Malazgird döyüşü — Bizans imperiyası ilə Səlcuqlu imperiyası arasında 26 avqust 1071-ci ildə İberiyanın Manzıkert nahiyyəsində (hal-hazırda Türkiyənin Muş əyalətinin Malazgird məntəqəsi) döyüş baş vermişdir. Döyüşdə Bizans ordusunun məğlub olması və imperator IV Roman Diogenin əsir düşməsi[9] Anadoluda və ətrafında Bizans hakimiyyətinin zəiflənməsində mühüm rol oynamış və Anadolunun tədricən türkləşməsinə şərait yaratmışdır.[10] XI əsrdə qərbə doğru yürüşlərdə iştirak edən türklərin bir çoxu Malazgird qələbəsini Kiçik Asiyanın qapılarını onların üzünə açan qələbə kimi qəbul edirdilər.[11]
Malazgird döyüşü | |||
---|---|---|---|
Səlcuqlu-Bizans müharibəsi | |||
Tarix | 1071 26 avqust | ||
Yeri | Malazgird yaxınlığında, İberiya teması[1][2], Armeniakon[3][4] (müasir Malazgird, Türkiyə) | ||
Səbəbi | Bizans və Səlcuqlu dövlətləri arasında mübarizə | ||
Nəticəsi | |||
Ərazi dəyişikliyi | 39°08′41″ şm. e. 42°32′21″ ş. u.HGYO | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Bizans ordusundakı muzdluların və hərbi mükəlləfiyyətlə orduya cəlb edilmiş döyüşçülərin əksəriyyətinin döyüşdən tez bir zamanda qaçıb canlarını xilas etməsinə görə, məğlubiyyət qərbi və şərqi taqmatalardan toplanılmış döyüşçülərə baha başa gəldi.[12] Malazgirddəki döyüşün nəticələri Bizans üçün fəlakət demək idi. Döyüşün nəticəsi siyasi və iqtisadi böhrana gətirib çıxardı və Bizansın öz sərhədlərini müdafiə etməsini daha da çətinləşdirdi.[13] Bu, türklərin mərkəzi Anadoluya daxil olmalarına səbəb oldu — 1080-ci ildə artıq Səlcuq türkləri 78.000 kvadrat kilometr ərazini ələ keçirmişdilər. Bizansın özünə gəlməsi 30 ilə başa gəldi və I Aleksius (1081–1118) Bizansda sabitliyi bərpa edə bildi. Tarixçi Tomas Asbridc yazır ki, "1071-ci ildə Malazgird döyüşündə səlcuqlular imperiya ordusunu Kiçik Asiyanın şərqində darmadağın etdilər, tarixçilər bunu yunanlar üçün faciəvi geriləmə olaraq hesab etməsələr də, hər bir halda bu acıverici bir geriləmə idi".[14] Həmçinin bu birinci və sonuncu hal idi ki, Bizans imperatoru müsəlman komandanın əsiri olurdu.
Bizans imperiyasının orta əsrlərin güclü və möhkəm imperiyalarından biri kimi qalmasına baxmayaraq,[15] hərbi baxımdan bacarıqsız monarxlar olan IV Konstantin Monomaxın və yenidən X Konstantin Dukasın hakimiyyəti illərində imperiya hərbi baxımdan çox gerilədi və I İsaak Komnenosun 2 illik qısa hakimiyyəti dövründəki islahatlar sadəcə Bizans ordusunun çökməsini bir qədər gecikdirə bildi.[16]
1053-cü ildə IX Konstantin XI əsr yunan tarixçisi Con Skaylitzesin 50 min nəfərdən ibarət olduğunu və "İberiya ordusu" adlandırdığı hərbi birləşməni dağıdıb ləğv etdi. Skaylitzesin müasirləri olan keçmiş məmurlar Maykl Attaleiates və Kekaumenos də razılaşırlar ki, bu hərbi birləşmənin Konstantin tərəfindən dağıdılması imperiyanın şərq sərhədlərinin müdafiəsində faciəvi rol oynadı. Konstantin Səlcuqlularla 1064-cü ilə qədər davam edəcək razılaşma imzaladı, lakin Alp Arslanın komandanlığı altındakı böyük Səlcuqlu ordusu İberiya temasına hücum etdi və 25 günlük mühasirədən sonra Ani şəhərini ələ keçirib əhalini məhv etdi.[17]
1068-ci ildə IV Diogen hakimiyyəti ələ aldı və bəzi sürətli hərbi islahatlardan sonra Manuel Komnenosu (I İsaak Komneneosun qardaşı oğlu) ekspedisiyanın komandanı təyin edərək Səlcuqlular əleyhinə göndərdi. Manuel Hierapolis Bambisi ələ keçirdi və İkoniuma olan türk hücumunun qarşısını əks-hücumla aldı, lakin sonradan Sultan Alp Arslanın komandanlıq etdiyi səlcuqlular tərəfindən məğlub edildi.[9] Manuel əsir götürüldü. Alp Arslan qazandığı uğura baxmayaraq, tez bir vaxtda sülh imzalamaq istəyirdi. Çünki o, özünün əsas düşməni kimi Misir Fatimilərini görürdü və digər dövlətlər münasibətləri pisləşdirməyi arzulamırdı. 1069-cu ildə Bizansla razılaşma imzalandı.[6]
1071-ci ilin fevralında IV Roman öz elçilərini Alp Arslanın yanına göndərərək 1069-cu il müqaviləsini yeniləməyi təklif etdi və şimal cinahını hücuma qarşı qorumağa çalışan Alp Arslan bununla razılaşdı. Edessanın mühasirəsini dayandıran Alp Arslan qüvvələrini Fatimilər tərəfindən idarə olunan Hələbə yönəltdi. Sülh danışıqları sadəcə aldatma məqsədli idi, Roman bundan istifadə edərək böyük bir ordu ilə səlcuqluların cavabını gözləmədən Şərqi Anadoluya doğru yürüşə başlamışdı.[6]
IV Romanı onun rəqibi Con Dukasın oğlu Andronikus Dukas müşayiət edirdi. IV Romanın ordusu Bizansın qərb əyalətlərindən toplanmış 5.000 nəfər peşəkar döyüşçüdən və ehtimalki, sayı bir o qədər də olan şərq əyalətlərindən toplanmış bölmələrdən ibarət idi.[18] Bunlara mərkəzi meydan ordusunun (taqmata) uzun müddətdir yaradılmış nizami birləşmələri (Heteriya, Skolai və Straelati) daxil idi. Yerli Bizans elementləri arasına şərq və qərb temelərinin (hərbi inzibati bölmələrinin) əyalət orduları da daxil edilmişdi.[19] Malazgirddəki arxa ordu böyük ölçüdə sərhəd ağalarının (arxontes) şəxsi bölmələrindən və kəndlilərdən təşkil edilmişdi. Onlara Andronikus Dukas rəhbərlik edirdi.[20] Nəhayət, böyük orduya 500 frank və normandan ibarət olan və Roussel de Bailleulun komandanlıq etdiyi muzdlular, türk tayfalarından olan uzlar və peçeneqlər, bulqar muzdlular, gürcü və ermənilərdən təşkil edilmiş ordu bölmələri və Varyaq Qvardiyası daxil idi. Muzdlulara Antioxiya hersoqu rəhbərlik edirdi. Ordunun ümumilikdə sayı təxminən 40.000 idi.[21] IV Romandan öncəki illərdə əyalət hərbi bölmələrinin sayı azaldılmışdı. Hökumət muzdlu ordudan istifadə etməyi üstün tuturdu. Çünki muzdlu ordunun siyasətə qarışma ehtimalı daha aşağı idi və müharibə bitdikdən sonra onları buraxmaqla pula qənaət etmək mümkün olurdu.[22]
Kiçik Asiyanı keçmək üçün olan yürüş uzun və əziyyətli idi. Bu yürüş boyunca ordu ilə yanaşı, lüks yüklər daşıtdıran IV Roman özünü ordusuna sevdirə bilmədi. Həmçinin yerli əhali onun frank muzdlu əsgərlərinin yağmalarına məruz qaldı. IV Roman onlardan bəzilərini ordudan qovmağa məcbur oldu. Bizans ordusu Sebasteiada Qızılırmaq çayı sahilində istirahət edərək, 1071-ci ilin iyununda Theodosiopolisa çatdı. Burada IV Romanın bəzi generalları yürüşü Səlcuqlu ərazilərinə doğru davam etdirməyi və Alp Arslanı hazırlıqsız yaxalamağı təklif etdilər. Digər bir qrup general isə burada qalmağı və möhkəmlənməyi təklif etdilər. Sonda yürüşün davam etdirilməsi qərara alındı.[23]
Alp Arslanın ya heç gəlmədiyini, ya da çox uzaqda olduğunu düşünən IV Roman ümid edirdi ki, bu müddət ərzində Malazgirdi və mümkün olsa, onun yaxınlığındakı Xliat qalasını ələ keçirə bilər. Buna görə də, Van bölgəsinə doğru irəliləməyə başladı. Alp Arslan isə artıq bu bölgəyə gəlmişdi, müttəfiqləri və Hələbdən, Mosuldan olan 30 min süvari ilə onu gözləməkdə idi. IV Romanun onun barədə heç bir şeydən xəbəri olmamasına baxmayaraq, Alp Arslanın rəqibinin hər bir addımından xəbəri var idi.[24]
IV Roman öz generalı olan Jozef Tarçaniotesə nizami ordunun bir hissəsini, Varyaq Qvardiyasını, peçeneqləri və franklari verərək Xilatı ələ keçirməyə göndərdi. IV Romanın özü isə yerdə qalan qoşunla Malazgirdə doğru irəlilədi. Qoşun elə bölünmüşdü ki, hər iki tərəfə təxminən 20.000 döyüşçü düşmüşdü. Tarçonioteslə göndərilmiş ordunun taleyi barədə dəqiq məlumat yoxdur. Bizans mənbələri bu barədə heç nə deməsələr də, müsəlman mənbələri Alp Arslanın bu ordunu darmadağın etdiyini bildirirlər. Mixail Attaliat isə, general Tarçoniotesin Alp Arslanın gözləri qarşısında döyüşdən qaçdığını yazır. Hər bir halda, IV Romanın ordusu planladığı 40.000-lik ordudan iki qat daha az oldu.[21]
Döyüşün səhəri günü Sultan Alp Arslan ordusunun topladı və ordunun qarşısına islami cənazə geyimi olan kəfənə bənzər bəyaz paltarda çıxaraq nitq söylədi.[25] Bu nitq öz döyüşçülərini cəsarətləndirmək və sultanın döyüşdə ölməyə hazır olduğunu göstərmək üçün edilmişdi. İmperator IV Roman Tarçaneiotesin məğlub olmasından xəbərsiz idi və Malazgirdə doğru irəliləyirdi.[26] O, 23 avqustda Malazgirdi asanlıqla ələ keçirdi, səlcuqlular isə buna ağır ox hücumu ilə qarşılıq verdilər. Növbəti gün Bryenniosun komandanlığı altında ərzaq toplayan bəzi Bizans döyüşçüləri Səlcuqlu ordusu ilə qarşılaşdılar və Malazgirdə geri çəkilməyə məcbur oldular. Bu ordunun Alp Arslanın əsas ordusunun olmasına inanmayan IV Roman tabeliyində olan erməni general Basilakesin komandanlığı altında bu məsələni dəqiqləşdirmək üçün süvari dəstə göndərdi. Süvari dəstəsi darmadağın edildi və Basilakes əsir götürüldü. IV Roman öz ordusunu döyüş düzülüşünə saldı və sol cinahını demək olar ki, türk ordusu tərəfindən mühasirəyə alınan, bir daha geri çəkilməyə məcbur edilən Bryenniosun komandanlığı altına verdi. Səlcuqlu ordusu yaxınlıqdakı təpəlikdə gecəni keçirdilər və bu, demək olar ki, IV Romanın əkshücuma keçməsini mümkünsüz etdi.[9][27]
25 avqustda IV Romanın bəzi türk muzdlu döyüşçüləri öz qohumları olan səlcuqlularla əlaqə yaratdılar və Bizans ordusunu tərk etdilər. IV Roman göndərilmiş səlcuqlu sülh nümayəndəliyini rədd etdi. O, şərq problemini, səlcuqluların aramsız davam edən axınları problemini tamamilə həll etmək fikrində idi, həmçinin o, dərk edirdi ki, sonradan Səlcuqlu əleyhinə ikinci bir ordu toplamaq həddindən artıq bahalı və çətin başa gələcəkdir. İmperator Traçaneiotesi və onun yerdə qalan bölmələrini geri çağırmağa çalışdı, lakin onlar artıq o bölgədə deyildilər. Həmin gün toqquşma olmadı. 26 avqustda Bizans ordusu döyüş düzülüşünə keçdi və türk mövqelərinə doğru irəliləməyə başladılar. Bizans ordusunun sol cinahı Bryenniosun, sağ cinahı Teodor Alyatesin, mərkəz isə imperatorun öz komandanlığı altında idi. Bu anda, türk döyüşçüsü Alp Arslana "Sultanım, düşmən ordusu yaxınlaşır deyə demiş", sultan isə cavabında "biz də onlara yaxınlaşırıq" deyə cavablamışdır. IV Roman Andronikos Dukası geridə qalan dəstənin komandanı təyin etmişdi. Bu imperatorun etdiyi ən böyük səhv idi və bunu Andrnikosun sədaqtinə şübhə etdiyi üçün etmişdi. Bizans ordusunun yaxınlaşmasına 4 km qalmış Səlcuq ordusu hilal formasında düzüldü.[28] Bizans ordusu yaxınlaşdıqca Səlcuqlu ordusu onları ağır ox atəşinə tutdular və mərkəzdəki qüvvələr geri çəkilərkən cinahlar irəliləyərək Bizans ordusunu mühasirəyə almağa başladı.[29]
Bizans ox hücumlarını dəf etdi və günortanın sonlarına doğru Alp Arslanın düşərgəsini ələ keçirdilər. Lakin, bizanslıların sol və sağ cinahları ox hücumlarından ən çox ziyan görmüş bölmələr idi və bu zərər ucbatından demək olar ki, dağılma həddinə çatmışdı. Ayrı-ayrı bölmələr səlcuqluları meydan döyüşünə çəkməyə çalışarkən, onlar sadəcə döyüşdən yayınırdılar və bozqır üslubuna uyğun tərzdə vur-qaç taktikasından istifadə edirdilər. Roman gecə yaxınlaşarkən geri çəkilmə əmri verməyə məcbur oldu. Lakin, Bizansın sağ cinahı əmri düzgün başa düşmədi və imperatorun rəqibi Dukas bilərəkdən imperatorun əmrini yerinə yetirmədi və əsas Bizans ordusunu izləmək əvəzinə Malazgirdin kənarında düşərgəyə çəkildi. Bizans tərəfində qarışıqlığın hökm sürdüyünü görən səlcuqlular bundan həmin dəqiqə istifadə etdilər və hücum etdilər.[9] Bizansın sağ cinahı tez bir vaxtda dağıldı. Onlar türk kökənli yardım dəstələrinin və ya ermənilərin xəyanət etdiyini düşündüklərinə görə belə tez bir vaxtda dağıldılar. Bəzi müəlliflər zənn edirlər ki, döyüşdən ilk qaçanlar ermənilər olmuşdur, bunun əksinə olaraq isə, türk dəstələri sona qədər sadiq qalmışdırlar.[30] Bizans ordusunun Bryennios komandanlığı altındakı sol cinahı bir qədər müqavimət göstərsə də, tezliklə o da dağıdıldı. Bizansın mərkəz qüvvələrinin qalığı, imperator və onun Varyaq mühafizəçiləri də daxil olmaqla səlcuqlular tərəfindən mühasirəyə alındılar.[31] Roman yaralanaraq əsir düşdü. Bizans tərəfdən sağ qalmağı bacaranlar döyüş meydanın qaçan və gecə boyunca təqib olunmadan qurtulmağı bacaranlar idi.[12] Sübhə yaxınlaşarkən, Bizansın peşəkar döyüşçülərdən təşkil edilmiş nüvəsi məhv edildi, artıq bu zaman Andronikusun kəndlilərdən və məcburi səfərbərlik nəticəsində gətirilənlərdən ibarət dəstəsi döyüş meydanından qaçmışdı.[12]
İmperator IV Roman Diogen Alp Arslanın hüzuruna çıxarıldığı zaman, sultan qanlar içində və üstü-başı pis gündə olan şəxsin imperator olduğuna inanmağı rədd etdi. Onun kimliyini dəqiqləşdirdikdən sonra, Alp Arslan çəkməsini imperatorun boynuna qoyaraq, onu yeri öpməyə məcbur etdi.[12] Bu zaman məşhur bir dialoqun da olduğu qeyd olunur:[32]
Alp Arslan Roman Diogenlə nəzakətli və mərhəmətli davrandı, ona döyüşdən əvvəlki sülh şərtlərini bir daha təklif etdi.[33]
İbn əl-Adimə görə, Arslanın hüzurunda Doman Diogen Rəşid əl-Dövlanın Bizans ərazisinə yürüşlərini lənətlədi. Çünki bu yürüşlərə cavab olaraq imperator müsəlman bölgəsinə yürüş etmiş və bu yürüş Malazgird döyüşünə gətirib çıxarmışdı.[34]
Diogen bir həftə sultanın düşərgəsində əsirlikdə qaldı. Bu zaman ərzində, sultan ona süfrəyə onunla birgə oturmağa icazə verdi və bu zaman sultanla imperator torpaq məsələsini müzakirə etdilər. Antioxiya, Edessa, Hierapolis və Malazgird səlcuqlulara təslim edildi.[13] Diogenin əsirlikdən buraxılması üçün müəyyən edilmiş 10 milyon qızıl pul imperator tərəfindən çox yüksək məbləğ kimi qəbul edildi. Nəticədə qərara alındı ki, ilk olaraq 1.5 milyon qızıl pul ödəniləcək və sonradan illik 360.000 qızıl pul xərac alınacaq.[13] Bundan əlavə, bu iki hökmdar arasənda nikah əlaqəsi yaradılması planlandı.[6] Sultanın oğlu imperatorun qızı ilə evlənməli idi. Bundan sonra, sultan Diogenə xeyli hədiyə verərək, iki əmir və 100 məmlüklə birlikdə Konstantinopola yola saldı.[35]
Öz taxtına geri döndükdən sonra, Diogen öz hakimiyyətinə qarşı ciddi təhlükələrlə qarşılaşdı. Ona sadiq ordu qurmağa çalışmasına baxmayaraq, Dukas ailəsinə qarşı 3 dəfə məğlub oldu. Sonda taxtdan endirildi, kor edildi və Proti adasına sürgünə göndərildi. O, qanlı kor edilmə prosesi zamanı yaranmış infeksiya nəticəsində tezliklə vəfat etdi. Diogenin Anadolunun mərkəz torpaqlarını qorumaq üçün çox çalışdığı sonuncu yürüş hamının gözü qarşısında alçaldılması ilə nəticələndi.[13]
Malazgird döyüşü Bizans üçün uzunmüddətli planda fəlakət olsa da, keçmiş dövrlərdə tarixçilərin düşündüyü kimi qırğınlar olmamışdı. Müasir tarixçilər düşünür ki, Bizansın canlı qüvvə itkisi o qədər də çox olmamışdır.[36][37] Çünki Bizans hərbi birləşmələrinin bir çoxu canlı xilas ola bilmiş, bir neçə ay başqa yerlərdə döyüşmüş və Səlcuqlulara əsir düşənlər bir müddət keçdikdən sonra canlı olaraq azad edilmişdilər.[37] Bizans tərəfinin komandanlarının hamısı (Dukas, Tarçaneiotes, Bryennios, Teodor Alyates, de Bailleul və digərləri) döyüşdən canlı qurtula bildilər və sonrakı hadisələrdə iştirak etdilər.[37] Döyüşün nəticəsi Bizansla Səlcuqlular arasında güc balansını birbaşa dəyişdirməsə də, döyüşdən sonra Bizansın daxilində meydana çıxan üsyanlar, vətəndaş müharibələri vəziyyəti Səlcuqluların lehinə dəyişdirdi.[38]
Dukas heç bir itki vermədən xilas olmağı bacardı və sürətlə Konstantinapola doğru irəliləməyə başladı. O, burada IV Romana qarşı çevriliş təşkil edərək VII Mixaili basileus elan etdi.[13] Bryennios komandanlıq etdiyi cinah dağıdılarkən itki verdi. Səlcuqlular qaçan Bizans ordusunu nə təqib etdilər, nə də Malazgirdi yenidən ələ keçirdilər. Bizans ordusu qaçıb uzaqlaşdıqdan sonra yenidən qruplaşdı və Dokeya (müasir Kastamonu) doğru irəlilədi. Bir həftə sonsa imperator IV Roman da əsirlikdən azad edildikdən sonra buraya gələrək ordusuna qatıldı. Maddi baxımdan ən böyük itki isə, görünür, Bizans imperatorunun cah-cəlallı təminat yükləri olmuşdur.[39]
Bu ağır məğlubuyyətin nəticəsi Şərqi Roma imperiyasının ürəyi olan Anadolunun itirilməsi demək idi. Con Yulius Norviç Bizans barədə yazdığı triologiyasında məğlubiyyət barədə "imperiyanın qalıntılarının da yox olmasına yüz illər lazım olmasına baxmayaraq, bu ölüm zərbəsi idi. Anadoludakı temalar əslində imperiyanın ürəyi idi və Malazgirddən sonrakı on illər ərzində onlar yoxa çıxdı" deyə yazırdı. Norviç daha qısa olan "Bizansın qısa tarixi" kitabında döyüşü "mövcudluğunun 7 əsr yarımlıq tarixi boyunca imperiyanın başına gələn ən böyük fəlakət" olaraq təsvir edir.[40] Ser Stiven Ranciman "Səlib yürüşlərinin tarixi" kitabında "Bizans tarixinin ən böyük fəlakəti Malazgird döyüşüdür. Bizanslıların özlərinin bu barədə yanılqıları yox idi. Onların tarixçiləri dəfələrlə bu ölümcül günə istinadlar etmişdilər" deyə qeyd edirdi.[41]
Anna Komnene sözügedən döyüşdən bir neçə on il sonra bunları yazırdı:
Roma imperiyasının sərvəti ən aşağı səviyyəyə düşmüşdü. Şərq ordular bütün istiqamətlərdə dağıdılmışdı, çünki türklər hər tərəfə yayılmış və Euksin dənizi(Qara dəniz) və Hellespont, Egey dənizi və Suriya dənizləri (Aralıq dənizi), müxtəlif körfəzləri, xüsusilə Pamfiliya, Kilikiyanı yuyan və Misir dənizinə (Aralıq dənizi) boşalan körfəzlərə komandanlığı ələ keçirmişdilər.[42] |
İllər keçdikcə Malazgird döyüşü imperiya tarixi üçün fəlakət kimi dəyərləndirildi. Buna görədir ki, sonrakı mənbələr döyüşdə iştirak edən qoşunların və itkilərin sayını xeyli dərəcədə çox təqdim edirdilər. Bizans tarixçiləri tez-tez keçmişə baxır və həmin günü fəlakət günü kimi imperiyanın süqutunun başlanğıc tarixi kimi lənətləyirdilər. Bu nəticəsi tez görünən fəlakətlərdən deyildi, lakin bu döyüşdəki qələbə səlcuqlulara bizanslıların məğlubedilməz olmadığını göstərdi. Həmçinin Andronikos Dukasın qəsdi də imperiyanın siyasi sabitliyini təmin etməyi mümkün etmədi, nəticə də döyüşdən sonrakı türk miqrasiyalarına müqavimət təşkil etmək çətinləşdi.[43] Son olaraq, daha əvvəlki intiriqalar və imperatorların çevrilişlə taxtdan endirilməsi kimi hadisələr baş versə də, IV Romanın taleyi xüsusilə qorxunc idi və bunun səbəb olduğu qeyri-sabitlik də imperiyaya yüz illər boyunca təsir etdi.[44]
Döyüşdən sonra baş verən hadisələr imperiyanın təməllərini sarsıdan hadisələr silsilə idi və bu döyüşün nəticəsi bu silsilənin ilk halqası oldu. Bura taxt uğrunda olan intiriqalar, IV Romanın taleyi və Russel de Bailleulun 3 min frank, norman və germanla birlikdə Qalatiyada öz müstəqil dövlətlərini qurmağa çalışmalarını göstərmək olar.[45] Onunla mübarizə üçün bizanslılar türklərə müraciət etmiş və buna nail də olmuşdular. Bütün bunlar Anadoluda türklər tərəfindən doldurulan vakuumun meydana çıxmasına səbəb oldu.
Həm Bizans tarixçiləri, həm də müasir tarixçiləri Bizansın süqut tarixini bu döyüşün tarixində başlatmaq məsələsində həmfikirdirlər. Paul K. Deyvis bildirir ki, "Bizansın məğlubiyyəti onun ən çox döyüşçü topladığı Anadolu üzərindəki hakimiyyətini ciddi formada məhdudlaşdırdı. Sonra bu region müsəlmanlar tərəfindən idarə olunmağa başladı. Bizans imperiyasının ərazisi Konstantinopolun ətrafı ilə məhdudlaşırdı və bizanslılar bir də heç bir zaman əsas hərbi güc ola bilmədilər".[46]
Bu döyüş həmçinin 1095-ci ildə başlayan Birinci Səlib yürüşünün də əsas səbəblərindən biri kimi şərh edilir. Belə ki, bəziləri bu səlib yürüşünü Anadolunu itirdikdən sonra qərb dövlətlərindən hərbi yardım istəyən Bizans imperatoruna qərbin bir cavabı kimi dəyərləndirirlər.[47] Digər tərəfdən isə, Qərb Malazgird döyüşünün nəticəsini Bizansın artıq şərq xristianlarının və ya ya Orta Şərqdəki Müqəddəs Yerlərə gedən xristian ziyarətçilərin himayədarı ola bilməyəcəyinin siqnalı kimi dəyərləndirmişdilər. Delbrük döyüşün nəticəsinin şişirdildiyini düşünür, lakin sübutlar göstərir ki, bu döyüşdən sonra Bizans imperiyası bir də heç bir zaman ortaya güclü hərbi qüvvə qoya bilməmişdir.[48]
Miryokefalon döyüşü Bizansın süqutuna gedən yolda oynadığı rola görə Malazgird döyüşü ilə müqayisə edilməkdədir.[49] Bu iki döyüşün arasında 100 ildən çox zaman fərqi olmasına baxmayaraq, burada da böyük Bizans ordusu türk ordusu tərəfindən pusquya düşürülərək məğlub edilmişdir. Miryokefalon döyüşünün nəticəsi ilk başlarda məhdudlaşdırılmışdı, bunun da səbəbi I Manuel Komnenosun hakimiyyətdə qala bilməsi və gördüyü tədbirlər idi. Bu sözləri düşmənləri tərəfindən "cəsur və dürüst bir insanı şəhid etməkdə" və "imperiya…heç vaxt bərpa oluna bilmədi" kimi məsələlərdə ittiham edilən IV Roman barədə demək olmaz.[45]
Türkiyədəki ən böyük məscid olan İstanbulun Çamlıca məscidi 4 minarəyə sahibdir və minarələrin hündürlüyü 107.1 metrdir.[50] Bu Malazgird döyüşünün baş verdiyi ilə (1071) olan istinaddır. 2018-ci ildə Türkiyədə hakim partiya olan Ədalət və İnkişaf Partiyası öz gələcək agendalarını açıqlamışdırlar — 2023, 2053 və 2071 hədəfləri. Bu illər müvafiq olaraq respublikanın yaradılmasının 100, İstanbulun fəthinin 600 və Malazgird zəfərinin 1000-ci ildönümü ilə əlaqəlidir.[51]
Bu döyüş "Age of Empires II" video oyununun hissələrindən biridir.[52]