Lujo Brentano (18 dekabr 1844[1][2][…], Aşaffenburq[3] – 9 sentyabr 1931[3][2][…], Münxen[4]) — alman iqtisadçısı.
Lujo Brentano | |
---|---|
alm. Lujo Brentano | |
Doğum adı | Ludwig Joseph Brentano |
Doğum tarixi | 18 dekabr 1844[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 9 sentyabr 1931[3][2][…] (87 yaşında) |
Vəfat yeri | |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
L. Brentano – Breslav, Strasburq, Vyana, Leypsiq və Münhen Universitetlərinin professoru, iqtisadi və sosial siyasət, iqtisadiyyat, tarix, fəhlə hərəkatı məsələləri üzrə çoxsaylı əsərlərin müəllifi. Öz iqtisadi baxışlarında həmçinin iqtisad nəzəriyyəsindən imtina edilməsini təbliğ edirdi. Vyana universitetində mühazirələrlə çıxış edərək (1888-ci il), Brentano ümumi və ya nəzəri iqtisada "iqtisadi hadisələrin bilavasitə müşahidə" vəzifəsini qarşı qoyaraq onun "ikinci dərəcəli əhəmiyyətindən" danışırdı, çünki "siyasi iqtisad bir zaman təbiət elmlərinin təbiətdə müşahidə olunan fakt və proseslərin təsvirinə keçməsinin aprior mühakimələrinə əsaslanmalıdır. Brentano belə hesab edirdi ki, iqtisadi həyatın hətta ən sadə təzahürlərinin dəqiq təsviri eqoizmdən olan ən ağıllı deduksiyadan da müqayisəolunmaz dərəcədə daha qiymətlidir".
Qeyd etmək lazımdır ki, iqtisad nəzəriyyəsində abstrakt metoda qarşı mübarizədə həm Şmoller, həm də Brentano klassik məktəbin istehsal münasibətlərinə və deməli kapitalizmin iqtisadi kateqoriyalar məcmusunu əbədi, dəyişməz elementlər kimi nəzərdə tutan metodoloji zəifliklərindən istifadə etmişlər. Yeni tarix məktəbinin nümayəndələri müasir kapitalist ölkələrinin təsərrüfat inkişafını tədqiq edərkən bu ölkələrin təsərrüfat quruluşunun dəyişkənliyini sübut etmiş və cəmiyyətin iqtisadi həyatının inkişafının və obyektiv iqtisadi qanunların qanunauyğun xarakterini inkar etmişlər.
Brentano yuxarıda qeyd olunan mühazirədə merkantilistləri hətta siyasi iqtisadın klassiklərindən yüksəkdə tuturdu, belə ki, onun fikrincə, merkantilistlər sənaye və ticarətə dövlət təsirinin müxtəlif üsullarını tədqiq edərək, iqtisadi qanunlar üzə çıxarmağa cəhd etməmişlər.
Yeni tarix məktəbi dəyər, izafi dəyər, kapitalist yığımının tarixi meyli qanununun problemlərini süni və uydurma hesab edərək, klassik siyasi iqtisadın və marksist təliminin kəskin tənqidi ilə çıxış etdi. Şmoller göstərirdi ki, Karl Marksın ümumiləşdirmələri abstrakt anlayışlar və ümumi tarixi – fəlsəfi obrazlardan başqa bir şey deyildir. Tarix məktəbinin tərəfdarları həmçinin "iqtisadi insanın" marjinalist konsepsiyasına qarşı çıxış edirdilər. Onlar göstərirdi ki, insanın davranışı sosial mühitdən, ictimai münasibətlərdən təcrid olunmuş halda götürülməməlidir, insanı primitiv istehlakçı kimi təsvir etmək olmaz.
1872-ci ildə Q. Şmoller, L. Brentano və A. Vaqner sosial-iqtisadi islahatları praktiki surətdə həyata keçirmək üçün "Sosial siyasət ittifaqı" təşkil etdilər. Bu ittifaq fəhlələrin vəziyyətinin yaxşılaşdırılması üzrə qanunvericilik tədbirlərinin dəstəklənməsi üçün, daha doğrusu: məktəblərdə məcburi tədrisin həyata keçirilməsi (12 yaşına qədər), uşaqların, yeniyetmələrin və qadınların əməyinin dövlət tərəfindən tənzimlənməsi, xəstəlik və bədbəxt hadisələrdən fəhlələrin sığorta edilməsinin təşkili, qocalıq və əmək qabiliyyətini itirmişlər üçün təqaüdün müəyyən edilməsi, istehlak və mənzil kooperasiyasının təşkili üçün yaradılmışdı. Tarix məktəbinin nümayəndələri bu tədbirləri "dövlət sosializmi" adlandırırdılar. Dövlət sosializmi ideyaları Almaniyanın iqtisadi siyasətinə və tarix məktəbinin ayrı-ayrı müddəalarının praktiki surətdə həyata keçirilməsinə güclü təsir göstərdi, dünyada onun nüfuzunu qaldırdı və ayrı-ayrı ölkələrdə onun ideyalarının geniş yayılmasına kömək etdi.
Yeni tarix məktəbinin nümayəndələri arasında mühafizəkar və liberal istiqamətlər seçilirdi. Mühafizəkar istiqamətin rəhbəri Şmoller idi. L. Brentano həmkarlar ittifaqlarının praktiki surətdə geniş inkişafı üçün çıxış etdiyi zaman, Şmoller öz tərəfdarları ilə "Sosial siyasət ittifaqı"nın islahatçılıq fəaliyyətini dayandırmağa çalışırdı. Brentano "Sosial siyasət ittifaqın"da liberal islahatçı qrupu təmsil edirdi ki, bu qrupun məqsədi onların fikrincə, başlıca amili həmkarlar ittifaqının inkişafı olan siniflər dünyasının qurulması idi. Özünün "Fəhlələrin müasir birləşmələri" (1871–1872) 2 cildlik monoqrafiyasında Brentano yazırdı ki, fəhlənin sahibkara satdığı əmtəə (yəni əmək) xüsusi növ əmtəədir. Öz ilkin sahibindən ayrılmaz olduğu üçün fəhlə hər yerdə öz əmtəəsinin dalınca getməlidir, və satış üçün yalnız əməyə malik olduğu üçün də tez-tez onu sahibkara ən əlverişsiz şərtlərlə güzəştə getməli olur. Əməyin alış-satışı sahəsində bir-birindən ayrılmış işçilərin yerinə yaxşı təşkil olunmuş həmkarlar gəldikdə isə vəziyyət kəskin dəyişir. Brentano yazırdı ki, "Onların sayəsində əməyin … satıcı kimi fəhlənin və əmtəənin zərərli xüsusiyyətlərinin təsiri aradan qalxır".
Brentano aqrar məsələ üzrə də marksizmin əleyhinə çıxış edirdi. O, sübut edirdi ki, xırda kəndli təsərrüfatı tamamilə möhkəmdir, iri təsərrüfatlar isə yalnız dən təsərrüfatında bəzi üstünlüklərə malikdir. Qalan sahələrdə xırda təsərrüfat daha əlverişli və perspektivlidir, iri təsərrüfatdan sərfəlidir.
Brentano K. Marksın izafi dəyər nəzəriyyəsi ilə də razılaşmırdı. K. Marksa zidd olaraq, Brentano israr edirdi ki, kapitalistin mənfəəti "yeni məhsulda istehsal elementlərinin hamısının birləşməsi yolu ilə, bu elementlərin birləşməsinə qədərki dəyər üzərindəki dəyərin artığından" ibarətdir. Faktiki olaraq, Brentano mənfəəti, onun fikrincə, sahibkarın yaradıcı ruhu olan sahibkarlıq gəlirinə aid edir.