Mumiya (ing. The Mummy) — 1932-ci ildə Karl Froynd tərəfindən çəkilən ABŞ filmidir. Filmdə yenidən həyata qayıdan misir rahibi "İmhotep" rolunu məşhur ingilis əsilli[10] ABŞ aktyoru Boris Karloff canlandırmışdı. Filmin çəkiliş yerləri ABŞ-nin qərbində yerləşən, sahənin böyüklüyünə görə üçüncü yer tutan və səhralığına görə məşhur olan Kaliforniya ştatında aparılmışdı. Çəkiliş səhnələri ABŞ-nin cənub-qərbində yerləşən Cənubi Kalforniyanın böyük hissəsini tutan Moxave səhrasında, Kalironiyanın Los-Anceles şəhərinə məxsus "San Fernando Vadisi" regionunun "Universal Siti" icmasında və Cənubi Kaliforniyada yerləşən korporativ olmayan "Sentil" icmasında yerləşən "Qırmızı Qaya Kanyon Ştat Parkı" (ing. Red Rock Canyon State Park) adlı kanyon parkında baş tutmuşdu.[11] "Mumiya" filminin büdcəsi qiymətləndirməylə təxminən $196,000 min ABŞ dollarıdır.[12]
Mumiya | |
---|---|
ing. The Mummy | |
Janr | qorxu filmi[1][2][…], fentezi filmi[d][1] |
Əsas mövzu | Romantik sevgi[3], Misir mifologiyası[4], ölüm[4], reinkarnasiya[4], arxeologiya[4] |
Rejissor | |
Baş rollarda | |
İstehsalçı | Universal Pictures |
Distribütor | Universal Pictures, Netflix |
İlk baxış tarixi | 22 dekabr 1932[7][8], 1932 |
Müddət | 73 dəq. |
Büdcə | 196.000 $[9] |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | ağ-qara[d] |
Çəkiliş yeri | Kaliforniya |
IMDb | ID0023245 |
Vikianbarda əlaqəli mediafayllar |
1921-ci il. Britaniya muzeyi heyət üzvlərinin Ser Cozef Uemplin (Artur Bayron) başçılığı altında ekspedisiyası zamanı İmhotepin qəbri aşkar edilir. Həmin qəbrin üzərində bu qəbri açanın lənətə düçar olacağı göstərilir. Cozef Uemplin yanında köməkçi olan Ralf (Brembell Fletçer) qəbri açaraq Totun papirusundakı ilk yazıları yazmağa başlayır. Əfsanəyə görə, bu yazı sayəsində İsida Osirisi diriltmişdir. Həmin yazının yarısını oxumaq İmhotepi canlandırmağa kifayət edir. Misirli həkim və mistikaçı Müller (Edvar Van Sloun) bu tilsimin oxumaması üçün Cozefə müraciət edir. Lakin İmhotep (Boris Karloff) adlı Qədim Misir rahibi Ralfın oxuduğu canlandırma tilsimini yüksək səslə oxuması nəticəsində yenidən canlanır. Totun əlyazmasını ələ keçirərək arxeoloqlardan qaçmağı bacaran İmhotep, yaşadığı dövrdəki sevgilisi Misir kraliçası Anhesenamonun ruhunu taparaq, onu Reinkarnasiya etmək üçün Misirin mərkəz şəhəri Qahirədə gəzməyə başlayır. Bu hadisəni müşayiət edən Ralf birdən-birə vahiməyə düşərək huşunu itirir.
1932-ci il. Digər "Britaniya muzeyi"nin heyət üzvlərindən olan Cozef Uemplin oğlu Frenkin (Devid Menners) başçılığı altında arxeoloji qazıntı aparılır. Misirli arxeoloq olan Ardat bəy (İmhotep) arxeoloqlara Anhesenamonun məzarını tapmaq üçün qazıntının lazım olduğu yeri göstərir. Məzarı tapan arxeoloqlar mumiyanı və xəzinələri Qahirədə yerləşən "Misir Muzeyi"nə göndərirlər. Muzey bağlandıqdan sonra İmhotep Anhesenamonun yerləşdiyi tabutun ətrafında tilsimli sözlər deməyə başlayır. Bu zaman İmhotepin dediyi möcüzəli sözlər, əslən Misirli olan Sudan qubernatorunun qızı Helen Qrosvenora (Zita Yohann) təsir edir. Helen tilsim sayəsində Qahirədə yerləşən "Misir Muzeyi"nə gəlir. Həmin müddətdə gözətçi, Anhesenamonun tabutu ətrafında yad şəxsin olduğunu görür. Gözətçi İmhotepdən papirusu almağı bacarır. Lakin onunla mübarizə apararaq ölür. Helen isə bura gələrək bağlı qapıları görür və huşsuz vəziyyətdə yerə uzanır. İmhotep bu zaman yaranan təhlükədən qaçmaq üçün yoxa çıxır. Heleni Cozef Uempl, oğlu Frenk və həkim Müller tapır. Papirus yenidən Cozefin əlinə keçir. Helen isə huşsuz vəziyyətdə olduğundan onu müayinə etmək üçün öz evlərinə aparırlar.
Helen yuxuda olan zaman bir neçə misir kəlməsi və İmhotep ilə Anhesenamonun adını deyir. Onu müşayiət edən Cozef, oğlu Frenk və Həkim Müller Helenin qədim lənətə tutulduğunu başa düşürlər. Helen huşsuz vəziyyətdən ayılan zaman Frenki görür. Helen və Frenk bir-birinə aşiq olurlar. Lakin bir müddətdən sonra Uempllərin evində Ardat bəy peyda olur. Ardat bəy Heleni görür və onun Anhesenamona bənzədiyini hiss edir. Heleni tilsiminə salan zaman Ardat bəyin qarşısını Cozef, oğlu Frenk və Həkim Müller alırlar. Helen Uempllərin evində qalmağa məcbur olur. Bu müddətdə Həkim Müller Frenkə lənətlərdən qoruyan İsidanın talismanını verir. Cozef Uempl isə bu papirusun nəyə qadir olduğunu hələ 11 il əvvəl başa düşmüşdür. Bu səbəbdən Cozef Totun papirusunu yandırmaq istəyir. Lakin bu zaman Ardat bəyin tilsimi ilə üzləşir. Tilsimin sayəsində Cozef həyatını itirir. Papirus yenidən İmhotepin əlinə keçir.
İmhotep Anhesenamona olduqca bənzəyən Heleni yenidən Uempllərin evində görüncə, onunla evlənmək üçün İmhotep Heleni qaçırmağa qərara gəlir. Frenk onun qarşısını almaq istəyir. Lakin tilsim nəticəsində ölümcül vəziyyətə düşür. Bu vəziyyətdən onu yalnız İsidanın talismanı saxlayır. Bu zaman həkim Müller Frenkə deyir ki, gərək bu dəfə İmhotep Heleni aparsın. Yalnız bu zaman İmhotepin qaldğı yeri müəyyən etmək olar. İmhotep Heleni aparmağa müvəffəq olur. Bir neçə müddət keçəndən sonra İmhotep Anhesenamonun ruhunu azad etmək üçün onun ölüsünü yandırır və Heleni öldürməyə hazırlaşır. İmhotep Heleni öldürməlidir ki, Anhesenamonu diriltsin. Helen isə ölmək arzusunda deyil. Bu zaman Frenk və atası Müller muzeyə gəlib çatırlar. İsidanın talismanı sayəsində onlara İmhotepin tilsimi təsir etmir. Keçmiş həyatlarını xatırlayaraq xilas olmaq üçün tanrı tərəfindən İsidaya yalvaran Helen sonda ölümdən xilas olur. Bu dua ilə eyni zamanda İsida heykəlinə çıxan şüa, İmhotepə can verən tilsimi də yandıraraq yox edir. Beləcə, İmhotep ölür və sümük iliyinə çevrilir.
Personajlar | Orijinal adı | Canlandıran | Orijinal adı |
---|---|---|---|
İmhotep və Ardat bəy | ing. Imhotep and Ardath bey | Boris Karloff | ing. Boris Karloff |
Helen Qrosvenor və Şahzadə Aneksenamon | ing. Helen Grosvenor and Princess Ankh-es-en-Amon | Zita Yohann | ing. Zita Johann |
Frenk Uempl | ing. Frank Whemple | Devid Menners | ing. David Manners |
Ser Cozef Uempl | ing. Sir Joseph Whemple | Artur Bayron | ing. Arthur Byron |
Həkim Müller | ing. Dr. Muller | Edvard Van Sloan | ing. Edward Van Sloan |
Ralf Norton | ing. Ralph Norton | Bremvell Fletçer | ing. Bramwell Fletcher |
Nubiyalı | ing. The Nubian | Noubl Conson | ing. Noble Johnson |
Frau Müller | ing. Frau Muller | Ketrin Bayron | ing. Kathryn Byron |
Professor Pirson | ing. Professor Pearson | Leonard Mudi | ing. Leonard Mudie |
Firon | ing. The Pharaoh | Ceyms Kreyn | ing. James Crane |
Sakson döyüşçüsü | ing. The Saxon Warrior | Henri Viktor | ing. Henry Victor |
4 noyabr 1922-ci ildə Britaniya arxeoloqları Cənab Hovard Karter (ing. Howard Carter) və Corc Herbert, 5-ci qraf Karnarvonun (ing. George Edward Stanhope Molyneux Herbert, 5th Earl of Carnarvon) başçılığı altından aparılan ekspedisiya zamanı tapılan Tutanhamonun məzarının[15][16] açılmasından və "Fironların lənətindən"[17] təsirlənən prodüser Karl Lemple-kiçik ssenarist Riçard Şeyeri "Drakula" və "Frankenşteyn" adlı film seriyalarında olduğu kimi Misir mövzulu bir çox qorxu filminlərinin əsasını təşkil edəcək bir roman tapmaqla vəzifələndirdi. Şeyer bu mövzuda roman tapa bilmədi, ancaq nəticədə, ortaya çıxan filmin mövzusu, İngilis yazıçısı Artur Konan Doyl tərəfindən yazılmış "Totun üzüyü" adlı əsərin[18] qısa əhvalatıyla ciddi bənzərliklər ehtiva edirdi. Şeyer və digər ssenarist Nina Uilkoks Patnem İtalyan okkulltisti Alessandro Kaqliostro haqqında "Kaqliostro" başlıqlı doqquz səhifəlik film tretmanı yazdı. San Fransiskoda keçən əhvalatda həyatda qalan 3000 illik bir cadugər haqqında danışılırdı. Tretmanı bəyənən Lemple ssenarini yazmaq üçün Con L. Balderstonu işə götürdü. Balderson 1931-ci l istehsalı olan "Drakula" və "Frankenşteyn" filmlərinə də iştirak etmişdi. Con Balderston jurnalist vəzifəsində çalışan zaman "New York World" qəzeti üçün "Tutanhamonun məzarının açılışını" yazmışdı. Balderston tretmandakı əhvalatı Misirə köçürür və baş mənfi rol personajını b.e.ə. 2700-cü illərdə yaşayan Misir rahibi "İmhotep" personajı canlandırır.[15][19]
Filmin çəkilişlərindən iki gün əvvəl "Drakula" filminin görünüş rejissoru Karl Froynd rejissor olaraq işə götürüldü. Çəkilişlərin üç həftədə tamamlanması planlaşdırıldı. Karloffun ilk çəkiliş günü boyunca mumiyanın canlanaraq tabutundan çıxması səhnəsi çəkildi. Makiyajçı Cek Pirs İmhotepin mumiyasının görünüşünü hazırlamaq üçün Misir fironu II Setin mumiyasının üzərində fotoşəkillər çəkərək araşdırma apardı. Lakin filmdə Karloffun görünüşü daha çox digər Misir fironu III Ramzesə bənzəyirdi. Pirs səkkiz saatlıq bir iş ilə Karloffun üzünə pambıq, kolodium və yapışdırıcı, saçlarına isə gil əlavə etdi və bədənini turşuya batırılıb sodalanmış parça lentlərlə bağladı. İlk səhnə çəkilişlərinin bitməsindən sonra Karloffun üzündən makiyajın çıxarılması iki saat davam etdi. Yapışdırıcının üzündən çıxarılması zamanı uzun müddət ağrılar çəkən Karloff həmin günü "çəkdiyim ən böyük ağrılı gün" kimi qeyd etmişdi.[20] Boris Karloff həmin sarğı makiyajı ilə film səhnəsində bir neçə dəqiqə göründü. Ardınca çəkilən səhnələrdə isə Karloff sadə olan yalnız bir makiyaj ilə görünürdü.
Çəkilişlər zamanı Anhesenamonun bir çox keçmiş reinkarnasiyası səhnələri də çəkildi. Lakin bu görünüşlər senzura sayəsində filmin son səhnələrində göstərilmədi. Bu görünüşlərə aid şəkillər mövcud olsa da, həmin səhnələrin çəkilişləri saxlanılmayıb. Həmçinin, bu şəkillərdə "Sakson döyüşçüsü" personajının şəklini görmək mümkündür. Filmin başlanğıcında səsləndirilən musiqi isə Rusiyanın bəstəkarlarından biri olan Pyotr Çaykovskinin "Qu gölü" baletindən[21][22] götürülmüşdü. Həmin baletin musiqisindən 1931-ci ildə çəkilən "Drakula" filminin başlanğıc səhnəsində istifadə edilmişdi.[23] Bu film "Drakula" və "Frankenşteyn" film seriyalarından fərqli olaraq, digər seriyaları çəkilmədi.
Filmdə göstərlir ki, "Totun əlyazması" oxunan zaman İmhotep yenidən qayıdır və həmin əlyazmanı alaraq gözdən itir. İmhotepin əsl məqsədi isə Aneksenamonu diriltmək olur. Orijinal mövzuda isə İmhotep ilə Aneksenamon haqqında nisbətən çox məlumat verilir.[24] Yuxarı məbədin rahibi olan İmhotep İsida və Fironun yaraşıqlı qızı Aneksenamona aşiqdir. Lakin müəyyən müddətdən sonra Aneksenamon vəfat edir. Aneksenamonun dərdinə dözə bilməyən İmhotep onu diriltmək üçün müxtəlif üsullar axtarmağa başlayır. Bir müddətdən sonra İmhotepin əlinə "Totun əlyazması" keçir. Bu əlyazma sayəsində İsida Osirisin intiqamını Setdən almaq üçün oğlu Totu dirildir və Set üzərində qələbə çalır. Bu səbəbdən İmhotep həmin əlyazmanı Aneksenamonun qəbri üzərində oxumağa başlayır. Lakin bu zaman onu məbəd qoruyucuları saxlayır və İmhotep cinayətkar kimi ölümə məhkum edilir. İmhotep tabuta qoyulan zaman onunla bərabər "Totun əlyazması" da qoyulur ki, insanlar bu lənətdən qoruna bilsinlər. 3900 il keçdikdən sonra İmhotepin qəbri açılan zaman bu əlyazma tapılır və oxunur. Bu zaman İmhotep dirilərək, "Totun əlyazması"nı ələ keçirərək yoxa çıxır. Uzun müddət keçdikdən sonra İmhotep Ardat bəy cldinə girərək Aneksenamonun qəbrini aşkar etməyə çalışır. İmhotep niyyətinə nail olur, lakin müəyyən uğursuzluğa düçar olur. Bu müddətdə Aneksenamonun bənzəri olan Helenə diqqət yetirir və müxtəlif hadisələrdən sonra onu qaçırmağı bacarır. Filmin sonunda isə Frenk Uempl və həkim Müller onun bu mərasiminə mane olur və İmhotep yenidən cəhənnəm dünyasına qərq olur.
1932-ci ildə "Mumiya" filmi alman əsilli ABŞ rejissoru Karl Froynd üçün rejissorluq debütü idi. Bundan əvvəl Froyn 1931-ci ildə çəkilən "Drakula" filmində operator kimi çalışmışdı. "İmhotep" və "Adat bəy" kimi personajları canlandıran Boris Karloff bu filmdən əvvəl "Frankenşteyn" qəhrəmanı kimi tanınırdı.[25] Lakin bu filmdən sonra "Mumiya" qəhrəmanı kimi tanınmağa başlayır. "Frenk Uempl" rolunu canlandıran Devid Menners "Drakula" filmində "Conatan Harker" personajını canlandırmışdı. Filmdə "Həkim Müller" rolunda olan Edvard Van Sloun "Drakula" filmində "Həkim Van Helsink" və "Frankenşteyn" filmində "Həkim Valdman" rolunda ifa etmişdi. "Helen" və "Aneksenamon" personajlarını canlandıran Zita Yohann isə əvvəlki filmlərdə nisbətən az tanınırdı. Zita yalnız elə də populyar olamayan 1931-ci ildə rejissor Devid Uork Qriffit tərəfindən çəkilən "Mübarizə" filmində əsas qadın obrazını canlandırmışdı. "Mumiya" filmi ona böyük uğur gətirmişdi. Zita 1931-1934-cü illər ərzində bir çox populyar filmlərdə rol almışdı. 1934-cü ildən etibarən film karyerasına ara verir. Zita yalnız 52 ildən sonra 1986-cı ildə film səhnəsinə qayıdaraq "Canlı ölülərin basıqını" filmində rol alır. Onun sonuncu ifa etdiyi rol isə "Qoca kitabxanaçı" rolu olmuşdu.[26]
Filmin başlanğıc səhnəsində Pyotr Çaykovskinin "Qu gölü" baletindən "Swan Lake, Op.20" musiqisi səsləndirilmişdi. Filmdə səhnələrin birində Qədim Misir xatırlanan zaman bəstəkar Heinz Roemheldin 1929-cu ildə çəkilmiş "Pits Palyunun ağ cəhənnəmi"[27] adlı film üçün bəstələdiyi "Marche Funebre" musiqisi səslənir. Filmin saundtrekinə[28] aşağıdakı musiqilər daxildir:
Musiqi | Bəstəkar | Səhnə |
---|---|---|
Misterioso | naməlum | filmin başlanğıc səhnəsi |
Swan Lake, Op.20 | Pyotr Çaykovski | filmin başlanğıc səhnəsi |
Beautiful Love | Viktor Yanq | Helenin muzeydəki səhnəsi |
Lento | Heinz Roemheld | Qədim Misirin xatırlanması səhnəsi |
Dirge | Maykl Brusselmans | Qədim Misirin xatırlanması səhnəsi |
Marche Funebre | Heinz Roemheld | Qədim Misirin xatırlanması səhnəsi |
1932-ci ildə "Mumiya" filmi bir çox ölkələrin kino salonlarında, xüsusilə, Böyük Britaniyada uğurla göstərildi. Filmin uğurla kino salonlarında göstərilməsi isə filmə böyük gəlir gətirirdi. 1940-cı illərdə "Mumiya" filminin davamı üçün bir çox remeyklər, o cümlədən, 1940-cı ildə çəkilən "Mumiyanın əli", 1942-ci ildə çəkilən "Mumiyanın qəbri", 1944-cü ildə çəkilən "Mumiyanın ruhu" və "Mumiyanın lənəti" kimi filmlər çəkilmişdi. Bu remeyklər içində ən çox uğur qazanan "Mumiyanın əli" filmi idi. 1955-ci ildə ABŞ rejissoru Çarlz Lemont tərəfindən çəkilən "Ebbott və Kostello mumiyanı qarşılayırlar" filmi həmin remeyklərə birbaşa parodiyadır.
1950-ci illərin sonu, 1960-cı illərin əvvəllərindən başlayaraq "Universal Studios" tərəfindən çəkilən "Mumiya" seriyalarının uğurunu Böyük Britaniyaya məxsus "Hammer Film Productions" studiyası təkrarlamaq istədi və bu məqsədlə bir çox "Mumiya" filminin seriyalarını çəkməyə başladı. İngilis kinorejissoru Terens Fişer tərəfindən 1959-cu ildə çəkilən "Mumiya" filminin ssenariyası 1932-ci ildə çəkilən orijinal "Mumiya" filmindən daha çox "Mumiyanın əli" filminə bənzəyirdi. Ardınca bu studiya tərəfindən 1964-cü ildə "Mumiya qəbrinin lənəti", 1967-ci ildə "Mumiyanın kəfəni" və 1971-ci ildə "Mumiya qəbrindən qan" filmləri çəkilir. Bu film seriyaları "Universal Studios" seriyaları kimi bir çox uğurlar əldə edir.
1999-cu ildə ABŞ rejissoru Stiven Sommers tərəfindən çəkilən və "Universal Studios" istehsalı olan "Mumiya" filmin süjet xətti isə orijinal filmə yaxın idi. Lakin filmin ssenariyası intonasiyası baxımından orijinal filmdən çox uzaq idi. Bu filmin davamı kimi çəkilən "Mumiya qayıdır" və "Mumiya: Əjdahalar imperatorunun sərdabəsi" filmlərinin isə tamamilə fərqli idi.[29]
"Mumiya" filmi ilk dəfə 22 dekabr 1932 tarixində ABŞ teatrlarında göstərilmiş və böyük uğur əldə etmişdi.[30] Ardınca dünyanın bir çox ölkələrdə, o cümlədən, Braziliya, Niderland, Meksika, Niderland və Yaponiya kimi ölkələrin teatrlarında uğurla nümayiş etdirilmişdir. İtaliyada 1939-cu ildə " Lo Deserto" distribütorliyi sayəsində istehsal edilmş və nümayiş etdirlmişdi. 1972-ci ildə Almaniya və 1998-ci il Finlandiyada ilk dəfə televiziyada göstərilmişdir. "Mumiya" filmi ilk DVD variantında 28 avqust 2001-ci ildə satışa çıxarılmışdır. Həmçinin, bu film "Cagliostro", "Im-Ho-Tep" və "King of the Dead" adları ilə tanınır.[31]
Ölkə | Dil | Adı | Çıxış tarixi |
ABŞ | İngilis dili | The Mummy | 22 dekabr 1932 |
Braziliya | Portuqal dili | A Múmia | 3 yanvar 1933 |
Niderland | Holland dili | The Mummy | 31 mart 1933 |
Meksika | İspan dili | La momia | 29 iyun 1933 |
Yaponiya | Yapon dili | The Mummy | 20 iyul 1933 |
Türkiyə | Türk dili | Mumya[32] | 1934 |
İtaliya | İtalyan dili | La mummia | 1939 |
Almaniya | Alman dili | Die Mumie | 16 oktyabr 1972 |
Finlandiya | Fin dili | Muumio | 1 iyul 1998 |
Avstriya | Alman dili | Die Mumie | Rəsmi çıxış tarixi yoxdur |
İspaniya | Portuqal dili | La momia | Rəsmi çıxış tarixi yoxdur |
Portuqaliya | Portuqal dili | A Múmia | Rəsmi çıxış tarixi yoxdur |
Fransa | Fransız dili | La momie | Rəsmi çıxış tarixi yoxdur |
Yunanıstan | Yunan dili | I moumia | Rəsmi çıxış tarixi yoxdur |
Polşa | Polyak dili | Mumia | Rəsmi çıxış tarixi yoxdur |
Macarıstan | Macar dili | A múmia | Rəsmi çıxış tarixi yoxdur |
Rusiya | Rus dili | Мумия | Rəsmi çıxış tarixi yoxdur |
İsveç | İsveç dili | Mumien vaknar | Rəsmi çıxış tarixi yoxdur |