Nəriman Mövsüm oğlu Əliyev (5 may 1930, Bakı – 28 aprel 1998, Bakı) — Azərbaycan xanəndəsi, müəllim, Azərbaycan Dövlət Filarmoniyasının solisti, Azərbaycan Respublikasının əməkdar müəllimi (1992).
Nəriman Əliyev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | xanəndə, müəllim |
Janrlar | muğam, xalq musiqisi |
Musiqi aləti | qaval |
Albom şirkəti | Melodiya |
Mükafatları |
Azərbaycan Respublikasının əməkdar müəllimi |
Vikianbarda əlaqəli mediafayllar |
Nəriman Əliyev 5 may 1930-cu ildə Bakının Buzovna qəsəbəsində anadan olmuşdur.[1] 1942-ci ildə 206 saylı məktəbin 7-ci sinfini bitirmişdir. Atası ilə birlikdə Kolxozda işləmiş, oradan da 29 saylı peşə məktəbinə göndərilmişdir. Burada o, xarratlıq və avtomobil çilingəri peşələrinə yiyələnmişdir. 1948-ci ildə sənət məktəbini bitirmiş, 1951–1954-cü illərdə hərbi xidmətdə olmuşdur. 1956-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi texnikumunun xanəndəlik sinfinə daxil olmuşdur. 1960-cı ildə Texnikumu bitirərək Azərbaycan Estrada Birliyinə, daha sonra isə Azərbaycan Dövlət Filarmoniyasına solist kimi qəbul edilmişdir. 1964-cü ildə 12 nömrəli musiqi məktəbinin axşam şöbəsində muğam müəllimi işləmişdir. 1965-ci il sentyabrın 1-dən 1997-ci il yanvarın 1-nə kimi Asəf Zeynallı adına Bakı Musiqi texnikumunda xanəndəlik sinfində dərs demiş, həmin şöbənin baş müəllimi olmuşdur.
Nəriman Əliyev 1961-ci ildə fizika-riyaziyyat müəllimi Xalidə xanım ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən 4 övladı olmuşdur. Qızlarına muğamın şöbələrinin adını vermişdir — Mahur, Dilkeş, Dilruba.
Xanəndə 1998-ci il, aprelin 28-də Bakıda vəfat etmişdir. Buzovna qəsəbəsində dəfn edilmişdir.
Nəriman Əliyev gənc yaşlarından muğama, xalq mahnılarına, onların düzgün ifasına maraq göstərmiş, səsi olduğu üçün xanəndələrə qulaq asaraq ifaçılıq sənətini öyrənmişdir. 1955-ci ildə Seyid Şuşinski ilə tanışlıqdan sonra onun məsləhəti ilə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna gedib onun dərslərina qulaq asmış, 1956-cı ildə isə həmin məktəbə Seyid Şuşinskinin xanəndəlik sinfinə daxil olmuşdur. Onunla burada birlikdə oxuyanlar: Əlibaba Məmmədov, Zeynəb Xanlarova, Qulu Əsgərov, Rəsmiyyə Sadıqova, İslam Rzayev, Sabir Mirzəyev, Şahmalı Kürdoğlu, Süleyman Abdullayev kimi xanəndələr olub.
Seyid Şuşinskidən muğamı öyrənərək muğam bilicisi və müəllim kimi yetişmiş, Ağaxan Abdullayev, Zümrüd Məmmədova, Canəli Əkbərov, Səkinə İsmayılova, Qaraxan Behbudov, Vahid Abdullayev, Sabir Abdullayev, Məmmədbağır Bağırzadə, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Teyyub Aslanov, Sahibə Əhmədova və başqa xanəndələrin ustadı olmuşdur. Nəriman Əliyevin tələbələri respublika və beynəlxalq miqyaslı müsabiqələrin laureatları olmuşdur. O, həmçinin müxtəlif muğam müsabiqələrində münsif olmuşdur.[1]
Nəriman Əliyev Azərbaycan Estrada Birliyində, Filarmoniyada işlədiyi zaman konsert briqadası ilə Azərbaycan bölgələrində zəhmətkeşlər qarşısında, digər Respublikalarda çıxışlar etmişdir. 2005-ci ildə Nəriman Şıxəliyev tərəfindən onnu haqqında çəkilmiş sənədli film çəkilmişdir. Nəriman Əliyevin ifasında çoxlu lent yazıları yazıları Azərbaycan Radiosunun Qızıl Fondunda saxlanılır.[1] Moskvada "Melodiya" firması tərəfindən 7 valı buraxılıb.
Pedaqoji fəaliyyətində tələbələrinin muğam müsabiqələrdə 1-ci, 2-ci yer tutduqları üçün Nəriman Əliyevə fəxri fərmanlarlar, diplomlar, Maarif Nazirliyi tərəfindən fəxri fərman, məktəb rəhbərliyi tərəfindən əmək kitabçasına yazılmaqla "təşəkkür" verilmişdir.
Nəriman Əliyevə 1983-cü ildə SSRİ Orta İxtisas əlaçısı döş nişanı, bir neçə beşilliklərin qalibi döş nişanı, Partiya Komsomol Komitələri tərəfindən fəxri fərmanlar, diplomlar verilmişdir. O, 20 oktyabr 1992-ci ildə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür.[2]