Mirzə İsmayıl bəy İbrahim bəy oğlu Vəliyev (1798, Şuşa – 1863, Şuşa) — şair, çar zabiti, Qarabağ bəyi. İbrahim bəy Baharlının oğlu.
Mirzə İsmayıl bəy Vəliyev (Baharlı) | |
---|---|
Mirzə İsmayıl bəy İbrahim bəy oğlu Vəliyev (Baharlı) | |
Doğum adı | İsmayıl bəy |
Təxəllüsü | Baharlı |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Qarabağ xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Uşaqları |
Abbasqulu bəy Ibrahim bəy Fərəc bəy Mahmud bəy Adıgözəl bəy Balaca bəy |
Atası | İbrahim bəy Mirzə Vəli bəy oğlu Baharlı |
Fəaliyyəti | XIX əsr |
Fəaliyyət illəri | XIX əsr |
Əsərlərinin dili | Azərbaycan və fars dillərində |
Ismayıl bəy 1798-ci ildə Şuşa şəhərində doğulmuşdu. O, ata tərəfdən Mirzə Vəli bəy Baharlının nəvəsidir. Ibtidai təhsilini atası İbrahim bəydən almışdı. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı.
Mirzə Ismayıl bəy Qarabağ Atlı Alayının tərkibində bir çox müharibələrdə iştirak etmişdi. Zəngəzur sahəsində məmur işləmişdi. Həmin dönəmdə bir neçə insanı azğın rus və ermənilərin əlindən xilas etmişdi.
Tarixçi Baharlı "Əhvalati-Qarabağ" adlı əsərində Bayandurlu Qaçaq Ağa haqqında yazır: "Və yenə bir nəfər çıxıb, Ağa adlı qaçaq. Zəngəzur uyezdinin (qəzasının-Ə. Ç.) Bayandur kəndindən çıxıbdır. Bayandurlu Ağa. Bu Ağa çox cürətli və hünərli qaçaq imiş. Əvvəl bu Ağani bir cüzi təqsirin üstə tutub, Yerevan (Irəvan) şəhərində dustaq ediblər. Bir nəfər yoldaş ilən neçə vaxt Irəvan dustaqxanasında qalıblar. Sonra Irəvandan yoldaşı ilə qaçıb. Və onun qaçmaq əhvalatı bu tövr olubdur: Bir gün yoldaşına Ağa deyib: Gəl qaçaq! Ta qaçmasaq bizi qurtarmaq mümkün olmayacaqdır. Ağanın yoldaşı naxoş imiş. Qəbul etməyibdir ki, mən naxoşam. Ağa deyib, mən səni dalımda aparıram. Yoldaşı razı olub, qaçıblar. Ağa üç günlük yolu bir gün və bir gecədə yaylaq yolu Göyçə tərəfdən yoldaşı dalında qaçıb və ondan sonra qaçaq olubdur ki, cəmi iqlimi dolanıb. Iran dövlətini də gəzib, sonra yenə Qarabağ tərəfə gəlib. Qərəz, bir gün gəlir öz evinə ki, bir neçə gün qala. Çünki qılçasın at vurub, sındırmış imiş. Evində yatırmış. Ağanın düşmənlərindən birisi gedib Murov Ivan bəyə xəbər edibdir ki, Ağa gəlib Bayandurda yatır və qılçasın at sındırıb, qaça bilməz. Yaxşı fürsət vaxtıdır. Murov Ivan bəy iki yüz nəfər atlı və yüz nəfər piyada çərik cəm edib, səhərə iki saat qalmış gəlib, Bayandur kəndinə və Ağa olan evin qapısın kəsib, məşğul olublar tüfəng atmağa. Ağa xəbərdar olub, yoldaşı ilə kəsir qapını. Hər kəs irəli gəlir odlayır. Ivan bəy görür ki, çox adam öləcəkdir. Hökm edir, küləş götürsünlər ki, damı odlayalar. Elə ki, bu işə bina qoyurlar, Baharlı sakini Ismayıl bəy Vəliyev orada imiş və xəbardar imiş ki, Ağa olan evdə çox övrət və uşaq var. Çünki Ağa naxoş olmağa görə və səfərdən təzə gəlməyinə görə tamam övladı Ağanı görməyə gəlib, cəm imişlər. Qərəz, Murov Ivan bəyə məlum edir ki: A Ivan bəy, hərgah fikrin budur ki, Ağanı ya tutasan və ya öldürəsən haqqdır. Yoxsa bu qədər övrət və uşaq od içində yandırmağı və gülləbaran etməyi istəyirsən, bu iş nə allaha rəvadır və nə padşaha xoşdur. Sən buyur bir qədəri aram olsunlar ta mən bir-bir o övrət və uşağı çıxardım. Ağa ilə özün bilərsən. Murov razı olub və Mirzə Ismayıl bəy gedib, damın qapısında durub və bir-bir övrətləri və uşaqları damdan çıxardıb, ondan sonra məşğul olublar damı odlamağa və küləşi odlayıb, damın bacasından içəri tökürmüşlər. Bəlkə tüstü boğa, çölə çıxalar. Qərəz, Ağa və yoldaşı içəridə damın divarın dağıdıb, girirlər tövləyə və atlanıb, birdən uca səslə "Ya Əli" deyib, tövlənin qapısından çıxırlar. Qabaqca Ağa, dalınca yoldaşı. Mirzə Ismayıl bəy belə nəql edirdi ki, o vaxt Ağa qapıdan çıxan vaxtda damın üstündən və ətrafdakılar iki yüz tüfəng atdılar ki, tamamən əlbəəl idi. Heç birisi Ağaya dəymədi, amma yoldaşını öldürdülər. Elə ki, Ağa bir tüfəng mənzili qaçdı (qaşdı) atın saxladı və Murova söyürdü və atışırdılar. Murovun pomoşniki (köməkçisi-Ə. Ç.) poruçik Şirin bəy Əlyanlı sakini Ağaya deyib:
-A köpək oğlu, rus padşahı ilə padşahlıq edəcəksən? Niyə başını götürüb, bir yana getmirsən? Bu sözü deyib, bir güllə atıbdır. Güllə gedib Ağanın atının yalından dəyibdir. Və Ağa Şirin bəyə söyüb ki:
— A köpək oğlu, elə güllə atmazlar. Al, gəldi. Bir güllə atıb, güllə gəlib, Şirin bəyin atının qarnından dəyib və at yıxılıb. Şirin bəy atın altında qalıb, həmin saat ölübdür. Həmin atın altında qalmaqlıq ilə sonra Ağa yayınıb və Murov Şirin bəyin meyidin götürüb, öz yerinə qayıdıdır. Və bir müddətdən sonra Ağa Mincivan bəyləri ilə dost imiş. Həmişə gəlib-gedirmiş. Mincivan bəyləri belə tədbir ediblər ki, gərək bu dəfə Ağanı öldürək. Əvvəl-axır Ağadan bizlərə zərər gələcəkdir. Bir gün yenə Ağa gəlib mincivanlı Əbutalib bəyin evinə. O gecə orada qonaq olub, səhər atlanıb, gedən vaxt tamamən Mincivan bəyləri Ağa ilə atlanıblar ki, bir qədəri yol sən ilə söhbət edə-edə biz də gedəcəyik. Elə ki, qışlaqdan bir qədəri gediblər, o yerlərdə yaxşı at çapmalı və tüfəng oynatmalı düzlər var. O düzlərə çıxanda tamamən tüfənglərin çıxardıblar ki, at çapaq və tüfəng oynadacağıq. Ağa etibar edib, qəflətən tamamı birdən Ağanı gülləbaran ediblər. On səkkiz güllə Ağanın bədəninə dəymişdi və Ağanın o vaxt yoldaşı yox imiş. On dəqiqə sağ qalıb, Həmin bu sözü deyib ki, a köpək uşağı, məni namərdlik ilə öldürdünüz. Allah bu intiqamı sizdən alsın. Ondan bir az sonra həmin Mincivan bəyləri ki, tamamən bir-birilə övlad idilər, mülk üstə bir-birini qırdılar. Yeddi-səkkiz nəfər öldü və yeddi-səkkiz nəfər Sibirə getdilər. Bunların axırı bu tövr oldu və bayandurlu Ağanın axırı belə oldu".[1] Mirzə Ismayıl bəy şair idi. Qasım bəy Zakirlə müşairələri vardı.
Mirzə Ismayıl bəy Kəbirli mahalının Baharlı obasına köçmüşdü.
Mirzə Ismayıl bəyin Abbasqulu bəy, Ibrahim bəy, Fərəc bəy, Mahmud bəy, Adıgözəl bəy, Balaca bəy adlı oğulları vardı.
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Cabbar bəy oğlu Məmmədov Mirzə İsmayıl bəyin kötücəsidir. Onun atası Cabbar bəy Vəlibəyov Mirzə İsmayıl bəyin beşinci oğlu Adıgözəl bəyin nəvəsidir.
Tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) Mirzə İsmayıl bəyin oğlu Adıgözəl bəyin kötücəsi, İsmayıl bəy Vəlibəyovun nəticəsi, Cabbar bəy Vəlibəyovun nəvəsi, Zakir Məmmədovun oğludur.