Azərbaycan mədəniyyətinin tarixi |
---|
Azərbaycan xalqının formalaşması (XI-XV əsrlər) |
Qədim türkcə-azərbaycanca əlaqələri — qədim türkcənin xüsusiyyətlərinin Azərbaycan dilininin tarixi və müasir mərhələlərində, həmçinin dilin dialektlərində qorunub saxlanması. "Divanü Lüğat-it-Türk"də (XI əsr) və İbnü Mühənna lüğətində (XIII əsr) verilən məlumatlar qədim dillər ilə Azərbaycan dili arasında genetik əlaqədən xəbər verir.[1] Ədəbi Azərbaycan dilinin inkişafının erkən dövründə dil oğuz qrupunun ümumtürk xüsusiyyətlərini saxlayır, həm türkmənlər, həm də Anadolu türkləri tərəfindən başa düşülürdü.[2] Həmçinin Xəzər dili təsirinin izləri Azərbaycan dilinin şimal dialektlərində müşahidə edilir.[3]
Orxon abidələrində (VIII əsrin əvvəlləri) e və i arasında bir ė səsinin olması Azərbaycan türkçəsindən sübutlar gətirməklə izah edilmişdir: er "erkək" - ėr "erkən". Ancaq Azərbaycan dilində daha çox e kimi yazıldığı, bəzi hallarda i olduğu üçün e-i dəyişikliyi hər zaman başa düşülmür: bėl, dė. Azərbaycan dilindəki iki sözdə isə qədim türkçədəki e/ė-yə qarşılıq olaraq i görülür: iki, iyirmi.[4] Bundan başqa Azərbaycan türkçəsində nəqli keçmiş -mış şəkilçisi qədim türkcədəki "ərmiş"-dən gəlmişdir.[5]
Qədim türkcədə k ilə başlayan sözlər Türkiyə türkçəsində k-g dəyişikliyinə məruz qaldığı halda (gibi, gönül, göç, göğüs), Azərbaycan dilində olduğu kimi qalmışdır (köç, könül, köç, köks). Qədim və orta türkcədən qərbi türkcəyə keçid zamanı baş verən t-d dəyişikliyi bəzi Azərbaycan sözlərində baş verməmişdir: tikmək, tökmək, toxunmaq.[6]
Azərbaycan dilinin dialektləri türk dillərinin söz varlığını qoruyub saxlaması baxımından çox vacibdir. Çünki bu dialektlərdə qədim türkcəyə aid bir çox arxaik ünsür vardır. Qədim türk dövrünə aid iki sözdən ibarət mürəkkəb sözlər (ikiləmələr) də canlı bir şəkildə Azərbaycan dilində qorunur (məsələn Ağcabədi ləhcəsində "düşünmədən danışmaq" mənasında "yencih-yencih" sözü). Azərbaycan dialektlərindəki ikiləmələrə "Divanü Lüğat-it-Türk"də (XI əsr) rast gəlinir. "Şəlalə" mənasındakı "curcur" (Qəbələ), "çırçır" (Qazax), "şar-şar" (Mingəçevir), "şırşır" (Gədəbəy, Şuşa), "şorşor" (Qax, Oğuz, Şəmkir) sözləri "Divanü Lüğat-it-Türk"də "gurultu ilə axan su" mənasında “çar çur/çaq çuq/çar çar/şar şar” şəklində verilmişdir.[7]
Azərbaycan türkcəsində qorunub saxlana bilməyən bir sıra qədim türk dili sözləri Naxçıvan ləhcələrində mövcuddur. Bunlar arasında qohumluq bildirən sözlər xüsusi yer tutur. Məsələn, Naxçıvan və Zaqatala ləhcələrində "kürəkən" mənasında istifadə edilən "giyəv/göyüm" sözü "Divanü Lüğat-it-Türk"də və İbnü Mühənna lüğətində (XIII əsr) istifadə edilir. Bu sözə azərbaycandilli mənbələrdən "Kitabi-Dədə Qorqud"da (XIII-XV əsrlər) və "Dastani-Əhməd Hərami"də (XIII əsr) rast gəlinir.[8]