Nəcəfqulu (tam adı: Nəcəfqulu Əbdülrəhim oğlu İsmayılov; 15 mart 1923, Bakı – 25 mart 1990, Bakı) — Azərbaycan rəngkarı, karikaturçu və illüstrasiya ustası, "Kirpi" satirik jurnalının baş rəssamı və yaradıcılarından biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963).
Nəcəfqulu | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Həyat yoldaşı | Güllü Mustafayeva |
Uşaqları |
Rəna İsmayılova Sevinc İsmayılova |
Fəaliyyəti | rəssam, qrafika ustası |
Təhsili | Azərbaycan Dövlət Rəssamlıq Məktəbi |
Janrlar | portret, peyzaj, karikatur, natürmort |
Mükafatları |
|
Nəcəfqulu İsmayılov 15 mart 1923-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1936–1940-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almış, Böyük Vətən müharibəsinin başlanması səbəbilə ali təhsilini davam etdirə bilməmişdir. Rəssam 1952–1979-cu illərdə "Kirpi" satirik jurnalında baş rəssam kimi çalışmışdır.[1][2]
Nəcəfqulu İsmayılov 1949-cu ildə rəssam Güllü Mustafayeva ilə ailə qurmuşdur. Orqan ifaçısı Rəna İsmayılovanın və skripkaçı Sevinc İsmayılovanın atasıdır.[3] O, 25 mart 1990-cı ildə vəfat etmişdir.[4]
Rəssam yaradıcılığı boyu qrafika ustası və rəngkar kimi fəaliyyət göstərmişdir. O, "Kirpi" satirik jurnalı üçün karikaturlar, şarjlar və başqa qrafik əsərlər yaratmış, rəsm və plakatlar işləmiş, Cəlil Məmmədquluzadənin hekayələrinə, Mirzə Ələkbər Sabirin "Hophopnamə"sinə illüstrasiyalar çəkmişdir.[5]
Nəcəfqulu İsmayılovun dəzgah rəngkarlığının portret, süjetli tablo və natürmort janrlarında bir sıra əsərləri vardır. Onun yaradıcılığında portret janrı əhəmiyyətli yerə malikdir. Onun bu qəbildən olan əsərləri sırasına "Qubalı Fətəli xan" (1947), "General Həzi Aslanov" (1949), "Sara Aşurbəyli" (1951), "Şair Mirzə Əli Möcüz" (1954), "Yazıçı Abdulla Şaiq" (1955), "Ana" (1967), "Yazıçı Cəlil Məmmədquluzadə" (1967), "Şair Səməd Vurğun" (1967), "Akademik Mikayıl Useynov" (1972), "Səttar Bəhlulzadə" (1973), "Üzeyir Hacıbəyov" (1975), "Nəsirəddin Tusi" və digər portretlər daxildir.[6]
Rəssamın süjetli tablo və mənzərə janrında yaratdığı əsərlərinə "Qrand-opera" (1960), "İçərişəhərdə küçə" (1960), "Səadət" (1970), "Realist rəssam" və başqaları daxildir.[6] O, "Qayğıkeş ferma müdiri", "Əsl şərəf lövhəsi belə olar", "Axır ki dil tapdıq", "Sözsüz" və başqa karikaturlarında qarşılaşdığı neqativ hallara olan münasibətini əks etdirmişdir.[5] Rəssam 1958-ci ildə tarixi mövzuda olan "Nəsiminin edamı" əsərini yaratmışdır.[2]
Nəcəfqulu İsmayılov "Kirpi" jurnalında çəkdiyi karikaturların sözlərini də yazmışdır. O, bir sıra mədəniyyət xadimlərinin portretlərini yaratmış, Tahir Salahov, Mikayıl Abdullayev, Fikrət Əmirov, Cəlal Qaryağdı, Bəşir Səfəroğlu və başqalarının dostluq şarjlarını işləmişdir.[5]
Nəcəfqulu İsmayılov 1940-cı illərdən başlayaraq tarixi lövhələr, surətlər, habelə mədəniyyət xadimlərinin obrazlarını ilə respublika və Moskvada təşkil edilmiş rəssamlıq sərgilərində iştirak etmişdir.[7] Bakıda, Moskvada, Leninqradda fərdi sərgiləri açılmış və burada onun şəkillərindən ibarət bir neçə albom, kitablara çəkliyi illüstrasiyalar nümayiş etdirilmişdir.[4] İllər ərzində "Kirpi", "Krokodil" və başqa satirik jurnal səhifələrində onun yüzlərlə karikaturu dərc olunmuşdur.[8] Rəssam 1970–1982-ci illərdə Məhəmməd Füzulinin, Mirzə Ələkbər Sabirin, Üzeyir Hacıbəyovun misdən barelyeflərini də hazırlamışdır. Onun əsərləri Almaniyanın, Kanadanın, Livanın, Rusiyanın və digər ölkələrin sərgi salonlarında nümayiş olunmuşdur. Rəssamın "Kirpi" jurnalı üçün çəkdiyi bir çox əsər 1970-ci illərdə Bolqarıstanın Qabrovo şəhərində gülüşlə bağlı keçirilmiş beynəlxalq yarışmada sərgilənmişdir.[1]