Standart azərbaycanca

Standart azərbaycanca və ya Müasir Azərbaycan ədəbi dili — əsasən Azərbaycan Respublikasında Azərbaycan dilinin standart forması olaraq istifadə edilən dil. Standart azərbaycancada Azərbaycan dilinin dialektlərindən fərqli olaraq, sözlərin vahid yazılış və tələffüz qaydaları təyin edilmişdir, həm də orta Azərbaycan dili ilə müqayisədə ərəb və fars təsiri azdır.

Standart azərbaycanca
Rəsmi status Azərbaycan Azərbaycan
Rusiya Rusiya (Dağıstan)
Tənzimləyən təşkilat Şimal standartı: AMEA Dilçilik İnstitutu
Cənub standartı: tənzimləyən qurum yoxdur
Status ədəbi dil, rəsmi dil
Təsnifatı

Altay dilləri

Türk dilləri
Oğuz dilləri
Qədim Anadolu/Azərbaycan türkcəsi
Orta Azərbaycanca
Standart azərbaycanca
Yazı kiril və latın (əsas), ərəb (ilkin dövr)

Orta əsrlərdə və erkən müasir dövrdə Azərbaycan ədəbi dili

[redaktə | mənbəni redaktə et]

XIV əsrin əvvəllərində Yusif Məddahın poeziyası Azərbaycan ədəbi dilinin formalaşmasında mühüm rol oynamışdır.[1] Azərbaycan ədəbi dilinin mövqeyi Təbrizi paytaxtları edən Qaraqoyunluların (1410-1468-cü illər) dövründə güclənmişdir.[2]

Kişvəri XV–XVI əsrlərdə Azərbaycan ədəbi dilinin formalaşma dövründə onun inkişafında böyük rol oynamışdır.[3] Onun poeziyası Azərbaycan ədəbi dilinin təkamülü üçün “ən qiymətli resurslardan biri”, dilin tarixi qrammatikasının yaradılmasında təməl daşı olaraq qiymətləndirilir.[4]

Səfəvi sülaləsinin yerli dialekti olduğu üçün, Ərdəbil bölgəsi şivəsinə əsaslanan Azərbaycan türkcəsi sufi ədəbiyyatında üstünlük əldə etmişdir. Bu dil Azərbaycanda və kənardakı qızılbaş icmalarında güclü bir ədəbi axın olan mərsiyyə əsərlərində standart dil formasına düşmüş, Xorasan, Şiraz, Əcəm İraqı (Sava) ərazisində işləklik qazanmışdır.[5]

XVI–XVII əsrlərdən etibarən Məhəmməd Füzuli, Qövsi Təbrizi kimi şairlərin əsərlərində Azərbaycan ədəbi dilinin Azərbaycan danışıq dilinə yaxınlaşdığı görülür. Bu tendensiya özünü XVIII əsr şairi Molla Pənah Vaqifin əsərlərində daha açıq şəkildə büruzə verir. Beləliklə, uzun müddət iki Azərbaycan ədəbi dili mövcud olmuşdur. Birincisi, Azərbaycan dilinə əsaslanırdı və əsasən Azərbaycan aşıq sənətində istifadə edilirdi. İkinci Azərbaycan ədəbi dili isə Azərbaycan dili elementləri ilə ərəb və fars dillərinə əsaslanırdı və hüquq ədəbiyyatında, tarixi əsərlərdə və s. istifadə edilirdi.[6] XVII–XVIII əsrlərdə İran Azərbaycanında aşıq sənəti böyük irəliləyişlər elədi və klassik ədəbi dil ilə yerli dialektlər arasında körpü oldu.[7]

Orta əsrlərdə Qarabağın siyasi, sosial və iqtisadi mövqeyi güclənmiş, bölgənin türk əhalisinin nitqi koyne dialekti (bir dilin bir neçə formasının qarışması nəticəsində əmələ gələn standart dialekt) səviyyəsinə yüksəlmiş və Azərbaycan ədəbi dilinin normalarının formalaşmasında əsas mənbəyə çevrilmişdir.[8] Beləliklə, artıq XVIII əsrdə Azərbaycan ədəbi dili Qarabağ dialektinə əsaslanırdı.[9]

Müasir standartın inkişaf tarixi

[redaktə | mənbəni redaktə et]

Rusiyanın Cənubi Qafqazı ələ keçirməsindən sonra ədəbi dil iki ərazidə inkişaf etməyə başladı: Mərkəzi Təbriz olmaqla İran Azərbaycanında və mərkəzi Şamaxı olmaqla Şirvan tarixi ərazisində. Beləliklə, İran Azərbaycanında nəşr olunan müxtəlif ədəbiyyatlarda (elmi, bədii, dini) bu bölgənin dialekt elementləri, Şirvanda isə Şirvan qrupuna aid dialektik elementlər üstünlük təşkil edirdi.[10] Artıq XIX əsrin ortalarında Bakı və Şamaxı dialektləri əsasında müasir Azərbaycan ədəbi dili formalaşmışdır.[11]

Şimal standartı (Şirvan mərkəzli)

[redaktə | mənbəni redaktə et]
Mirzə Fətəli Axundovun 100 illiyi münasibətilə "Molla Nəsrəddin" jurnalının üz rəsmi

1857-ci ildə Mirzə Fətəli Axundov Azərbaycan dil islahatını təklif etmiş, beləliklə, bir əsr boyunca gərgin şəkildə davam edəcək dil islahatı səylərini başlatmışdır. Dil islahatı ilə bağlı birinci problem əlifba ilə bağlı idi. Azərbaycan ərəb əlifbasında sait səslər çatışmırdı. Məsələn, "oldu" və "öldü" sözləri ərəb əlifbası ilə eyni şəkildə yazılır, sadəcə oxucunun konteksti tutması nəticəsində mətnin mənası anlaşılırdı. Digər bir problem isə Azərbaycan dilində fars və ərəb qrammatik elementlərinin və lüğətinin istifadəsini tənzimləyən normaların olmaması idi. Bu problemdən Osmanlı türk dili də əziyyət çəkirdi. Dil islahatından əvvəl yazıçıların və oxuyucuların doğma Azərbaycan dilindən başqa Quran ərəbcəsini (klassik ərəb dilini) bilməsi və fars dilində səlis danışması tələb edilirdi. Bunun nəticəsində yalnızca sayları az olan, təhsilli elit təbəqə savada malik olurdu.[12]

1870–1880-ci illərində Azərbaycan ədəbi dili bir çox ərəb mənşəli sözlərdən, bəzi ağır ərəb-fars söz birləşmələrindən azad edilmiş və bununla da ədəbi dilin Azərbaycan danışıq dilinə daha nəzərəçarpacaq dərəcədə yaxınlaşdığı formallaşma prosesi başa çatmışdır. Bu prosesin sürətləndirilməsində Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin və başqalarının yaradıcılığı mühüm rol oynamışdır.[6] Həsən bəy Zərdabi "Əkinçi" qəzetində Azərbaycan dilində ilk dəfə olaraq durğu işarələrindən istifadə edərək Azərbaycan dil islahatlarına töhfə vermişdir.[12]

Oktyabr inqilabından sonra, Azərbaycan ədəbi dili standart danışıq dili oldu. Beləliklə, müasir Azərbaycan ədəbi dili qədim Azərbaycan ədəbi dilinin ənənələri və Azərbaycan dilinin dialektlərinin qarışığı əsasında əmələ gəldi. Dialektlər arasında Azərbaycan ədəbi dilinə ən çox təsir edən komponentlər Bakı-Şamaxı dialektləri idi. Bakı-Şamaxı dialekti azərbaycanlıların yaşadığı ərazinin ən güclü siyasi və iqtisadi bölgəsinə məxsus idi.[13] Azərbaycan ədəbi dilinin Azərbaycan SSR-inin şərq hissəsinin dialekti əsasında yaradılması o demək deyil ki, ədəbi dil Bakı dialekti ilə eynidir.[14]

Azərbaycanda dialektlər hələ də canlı bir şəkildə mövcuddur. Bir çox yerlərdə övladlar valideynləri və digər ailə üzvləri ilə dialektləri vasitəsilə danışıb, kənar həmsöhbətlərlə ünsiyyət qurarkən isə standart dilə keçə bilirlər. Azərbaycan məktəblərində dialektlərə yer verilmir, müəllimlər ancaq standart dildə dərs keçir. Azərbaycan Respublikası Audiovizual Şurası televiziyada ləhcə ilə danışanlara standart dildə danışmaq barədə xəbərdarlıq edir.[15]

Cənub standartı (Təbriz mərkəzli)

[redaktə | mənbəni redaktə et]

İran Azərbaycanında yaradılan ədəbi əsərlər bu bölgənin əsas şəhəri olan Təbrizin dialektinə bənzəyir.[14] 1940-cı illərdə Məhəmmədhüseyn Şəhriyar Azərbaycan dilinin onun tərəfindən danışılan danışıq dilini (ləhcəsini) ustalıqla ədəbi dilə çevirməyə başlayır.[2] İslam inqilabından sonra standart Azərbaycan ədəbi dilinin formalaşdırılması üçün yeni cəhdlər edilmişdir. Maraqlıdır ki, bu dövrə aid azərbaycanca-farsca lüğəti Azərbaycan SSR-in ədəbi dilinə əsaslanır. Məsələn, fars "istgah" sözü "vağzal" sözü ilə əvəz edilmişdir.[14]

İranda Azərbaycan dilinin orfoqrafiyasının standartlaşdırılması prosesi 1979-cu ildən "Varlıq" (وارلیق) kimi Azərbaycan jurnal və qəzetlərinin nəşri ilə başlamışdır. Azərbaycandilli alimlər və ədəbiyyatçılar belə işlərdə iştiraka və dil standartının hazırlanması istiqamətində işlərə böyük maraq göstərirdilər. Bu səylər 2001-ci ildə Varlıq qəzetinin təsisçisi Cavad Heyətin sədrliyi ilə Tehranda keçirilən dilçilik seminarları ilə yekunlaşdırılmış və burada standart orfoqrafiya və yazı qaydalarını əks etdirən sənəd ictimaiyyət üçün nəşr olunmuşdur.[16] Bu yazı standartı İranda çap edilmiş rəsmi farsca-Azərbaycan türkcəsi lüğəti ("lugat name-ye Turki-ye Azarbayjani") vasitəsilə qayda halına salınmışdır.[17]

İslahatlardan əvvəlki Azərbaycan ədəbi və danışıq dilinin müqayisəsi

[redaktə | mənbəni redaktə et]
Abbasqulu ağa Bakıxanovun "Kitabi-Əsgəriyyə" əsərində Azərbaycan dilini 2 ayrı şəkildə istifadə etməsi (latın qrafikasına transliterasiya edilmişdir)[12]
Ərəb və fars təsirinə malik hissə (türk mənşəli sözlərin sayı 11-dir) Sadə dillə yazılmış hissə (türk mənşəli sözlərin sayı 36-dır)
Bu rəsmi dilaviz ilə firqeyi-ülul-əlbabə bəyani-mafilbal etmiş və əlvahi-zəmairi-ərbabül-bəsairə bu şiveyi-zövqəngiz ilə qələmi-ə’lam yürütmüş ki, çün məzmuni-hikmət məşhünil-ərvahi-cünudi məcənnədə təarifi-minha etmədən və "Ma təkərrümiha" ixtilafi dəlalət ilə xəl’əti-xilqəti-işbah geymədən rəqabeyi-zənciri-məhəbbət çəkmişlər və riyazi-vücudi-bəşəriyyədə və "həmdəhül-insanü fəkanə zülmən cəhulən" misdaqincə nihali-möhnət əkmişlər. Xülasə, ol məzlumə dedi:

– Ey aşiqi-mehribanım! Bu sözlər fayda verməz. Bir fikir elə ki, sən bu yerə gəlmək üçün əlində bəhanə olsun və xalq bəd güman etməsin.

Dedi:

– Ey yari-mehribanım! On şahi pul sənə verim, amma məni rədd etmə, hər vaxt gəlib ol məbləği mütalibə eyləsəm bir bəhanə ilə tə’xir et. Bəlkə bu vəsilə ilə bir-birimizi görmək müyəssər ola.

Mirzə Fətəli Axundovun əsərlərində Azərbaycan dilini 2 ayrı şəkildə istifadə etməsi (latın qrafikasına transliterasiya edilmişdir)[12]
Azərbaycan dilində yazılmış, fars izafət qaydasının (biduni-vasiteyi-nüqat) və ərəb cəm formasının (hüruf=hərflər; əşkal=şəkillər) istifadə edildiyi "Kəmalüddövlə məktubları" əsərindən hissə (türk mənşəli sözlərin sayı 25-dir) "Sərgüzəşti mərdi-xəsis"dən hissə (Azərbaycan ədəbiyyatında canlı danışıq dilinin istifadə edildiyi ilk mətnlərdən biri)
Bir əlac elə ki, İran əhli oxumağa qadir olsun. Bir əlac elə ki, bu bərbəriyyət zamanının əlifbasında e’rab hüruf ilə müttəsil yazılsın və nüqat küllən saqit olsun və hüruf əşkal ilə biduni-vasiteyi-nüqat, bir-birindən təşxis tapıb e’rab ilə müttəsil mərqum olsun, taki, hər kəs ədna müddətdə cüzvi ehtimam ilə, biistitaət olsa da, öz dilini oxuyub yazmağa qüdrət tapsın. Tükəz: A kişi, nə qayırırsan? Bu yaraq-əsbabı qabağına niyə tökübsən?

Hacı Qara: Səfərim var, yola çıxacam!

Tükəz: De görüm hara gedəcəksən?

Hacı Qara: Sənə deməli deyil!

Tükəz: Necə deməli deyil? Quldurluğa getmirsən ki, məndən gizlirsən.

Hacı Qara: Elə bir zaddır.

Dialektlər ilə müqayisə

[redaktə | mənbəni redaktə et]
Azərbaycan dili
Standard azərbaycancada[18] Azərbaycan dilinin dialektlərində Dialekt bölgəsi
dovşan davşan Zaqatala-Qax
sevmək, nazik söymək, nəzik Qazax
bənövşə bənöyşə Qarabağ
tövlə, ov, ovuc, ayaq təvlə, av, avuc, əyəx Naxçıvan və ya Ordubad
budaq putax Quba, Gəncə, Qarabağ, Zaqatala-Qax
  1. Mustafayev, 2013. səh. 335
  2. 1 2 H. Javadi and K. Burrill. "AZERBAIJAN x. Azeri Turkish Literature". iranicaonline.org. December 15, 1988. 2013-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-10.
  3. Arasly, 1966; Demirci, 2010a.
  4. Eyvazova, 1983. səh. 130
  5. Atabay, 2024. səh. 83
  6. 1 2 Волкова Н. Г. Этнические процессы в Закавказье в XIX–XX вв. // Кавказский этнографический сборник. — М.: Изд-во АН СССР, 1969. — Т. 4. — С. 26.
  7. "ʿās̲h̲ik̲h̲", in: Encyclopaedia of Islam, Second Edition, Glossary and Index of Terms, Edited by: P. J. Bearman, Th. Banquis, C. E. Bowworth, E. van Donzel, W. P. Heinrichs Bowworth. Consulted online on 10 December 2023. First published online: 2012. First print edition: ISBN: 97890041444484, PAGES 137–592, 20090501
  8. Məmmədov, 2021. səh. 243
  9. Məmmədli, 2019. səh. 7
  10. Ширалиев М. Ш. О диалектной основе азербайджанского национального литературного языка // Вопросы языкознания. — М.: Изд-во АН СССР, 1958. — № 1. — С. 79.
  11. Азербайджанский язык // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969–1978.
  12. 1 2 3 4 Robert Denis. "The Pre-Soviet Language Reform Movement in Azerbaijan: An Overview" (az.). Baku Research Institute. 2018-05-01. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-17.
  13. The Modern Encyclopedia of East Slavic, Baltic, and Eurasian Literatures (англ.) / Edited by Harry Weber. — Gulf Breeze: Academic International Press, 1978. — Vol. II. — P. 13. — 246 p.
  14. 1 2 3 G. Doerfer. "AZERBAIJAN viii. Azeri Turkish". Iranica. December 15, 1988. 2019-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-20.
  15. Daniel, Michael & Dobrushina, Nina & Koryakov, Yuri. (2020). Languages and Sociolinguistics of the Caucasus. 10.1093/oxfordhb/9780190690694.013.30. page 48-49.
  16. Azeri Arabic Turk standard of writing; authored by Javad Heyat; 2001 http://www.azeri.org/Azeri/az_arabic/azturk_standard.pdf Arxivləşdirilib 2023-07-18 at the Wayback Machine
  17. Ameli, Seyed Hassan. لغت‌نامه ترکی آذربایجانی: حروف آ (جلد ۱ (fars və az.). Mohaghegh Ardabili. 2021. ISBN 978-600-344-624-3.
  18. Rind-Pawlowski, Monika, "Azeri, Dialects of Arxivləşdirilib 2023-08-05 at the Wayback Machine", in: Encyclopedia of Turkic Languages and Linguistics Online, General Editor: Lars Johanson. Consulted online on 05 August 2023.
  • Lummus, Wesley. (2021). One Nation, Two Languages: Latinization and Language Reform in Turkey and Azerbaijan, 1905–1938. Retrieved from the University of Minnesota Digital Conservancy, https://hdl.handle.net/11299/223150.