Molla Məhəmmədbağır Qazızadə

Molla Məhəmmədbağır Hacı Molla Mehdi oğlu Qazızadə (? – 27 iyun 1910) — İrəvan quberniya Ruhani Məclisinin rəisi, qazı, pedaqoq.

Axund Molla Məhəmmədbağır Qazızadə
Molla Məhəmmədbağır Hacı Molla Mehdi oğlu Qazızadə
1892 – 1910
Şəxsi məlumatlar
Doğum yeri İrəvan
Vəfat tarixi
Vəfat yeri İrəvan
Fəaliyyəti pedaqoq, üləma, qazı

Molla Məhəmmədbağır Hacı Molla Mehdi oğlu Qazızadə İrəvan şəhərində anadan olmuşdu.İbtidai təhsilini əvvəlcə atası Hacı Molla Mehdi Qazızadədən, sonra dini mədrəsədə almışdı. Müqəddəs Nəcəf şəhərinə yollanmış, dini hövzədə ali təhsilə yiyələnmişdi. O zaman Nəcəf şəhəri regionda elm və bilik mərkəzi hesab edilirdi. On il bu yüksək elmi-dini mərkəzdə öz biliklərini təkmilləşdirərək, müxtəlif İslam elmlərini əxz etmişdi.

Molla Məhəmmədbağır Qazızadə ərəb dilinin qrammatikasına çox dərindən yiyələnmiş, qədim və müasir riyaziyyat sahəsində müvəffəqiyyətlər qazanmışdı.

Molla Məhəmmədbağır Qazızadə Zaqafqaziya ruhani idarəsində imtahan vermiş, axund ünvanı almışdı.

Molla Məhəmmədbağır Qazızadə uzun müddət İrəvan quberniya ruhani məclisinin üzvü olmuşdu.

O, din alimlərinin böyüklərindən olub fiqh, üsul, hədis, rical, nücum, riyaziyyat, ilahiyyat elmləri, ədəbiyyat və şeirdə dərin biliyə və məharətə sahib idi.

Molla Məhəmmədbağır Qazızadə İrəvan Quberniya Ruhani Məclisində Abbasqulu Sultanhüseynbəyov, Molla Xəlil Qazızadə, Molla Abdulla Qazızadə, Molla Zeynalabdin Qurbanzadə, Pənah xan Makinski, Kərim bəy Münşiyev, Lütfəli bəy Qazıyev, Hüseyn bəy Məcnunbəyov, İsmayıl bəy Bağırbəyov, Şəfi bəy Mürsəlbəyov, Mehdi bəy Sultanov və digərləri ilə çiyin-çiyinə çalışmışdı.

Pedoqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Molla Məhəmmədbağır Qazızadə pedoqoji fəaliyyətlə də məşğul idi.

İrəvan Müəllimlər Seminariyası 1881-ci ildə açılmış, 69 şagirdi olmuş, direktoru Stepan Suşevskiy, Q.Qənbərov, Məhəmmədbağır Qazızadə, Mixail Klopov hüquq, Azərbaycan dili, rus dili və ədəbiyyatı və başqa fənlərdən dərs demişlər.[1]

XIX əsrin sonlarına doğru İrəvanda yeni məktəblər açılır, şəhərin teatr həvəskarları tez-tez tamaşalar göstərirdilər. “Rus-Azərbaycan” qız məktəbləri əhalinin rəğbətini qazanmışdı. Məktəbin müdiri Haşım bəy Nərimanbəyov, Irəvan gimnaziyasının müəllimlərindən İsmayıl bəy Şəfibəyov, İrəvan Müəllimlər Seminariyasının Azərbaycan dili müəllimi Rəhim Xəlilov, Mirzə Məmmədvəli Qəmərlinski, Axund Məmmədbağır Qazızadə və b.-nın bu sahədəki xidmətləri unudulmazdır.[2]

Axund Məhəmmədbağır Qazızadənin evində yerləşən ikisinifli rus-tatar (Azərbaycan) qızlar məktəbinin himayəçisi knyagina Yelena Çaqodaeva (İrəvan quberniyasının vise-qubernatoru knyaz Aleksey Çaqodayevin arvadı), müdiri Antonina Kalinina, müəllimi Pxakadze, şəriət müəllimi olmuşdur.

Molla Məhəmmədbağır Qazızadə ilə eyni dövrdə maarif və mədəniyyətin yayılmasında hər cür məşəqqətlərə sinə gərən Mirzə Qədim İrəvani, İsa Sultan, ƏbülfətMəhəmməd Şahtaxtinskilər, Fazil İrəvani, Firudin bəy Köçərli, Əliqulu xan İrəvanski, Cəlil Məmmədquluzadə, Eynəli bəy Sultanov, Mirzə Məmmədvəli Qəmərlinski, Haşım bəy Vəzirov, Mirzə Ələkbər Mirzəzadə, Cabbar Əsgərzadə, Mir Məhəmməd Fətullayev, Abbas ağa Fərəcov kimi çoxsaylı ziyalılar üzərlərinə düşən missiyanı şərəflə doğruldurdular.

İrəvan progimnaziyasının hazırlıq sinfinin müəllimi olmuş Stepan Zelinskinin (milliyyətcə erməni idi) “Qafqazın ərazi və tayfalarının təsviri materialları məcmuəsi”ində dərc etdirdiyi “İrəvan şəhəri” məqaləsində göstərir ki, 1880-ci ildə İrəvan şəhərindəki məscidlərdə 153 şagird təhsil alırdı ki, onların təlimi ilə 8 müəllim məşğul olur. S.Zelinski yazır ki, bundan əlavə, İrəvanda ali dini müsəlman məktəbi fəaliyyət göstərir və orada tələbələrdən təhsil haqqı alınmır, əksinə təhsildə müvəffəqiyyətlərindən asılı olaraq məscid onlara 3 rubldan 10 rubladək mükafat verir. Müəllif ali dini müsəlman məktəbində əksəriyyətinin kəndlərdən gələnlərdən ibarət olduğunu, hər il 60-a qədər tələbənin təhsil aldığını, tam kursu bitirdikdən sonra onlara axund rütbəsi verildiyini və əmmamə daşımaq səlahiyyətinə malik olduqlarını yazır[3]. S.Zelinski ali dini məktəbin hansı məscidin nəzdində fəaliyyət göstərdiyini yazmasa da, belə güman etmək olar ki, həmin məktəb şəhərin baş məscidi olan Cümə və yaxud Hüseynəli xan məscidinin nəzdində fəaliyyət göstərmişdir.

  • Ənvər Çingizoğlu, İrəvan Quberniya Ruhani Məclisi və məşhur din xadimləri, "Soy" еlmi-kütləvi dərgi, 2011, №3, səh.23-32.
  1. Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 133. ISBN 978-9952-5455-010.
  2. Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan nəşriyyatı, 2010. səh.32.
  3. Сборник материалов для описания местностей и племен Кавказа” (СМОМПК). Тифлис, 1881, Вып. I, отд. I, с.44.