Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bakı müsəlman Ruhani Cəmiyyəti "Səadət" — 1907-ci ildən Bakıda fəaliyyət göstərən və xalqın maariflənməsində, milli oyanışında mühüm rolu olmuş müsəlman xeyriyyə cəmiyyəti.[1]
Səadət Cəmiyyəti | |
---|---|
|
"Səadət" cəmiyyəti 7 iyun 1907-ci ildə yaradılmışdır.[2] Cəmiyyətin yaranması və fəaliyyətində görkəmli xeyriyyəçi, maarifpərvər Hacı Zeynalabdin Tağıyevin böyük rolu olmuşdur. "Səadət"in əsas məqsədi xalqı maarifləndirmək, onun mədəni inkişafında özünəməxsusluğunu qorumaq olmuşdur. Cəmiyyət köhnə üsullu məktəb və mədrəsələrin yenidən qurulmasına, təkmilləşdirilməsinə, onların yayılmasına, kitabxanalar, qiraətxanalar açılmasına çalışırdı.
1908-ci ildə cəmiyyət tərəfindən Bakıda açılmış "Səadət" məktəbində Fərhad Ağazadə, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları, Axund Molla Ağa Əlizadə, Molla Qədir İsmayılzadə, Məmməd Hənəfı Terequlov, Əli Hüseynov, Kərim bəy Məlikov və b. müəllimlik edirdilər. Məktəbin müdiri Əli bəy Hüseynzadə idi. Cəmiyyətin bütün məktəb proqramlarına Qori seminariyasının məzunu Fərhad Ağazadə rəhbərlik edirdi.
Cəmiyyətin fəaliyyətində mütərəqqi din xadimləri yaxından iştirak edirdilər. "Səadət" məktəbində dünyəvi fənlərlə (Azərbaycan, rus, fars, ərəb, alman və fransız dilləri, hesab, coğrafiya, rəsm, tarix, təbiətşünaslıq) yanaşı, ilahiyyat da tədris olunur, türkçülük və islamçılıq təbliğ edilirdi. "Səadət" cəmiyyəti Azərbaycanın bir sıra şəhərində məktəb və mədrəsələr açmış, Cənubi Azərbaycandan gəlmiş fəhlələrin uşaqları üçün Bakıda "İttihad", Tiflisdə isə "İttifaq" məktəbi təşkil etmişdi.
"Səadət" müsəlman ruhani cəmiyyəti idarə heyətinin sədri Axund Molla Ağa Əlizadənin Azərbaycan qəzetlərində dərc olunmuş müraciətində Bakıda fəaliyyət göstərən 400 şagirdi olan məktəbə yardım edilməsi xahiş olunurdu: "Biz, müsəlmanlar geridə qalmış xalqıq, bizə, ilk növbədə, maariflənmək lazımdır. Biz müsəlmanları yalnız məktəb xilas edə bilər. Bizə işıq saçan idarəyə hərtərəfli yardım göstərmək lazımdır. Gedin və mövcud olan məktəblərə dəstək verin. Gələcək nəslinizin sözün əsl mənasında ayılmasını istəyirsinizsə, məktəblərə yardım əlinizi uzadın" ("Kaspi" qəzeti, 1914, 31 yanvar). Cəmiyyət Azərbaycanda elmin və maarifin yayılmasında, azərbaycanlıların təhsil alması və savadlandırılmasında böyük rol oynamışdır. "Səadət" məktəbində təhsil almış bəzi azərbaycanlı mütəxəssislər sonralar ictimai-siyasi fəaliyyət göstərmiş, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra hökumətin tərkibinə daxil olmuşdular.