Nazim Əsədulla oğlu Rzayev (14 fevral 1925, Bakı – 2 may 2006, Əskişəhər) — Azərbaycan dirijoru, Azərbaycan televiziyası və radiosunun kamera orkestrinin rəhbəri, Azərbaycan SSR xalq artisti (1977), SSRİ (1980) və Azərbaycan (1974) Dövlət mükafatları laureatı, professor (1985).
Nazim Rzayev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Əskişəhər, Türkiyə |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor, konsertmeyster, pedaqoq |
Janr | klassik musiqi |
Musiqi aləti | skripka |
Təhsili | Moskva Dövlət Konservatoriyası (1951) |
Mükafatları |
|
Nazim Rzayev 14 fevral 1925-ci ildə Bakıda anadan olmuşdur.[1] 1951-ci ildə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasını skripka üzrə (professor Marina Kozolunovanın[ru] sinfi) bitirmişdir. Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında orkestrin konsertmeysteri və Azərbaycan Dövlət Konservatoriyasında kamera sinfi üzrə müəllim vəzifəsində işləmişdir. 1958-ci ildə ifaçılıqdan dirijorluğa keçmişdir. Bir il sonra Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün hazırlanmasında fəal iştirak etmişdir.[2]
Nazim Rzayev 1961–1963-cü illərdə SSRİ xalq artisti Aleksandr Melik-Paşayevin[ru] rəhbərliyi ilə Moskvanın Böyük Teatrında dirijorluq təcrübəsi keçmişdir. Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Konservatoriyasının opera studiyasına rəhbərlik etmişdir. Onun rəhbərliyi ilə studiyada Çimarozanın "Gizli nikah", Üzeyir Hacıbəyovun "Koroğlu" və Fikrət Əmirovun "Sevil" operaları tamaşaya qoyulmuşdur. Nazim Rzayev Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin fəaliyyətində də yaxından iştirak etmişdir. Onun dirijorluğu ilə Bethoven, Çaykovski, Brams, R. Ştraus, Qara Qarayev, Fikrət Əmirov və başqa bəstəkarların əsərləri ifa olunmuşdur.[2]
Nazim Rzayev 1964-cü ildə Azərbaycan televiziyası və radiosunun kamera orkestrinin bədii rəhbəri və baş dirijoru işləməyə başlamışdır.[1] Onun rəhbərlik etdiyi bu orkestrin Üzeyir Hacıbəyovun "Sənsiz" romansı, Qara Qarayevin "Yeddi gözəl" baletində Aişənin rəqsi və "İldırımlı yollarla" baletindən qızlar rəqsini ifa etmişdir. Sonralar dirijorun repertuarında Qara Qarayevin Üçüncü simfoniyası və Klassik süitası, Fikrət Əmirovun "Nizami" simfoniyası, "Gülüstan-Bayatı-Şiraz" muğamı və "Min bir gecə" baleti mühüm yer tutmuşdur.[2]
Nazim Rzayev rəhbərlik etdiyi kamera orkestri ilə SSRİ-nin bir sıra şəhərlərində, xarici ölkələrdə qastrolda olmuşdur.[1] O, 1984–1985-ci illər teatr mövsümündə Ankara Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasının quruluşçu dirijoru olmuşdur. Fəaliyyətinin sonrakı illərində isə Türkiyədə işləmişdir.[3]
Dirijor pedaqoji fəaliyyətlə də məşğul olmuş, 1952-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir.[4] 1968-ci ildə dosent,[1] 1985-ci ildə professor adlarını almışdır.[5]
Nazim Rzayev 2 may 2006-cı ildə Əskişəhərdə vəfat etmişdir.[5][6]
Dirijoru olduğu filmlər