Pulpit (lat.pulpitis) - diş pulpasının iltihabıdır. Bir çox amillərin təsiri nəticəsində yaranır. Əsasən müxtəlif yollarla pulpaya daxil olmuş mikroorqanizmlər tərəfindən törədilir. Bu mikroorqanizmlər pulpaya dişin zirvə dəliyindən daxil olmuşsa, əmələ gələn iltihabı proses qalxan pulpit adlandırılır. Əgər mikroorqanizmlər qan cərəyanı vasitəsilə pulpaya düşmüşsə hematogen pulpit əmələ gəlir. Əsas simptomları ağrıdır. Ən xarakterik ağrıları bunlardır: əlavə qıcıqlandırıcıların təsiri olmadan öz-özünə (spontan) başlayan ağrılar, gecə ağrıları, güclənən və arabir kəsən ağrılar, lokallaşan və ya irradiasiya edən ağrılar, xarici qıcıqların (temperatur, mexaniki və kimyəvi qıcıqlar) təsirindən əmələ gələn və uzun müddət davam edən, eyni zamanda sızıldayan, küt sancılı ağrılar və s.
Pulpa sinir lifləri və qan damarları ilə zəngin olan mürəkkəb birləşdirici toxuma quruluşudur. Statistikaya görə, diş xəstəlikləri arasında pulpit kariesdən sonra ikinci yeri tutur, onun bir fəsadıdır. Pulpitin ən çox yayılmış səbəbi də zamanında müalicə edilməyən kariesin inkişaf etməsidir. Belə ki, diş qatı məhv olduqca karioz boşluq artır, onun tərkibində olan patogen mikroorqanizmlər (streptokokklar, stafilokokklar, diplokokklar, enterokokklar, qram-müsbət çubuqlar və s.) dentin boruları vasitəsilə pulpa kamerasına nüfuz edərək patoloji prosesi işə salır. Pulpitin digər səbəbləri sinüzit, periodontal xəstəlik, parodontit, osteomielit, sepsis, infeksiyanın qan və limfa axını ilə pulpaya daxil olmasıdır.
Tibbi səhv kimi bir səbəbidə qeyd etməmək mümkün deyil - dərin karieslərin müalicəsi zamanı kifayət qədər diqqətlə təmizlənmədən diş kanalının möhürlənməsi nəticəsində plombun altında infeksion proses inkişaf etməyə başlayır.[1] Nadir hallarda pulpitin yaranma səbəbi mexaniki zədələr nəticəsində ola bilər.
Kəskin pulpit. 3-5 gün ərzində baş verir. Bu mərhələdə yayılma dərəcəsindən asılı olaraq fokus və diffuz pulpitlər və diş pulpasının saxlanması mümkün olmuyan pulpitin növü pulpa nekrozudur.
Xroniki pulpit. Xəstəliyin xroniki formasının diaqnozu kəskindən daha çətindir. Xəstəliyin xroniki gedişində dişin yumşaq toxumalarının iltihabi prosesinin müddəti 2 həftədən bir neçə ilə qədərdir. Ağrı tamamilə yox olmasa da, daha az aydın olur və küt olur. Soyuq və isti yeməklər narahatlığı artırır, buna görə xəstələr ağrıyan dişin yükünü minimuma endirməyə çalışırlar. Bu vəziyyətdə dişin mina qatı tədricən məhv olmağa başlayır. Xroniki pulpitin üç növü var:
Pulpit xroniki hala keçdikdə iltihab prosesləri demək olar ki, ağrısız olur. Ancaq xəstəlik irəliləməyə davam edir və daha ciddi xəstəliklərə səbəb ola bilər. Həmin xəstəliklərə aid olunur:
Periodontit - dişin kökünü əhatə edən iltihabıdır. İrinli boşluqlar əmələ gəlməyə başlayır və temperatur yüksələ bilər. Diş ətləri tündləşə və mavi rəng əldə edə bilər. Bəzi hallarda isə periodontit demək olar ki, asemptomatikdir.[3]
Periostit - çənəni əhatə edən birləşdirici toxumanın iltihabıdır. Bu xəstəliklə diş ətinin, yanağın və dodaqların şişməsinə səbəb olan bir abses meydana gəlir. İnsan şiddətli ağrı hiss edir və temperaturu 38 °C-ə qədər yüksəlir. Periostitin ağırlaşması zamanı üzün bir tərəfində şiddətli şişkinlik əmələ gəlir, bu da ağzın açılmasını, yeməyi çeynəməyi və udmağı çətinləşdirir və ağrılı edir. Bu halda temperatur 39-40 °C-ə qədər yüksələ bilər, nəfəsdən kəskin qoxu və iltihab yerində yanma hissi yaranır.[4]
Gingivit - diş ətinin iltihabıdır. Yemək yeyərkən və ya dişlərinizi fırçalayarkən diş əti ağrı hiss etdirir və qanayır. Zamanla ağrı güclənir və temperatur yüksələ bilər.[5]
Çənənin osteomieliti - çənənin sümük toxumasının iltihabıdır. Bu, yalnız inkişaf etmiş pulpit ilə deyil, digər ağırlaşmalar nəticəsində də baş verə bilər. Bu xəstəlik yerli simptomlardan əlavə həm də ümumi intoksikasiya əlamətləri ilə xarakterizə olunur: baş ağrısı, zəiflik, pis yuxu, hərarət.[6]
Sepsis - immunitetin azalması fonunda patogen mikroorqanizmlərin qana daxil olması nəticəsində yaranan ölümcül bir vəziyyətdir. Buna qanın zəhərlənməsi də deyilir. İnsanın temperaturu 40 °C-ə qədər yüksəlir, qan təzyiqi kəskin şəkildə azalır və ürək döyüntüsü artır. Xəstə huşunu itirə və bəzən komaya düşə bilər.[7]
Bütün bu ağırlaşmaları nəzərə alaraq pulpitin ilk əlamətləri zamanı mütləq qaydada həkim stomatoloqa müraciət olunmalıdır.
Pulpit ilə ağrılar qəfil gecə baş verə bilər və bir mütəxəssisə dərhal müraciət etmək mümkün olmadıqda vəziyyəti yüngülləşdirmək üçün ağrı kəsicilərindən istifadə etmək tövsiyə olunur.[8] Damaqları kalendula, çobanyastığı, adaçayı və ya soda-duz məhlulu ilə yaxalamaq olar. Lakin bu üsullar müalicə üsulu deyil, vəziyyətin ağırlaşmaması üçün həkimə yazılmalı və artıq stomatoloji klinikada həkimin müayinəsi, diş köklərinin rentgeni keçirildikdən sonra müalicə təyin olunmalıdır.