Mpox (meymunçiçəyi kimi də tanınır[3]) — insanların və digər heyvanların yoluxa biləcəyi infeksion virus xəstəliyi.[4] Simptomlarına qabarcıqlar əmələ gətirən və sonra qabıq bağlayan səpgilər, qızdırma və şişmiş limfa düyünləri daxildir.[4] Xəstəlik adətən yüngül keçir və yoluxmuş şəxslərin əksəriyyəti müalicə olunmadan bir neçə həftə ərzində sağalır.[5] Məruz qaldıqdan sonra simptomların yaranmasına qədər olan müddət beş ilə iyirmi bir gün arasında dəyişir və simptomlar adətən iki-dörd həftə davam edir.[6] Bununla belə, xüsusilə uşaqlarda, hamilə qadınlarda və ya immun sistemi zəif olan insanlarda halların ağır keçməsi mümkündür.[7]
Xəstəlik, Orthopoxvirus cinsinə aid olan zoonotik bir virus olan meymunçiçəyi virusu[a] tərəfindən törədilir.[8]Çiçək xəstəliyinə səbəb olan variola virusu da bu cinsə daxildir.[4] İnsandan insana ötürülmə yoluxmuş dəriyə və ya bədən mayelərinə, o cümlədən cinsi əlaqə yolu ilə birbaşa təmas vasitəsilə baş verə bilər.[4] Simptomların başlanğıcından və bütün qabarcıqlar qabıqlanıb tam sağalana qədər insanlar digər insanlara xəstəliyi ötürə bilərlər.[7] Virus yoluxmuş heyvanlarla işləyərkən, həmçinin, onların ətinə toxunmaq və ya heyvanın dişləməsi və ya cızması yolu ilə yayılabilir.[7] Diaqnoz virusun DNT-si üçün lezyonun PCR testi ilə təsdiqlənə bilər.[4]
Yüksək infeksiya riski olan şəxslər üçün vaksinasiya tövsiyə olunur.[4] Mpox-a qarşı xüsusi bir vaksin inkişaf etdirilməyib, amma çiçək xəstəliyi üçün olan vaksinlərin effektiv olduğu aşkar edilib.[9] Xəstəlik üçün spesifik müalicə yoxdur, buna görə müalicənin məqsədi simptomları idarə etmək və komplikasiyaların qarşısını almaqdır.[4][10] Mpox-u müalicə etmək üçün tecovirimat kimi antiviral dərmanlar istifadə oluna bilər, lakin onların effektivliyi sübuta yetirilməyib.[11]
Mpox mərkəzi və Qərbi Afrikada endemikdir və burada bir neçə məməli növünün virusun təbii rezervuarı olduğu güman edilir.[4] İlk insana yoluxma halları 1970-ci ildə Konqo Demokratik RespublikasınınBasankusu bölgəsində diaqnoz edilib.[12] O vaxtdan bəri epidemiyaların tezliyi və şiddəti əhəmiyyətli dərəcədə artıb, bunun çiçək xəstəliyinə qarşı rutin vaksinasiya dayandırıldıqdan sonra immunitetin azalması ilə əlaqəli olduğu düşünülür.[12]2022–2023-cü illərdə qlobal II kladanın baş verməsi, virusun ilk dəfə olaraq Afrikadan kənarda geniş miqyasda yayıldığı hadisə kimi qeydə alındı. 2022-ci ilin iyul ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu epidemiyanı Beynəlxalq Narahatlıq Doğuran İctimai Sağlamlıq Fövqəladə Vəziyyəti (PHEIC) elan etdi. Lakin 2023-cü ilin may ayında ÜST epidemiyanın nəzarət altına alındığını bildirərək bu statusu geri götürdü və vaksinasiya və ictimai sağlamlıq məlumatlarının birgə istifadəsini uğurlu nəzarət tədbirləri kimi qiymətləndirdi.[13]
2023-cü ildə Konqo Demokratik Respublikasında I klad meymunçiçəyi epidemiyası aşkarlandı. 2024-cü ilin avqust ayına qədər bu epidemiya bir neçə Afrika ölkəsinə yayılaraq, virusun daha davamlı şəkildə insanlara yoluxa biləcəyinə dair narahatlıqlar yaradıb.[14][15] 14 avqust 2024-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu epidemiyanı Beynəlxalq Narahatlıq Doğuran İctimai Sağlamlıq Fövqəladə Vəziyyəti (PHEIC) elan etdi.[16] Ertəsi gün, Afrikadan kənarda ilk yoluxma halı İsveçdə qeydə alındı.[17]
İlk olaraq "Meymunçiçəyi" (monkeypox) adı bu xəstəliyin ilk dəfə laboratoriya meymunlarında aşkar edilməsi səbəbindən qoyulmuşdur.[18] Bu ad sonradan yanlış adlandırma olaraq tənqid edildi, çünki meymunlar xəstəliyin əsas ev sahibi və ya rezervuarı deyil. Həmçinin, adın Afrika ölkələri ilə əlaqəli irqçilik və damğalanma stereotiplərini gücləndirdiyi üçün tənqid olundu.[19]
Bir neçə ictimai sağlamlıq təşkilatı və alimlərin bu məsələlərin xəstəlik epidemiyasının nəzarət altına alınmasına maneə törətdiyini bildirməsindən sonra,[20] meymunçiçəyi virusunun alt tipləri avqust 2022-ci ildə yenidən adlandırıldı: Konqo hövzəsi (Mərkəzi Afrika) kladının adı I klad, Qərbi Afrika kladının adı isə II klad kimi dəyişdirildi.[21] 2022-ci ilin noyabr ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "mpox" terminini öz kommunikasiya materiallarında istifadə edəcəyini və başqalarını da bu tövsiyələrə riayət etməyə təşviq edəcəyini açıqladı.[3]
Mpox infeksiyasının ilkin simptomları qızdırma, əzələ ağrıları və boğaz ağrısı ilə başlayır, sonra qaşınan və ya ağrılı səpgilər, başağrısı, şişmiş limfa düyünləri və yorğunluq müşayiət olunur. Hər kəs bütün simptomları yaşamaya da bilər.[4][6]
Əksər mpox xəstələri infeksiyadan 4–11 gün sonra simptomları yaşamağa başlayırlar. Ancaq inkubasiya müddəti bir günə qədər qısa ola bilər. 2022–2023-cü il epidemiyası 4 həftəyə qədər inkubasiya dövrlərinin mümkün olduğunu və halların 5%-nin inkubasiya dövrlərinin əvvəllər nəzərdə tutulan 21 gündən daha uzun olduğunu göstərdi.[4][23]
Səpgilər çoxsaylı kiçik lezyonlardan ibarətdir və bu lezyonlar əllərin palmar tərəfi, ayaq altları, üz, ağız, boğaz, cinsiyyət orqanları, həmçinin anus bölgəsində çıxa bilər.[4] Səpgilər əvvəlcə kiçik düz ləkələr kimi başlayır, sonra kiçik qabarcıqlara çevrilir, bu qabarcıqlar maye ilə dolur, nəhayət partlayır və qabıq bağlayır. Bu proses adətən təxminən 10 gün davam edir.[6] Nadir hallarda, lezyonlar nekrotik ola bilər, bu da onları təmizləməyi tələb edir və sağalması daha uzun vaxt alır.[24][22]
Bəzi xəstələrdə yalnız 1 yara, bəzi xəstələrdə isə hətta yüzlərlə yara meydana gələ bilər.[4] Bir şəxs heç bir simptom göstərmədən də Orthopoxvirus meymun çiçəyi virusuna yoluxa bilər.[4] Semptomlar adətən iki-dörd həftə davam edir, lakin immun sistemi zəif olan xəstələrdə daha uzun müddət davam edə bilər.[6][4]
Komplikasiyalar arasında ikincili infeksiyalar, pnevmoniya, sepsis, ensefalit və kornea infeksiyası nəticəsində görmə itkisi yer alır.[4] İmmun sistemi zəif olan şəxslər, dərman istifadəsi, tibbi vəziyyətlər və ya HİV səbəbiylə, xəstəliyin ağır formalarını inkişaf etdirməyə daha meyillidirlər.[4] Əgər infeksiya hamiləlik dövründə baş verərsə, bu, ölü doğuş və ya digər fəsadlara səbəb ola bilər.[7]
Əgər hər hansı bir fəsad yoxdursa, sekvelalar nadirdir; sağaldıqdan sonra qabıqlar solğun izlər buraxa bilər, daha sonra isə tünd yara izlərinə çevrilə bilər.[25]
Tarixən, keçmiş epidemiyalarda ölüm nisbəti (CFR) 1% ilə 10% arasında qiymətləndirilmişdir. I klad, II kladdan daha ağır qəbul edilir.[26][27]
IIb kladının səbəb olduğu 2022–2023-cü il qlobal epidemiyasında ölüm nisbəti çox aşağı olub, təxminən 0,16% kimi qiymətləndirilmişdir və ölümlərin əksəriyyəti immun sistemi artıq zəifləmiş insanlarda idi.[28] 2024-cü ilin aprel ayına olan məlumata görə isə, Konqo Demokratik Respublikasında I klad epidemiyasının ölüm nisbəti 4,9% təşkil edir.[29]
Bu qiymətləndirmələr arasındakı böyük fərq aşağıdakılarla əlaqələndirilir:
Kiçik məməlilər endemik bölgələrdə virus üçün rezervuar rolunu oynayır.[31] Heyvanlar arasında yayılma əsasən nəcis-oral yolla, burun vasitəsilə, yaralar və yoluxmuş ət yemək səbəbi ilə baş verir.[32] Xəstəlik meymunlar, anteaterlər, kirpi, preri itləri, siçanlar və şüvəngələr də daxil olmaqla müxtəlif heyvan növlərində də qeydə alınıb. Heyvanlarda simptomlar və əlamətlər yaxşı öyrənilməmişdir və əlavə tədqiqatlar davam edir.[31]
Endemik Afrika xaricində də heyvan infeksiyaları baş vermişdir; 2003-cü il ABŞ epidemiyası zamanı prairi itləri (Cynomys ludovicianus) yoluxmuş və qızdırma, öskürək, konyunktivit, zəif qidalanma və səpgilər nümayiş etdirmişdir.[33] Həmçinin, bir ev iti (Canis familiaris) infeksiya olub və lezyonlar və xoralar göstərmişdir.[34]
Həm insanlar, həm də heyvanlarda meymunçiçəyi, Orthopoxvirus meymunçiçəyi (Orthopoxvirus monkeypox) tərəfindən törədilən infeksiya ilə yaranır. Bu, Orthopoxvirus cinsinə, Poxviridae ailəsinə aid olan ikiqat zəncirli DNA virusudur və kiçikçiçək, inəkçiçək və vaccine virusları ilə yaxından əlaqəlidir.[4]
Virusun iki əsas alt tipi var: I klad və II klad. 2024-cü ilin aprel ayında yeni bir variant aşkar edildikdən sonra I klad, Ia və Ib olaraq adlandırılan alt tiplərə bölündü. Klad II isə oxşar şəkildə alt tiplərə bölünür: klad IIa və klad IIb.[4][35][36]
Klad I-in, klad II-dən daha ağır xəstəliklərə və daha yüksək ölüm nisbətinə səbəb olduğu təxmin edilir.[37]
Virusın Mərkəzi və Qərbi Afrikanın tropik yağış meşələri bölgələrində endemik olduğu hesab edilir.[38] Meymunlarla yanaşı, virus Qambiya kisəli siçovullarında (Cricetomys gambianus), süleysinlərdə (Graphiurus spp.) və Afrika dələ (Heliosciurus və Funisciurus) növlərində də aşkar edilmişdir. Bu heyvanların qida olaraq istifadə edilməsi, insanların virusa yoluxmasının mühüm mənbəyi ola bilər.[4]
Orthopoxvirus meymunçiçəyi virusunun təbii rezervuarının tropik Afrikada yaşayan kiçik məməlilər olduğu düşünülür.[38] Virus heyvandan insana dişləmə və ya cırmaqlama yolu ilə, həmçinin ovlama, dərisini soyma və ya yoluxmuş heyvanların bişirilməsi kimi fəaliyyətlər zamanı keçə bilər. Virus bədənə dəri zədələri və ya ağız, tənəffüs yolları və ya cinsiyyət orqanları kimi selikli qişalar vasitəsilə daxil olur.[4]
Meymunçiçəyi insandan insana yoluxmuş lezyon materialı və ya dəridə, ağızda və ya cinsiyyət orqanlarında olan maye ilə təmas yolu ilə ötürülə bilər; buna toxunma, yaxın təmas və cinsi əlaqə daxildir. Virus, yoluxmuş şəxslə uzunmüddətli yaxın təmas zamanı tənəffüs damcıları vasitəsilə də yayıla bilər.[4][39] 2022–2023-cü illərdə klad II-nin qlobal epidemiyası zamanı insanlar arasında yoluxma demək olar ki, yalnız cinsi əlaqə vasitəsilə baş verirdi.[40]
Fomitalardan (yəni, yoluxmuş şəxs tərəfindən toxunulan və yoluxucu ola bilən əşyalar, məsələn, geyim və yataq dəstləri) yoluxma riski daha aşağıdır, lakin ehtiyat tədbirləri görülməlidir.[39]
Klinik diferensial diaqnoz digər səpgili xəstəlikləri, məsələn, suçiçəyi, qızdırmalar, bakterial dəri infeksiyaları, qotur, zəhərli sarmaşıq, sifilis və dərmanla əlaqəli allergiyaları nəzərə almalıdır. Diaqnoz virus testi ilə təsdiqlənə bilər. Dəri lezyonlarından götürülən nümunələrin PCR testi laboratoriya üçün üstün metod sayılır.[4]
Aydın olmuşdur ki, Afrikada kiçikçiçək vaksini ilə vaksinasiya olunmuş şəxslərin meymunçiçəyinə tutulma riski daha aşağıdır. Digər yandan kütləvi kiçikçiçək vaksinləri 1980-ci ildən dayandırıldıqdan sonra yeni nəsil vaksinasiya olunmamış insanlarda immunitet səviyyəsi aşağı düşüb. Həmçinin yeni doğulan və ya vaksin olunmamış şəxslərin sayının artması, bu şəxslərin meymunçiçəyi xəstəliyinə daha açıq olmasına səbəb olur.[41]
2024-cü avqust ayı vəziyyətinə görə, meymunçiçəyi xəstəliyini qarşısını almaq üçün istifadədə olan 4 vaksin mövcuddur, lakin təchizat məhduddur. Bu vaksinlərin hamısı əvvəlcə kiçikçiçəyi ilə mübarizə aparmaq üçün hazırlanmışdır.[42]
MVA-BN (bazarda Jynneos, Imvamune, və ya Imvanex adı ilə tanınır), Bavarian Nordic tərəfindən istehsal olunur. Avropa, ABŞ və Kanadada mpox əleyhinə istifadə üçün lisenziyalıdır.[43]
KMB Biologics-in (Yaponiya) LC16 vaksini, Yaponiyada istifadə üçün lisenziyalıdır.
OrthopoxVac, Rusiyada istifadəyə lisenziyalaşdırılmışdır və Rusiyanın Dövlət Virusologiya və Biotexnologiya Tədqiqat Mərkəzi VECTOR tərəfindən istehsal olunur.[44]
ACAM2000, Emergent BioSolutions tərəfindən istehsal olunur. ABŞ-də meymunçiçəyi qarşısında istifadəyə mövcuddur, lakin hazırda istifadə edilmir.[45]
MVA-BN vaksin, ilkin olaraq kiçikçiçək üçün hazırlanmışdır və ABŞ-də meymunçiçəyi ilə yüksək riskdə olan şəxslər və ya yaxın zamanda yoluxmuş olanlar üçün istifadəyə təsdiqlənmişdir.[46][47][48] ABŞ Xəstəliklərin İdarə Edilməsi və Profilaktikası Mərkəzi (CDC) meymunçiçəyi epidemiyalarını araşdıran, yoluxmuş şəxs və ya heyvanlara qulluq edən və yoluxmuş şəxslərlə yaxın və ya intim təmasda olan şəxslərin vaksinasiya olunmasını tövsiyə edir.[18]
CDC, infeksiya nəzarəti üçün standart ehtiyat tədbirlərinə əlavə olaraq ətraflı tövsiyələr hazırlamışdır. Tibb işçilərinin xalat, maska, eynək və birdəfəlik filtrli respirator (məsələn, N95) taxması və yoluxmuş şəxsin başqaları ilə mümkün təmasdan qorunması üçün xüsusi otaqda izolyasiya edilməsi tövsiyə olunur.[49]
Meymunçiçəyi xəstəliyinin endemik olduğu ölkələrdə yaşayan şəxslər, Orthopoxvirus meymunçiçəyi daşıya bilən xəstə məməlilərlə, məsələn, gəmiricilər, marsupialar, qeyri-insan primatları (ölü və ya diri) ilə təmasdan qaçmalı və bush meat (Afrika vəhşi heyvan yeməyi) yeməkdən və ya təmas etməkdən çəkinməlidirlər.[50][51]
2022–2023 pandemiyası dövründə, bir neçə səhiyyə orqanı xəstəliyin yayılmasını azaltmaq məqsədilə ictimai məlumatlandırma kampaniyaları başlatdı.[52][53][54]
Əksər meymunçiçəyi hallarının simptomları yüngüldür və 2–4 həftə ərzində tam sağalma baş verir.[55][51] Xəstəliyin xüsusi bir müalicəsi yoxdur, lakin ağır meymunçiçəyi hallarını müalicə etmək üçün tecovirimat kimi antiviral dərmanlar təsdiqlənmişdir.[11][56][10] Ağrılara tez-tez rast gəlinir və bəzən ciddi ola bilər; ağrını və ya qızdırmanı idarə etmək üçün simptomatik müalicə tətbiq oluna bilər.[51][57] Yüngül xəstəliyi olan xəstələr evdə izolyasiya olunmalı, kifayət qədər maye qəbul etməli, yaxşı qidalanmalı və ruhi sağlamlıqlarını qorumaq üçün tədbirlər görməlidirlər.[4]
Xəstəlik riski yüksək olan xəstələrə uşaqlar, hamilə qadınlar, yaşlılar və immuniteti zəif olanlar daxildir.[58] Belə xəstələrə və ya ağır xəstəliyi olanlara xəstəxanaya yerləşdirmə və simptomların diqqətlə izlənilməsi tövsiyə olunur.[57] Proktit və qaşınma kimi ağırlaşmalar üçün simptomatik müalicə tövsiyə olunur.[57]
Konqo Demokratik Respublikasında aparılan bir sınaq, antiviral dərman tecovirimatın I klad meymunçiçəyi olan xəstələrdə meymunçiçəyi lezyonlarının müddətini qısaltmadığını göstərdi.[59] Buna baxmayaraq, sınaqda ümumi ölüm nisbəti 1,7% olub ki, bu da Konqo Demokratik Respublikasında meymunçiçəyi halları üçün müşahidə edilən 3,6% və ya daha yüksək ölüm nisbətindən əhəmiyyətli dərəcədə aşağı idi.[60] Bu nəticələr göstərir ki, xəstəxanaya yerləşdirilmə və yüksək keyfiyyətli dəstəkləyici müalicə meymunçiçəyi olan xəstələrin sağalma şansını əhəmiyyətli dərəcədə yaxşılaşdırır.[61] Sınaq, ABŞ Milli Səhiyyə İnstitutu (NIH) tərəfindən maliyyələşdirilib və Konqo Demokratik Respublikasının Milli Biotibbi Araşdırmalar İnstitutu (Institut National de Recherche Biomédicale) ilə birgə aparılıb.
Meymunçiçəyi ilk dəfə 1958-ci ildə DanimarkanınKopenhagen şəhərində laboratoriyada saxlanılan meymunlar arasında fərqli bir xəstəlik kimi müəyyən edilmişdir.[62] İnsanlarda isə ilk təsdiqlənmiş hallar 1970-ci ildə çiçək xəstəliyinin eradikasiya səyləri zamanı, peyvənd olunmamış altı uşaqda, ilk olaraq Konqo Demokratik Respublikasında 9 aylıq bir oğlanda qeydə alınmışdır.[12][63] 1981–1986-cı illər arasında Konqo Demokratik Respublikasında 300-dən çox insan meymunçiçəyi hadisəsi qeydə alınmışdır ki, bunlar əsasən heyvanlarla təmas nəticəsində baş vermişdir.[64] Virus tez-tez qida kimi istifadə olun qambiya siçovullarında, süleysinlərdə və Afrika sincablarında aşkar edilmişdir.[65][4]
Ən çox mpox virusuna yoluxma hadisələri Mərkəzi və Qərbi Afrikada, xüsusən də 2011–2014-cü illər arasında ildə 2000 yoluxmanın qeydə alındığı Konqo Demokratik Respublikasında baş vermişdir. Lakin toplanmış məlumatlar tez-tez natamam və təsdiqlənməmiş olduğundan, zamanla meymunçiçəyi hadisələrinin dəqiq sayını təxmin etmək çətindir.[66] Əvvəllər insanlarda nadir hesab olunan bu halların sayı 1980-ci illərdən etibarən artmağa başlamışdır,[67][12] bunun da adi çiçək xəstəliyinə qarşı müntəzəm peyvəndlənmənin dayandırılmasından sonra zəifləyən immunitetlə əlaqəli olduğu ehtimal olunur.[68]
Orthopoxvirus meymunçiçəyinin təbii rezervuarı hələ tam müəyyən edilməmişdir. Kiçik gəmiricilər ən mümkün namizəd hesab olunur. Genişmiqyaslı peyvənd kampaniyası olmasa, meymunçiçəyi xəstəliyinin endemik bölgələrdə insanlara yayılması qeyri-müəyyən müddətə davam edəcək və bu xəstəliyin qeyri-endemik bölgələrə kimi genişlənmə riski artacaq. Virusun insanlar arasında daha asan yayılması üçün özünü inkişaf etdirməsi, müxtəlif növ heyvanları yoluxdura bilməsi və insanlardan heyvanlara keçmə qabiliyyətinin olması kimi digər sübutlar, meymunçiçəyi xəstəliyinin Afrikadan kənarda yeni təbii rezervuarlarda yayıla biləcəyinə və gələcək qlobal epidemiyalara səbəb ola biləcəyinə dair narahatlıqlar yaratmışdır.[69][70][71][72]
2022–2023-cü illərdə baş verən epidemiyadan sonra mpox (klad IIb) Afrikadan kənarda insan populyasiyasında çox aşağı səviyyədə davam edir. 2023-cü ilin noyabrında ÜST, Konqo Demokratik Respublikasında ilin əvvəlindən 12,569 hadisə və 651 ölümlə, mpox (I klad) hallarının sayının artdığını bildirdi. Həmçinin, I klad-ın ilk dəfə cinsi yolla ötürülməsi ilə bağlı sübutlar ortaya çıxdı.[73]
2024-cü ildə ÜST meymunçiçəyi virusunu pandemiyaya səbəb ola biləcək "prioritet patogenlər" siyahısına əlavə etdi.[74]
Bu bölmə, endemik tropik Afrika ölkələrində (Benin, Kamerun, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Qabon, Qana, Fil Dişi Sahili, Liberiya, Nigeriya, Konqo Respublikası, Syerra-Leone və Cənubi Sudan) baş verən əhəmiyyətli epidemiya halları daxil olmaqla, raport edilmiş xəstəlik epidemiyalarının tam olmayan siyahısını təqdim edir.[75] Meymunçiçəyi epidemiyaları endemik olan bölgələrdə tez-tez baş verir – bu bölgələrdə sağlamlıq infrastrukturu adətən zəifdir və epidemiyalar nadir hallarda sənədləşdirilir.[76][77][78]
Azərbaycanda meymunçiçəyi infeksiyasına yoluxma halı qeydə alınmasa da, infeksiyanın yayılmaması məqsədilə bütün ilkin profilaktik tədbirlər aidiyyəti qurumlar tərəfindən icra olunur. Ölkəyə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib. Meymunçiçəyi virusuna qarşı vaksinlər isə az miqdarda istehsal olunur və yalnız bu virusa endemik ölkələrə paylanıldığından Azərbaycanda hazırda vaksin yoxdur.[83]
↑Xəstəlik adları üzrə səlahiyyət sahibi olan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2022-ci ilin noyabr ayında "mpox" adını elan etdi. Ancaq virusların adlandırılması Beynəlxalq Virus Taksonomiyası Komitəsinin (ICTV) məsuliyyətindədir və hazırda bu komitə bütün orthopoxvirus növlərini nəzərdən keçirir. 2024-cü ilin avqust ayına olan məlumata görə, virusun rəsmi adı hələ də "meymunçiçəyi virusu" olaraq qalır.[3]
↑ 12"Mpox (formerly Monkeypox)". NIH: National Institute of Allergy and Infectious Diseases (ingilis). 6 December 2022. 23 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2023.
↑ 12"Mpox in Animals". Centers for Disease Control and Prevention. 4 January 2023. 15 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 May 2023.
↑ 12"Mpox – How It Spreads". Centers for Disease Control and Prevention (ingilis). 2 February 2023. 21 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2023.
↑ 123"Mpox". Newsroom (Questions and answers). World Health Organization. 17 August 2024. 19 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2024.