Mustafa Miyasoğlu (1946, Kayseri – 1 avqust 2013, İstanbul) — türkiyəli yazıçı, şair, dramaturq, tədqiqatçı
Mustafa Miyasoğlu | |
---|---|
Mustafa Miyasoğlu | |
Təxəllüsləri | Semih Güngör, Mehmet Sadef, Osman Burak |
Doğum tarixi | 1946 |
Doğum yeri | |
Vəfat tarixi | 1 avqust 2013 |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | Türk |
Təhsili | |
Fəaliyyəti | müəllim, tədqiqatçı, yazıçı |
Əsərlərinin dili | türkcə |
Janrlar | Roman, hekayə, şeir, esse, səyahətnamə, biyoqrafik əsər, elmi-publisistik məqalə, tədqiqat |
İlk əsəri | "Röya çağrışı" şeirlər toplusu |
Tanınmış əsərləri | "İtirilmiş günlər", "Gözəl ölüm" romanları, "Nəcib Fazil Qısakürək ərməğanı" adlı tədqiqat əsəri |
Üzvlüyü | Türkiyə Yazıçılar Birliyinin üzvü, Dünya İslami Ədəbiyyat Birliyinin üzvü, İslami Ədəbiyyat Vəqfinin üzvü |
14 avqust 1946-cı ildə Kayseridə dünyaya göz açan Mustafa Miyasoğlu ilk təhsilini burada Kayseri M. Karamancı məktəbində almış, daha sonra 1967-ci ildə Kayseri Axşam Liseyindən məzun olmuşdur. Ədəbiyyata, xüsusən də Nəcib Fazil yaradıcılığına marağı bu illərdə formalaşmışdır. "1965-ci ildə Nəcib Fazili dinləmək bizim için bir dönüş nöqtəsi oldu" deyən yazıçı üçün bu illər, onun qəzet və dərgi çalışmalarına qatıldığı, "Böyük Doğu Fikir Klubu"nun seminarlarını dinlədiyi illərdir.[1] İstanbul Üniversiteti Ədəbiyyat fakültəsi Türk dili və ədəbiyyatı bölümündə təhsil alan yazıçı 1973-cü ildə buranı müvəffəqiyyətlə bitirib, 1974–1978-ci illərdə İzmitdə İmam Hatib liseyində, 1978–1981-ci illərdə İstanbul Şəhrəmini liseyində, 1985–1988-ci illərdə Memar Sinan Universitetində müəllim kimi fəaliyyət göstərmişdir.[2] 1988–1992-ci illərdə YÖK (Yüksək Öyrətim Kurulu) və Milli Təhsil Nazirliyinin təyinatı ilə Pakistanın İslamabad şəhərində Modern Dillər Universitetində professor kimi fəaliyyətinə davam etdirmişdir.[3] Vətənə qayıtdıqdan sonra İstanbulda bu fəaliyyətini davam etdirmiş, eyni zamanda 1996–1998-ci illərdə Şəhər teatr repertuarında çalışmışdır.[4] Yazıçılığa daha çox vaxt ayırmaq üçün 1998-ci ildə Universitetdəki işindən ayrılıb təqaüdə çıxmışdır. O, qısa bir müddət Tuzla Bələdiyyəsinin mətbuat katibi kimi də fəaliyyət göstərmişdir.[5] Çoxsahəli yaradıcılığa malik olan Mustafa Miyasoğlu ədəbiyyatın bütün sahələrində əsərlər yazmış, zəngin bədii irs buraxmışdır. O, 1 avqust 2013-cü ildə dünyasını dəyişmiş, vəsiyyətinə görə ustadı Nəcib Fazil Qısakürəkin məzarının yaxınlığında Əyyub qəbristanlığında dəfn olunmuşdur.[6][7] "Dil və ədəbiyyat" jurnalının 57-ci sayı M. Miyasoğlunun əziz xatirəsinə həsr edilmişdir.[8]
Yazıçı, dramaturq, tədqiqatçı Mustafa Miyasoğlu publisistika ilə də məşğul olmuş, 1968-ci ildən bir çox jurnallarda elmi-publisistik məqalələr yazmış, türk ədəbiyyatının problemləriylə bağlı geniş diskurslar aparmışdır. O, "Milli gənclik", "Yeni sənət", "Sedir" jurnallarında redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərmişdir. Ədəbiyyat aləminə 1967-ci ildə Kayseridə "Filiz" məcmuasında çap olunan şeiriylə gələn Mustafa Miyasoğlu "Hisar", "Türk ədəbiyyatı", "Ədəbiyyat", "Mavera", "Milli gənclik", "Yeni sənət", "Yeni dövr", "Vaxt", "Hərəkət", "Tarix və düşüncə" kimi müxtəlif qəzet və jurnallarda əsərləri dərc olunmuşdur.[9] O, "Suffə" nəşrlərini quraraq Suffe Mədəniyyət və incəsənət illik kitabının beş cildini (1982–88) nəşr etdirmişdi. Mustafa Miyasoğlu radio və televiziya proqramlarında iştirak etmiş, türk ədəbiyyatı ilə bağlı geniş tədqiqatlar aparmış, antologiyalar hazırlayıb təqdim etmişdir. O, eyni zamanda dramaturq kimi də fəaliyyət göstərmiş, "Ümid suları" adlı pyes yazmışdır. Bununla yanaşı, Əhməd Midhat əfəndinin "Çəngi" romanını "Daniş Çələbi və çəngi Sümbül" adı altında ssenariləşdirmişdir.[10] Əsər 2003-cü ildə İstanbul Böyük Şəhər Bələdiyyəsi şəhər teatrlarında səhnəyə qoyulmuş, böyük maraqla qarşılanmışdır. Şair, nasir, dramaturq Mustafa Miyasoğlu romanlarıyla xüsusi şöhrət qazanmış, Türkiyə Yazıçılar Birliyi tərəfindən müxtəlif vaxtlarda iki dəfə "İlin romançısı" adına layiq görülmüşdür.[11] Əsərləri ərəb, ingilis və urdu dillərinə tərcümə edilərək çap edilmişdir.[12]
|