Nitq

Nitq

Nitq — ən mühüm ünsiyyət vasitəsi olan dilin şifahi və yazılı təzahür forması, informasiya ötürücü vasitə.

Nitq şəxsin müəyyən kollektivin digər üzvləri ilə qarşılıqlı əlaqə saxlamaq məqsədilə dildən istifadə etmək fəaliyyətidir. Nitqin əsas məqsədi informasiya mübadiləsi yaratmaqla informasiyanın ötürülməsi, qəbul edilməsidir. Lakin bununla yanaşı, nitq informasiyanın qeydə alınması və saxlanması məqsədinə də xidmət edir. Nitqin gerçəkləşdirilməsi üçün dilin müxtəlif vasitələri işlədilir. Nitq bir sıra parametrlərilə səciyyələnir.

Nitqin aydınlığı onun adresat tərəfindən heç bir çətinlik çəkilmədən izah və şərhə əlavə vasitələrə tələb yaranmadan başa düşülməsidir.

Nitq bədii və obrazlı ola bilər. Bəzən bədii və obrazlı nitqi eyniləşdirirlər. Lakin bu nitq formaları arasında fərq vardır. Obrazlılıq nitqin bütün təzahür növlərində özünü göztərir. Bədii nitq isə yalnız bədii ədəbiyyata xas xüsusiyyətdir. Nitqin bədiiliyi estetik kateqoriyadır. Nitqin bədiiliyini təyin etmək üçün vahid meyar yoxdur.

Yazılı və şifahi nitq

Nitqin iki forması var:bunlardan birincisi həm funksional,həm də tarixilik baxımından ilkin,qədim və əsas olan şifahi nitq,ikincisi törəmə,yardımçı olan yazılı nitq.

Nitq mədəniyyətindən söhbət gedəndə,adətən,onun (nitqin) şifahi forması nəzərdə tutulur,yazılı nitq bu anlayışa daxil edilmir.Əslində isə nitq mədəniyyəti problemlərini nitqin səlis qurulması,dil vahidlərinin məqsədəuyğun,dəqiq,ahəngdar,aydın məzmunlu və lakonik ifadə edilməsi və digər bu kimi məsələlərlə məhdudlaşdırmaq düzgün olmazdı.Nitq mədəniyyəti problemi bunlarla yanaşı,əyani,konkret ifadə vasitəsi olan yazılı dillə də son dərəcə bağlıdır.Dil sisteminin həm şifahi,həm də yazılı formalarında ədəbi dil normalarının gözlənilməsi dilin hərtərəfli inkşafı,onun sosial funksiyasının genişlənməsi baxımından başlıca şərtdir.Nitq mədəniyyətindən,ədəbi dilin normaları əsasında fəaliyyət göstərən nümunəvi nitqdən,onun düzgünlüyü,aydınlığı,saflığı,səlisliyi və s.söhbət gedirsə,o zaman yazılı nitqin orfoqrafiya və durğu işarələri qaydalarına əməl etmək də normativlik sayılmalıdır. Nitq inkişafı üzrə aparılan təlim işlərində onun yazılı və şifahi formaları vəhdət şəklində götürülməlidir."...ancaq şifahi nitqə diqqət yetirib,yazılı nitqi unutmaq nitq mədəniyyətini birtərəfli inkişaf etdirmək deməkdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]