Əbdürrəhman Vəzirov

Əbdürrəhman Xəlil oğlu Vəzirov (26 may 1930, Bakı10 yanvar 2022[1], Moskva) — Azərbaycan-sovet dövlət və siyasi xadimi, SSRİ diplomatı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü birinci katibi (1988–1990), SSRİ-nin Nepalda (1979–1985) və Pakistanda (1985–1988) fövqəladə və səlahiyyətli səfiri.

Əbdürrəhman Vəzirov
bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
bayraq2
21 may 1988 – 18 yanvar 1990
ƏvvəlkiKamran Bağırov
SonrakıAyaz Mütəllibov
bayraq
SSRİ-nin Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri
bayraq2
16 may 1985 – 13 iyul 1988
bayraq
SSRİ-nin Nepal Krallığında fövqəladə və səlahiyyətli səfiri
bayraq2
7 sentyabr 1979 – 12 iyun 1985
Şəxsi məlumatlar
Doğum tarixi 26 may 1930(1930-05-26)
Doğum yeri
Vəfat tarixi 10 yanvar 2022(2022-01-10)[1] (91 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti diplomat, siyasətçi
Atası Xəlil Vəzirov
Anası Tovuz Vəzirova
Həyat yoldaşı İrina Konstantinovna Vəzirova
Uşağı Eldar Vəzirov

Təltifləri "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni

Əbdürrəhman Vəzirov SSRİ tarixində səfir vəzifəsinə olmuş yeganə azərbaycanlıdır.[2] Siyasi baxışlarına görə Ə.Vəzirov kompartiyaya sadiq olan əsl leninçi kommunist idi. O, Leninizm ideyalarına, bəşəriyyətin işıqlı gələcəyinin kommunizm olduğuna tam olaraq inanırdı. Vəzirov həm də H. Əliyevin qəti əleyhdarı idi.[3]

Əbdürrəhman Vəzirov 1930-cu ildə Bakının Kirov rayonunda doğulub. Hələ yeniyetmə vaxtlarından siyasətlə maraqlanmış, ingilis dilini öyrənməyə başlamışdır. 1947-ci ildə Bakı şəhər 160 nömrəli orta məktəbini bitirdikdən sonra özünün arzusu olan Moskva Beynəlxalq Münasibətlər İnstitutuna qəbul aldı, lakin ailəsinin istəyi əsasında bundan imtina edərək Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft və Sənaye Universiteti) energetika fakültəsinə daxil olmuş və 1952-ci ildə institutu bitirmişdir.[4] Elə həmin ildən Sov.İKP üzvlüyünə qəbul edilən Əbdürrəhman Vəzirov 1953-cü ildən təhsil aldığı institutun elektrik stansiyaları, şəbəkələri və yüksək gərginlik texnikası kafedrasının aspirantı olmuşdur. 1954-cü ilin yanvar ayında o, Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqı Mərkəzi Komitəsinin (LKGİ MK) təbliğat üzrə katibi, 1955-ci il dekabrın 16-da Azərbaycan komsomolunun XX qurultayında Azərbaycan LKGİ MK-nın ikinci katibi, 1957-ci ilin yanvar ayında isə birinci katibi seçilmişdir.[5] O, burada olarkən Mixail Qorbaçovla birlikdə çalışmışdı və onların tanışlığı buradan başlamışdı.

Erkən fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1970–74-cü illərdə o vaxt respublikanın rəhbəri olan Heydər Əliyevin təyinatı ilə Vəzirov Gəncə şəhəri KP Birinci Katibi vəzifəsində işləyib. Vəzifədə işləyərkən insanların yaddaşında qeyri-ordinar davranışı, xalqla canlı təması, Moskvaya təyyarə reysi açması, rüşvətsiz fəaliyyətiylə qalıb. Sonra isə 1974-cü ildən 1976-cı ilə qədər Azərbaycan KP MK sənaye şöbəsinin rəhbəri kimi çalışıb. Lakin həmin illərdə respublikada "yerlibazlıq və klan-korrupsiya" tüğyan etdiyi üçün vəzifədən çıxaraq Azərbaycanı tərk etmək qərarına gəlir.[6] 1976–79-cu illərdə SSRİ-nin Kəlkətə şəhərindəki konsulluğunda baş konsulu olub. 1979–1985-ci illərdə SSRİ-nin Nepaldakı səfiri olub. 1985-ci ildə Mixail Qorbaçov Əbdürrəhman Vəzirova Azərbaycana rəhbərlik etməyi təklif etmişdi, lakin diplomatik işi daha üstün tutan Vəzirov o vaxt bu təklifdən imtina etdi. Buna səbəb kimi Azərbaycanda mövcud olan klan-korrupsiya sistemi və yerlibazlıq şəraitində işləyə bilməyəcəyini göstərdi və əvəzində Azərbaycanı tərk edərək SSRİ-nin Pakistandakı səfiri işləməyi seçdi. Bu vəzifədə olarkən SSRİ qoşunlarının Əfqanıstandan çıxarılmasına, həmçinin Əfqanıstanda mücahidlərə əsir düşmüş sovet əsgərlərinin Pakistan vasitəsilə əsirlikdən buraxılmasına dair danışıqlarda aktiv iştirak edirdi. Vəzirovun 10 ildən artıq müddətində Azərbaycandan kənarda siyasi fəaliyyət göstərməsinə görə Moskvada onu korrupsiyadan uzaq olan biri kimi qəbul edirdilər və Azərbaycanda korrupsiyanı aradan qaldırmaq üçün onu ölkəyə rəhbər təyin etmək fikrində idilər.[7] İkinci dəfə Vəzirova 1988-ci ildə Azərbaycana rəhbərlik etmək təklif edildi və Vəzirov "partiyaya kömək naminə" bu təklifi qəbul etdi.[6] Qorbaçov həm Ermənistan SSR-də Suren Arutyunyanı, həm də Azərbaycan SSR-də Ə.Vəzirovu eyni vaxtda birinci katib təyin etməklə bu respublikalarda qaynamaqda olan millətçilik hərəkatlarının yeni başçılar vasitəsilə qarşısını almağa ümid edirdi, lakin bir neçə ay sonra, SSRİ Ali Sovetinin 18 iyul 1988-ci il iclasında Qorbaçov özü Arutyunyan da daxil olmaqla erməni rəhbərliyini millətçilərlə əlbir olmaqda, yenidənqurmaya qarşı çıxmaqda ittiham edir, onları azərbaycanlı həmkarları kimi "beynəlmiləlçi" olmağa çağırırdı.[8]

Azərbaycan KP MK Birinci Katibi

[redaktə | mənbəni redaktə et]
Azərbaycana rəhbərliyə gəldikdən sonra məsuliyyətsiz qüvvələrin bütün gücləri ilə cəmiyyəti çalxalamaq, respublikanı zəiflətmək cəhdlərindən dəhşətli sarsıntı keçirdim. Tarixdə çox az nümunə var ki, təcavüzkar niyyətlər qarşısında qalmış xalq toparlanmadı, öz sıralarına bütün resursları birləşdirmədi. Təəssüf ki, Qarabağ münaqişəsi bizim xalqın birləşməsi üçün təyinedici leytmotiv olmadı. Ermənilərə qarşı bir yumruq kimi vahid cəbhədə çıxış etmək əvəzinə əlimiz açıq qaldı.

Əbdürrəhman Vəzirov, Parterin ilk cərgəsində memuar kitabı.[9]

Ə.Vəzirov 1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-dək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olmuşdur. Vəzirov özü 12 il xaricdə işlədikdən sonra Azərbaycana qayıdanda bu müddət ərzində respublikada Kommunist Partiyasının nüfuzunun necə ciddi sarsıldığını, mövqelərinin zəiflədiyini müşahidə etdi. Onun fikrincə Partiyanın sıralarında çoxlu sayda karyera adamları, təsadüfi insanlar var idi. Vəzirovun Azərbaycana rəhbər təyin olunmasını əhali əvvəlcə çox müsbət qarşıladı, ondan xüsusilə Qarabağ məsələsində nə isə yaxşı bir iş gözləyirdilər. Onun birinci katib təyin olunmasından sonra ölkə rəhbərliyi sıralarında korrupsiya səviyyəsi azaldı, yerliçiliyin aradan qaldırılmasına başlandı. Novruz bayramına rəsmi bayram statusu verildi. Vəzirov həm də respublikada komputerləşmənin genişlənməsinə çağırırdı, lakin getdikcə ona qarşı münasibət mənfiyə doğru dəyişdi. Vəzirovun nitq qabiliyyəti də çox bərbad idi, Azərbaycan dilində düzgün və səlis danışa bilmirdi. Bundan başqa Vəzirov əvvəlki illərdə Azərbaycana rəhbərlik etmiş H. Əliyevin dövründə baş vermiş korrupsiya hallarının ifşa edilməsi üçün kampaniya başlatmışdı, lakin Qarabağdakı kəskin münaqişə fonunda Vəzirovun erməni separatizminə qarşı deyil, H. Əliyevə qarşı mübarizə aparması xalqda Vəzirova qarşı kəskin etiraz formalaşdırdı.[10] Bu dövrdə Moskvanın dəstəyi ilə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatı alovlanmış, azərbaycanlıların doğma torpaqlarından qovulmasına başlanılmışdır. Vəzirov bundan başqa həmin illərdə respublikada kəskinləşən siyasi mübarizəni küçə və meydanlardan çıxararaq Azərbaycan SSR Ali Sovetinin iclas salonuna keçirmək istəyirdi. Ancaq Vəzirovun bunu uğurla həyata keçirə bilmədi. O həm də bir kosmopolit idi, xalqlar dostluğunun tərəfdarıydı. Bakıda fəaliyyət göstərən "Xalqlar dostluğu" metro stansiyasına belə ad məhz onun təşəbbüsü ilə artıq erməni-azərbaycanlı dostluğunun pozulduğu illərdə bu dostluğu geri qaytarmaq məqsədilə verilmişdi. Lakin onun bu təşəbbüsü ermənilərin Azərbaycana qarşı separatizm, etnik təmizləmə, ərazi münaqişəsi apardıqları bir vaxtda xalq tərəfindən çox pis qarşılandı.

Uzun müddət Azərbaycanda yaşamadığı üçün respublikanın problemlərini çox səthi başa düşən Vəzirov, alovlanmaqda olan millətlərarası münaqişəyə öz effektivliyini tamamilə itirmiş keçmiş "beynəlmiləlçi" mövqelərindən yanaşırdı ki, bu da təbii ki, onun kobud səhvi idi.[11] 1987–1991-ci illərdə Amerikanın SSRİ-dəki səfiri olmuş, həmçinin 1989-cu ildə Bakıya səfər edərək Vəzirovla görüşmüş Cek Metlok "İmperiyanın ölümü" kitabında Vəzirov haqqında belə yazır: "Əbdürrəhman Vəzirovun on illərlə Azərbaycana başçılıq edən Heydər Əiyev hakimiyyət maşını ilə birbaşa əlaqəsi yox idi. Vəzirov, bəlkə də, bir çıxış yolu tapa bilərdi, lakin o, sərbəst hərəkət etmək imkanına malik deyildi. O, Moskvanın passivliyi və vətənində qaynayan siyasi ehtiraslar arasında sıxışıb qalmışdı".[2]

Qarabağ münaqişəsində fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Vəzirovun məqsədi Qarabağda yaranmaqda olan münaqişəni güc yoluyla deyil, danışıqlarla aradan qaldırmaq idi.[12] Lakin hər dəfə Ermənistan SSR ilə Qarabağ məsələsini müzakirə etməyə çalışan Vəzirova Ermənistan rəhbərliyi yalnız bir kəlmə ilə cavab verirdi: "Qarabağı bizə verin!". Rəhbər vəzifəsinə gələn kimi Vəzirov dərhal Qarabağ münaqişəsi ilə məşğul olmağa başladı. 1988-ci il mayın 29-da Ermənistan SSR rəhbəri S.M.Arutyunyan ilə Qazax rayonunda görüşüb Dağlıq Qarabağ məsələsini müzakirə etdilər. Tamamilə məxfi olduğundan bu danışıqların məğzindən heç kəsin xəbəri olmadı. 1988-ci il mayın 31-də Ə.Vəzirov DQMV rayon partiya təşkilat katiblərini Bakıda qəbul etdi. Vəzirov erməni millətçilərinə "Nə desəniz edəcəyəm, bir şərtlə ki, mitinqlərə son qoyulsun" deyə müraciət etdi. Görüşün nəticəsində Qarabağdakı ermənilərə bir çox güzəştlər verildi. Qarabağ ermənilərinin İrəvanla sərbəst əlaqələrinə icazə verildi. Dağlıq Qarabağın ucqar kəndlərini Xankəndi ilə birləşdirən yaxın və rahat yollar çəkildi. İrəvan-Xankəndi təyyarələri gündə 5 dəfə uçuş etməyə başladı və Dağlıq Qarabağa silah daşınması işi daha da genişləndi. Bu barədə vaxtında Mərkəzə məlumat verilsə də, rəhbərlik bu böyük cinayəti sükutla qarşıladı.[13] 7 dekabr 1988-ci ildə Ermənistanda baş vermiş dəhşətli Spitak zəlzələsindən sonra Ə.Vəzirov iki respublika arasındakı qarşıdurmanı aradan qaldırmaq ümidi ilə Ermənistana genişmiqyaslı yardım kampaniyası başlatdı. Özünün iqtisadi vəziyyəti ağır olmasına baxmayaraq Azərbaycandan Ermənistana axtarış-xilasetmə qrupu, 25 min ton yanacaq, 860 ton bitum, 40 min ton mazut, 330 ton sürtkü yağları, çoxlu sayda tikinti texnikası, çadırlar, bir neçə ton sabun, bitki yağı və qida məhsulları göndərdi. Lakin Vəzirovun bu təşəbbüsü də uğursuz alındı. Ermənistan nəinki Qarabağa olan iddialarından əl çəkmədi, üstəlik Azərbaycandan verilmiş başsağlığı belə Ermənistanda heç bir yerdə dərc olunmadı. Azərbaycandan göndərilmiş donor qanlar Ermənistanda məhv edildi, azərbaycanlı axtarış qrupunu isə öz texnikalarının təkərlərini yumağa məcbur edirdilər ki, "Azərbaycanın heç bir tozu belə Ermənistanı çirkləndirməsin."[14] Amma bütün bu güzəştlərə baxmayaraq DQMV-də yaşayan azərbaycanlıların döyülüb təhqir edilərək ərazidən çıxarılması, evlərinin yandırılması, terrorçuların törətədiyi qanlı əməllər davam etdiyindən əhali arasında Vəzirovun nüfuzu daha da aşağı düşür, AXC-nin mövqeləri isə daha da güclənirdi.

Vəzirovun dövründə Azərbaycan ərazisində bir çox qanlı qarşıdurmalar baş verdi ki, Vəzirov hakimiyyəti bunların qarşısını almaqda tam acizlik göstərirdi. Bu qarşıdurmalara Xankəndi talanlarıGəncə hadisələri aid idi. Bundan başqa, 18 iyul 1988-ci ildə SSRİ Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayəti idarəetməsini Bakının nəzarətindən çıxararaq Arkadi Volskinin rəhbərlik etdiyi xüsusi komitəyə verdi, Ə.Vəzirov isə bunun qarşısını almaqda da heç bir fəaliyyət göstərmədi və Moskvanın qərarını dəstəklədi. Bununla da, Azərbaycanın Qarabağa nəzarəti itirməsinin əsası qoyuldu. Vəzirov Qarabağ münaqişəsində ermənilərin separatçılıq və terrorçuluq fəaliyyətinin qarşısını almaqda aciz olmuş, həmçinin Sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Azərbaycana daxil olmasının və yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməmişdir. Vəzirovun fikrincə Bakıda bundan əvvəl də bir neçə dəfə fövqəladə hal elan edilmiş və şəhərə Sovet qoşunları yeridilmişdi, lakin hər dəfə qan tökülmədən asayiş bərpa edilmişdi. 1990-cı ilin yanvar ayında Azərbaycanın bir çox rayonlarında fövqəladə hal elan edilsə də, Bakı həmin əraziyə daxil deyildi və buna görə Vəzirov Bakıya rus qoşunlarının yeridilməsini gözləmirdi. Bu səbəbdən Vəzirov 20 yanvarda Sovet ordusunun Bakıya yeridilməsindən xəbərsiz olduğunu iddia edir və həmin gün qanlı qarşıdurmanın baş verməsində ilk növbədə Xalq Cəbhəsini günahlandırır.[6][14]

Onun rəhbərliyi dövründə Ermənistandan azərbaycanlıların kütləvi şəkildə deportasiyası barədə xəbərlərin yayılmasına şəxsən Vəzirov özü qadağa qoymuş, həmçinin bu mövzuda müzakirə və ya araşdırmaların aparılmasına icazə verməmişdi. Onun fikrincə Ermənistanda azərbaycanlılara qarşı törədilən cinayətlərin Azərbaycanda işıqlandırılması guya Azərbaycanda milli qarşıdurmanı gücləndirə bilərdi.[15] Bundan başqa Vəzirov Ermənistandan deportasiya edilən azərbaycanlıların Qarabağda məskunlaşdırılmasını da təşkil edə bilməməkdə günahlandırılır. Həm SSRİ rəhbərliyi, həm də azərbaycanlılarla birlikdə yaşamaq istəməyən Qarabağdakı erməni millətçiləri azərbaycanlıların Qarabağa köçürülməməsi üçün Vəzirova təzyiq göstərirdilər.[13] Ə.Vəzirov isə ittihamları rədd edərək bunu qaçqınların özlərinin Qarabağda ermənilərlə birgə yaşamaqdan imtina etmələri ilə əlaqələndirirdi.[6][14]

AXC ilə qarşıdurması

[redaktə | mənbəni redaktə et]

17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının AXC rəhbərliyi altında uzunmüddətli mitinqləri (17 noyabr — 5 dekabr, 1988-ci il) başladı. AXC-nin o vaxtkı üzvlərindən olan Zərdüşt Əlizadənin fikrincə bu aksiyaların təşkilatçılarının yeganə məqsədi Ə.Vəzirovun istefasına nail olmaq idi. Bu etiraz aksiyaları dağıdıldıqdan sonra Vəzirov kompartiyada, DTX-da və güc strukturlarında genişmiqyaslı təmizlik işlərinə başladı. 22 rayonun partiya komitələrinin birinci katibləri dəyişdirildi. Əsasən DTX olmaqla bir çox güc strukturlarında 612 nəfər müxtəlif rütbəli şəxslər vəzifələrindən çıxarıldı. Bütün bu tədbirlər yenə də respublikada vəziyyəti nəzarət altına almağa kömək etmədi.[16] 1988-ci ildən etibarən Azərbaycandakı etiraz aksiyalarına Azərbaycan Xalq Cəbhəsi adlı təşkilat başçılıq edirdi. Vəzirov əvvəlcə AXC ilə danışıqlar aparsa da, 1989-cu ilin ortalarına qədər AXC-ni təşkilat kimi qeydiyyata almaqdan imtina edirdi. Vəzirovun fikrincə AXC konstruktiv təşkilat deyildi, "mağara millətçiliyini" yayırdı və ölkə üçün təhlükəli idi. Vəzirov nə DQMV-ni Azərbaycan nəzarətinə götürə, nə də Mərkəzi bunun zəruriliyinə inandıra bilmədiyi üçün AXC məsələsindəki mövqeyini yumşaltdı. 1989-cu ilin ortalarında Vəzirov AXC-ni qeydiyyata aldırdı və hətta onlara respublikada genişmiqyaslı etiraz aksiyaları da keçirməyə icazə verdi. Bununla da Vəzirov onun sorğularına əhəmiyyət verməyən Moskvaya təzyiq göstərməyə çalışırdı. Lakin onun bu təşəbbüsü də uğursuzluqla nəticələndi. Nəticədə respublikada Vəzirovun öz hakimiyyəti zəiflədi, AXC-nin populyarlığı isə durmadan artaraq idarəolunmaz hala gəldi.[17] 1989-cu il sentyabrın sonlarında Bakı və Gəncə şəhərlərində xalqın mitinq və nümayişinə səbəb oldu. Nəticədə Ə.X.Vəzirov vəziyyətə nəzarət edə bilmədiyindən Moskvadan kömək istəmişdi.[13]

İstefası və sonrakı həyatı

[redaktə | mənbəni redaktə et]

Vəzirov 1989-cu ilin avqustunda Moskvanın Qarabağ münaqişəsində Azərbaycana lazımi qədər dəstək göstərməməsini əsas göstərərək istefa məsələsini qaldırdı.[8] Həmin ilin dekabrında yenə təkrar olaraq istefa vermək istədiyini bildirdi. 1989-cu ilin payız aylarında Azərbaycanda Sovet hakimiyyətinə qarşı kütləvi etiraz aksiyaları böyüməyə başlamışdı. 1989-cu ilin dekabrında Rumıniyanın kommunist rəhbəri Çauşeskunun devrilməsi və güllələnməsindən sonra Vəzirovun da özünün eyni taleyi yaşayacağı barədə güclü qorxuları yaranmağa başladı. Ölkədəki silahlı güc strukturları Vəzirova deyil, birbaşa olaraq Moskvaya tabe olduqları üçün Vəzirov respublikada asayişi bərpa etmək sərbəstliyinə malik deyildi. Dekabrın 25-də Vəzirov panika içərisində Nazirlər Sovetinin sədri Ayaz Mütəllibova zəng edərək təcili Moskvadan yardım istəməli olduqlarını deyir.[18] 1990-cı ilin yanvar ayında isə vəziyyət kritik səviyyəyə çatmışdı və Azərbaycana rus qoşunlarının yeridilməsi müzakirə olunurdu. Vəzirov faktiki olaraq ölkədəki vəziyyətə nəzarəti itirmişdi və rəhbər funksiyasını əsasən Azərbaycan KP MK ikinci katibi olan Viktor Polyaniçko yerinə yetirirdi. 11 yanvarda AXC silahlı birləşmələri Lənkəranda qanuni hökuməti devirdilər. 1990-cı il yanvarın 15-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti «Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında» qərar qəbul etdi. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının geniş məkanı əhatə etməsi, Moskvanın müxtəlif yollarla erməni millətçilərini dəstəkləməsi, DQMV-də azərbaycanlılara qarşı hücumlara görə 1990-cı il yanvarın 13-dən başlayaraq davamlı olaraq Lenin (indiki Azadlıq) meydanında, yanvarın 17-də isə Azərbaycan KP MK-nin binası qarşısında mitinqlər başladı. Mitinq iştirakçıları Ə.Vəzirovun istefasını təkidlə tələb edirdilər. Artıq 15 yanvardakı mitinqdə “ermənisiz Bakı” şüarı səsləndirildi. Mitinqə toplaşanların arasından bir neçə təxribatçı dəstələr formalaşaraq hərəkətə keçdi, 2 mindən çox soyğunçuluq, quldurluq, dağıntı, 33 ölüm hadisəsi törədildi. Yanvarın 17 və 18-də mitinq iştirakçıları 3 dəfə KP MK binasına hücum edərək onu tutmağa çalışsalar da, hər dəfə daxili qoşunların əsgərləri silah tətbiq etmədən bunun qarşısını ala bilmişdilər. Yanvarın 18-də respublikada işçi tətilləri başladı.[13] Vəziyyətin çıxılmaz olduğunu görən Vəzirov rus qoşunlarının Bakıya yeridilməsindən 2 gün öncə, 18 yanvarda istefa vermiş və Moskvaya qaçmışdır.[19] Onun istefası günü baş verənlər haqqında ziddiyyətli məlumatlar yayılıb. Vəzirov özü bu barədə danışarkən 18 yanvar saat 11-in yarısınadək MK-da olduğunu, günorta saatlarında isə "Politbüro" tərəfindən işdən kənarlaşdırıldığını və diplomatik karyerasının davamı üçün XİN-nə dəvət edildiyini, bundan sonra baş verənləri isə xatırlamadığını deyib.[20] Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin kürəkəni və 1988-ci ildən bu yana milli azadlıq hərəkatının fəallarından olan Aqil Səmədbəyli isə iddia edib ki, Əbdürrəhman Vəzirov Moskvanın tələblərini yerinə yetirməkdən imtina etdiyi və işğalçı SSRİ ordusunun yenidən Azərbaycanı işğal etməsinə imza atmadığı üçün yanvarın 18-də SSRİ DTK-sı Vəzirova iynə vuraraq onu yatızdırıb və hərbi helikopterlə Moskvaya aparıb.[21] Həmin vaxt Azərbaycan KP MK-nın işlər müdiri işləmiş Tamerlan Nağıyev də bu versiyanı təsdiqləyir.[22] Azərbaycana rəhbərlik etdiyi illərdə çox böyük təzyiq və gərginlik içərisində olduğu üçün Moskvaya getdikdən sonra Vəzirov orada əsəb xəstəliyi və stresdən müalicə almağa başladı.[18] Vəzirova qarşı Xalq Cəbhəsi hakimiyyəti dövründə cinayət işi qaldırılmadı. Onun respublikaya gəlib-getməsinə təminat verilmişdi və o da bundan yararlanaraq bir neçə dəfə Azərbaycana gəlmişdi.[23] Lakin sonrakı illərdə Azərbaycanda onun haqqında cinayət işi qaldırıldı. Azərbaycanın Baş Prokurorluğu tərəfindən 14 fevral 1992-ci ildə həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 4 və 6-cı bəndləri (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 149-cu (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 168-ci (hakimiyyəti və ya qulluq səlahiyyətlərini aşma) və 255-ci (hakimiyyətdən sui-istifadə, hakimiyyət həddini aşma) maddələri ilə cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər şəxs qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılaraq dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib. 1994-cü ildə, cinayət hadisəsi baş verən zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Əbdürrəhman Vəzirov, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov və digərlərinin cinayət məsuliyyətinə cəlb olunması barədə qərarlar qəbul edilib. Onlar istintaqdan qaçıb gizləndikləri üçün barələrində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.[24]

Əbdürrəhman Vəzirov istefasından sonra siyasi fəaliyyətdən uzaqlaşmış və ölüm tarixinə qədər Moskvada yaşamışdır. 2007-ci ildə Əbdürrəhman Vəzirovun prezident İlham Əliyevə müraciət formasında sensasion açıqlaması yayılıb. Azərbaycan Kommunist Partiyasının keçmiş birinci katibi İlham Əliyevə müraciətində Bakıya dönmək və ona kömək etmək istədiyini yazmışdır.[25] Lakin ertəsi gün o, bu xəbərin doğruluğunu təkzib etmiş və bunu özünə qarşı təxribat adlandırmışdır[26]. 2009-cu ildə onun "Mənim diplomatik xidmətim" adlı xatirələri işıq üzü görüb. 2018-ci ildə Parterin ilk cərgəsində adlı memuar kitabı nəşr edilib.

Ə.Vəzirov 2022-ci ilin yanvarın 10-da Rusiyanın paytaxtı Moskva şəhərində 91 yaşında dünyasını dəyişib. Ə.Vəzirov sağlığında verdiyi vəsiyyətinə əsasən Moskva şəhərinin Troekurov qəbiristanlığında mərhum həyat yoldaşı İrinanın məzarının yanında torpağa tapşırılıb.[27]

Ə.Vəzirov əslən şuşalıdır. Atası Xəlil Vəzirov Qarabağın son xanının baş vəziri Mirzə Camal Cavanşir Qarabağinin nəslindəndir. Soyadının Vəzirov olması da buradan qaynaqlanır. Anası Tovuz Vəzirova isə Füzuli rayonunun (keçmiş Karyagin) KP birinci katibinin bacısı idi. Anası tərəfdən babası Düdükçü kəndində böyük mülkədar olub və öz torpaqlarında İrandan köçürülən ermənilərin məskunlaşmasına və yaşamasına şərait yaratmışdı, lakin sonradan ermənilər silahlanaraq kənddən bütün azərbaycanlıları qovduqları üçün Vəzirovun babası Füzulidə məskunlaşmalı olmuşdu. İkinci Dünya müharibəsi illərində xəstə azyaşlı bacısını dərman çatışmazlığına görə itirib.[6] Digər bacısı Bəyaz Vəzirova (Vaynşteyn) ixtisasca musiqi müəllimidir. O, Asəf Zeynallı adına Musiqi Texnikumunda müəllim işləmiş mərhum bəstəkar Leonid Vaynşteynin (1945–1994) həyat yoldaşıdır. Onun oğlu Rusiyada yaşayan məşhur bakılı Timur Vaynşteyndir.[28] Ə.Vəzirov milliyətcə rus olan İrina adlı qadınla evli olub. Onların Eldar adında bir oğlu, Aliyə və Xəlil adlarında iki nəvəsi var.

  1. 1 2 https://www.azadliq.org/a/ebdurrehman-vezirov/31647242.html.
  2. 1 2 Qazi, Vahid. "Vəzirovun tamamlanmış yarımçıq portreti". Teref.az (ingilis). İstifadə tarixi: 21 mart 2022.
  3. Kazımlı, Xalid. "Vəzir nəvəsinin tərs dövranı". "Yeni Müsavat" qəzeti. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2022.
  4. "Vəzirov: "Heydər Əliyev mənə bir neçə post təklif etdi"" (az.). bugun.az. 12 iyul 2014 13:11:00. 2021-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-13.
  5. Әбдүлрәһман Хәлил оғлу Вәзиров // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 321.
  6. 1 2 3 4 5 "Vəzirov: Qaqarinlə dostluq, "Əliyevə məktub" və Qarabağ haqqında / Paxlava Production". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  7. Roland Grigor Suny. "Nationalism and Democracy in Gorbachev's Soviet Union: The Case of Karabagh", published in Rachel Denber. The Soviet Nationality Reader: The Disintegration in Context, Westview Press, 1992, ISBN 0-8133-1027-X, p. 494
  8. 1 2 Bölükbaşı, Suha. Azərbaycanın Siyasi Tarixi. 6 Salem Road, London W2 4BU: I.B.Tauris & Co Ltd. 2011. 98–159. ISBN 978 1 84885 620 2. (#accessdate_missing_url)
  9. "Kamran Bağırov Əbdürrəhman Vəzirova nə deyib?". Teref.az. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-21.
  10. "Əbdürrəhman Vəzirovun hakimiyyətə gəlməsindən 30 il ötür". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-18.
  11. Vəzirovun prinsipial prinsipsizliyi və narazılığının artması
  12. "Əbdürrəhman Vəzirov:"Qarabağ problemini güc yolu ilə həll etmək mənlik deyildi"". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-22.
  13. 1 2 3 4 Məmmədov, Nazim. AZƏRBAYCAN SSR-İN DAĞLIQ QARABAĞ MUXTAR VİLAYƏTİNDƏ İCTİMAİ-SİYASİ HƏYAT, İQTİSADİ VƏ MƏDƏNİ İNKİŞAF (1923-1991). Bakı: Təhsil NPM. 2008. (#accessdate_missing_url)
  14. 1 2 3 Vəzirov, Əbdürrəhman. Parterin ilk cərgəsində. Moskva. 2009. 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2022.
  15. Yunus, Leyla; Yunus, Arif. Sovet düşərgəsindən Azərbaycan həbsxanasına 2-ci cild (PDF). Polşa: ARGI. 2018. səh. 269. ISBN 978-83-7893-150-8. 2022-12-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-06-30.
  16. Yunus, Arif. "Qarabağ: Keçmiş və İndi" (PDF). Sülh və Demokratiya İnstitutu. 2024-03-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 iyun 2024.
  17. Furman D. Uğursuz inqilab. Azərbaycanda siyasi mübarizə (1988-1993-cü illər) // Xalqlar dostluğu. М., 1994. N 4. C. 155—156. Цит. по ист.: Aleksey Zverev. Qafqazda etnik münaqişələr, 1988-1994. В сб. Contested Borders in the Caucasus, ed. Bruno Coppieters. VUB University Press, 1996. ISBN 90 5487 1172 NUGI 654 Arxivləşdirilib 2014-04-15 at the Wayback Machine
  18. 1 2 de Vaal, Tomas. Qara bağ (PDF). "İlay M MC". 2008. 344. ISBN 978-9952-25-086-2. Archived from the original on 2022-04-22. İstifadə tarixi: 28 avqust 2016.
  19. ""Qorbaçova dedim ki, bunun öhdəsindən gələ bilmərəm. Ancaq o hər şeyi məhv etdi"". 2021-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.
  20. Orucov, Hidayət. "Səfir Hidayət Orucovdan Əbdürrəhman Vəzirova AÇIQ MƏKTUB: "Heç dəyişməyibsiniz..."". modern.az. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2022.
  21. Aqil Səmədbəyli: "KQB" Vəzirovu iynə ilə yatırdıqdan sonra Moskvaya aparıb"
  22. TV, Meydan. "Ən yeni tariximizdən: Bizi kimlər hara aparırdı və aparır?". MEYDAN.TV (az.). 7 dekabr 2018. 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2024.
  23. Seyidağa, Etibar. "Müxalifətdən 90 yaşı tamam olan Vəzirova orijinal "təbrik"". musavat.com (rus). 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2022.
  24. "20 Yanvarla bağlı Vəzirova qaldırılan cinayət işinə xitam veriləcək?". 2022-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-22.
  25. "ƏBDÜRRƏHMAN VƏZİROV: «İLHAM ƏLİYEV ÖZ ATASINDAN GÜCLÜDÜR»". 2013-06-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-31.
  26. "VƏZİROV: 22 İL SONRA". 2012-05-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-30.
  27. "Moskvada Əbdürrəhman Vəzirovla vidalaşırlar". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-12.
  28. "Vəzirovun tabutu başında ağlayan qadın kim idi?". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-20.
  29. ""Əbdürrəhman Vəzirov əsl faktları gizlədir"- YAP-dan reaksiya". 2018-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-18.
  30. "Əbdürrəhman Vəzirov: "Məndən sonra Gəncəyə gələn birinci katib rüşvət alırdı"". 2018-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-18.
  31. "Əbdürrəhman Vəzirov: "Heydər Əliyev məni təriflədi" — II HİSSƏ". 2018-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]