coğrafiyaşünas, arxeoloq, etnoloq |
Vikianbarda əlaqəli mediafayllar |
Lui Ruselye 1845-ci ildə Fransanın cənubunda yerləşən Perpignan şəhərində anadan olmuşdur. Atası karqo yüklərinin daşınması ilə məşğul olan varlı bir ticarətçi idi. Parisdə ilkin təhsilini aldıqdan sonra Almaniyanın Heydelberq şəhərində yerləşən Heydelberq Universitetinə yollanmışdır.[2] Fotoqrafiya sənəti ilə maraqlanan Ruselye qısa zamanda Parislə bağlı müxtəlif fotoların çəkilməsinə nail olmuşdur. Eyfel qülləsinin tikinti prosesini göstərən bir çox fotonun Lui Ruselyeyə məxsus olduğu məlumdur.
Çəkilmiş fotoların daha yaxşı görünməsi və görüntü parlaqlığının artırılması üçün XIX əsrdə yaradılmış və fotoqrafiyanın inkişafına misilsiz təkan vermiş qaranlıq otaq texnologiyasının ilk istifadəçilərindən və bunu dönəminin fotoqrafları arasında yayanlardan biri də Lui Ruselye olmuşdur.
Ruselye fotoqrafiya sənəti ilə yanaşı səyahətlərə də maraqlı idi. Fransa hökuməti tərəfindən maliyyələşdirilmiş ekspedisiya qrupunun tərkibində Hindistan və Himalayalarda aparılmış etnoloji və arxeoloji tədqiqatlarda iştirak etmişdir. Mərakeşə etmiş olduğu səfər Afrika qitəsinə gercəkləşdirdiyi yeganə səfər hesab olunur. Məmur kimi bir müddət Paris şəhərində yerləşən Paris Antropologiya Cəmiyyətinin katibi vəzifəsində çalışmışdır.
Lui Ruselyenin Fransada məşhurlaşmasına Hindistana gerçəkləşdirdiyi səfərlər və həmin səfərlər əsasında çəkilmiş olduğu maraqlı fotoqrafiya nümunələri və yazdığı səyahət qeydləri səbəb olmuşdur. 1864-1868-ci illər aralığındakı dörd il ərzində Hindistanda qalmış fransız fotoqraf bu müddət ərzində ölkənin Alvar, Baroda, Bhopal və Udaypur kimi dövrünün böyük və əhəmiyyətli şəhərlərinə səfər etmişdir. Səyyahın Racastan ştatında yerləşən irili-xırdalı onlarla şəhərə də səfərlər gercəkləşdirdiyi məlumdur. Pəncab və Nepal krallığı da səyyahın ziyarət etdiyi yerlərin arasında olmuşdur.
Ruselye 1863-cü ilin 20 iyun[3] tarixində Marsel limanından Britaniya imperiyasına aid Vectis adlı və əsasən Şərq istiqamətində hərəkət bir yük gəmisi ilə yola çıxmışdır. Səyyah, gəminin səfər zamanı Malta adasında dayandığını və Süveyş kanalını istifadə edərək Qahirə və Ədən şəhəri istiqamətində hərəkətini qeyd etmişdir. Bu şəhərlərdə də, dayanan gəmi bəzi yüklərin boşaldılmasından və yeni sərnişinlərin mindirilməsindən sonra Hindistan istiqamətindəki səfərinə davam etmişdir.[4] Ruselyenin Hindistanda olduğu ilk şəhər Bombey şəhəri olmuşdur.[5] Səyyah Bombey şəhərinə 1863-cü ilin 8 iyul tarixində çatmışdır.[6]
Bombeydə olduğu müddət ərzində Belçikadan gəlmiş bir başqa səyyah Juls Henri Şkamburq ilə tanış olmuşdur. Ruselye 1865-ci ilin may ayından, 1868-ci ilin sentyabr ayına qədər Şkamburqla yol yoldaşı olmuş və belçikalı səyyah, fransız fotoqrafı demək olar ki, Hindistanda olduğu müddər ərzində müşayiət etmişdir. Şkamburq daha sonra Kəlküttə şəhərində aparılmış geoloji araşdıramlara qoşulmuş və fransız səyyah öz səfərlərinə tək davam etmişdir. [7]
Səfərdən öncə səyyahın məqsədi Hindistanda cəmisi 6 ay müddətində qalmaq və səyahət etmək idi, ancaq Ruselyenin Hindistanı tərk etməsi səfərindən dörd il sonra baş tutmuşdur. Ruselye ingilis fotoqrafı Samuel Borndan sonra Hindistanda bu qədər uzun müddət qalmış ikinci avropalı hesab olunmaqdadır. Hər iki fotoqraf tərəfindən Hindistanda çəkilmiş olan fotoqrafiya nümunələri dünya miqyasında bir çox qəzet və jurnallar tərəfindən dəfələrlə istifadə olunmuşdur. Ruselye Hindistan gəldikdən sonra, 1865-ci ilin oktyabr ayında fotoqrafiya ilə peşəkar formada məşğul olmağa qərar verir.
Səyyah tərəfindən belə bir qərarın verilməsinin əsas səbəbi səyahət etdikləri yerlərdə yazmış olduğu qeydlər, günlükləri ilə bağlı idi. Belə ki, günlərdə təsvir edilən yerlərin yazılı və ya əllə çəkilmiş təsvirləri kifayətedici hesab olunmurdu və mənzərəni tam olaraq ifadə etmirdi. Xüsusilə, səyyahın Dabhoi yaxınlığında yerləşən malikanənin xarabalıqlarını ziyarət etdikdən sonra bu çatışmamazlığı daha çox hiss etdiyi ehtimal olunur. Səyyah bu məsələ ilə bağlı öz xatirələrində yazmışdır;
Dabhoi-də və ümumilikdə qərb tərəfindən bilinməyən bir çox şah əsərin xarablıqlarını görməyə başladıqdan sonra, təəssüf etməyə başladım ki, əlimdə fotoqrafiya sənətinin vermiş olduğu imkanların heç biri yox idi. Bu sənətin köməkliyi olmadan araşdırmaları reproduktiv etməyə və bu işdən mənfəət əldə edib, gələcək səfərlərimi təmin edə bilməyəcəyimi anladım. |
Səyyah bu məqsədlə tezliklə Baroda şəhərinə qayıdır və fotoqrafiya ilə məşğul olmaq üçün Bombey şəhərində zəruri olacaq bütün avadanlıqları sifariş edir. Lui Ruselye Barodada olduğu müddətcə fotoqrafiya sənətinin bütün sirrlərini və xüsusiyyətlərini ən xırda detalına qədər, səbirli bir şəkildə öyrənir.[8] Hindistanda olduğu müddət ərzində səyyah tərəfindən 600-dən çox foto çəkilmişdir.
Fotoqrafiya əsərlərinin çoxu Fransaya qayıtdıqdan sonra, Paris şəhərində nəşr olunan XIX əsrin məşhur səyahət jurnallarından sayılan Le Tour du Monde adlı dərgidə çap edilmişdir. Həmin jurnalda Ruselye tərəfindən yazılmış bir çox Hindistan xatirələri də, öz əksini tapmışdır. 1868-ci ildə səyyah Uttar Pradeş, Dehli və Varanasi bölgələrini ziyarət etmişdir. 1868-ci il Lui Ruselyenin Hindistanda keçirdiyi sonuncu il olmuşdur və səyyah həyatının sonuna qədər, bir də bu ölkəyə qayıtmamışdır.
Hindistandan qayıtdıqdan sonra Ruselye mərkəzi Paris şəhərində yerləşən və Goupil & Cie olaraq adlandırılan sənət qalereyasında işə başlamışdır. Səyyah, burada əsasən Hindistanda çəkmiş olduğu və sayı altı yüzdən çox olan fotoqrafiya əsərinin çapı və qravür formasına salınması prosesləri ilə məşğul olmuşdur. Ruselye ilə Hindistan səyahəti adlı kitabın üzərində çalışan səyyah dövrünə görə bahalı hesab olunacaq unikal bir işin üzərində çalışırdı. 1870-ci ildə Fransa–Prussiya müharibəsinin baş verməsi kitabın üzərindəki fəaliyyətin, yarımçıq dayandırılması ilə nəticələnmişdir və sənət qalereyasının yerləşdiyi bina toqquşmalar nəticəsində zərər gördüyünüdən bir çox fotoqrafiya nümunəsinə ciddi zərər dəymişdir.
Bütün baş verənlərə baxmayaraq, Ruselye tərəfindən çəkilmiş və XIX əsrin məzərələrini özündə birləşdirən bir çox fotoqrafiya nümunəsi günümüzə qədər, ilkin keyfiyyətini saxlamqla qoruna bilmişdir.[9] 1873-cü ildə Hachette'nin Le Journal de la jeunesse adlı qəzetin baş redaktoru kimi çalışmışdır. Sözügedən qəzet, 10-15 yaşlarındakı uşaq və gəncləri maarifləndirmək və əyləndirmək məqsədi daşıyırdı. Qəzet həftəlik olaraq, Paris şəhərində nəşr olunmuşdur. Uzun müddət bu qəzetdə fəaliyyət göstərmiş Lui Ruselye, Birinci Dünya müharibəsi başlamasından bir il sonra 1915-ci ildə qəzeti bağlamaq məcburiyyətində qalmışdır.[10]
O, həmçinin Hachette nəşriyyatı tərəfindən çap edilmiş Cogrofi terminlərin və izahlarının verildiyi bir kitabın çap olunmasına da rəhbərlik etmişdir. Dövrünün tanınmış akademik çevrələrində mütəxəssis kimi çalışmışdır. 1875-ci ildə Hachette nəşriyyatı tərəfindən çəkilmiş və əsasən Ruselyenin fotolarının istifadə olunduğu Hindistanın rajaları (fr. L'Inde des Rajas) adlı qravürlü jurnal nəşr edilmişdir. Jurnalda, səyyah tərəfindən verilmiş səyahət qeydləri, qravürlər, xatirələr və ən əsası həmin dövrə qədər Qərbi Avropa və xüsusi ilə Fransa üçün naməlum olan Hindistan haqqında maraqlı fotoqrafiya nümunələri öz əksini tapmışdır. Çap edilmiş jurnal Fransada böyük maraqla qarşılanmışdır və təkrar nəşrləri həyata keçirilmişdir.
1876-cı ildə Paris şəhərində Tereza Trotignon adlı qadınla evlənmişdir. Bu evlilikdən dörd övladı olan Ruselyenin övladı sırası ilə 1877, 1878, 1881 və 1891-ci ildə doğulmuşdur. XIX əsrdə Hindistanla bağlı ən çox fotoqrafiya nümunəsinin fransız səyyah və fotoqraf Lui Ruselye tərəfindən çəkildiyi ehtimal olunmaqdadır.[11]
Ruselye 84 yaşında olarkən 1929-cu ilin 19 noyabr tarixində Fransanın mərkəzində yerləşən Vineuil kommunasında vəfat etmiş və daha sonra isə Bur kommunasında dəfn edilmişdir. Görmüş olduğu işlər və fəaliyyəti səbəbindən Fransa dövləti tərəfindən "Fəxri Legion" ordeni və Akademik Palma nişanı ilə təltif edilmişdir.