Mu qitəsi və ya Pasifida — Məhv olmuş sivilizasiya; Sakit okeanda sulara qərq olmuş hipotetik qitə. Müxtəlif xalqların mifologiyasında tez-tez Sakit okeanın yerində ada və ya torpaq olması ilə bağlı rəvayətlərə rast gəlmək mümkündür. Amma bununla əlaqədar olan məlumatlar bir-birindən fərqlənir.
Okkult və paraelmi ədəbiyyatlarda Mu qitəsinin mövcudluğu ilə bağlı müxtəlif xalqların miflərinə və müəlliflərin fantaziyalarına əsaslanan çox sayda bir-birindən fərqli versiyalar var (Atlantik okeanındakı Atlantida, Hind okeanındakı Lemuriya, Şimal Buzlu okeanındakıdakı Arktida kimi).
"Mu" termini ilk dəfə mayya əlyazmasının səhv interpretasiyası kimi abbat Şarl-Etyen Brassyor de Burbur tərəfindən işlədilmişdir. Onun fikrincə bu, Qərbdəki - Atlantik okeanındakı torpağı bildirmək üçün istifadə olunan addır. Okkult yazıçılar Oqyust Le-Plonjon və Ceyms Çyorvard da abbatın bu terminindən geniş istifadə etmişlər. Onların əsərlərində Mu Sakit okeandakı bütün dünya mədəniyyətlərinin beşiyi olan nəhəng materikin adıdır. Bu terminə tez-tez mistiklərin və pataelmi nəzəriyyə tərəfdarlarının da əsərlərində rast gəlmək olar.
Məhv olmuş Mu imperiyasının var olduğunu təsdiqləyən mənbələr az deyil. Hindistan, Çin, Birma, Tibet və Kambocada aşkarlanan müxtəlif yazılar, kitablar; Naakal tabletləri, kitabələr və əfsanələr; Yukatan və Mayya yazıları, tabletləri, simvollar və əfsanələr; Sakit okeandakı adalarda, xüsusilə də Taiti, Samoa, Tonqa, Kuk adalarında tapılmış arxeoloji qalıqlar; Mexiko yaxınlarında tapılmış daş tabletlər; Şimali Amerikada tapılan qədim amerikalıların yazıları və kitabələri; qədim yunan filosoflarının kitabları və s. Bu faktiki sübutların ən önəmliləri, şübhəsiz, arxeoloqların da elmi sənəd kimi qəbul etdiyi, bişmiş gildən hazırlanmış tabletlərdir. Bu tabletlərdəki bilgilərə görə, Mu imperiyası Sakit okeanın suları ilə əhatə olunubmuş. Taleyi Atlantidayla oxşardı: 12 min il bundan əvvəl bu mədəniyyət də güclü zəlzələlər qarşısında tab gətirməyərək bugünkü dünya xəritəsindən birdəfəlik silinib.
Nə vaxtsa yer üzərində Mu adlı sivilizasiyanın da var olduğunu söyləyən ilk şəxs ingilis polkovnik Ceyms Çörçvarddır. O, Mu ilə bağlı ilk araşdırmalarına Hindistanda ikən başlamış və 50 ildən artıq müddətdə (1886-1936) bütün dünyanı gəzərək bu məhv olmuş sivilizasiya ilə əlaqəli faktlar, məlumatlar toplamışdır. Əslində, bir çox mifoloji kitabda Sakit okeanda on minlərlə il var olmuş bir qitədən, bu qitədə yaşayanların elmin və mədəniyyətin ən yüksək zirvəsinə çatmalarından, ancaq sonradan təkəbbürləri ucbatından məhv olmalarından bəhs edilir. Məsələn, hindlilərin "Ramayana" dastanında, müqəddəs Mayya mətnlərində və Misirdə tapılmış "Ölülər kitabı"nda birbaşa, yaxud dolayı yolla Mu sivilizasiyasından söz açılır. Çörçvard isə Munu mifologiyadan elm müstəvisinə daşımış ilk şəxsdir.
Hindistanda hərbi xidmətdə ikən bir məbədlə tanış olan Çörçvard Mu ilə bağlı ilk məlumatlara da elə burada rast gəlir. O, burada müxtəlif simvollardan ibarət olan və "Naqa-Mayya" adlanan ölü dildə yazılmış tabletlər tapır. Və 2 il ərzində bu dili bilən baş rahibdən mətnin tərcüməsini öyrənir. Burada yazılanlara görə, həmin yazılar 15000 il öncə yazılıb və Hindistana Munun elm rahibi adlandırılan "Naakallar" tərəfindən gətirilmişdir.
Daha sonra Çörçvard Sakit okeanının şimalındakı adalarda, Orta Asiyada, Misirdə, Sibirdə, Avstraliyada, Mərkəzi Amerikada və s. yerlərdə araşdırmalarını davam etdirərək Mu sivilizasiyasıyla bağlı məlumat bazasını genişləndirir. Ceyms Çörçvarddan başqa, amerikalı geoloq-arxeoloq Uillyam Niven də 1921-1923-cü illərdə Meksikada apardığı qazıntılar nəticəsində aşkarladığı 2600-dən artıq tablet üzərində Mu sivilizasiyasının varlığını sübut edən yazılara rast gəlir. Tabletləri incələyən Karnegi İnstitutunun mütəxəssisləri bunların həqiqi tablet olduğunu və indiyədək məlum olan heç bir sivilizasiyaya məxsus olmadığını bəyan edirlər. Nivenin araşdırmalarından xəbər tutan Çörçvard dərhal Meksikaya gələrək həmin tabletləri Hindistanda tapdığı tabletlərlə tutuşdurur və yazı dillərinin bir-birinə çox oxşar olduğunu aşkarlayır. Həmin tabletlər hazırda Meksika Muzeyində saxlanılır və 12000 il bundan əvvəl yazıldığı ehtimal olunur.
Niven və Çörçvarddan başqa, Munun var olduğunu sübut edən digər sənədlər bunlardır:
Tapılan sənədlərdə, xüsusilə də Çörçvardın tapdığı kitabələrdə insanın ilk zühur etdiyi yerin Mu olduğu yazılıb. Buradakı yaradılış hekayəsi dini kitablardakı yaradılış hekayəsinə çox oxşar şəkildə ifadə olunub. Bu yazılarda, həmçinin Mu dövlətinin Sakit okeanda, Amerika ilə Asiya qitələri arasında yerləşdiyi, Havay adalarının şimalından Fici və Paskal adalarına qədər uzandığı, şərqi ilə qərbi arasındakı məsafənin 9500 km, şimalı ilə cənubu arasındakı məsafənin isə 4500 km olduğu qeyd edilib. Bütün bunlar onu göstərir ki, bu gün Sakit okeanın sözügedən hissəsindəki kiçik ada qrupları 83 min illik Mu qitəsinin qalıqlarıdır.
Mu sivilizasiyası ilə bağlı arxeoloji tapıntılardan danışarkən, ilk olaraq Ceyms Çörçvardın bəhs etdiyi 2 bürünc heykəlciyi göstərmək lazımdır. Çörçvardın fikrincə, bu kiçik heykəllər böyük rəhbər Munun simvoludur. Bu heykəlciklərdən başqa Britaniya Muzeyində saxlanılan və Muda emal edildiyi şübhə doğurmayan 3 əsa da diqqətçəkən faktlardandır.
Munun varlığına dair sübutların bir qismi isə Sakit okeanda Mu qitəsindən qalan adalarda aşkarlanmış arxeoloji tapıntılardır. Məsələn, Munun 7 böyük şəhərindən birinin yaxınlığındakı Ponape adasında divarlarının hündürlüyü 10 metri aşan, uzunluğu 100 metr olan bazalt məbəd bunlardan biridir. Məbədin divarlarında Mu sivilizasiyasının müqəddəs simvollarının qabartması əks olunub. Ətrafında isə bir labirint, bir piramida və geniş yeraltı keçidlər tapılmışdır. Mütəxəssislərin fikrincə, bu tikililər yalnız yüksək elmi-texnoloji nailiyyətləri olan bir xalq tərəfindən inşa oluna bilərdi. Ponape yaxınlığındakı kiçik adalardan biri olan Non Madolda isə ağırlıqları 10 ton olan minlərlə bazalt sütundan qurulmuş bir tikili tapılmışdır.
Mudan geri qalan ən diqqətçəkən tapıntılardan biri də Paskal adalarındakı hündür heykəllərdir. Buradakı ən hündür heykəl 20 metrə çatır. Digər heykəllərin çoxu 50 ton ağırlığındadır və bəziləri 10,5 metr hündürlüyündə olub, sayları 600-ə yaxındır. Ada sakinləri hər hansı yazı üsulundan istifadə etməsələr də, burada müxtəlif kitabələr mövcuddur. Bu kitabələrdəki yazı üsuluna dünyanın təkcə bir nöqtəsində - Paskal adasından çox-çox uzaqda yerləşən Hindistanın İndus vadisində rast gəlinir. Bu gün Paskal adasının yerləşdiyi yer vaxtilə Mu qitəsinin bir hissəsi idi, ancaq adanın hazırkı sakinlərinin bu qədim sivilizasiyanın əhalisi ilə heç bir qohumluğu yoxdur.
Sakit okeandakı Tonqa Tabu adasında buranın təbii şəraitinə uyğun olmayan maraqlı bir tapıntı aşkarlanıb. Belə ki, bir dənə də daşı olmayan bu adada hər biri 70 ton ağırlığında hündür daş sütunlardan ibarət kəmər insanda təəccüb doğurmaya bilməz. Sütunların üzərindəki digər daş isə 25 ton ağırlığındadır.
Raratonqa və Kanqaya adalarında tapılmış daş yol isə Paskal adalarından tapılmış kitabədə bəhs olunan yoldur.
Bundan başqa, Naviqator, Kambiyer, Rapa adalarında və Borneoda əzəmətli qəsrlər və Misirdəkindən də qədim mumiyalar aşkarlanmışdır.
Aparılmış tədqiqatlar bir daha sübut edir ki, Mu qitəsində mədəniyyət, elm, texnologiya, memarlıq müasir dövrdəkindən də yüksək səviyyədə olmuşdur.
Qədim Maya yazılarında qeyd olunur ki, Muda 10 qəbilədən törəmiş 60 milyon insan yaşamışdır. Simvolu Günəş olan bu qədim sivilizasiyanın başçısı Ra-Mu adlandırılan kral olmuşdur.
Qədim yazılara görə, Mu yaşıllıqlarla əhatələnmiş və tropik iqlimə sahib qitə olmuşdur. Bolsulu çaylar burada əhalinin təsərrüfatla məşğul olması üçün əla şəraitin mövcudluğuna işarədir.
Ceyms Çörçvarda görə, Mu əlifbası 16 hərfdən ibarət olmuşdur. Hərflər müxtəlif şəkil və simvollarla ifadə edilirmiş. Hər hərfin üç fərqli forması olmuşdur. İddiaya görə, bunlardan biri gizli məna daşıyırmış. İkinci forma söz içərisində işlədilər, üçüncü forma isə sifət və ya vurğunu ifadə etmək üçün istifadə edilərmiş.
Çörçvard qeyd edir ki, bu formalardan əlavə, Muda yalnız Naakallar adlandırılan elm adamlarının istifadə etdikləri və ezoterik məna daşıyan yazı üslubu da varmış.
Mu qitəsi barədə məlumatlar Mustafa Kamal Atatürkün də diqqətini çəkmiş və bu sahədə araşdırma aparmaq üçün xüsusi tarixçi-alim qrupu müəyyənləşdirmişdi. Bundan başqa, o Mu sivilizasiyası mövzusuyla məşğul olan amerikalı Ceyms Çörçvardın əsərini Nyu-Yorkdan gətirdərək qısa müddətdə tərcümə etdirmişdi. O dövrün türk tarixçisi Tahsin Mayatepek Atatürkün təlimatına uyğun olaraq, Meksikada tədqiqatlar aparmış və əldə etdiyi nəticələrdən xeyli təəccüblənmişdi. Mustafa Kamal ona təqdim olunmuş raportda xüsusilə insanın yaradılışı, Munun bəşər övladının ana yurdu olduğu, ilk insanın orada yaşadığı, Munun yer üzündən silinməsinin səbəbləri, oradan köçlər, Orta Asiya, uyğurlar və Anadolu ilə əlaqədar hissələri oxumuş və qeydlər aparmışdı. Atatürk ehtimal edirdi ki, türklər Maya və İnka kimi dövrünün ən inkişaf etmiş sivilizasiyalarının törəmələridir. Yəqin ki, elə buna görə də o, tədqiqatların çoxşaxəli aparılmasını istəyibmiş. Təsadüfi deyil ki, C.Çörçvardın o dönəmdə türkcəyə tərcümə olunmuş kitabları bu gün "Anıtkabir"də Atatürkün kitablarının saxlanıldığı bölmədədir. Qeyd edək ki, C.Çörçvardın Mu sivilizasiyası ilə bağlı 50 illik araşdırmalarından ibarət çoxcildlik 1999-cu ildə İzmirdə yenidən nəşr olunmuşdur.