Musiqi Kolleci (Bakı)

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci (Asəf Zeynallı adına Musiqi Məktəbi) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi.[1]

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci
Xəritə
40°22′37″ şm. e. 49°50′47″ ş. u.
Əsası qoyulub 1895
Tip orta-ixtisas təhsili müəssisəsi
Direktor Nazim Kazımov
Şəhər Bakı
Ölkə
Ünvan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küç., döngə 4
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1895-ci ildə tərəqqipərvər ziyalı rus qadını, Moskva konservatoriyasının məzunu, pianoçu Antonina Nikolayevna Yermolayeva Bakıda ilk şəxsi musiqi məktəbini açdı. Bu məktəb, əsasən, Bakıda yaşayan və işləyən rus sahibkarlarının, yerli rus əhalisinin uşaqlarına musiqi təhsili vermək, rus və qərb musiqisini burada səsləndirmək, öyrətmək məqsədilə yaradılmışdı. Lakin bu məktəbdə musiqi dərsləri alan uşaqlar arasında bir nəfər belə azərbaycanlı yox idi. 1901-ci ildə həmin məktəbin bazasında "Rus İmperator Musiqi Cəmiyyətinin Bakı Şöbəsi"nin Musiqi Sinifləri yaradılır. Bu siniflər musiqi məktəbi rolunu oynayırdı və A. N. Yermolayeva siniflərə direktor təyin edilmişdi. Musiqi siniflərinin yaradılması mütərəqqi hal olsa da, əsasən çarizmin ucqarlarında rus kapitalisti ailələrinə qayğı göstərmək, rus elit ailələrinin mənəvi tələbatını ödəmək və ruslaşdırma siyasəti aparmaq məqsədi daşıyırdı. Həmin məktəbdə bir nəfər belə azərbaycanlı uşaq təhsil almırdı. Azərbaycanda Avropa tipli musiqi təhsilinin yaradılmasına çalışan dahi Üzeyir Hacıbəyov bu faktla bağlı "Azərbaycan Musiqi Təhsili" məqaləsində təəssüflə yazırdı: "Bakı hələ çar hökumətinin quberniya şəhərindən biri olan zamanlarda burada "Rus İmperator Musiqi Cəmiyyəti" adlanan bir müəssiseyi-musiqiyyənin heyətinin şöbəsi olmaq üzrə bir musiqi məktəbi mövcud idi. Bu məktəb Bakıda iyirmi beş sənəlik uzun bir müddət ömür sürüb, müntəzəm bir surətdə yaşadığı halda, qapılarını musiqi təhsili arzusunda olanla türk balaları üçün daima bağlı saxladı. Bu qədər uzun bir zaman içində bu məktəbdə bir nəfər belə yerli türklərdən oxuyan və məktəbi bitirən olmadı. Məktəbin mövcud olub-olması haqda yerli türklərin xəbəri belə yox idi".

Göründüyü kimi, Azərbaycanda musiqi təhsili verən məktəbdə azərbaycanlı balalarının oxuması Üzeyir bəyin ən böyük arzusu idi. O, musiqi təhsili arzusunda olan azərbaycanlıların bu arzu və həvəsini həyata keçirməyə çalışırdı. Digər tərəfdən, Bakıda Sankt-Peterburq, Moskva, Tiflis, İtaliya opera-balet truppalarının, aparıcı dirijor, aktyorifaçılarının çıxışları, bəstəkar və ifaçıların konsertlər verməsi şəhərdə musiqi həyatını daha da canlandırır, yerli mühitdə Avropa musiqisinə və alətlərinə marağı daha da artırırdı. Bütün bunları isə yerli əhalidə və milli ziyalılarda xalqın musiqi təhsili almasının zəruriliyinə inamı və qətiyyəti daha da gücləndirirdi. O illərdə, Üzeyir Hacıbəyov musiqi təhsilinin millətin və mədəniyyətin inkişafında zəruri şərt olduğunu nəzərə alaraq, öz ziyalı və yaradıcı həmfikirləri ilə birlikdə bu məsələnin həllinə çalışırdı. Nəhayət, Üzeyir Hacıbəyov 1916-cı ildə öz ziyalı həmkarları ilə birlikdə A. N. Yermolayevanın musiqi məktəbinin dövlət orta ixtisas musiqi məktəbinə çevrilməsinə nail oldu. Məktəbin bundan sonrakı fəaliyyətində Üzeyir Hacıbəyov müstəsna rol oynadı. Bu sahədə millətin musiqi təhsili naminə görülən mütərəqqi işlər 1920-ci ildə Bakıda Xalq Konservatoriyasının yaradılması ilə nəticələndi.

Xalq konservatoriyasının əsasında 1921-ci ildə Bakıda Dövlət Konservatoriyası təsis edildi.1922-ci ildən etibarən Dövlət Konservatoriyasının azərbaycanlı müəllim və tələbələrindən ibarət olan Şərq şöbəsi konservatoriyadan ayrılaraq müstəqil təhsil müəssisəsi kimi fəaliyyətə başladı. 1922-ci il aprelin 22-dən etibarən məktəb "Şərq Konservatoriyası" adını daşıdı. Bu məktəbə Üzeyir Hacıbəyov direktor təyin edildi. Məhz onun səyi nəticəsində Azərbaycanda dövlət səviyyəsində musiqi təhsili sisteminin formalaşması üçün zəmin yarandı. Üzeyir Hacıbəyovun rəhbərliyi dövründə məktəbə milli kadrların cəlb olunmasına diqqət artırıldı. Məktəbə qəbul edilən tələbələr arasında digər millətlərin nümayəndələri ilə yanaşı, Azərbaycanlılar da böyük əksəriyyət təşkil edirdi. Üzeyir Hacıbəyov tədris prosesinin genişlənməsinə, yeni proqramların yaradılmasına milli musiqi alətləri üçün notlu tədrisin əsasının qoyulmasına, nəzəri fənlərin, xor dərslərinin keçirilməsinə, ilk muğam proqramının hazırlanmasına nail oldu. Məktəbdə Avropa musiqi alətləri və ixtisasları ilə yanaşı, Azərbaycan xalq çalğı alətləri – tar, kamança, balaban, xanəndəlik də təsis edilirdi, gələcəyin peşəkar milli musiqiçi kadrlarının hazırlanması üçün yeni imkanlar yaranırdı.

Üzeyir Hacıbəyov qabaqcıl müəllimləri, ən istedadlı məzunları pedaqoji fəaliyyətə cəlb edir, musiqi nəzəriyyəsinə mükəmməl bələd olan gənc məzunları, musiqi folklorumuza, xalq yaradıcılığına, muğam sənətinə dərindən bələd olan ustad-peşəkar musiqiçiləri məktəbə dəvət edir, onlarla birgə xalq musiqisinin əsaslarını, nəzəriyyəsini, tədris proqramını hazırlayırdı. Eyni zamanda, Avropa və rus bəstəkarlarının əsərləri, ümumi musiqi nəzəriyyəsi də şagirdlərə öyrədilirdi. Zaman keçdikcə məktəbə qəbul olanların milli tərkibi də dəyişir, musiqi təhsili almağa gələn azərbaycanlıların sayı da surətlə artırdı. Dahi bəstəkar və musiqi xadimi Üzeyir Hacıbəyov bu barədə sevinclə yazırdı: "Musiqi məktəbi dəxi qapılarını olduqca gen açıb təhsili, sənət həsrətində olanları dəstə-dəstə içərisinə qəbul etdi… Qayeyi-əməl vardır ki, o da Şərq musiqisini məktəb vasitəsilə tərəqqi etdirib Qərb musiqisinin bu gün işğal etmiş olduğu uca mərtəbələrə qədər irəlilətməkdir". 1924-cü ildə musiqi məktəbinin adı dəyişdirilərək Azərbaycan Dövlət Türk Musiqi Texnikumu adlandırıldı. 1926-cı ilə qədərki fəaliyyətdə texnikum fortepiano, skripka, tar, kamança, xanəndə, musiqi nəzəriyyəsi üzrə xeyli yaxşı ifaçı və müəllim kadrları yetişdirmişdi. Texnikumun ilk məzunları arasında Səid Rüstəmov, Asəf Zeynallı, Əfrasiyab Bədəlbəyli, Xurşid Ağayeva, Leyla Muradova, Əşrəf Həsənov, Tamara Rəhimova, Fatma Səmədova, Məmməd Nəsirbəyov, Nigar Usubova, Ələkbər Dadaşov, Qılman Salahov, Əhməd Bakıxanov və başqaları var idi. 1926-cı ildə texnikum Dövlət Konservatoriyası ilə birləşdirilir. 1932-ci ildə isə 1 nömrəli Dövlət Musiqi Texnikumu kimi yenidən müstəqil fəaliyyətə başlayır.

Keçən əsrin 30-cu illərində texnikumun fəaliyyəti bütün şöbələrin ahəngdar və sabit işləməsi, yaradıcılıq axtarışlarının davam etdirilməsi, konsert ifaçılığının genişləndirilməsi, gənc musiqiçi kadrlarının yetişdirilməsi, tələbkarlığın artması, müəllim kollektivinin gücləndirilməsi, tədrisin keyfiyyətinin daha da yüksəlməsi ilə xarakterizə olunur. Həmin illərdə folklora, xalq musiqisi ənənələrinin öyrənilməsinə, muğamımızın tədrisinə və tədqiqinə marağın artması ilə yanaşı bəstəkarlar tərəfindən yeni musiqi əsərlər də yazılır və klassik musiqiyə meyl güclənirdi. Məktəbin müxtəlif şöbələrində çalışan Cövdət Hacıyev, Əfrasiyab Bədəlbəyli, Bülbül, Səid Rüstəmov, Hüseynqulu Sarabski, Əhməd Bakıxanov, Qurban Pirimov, Seyid Şuşinski, Ağası Məşədibəyov kimi sənət fədailəri ən məhsuldar əməyi sayəsində tədris prosesi daha da təkmilləşir, ifaçılıq səviyyəsi daha da yüksəlirdi. 1940–50-ci illərdə texnikumda müəllim və tələbələrdən ibarət xalq çalğı alətləri orkestri və ansamblı, xor, kamera kollektivləri, muğam üçlüyü yaradılır. Müəllim və tələbə kontingenti kəmiyyət və keyfiyyət baxımından daha da artır. Texnikumda rus və xarici ölkələrin musiqi ədəbiyyatı, musiqi nəzəriyyəsi fənləri üzrə yeni metodik vəsaitlər hazırlanır, ixtisas dərslərini təcrübəli müəllimlərlə yanaşı, ali təhsil almış gənc müəllimlər də aparırlar. 1953-cü ilin dekabr ayında Musiqi Texnikumuna ilk peşəkar bəstəkar Asəf Zeynallının adı verilir. Sonrakı dövrlərdə bu məktəb öz məqsəd və vəzifələrini daha da böyük məsuliyyətlə və yeni uğurlarla həyata keçirir. 1999-cu ildə ADMT Azərbaycan Dövlət Musiqi Kolleci adlanmağa başladı. 2001-ci ildə isə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci adlandırıldı.

Rəhbərlik Edənlər

[redaktə | mənbəni redaktə et]
  • A. N. Yermolayeva — 26.09.1896 – 18.09.1906
  • Üzeyir Hacıbəyov — 1906 – 1963
  • Azər Abdullayev — 07.2.1963 – 24.06.1971
  • Əbdüləhəd İsrafilzadə — 24.06.1971 – 02.09.1972
  • Yelena Stepanovna Kasyanenko (direktor əvəzi) — 01.09.1972 – 28.09.1973
  • Vasif Adıgözəlov — 28.09.1973 – 01.07.1983
  • Bayandur Mehdiyev — 01.07.1983 – 19.10.1991
  • Gülzar Hətəmzadə (direktor əvəzi) — 10.1991 – 12.06.1992
  • Əvəz Rəhmətov — 12.06.1992 – 24.09.2001
  • Nazim Kazımov — 27.09.2001 – h.h.

Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:[2]

  • İnstrumental ifaçılıq (alətlər üzrə);
  • Xanəndəlik;
  • Vokal sənəti;
  • Xor dirijorluğu;
  • Musiqi nəzəriyyəsi;
  • Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə).