Qitə (ərəb. قطعة parça, hissə) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında şeir forması. Qitə ərəbcə parça, hissə deməkdir.
Qitənin qafiyə quruluşu qəzələ və qəsidəyə yaxındır. Fərq ondadır ki, birinci beytin misraları qəzəl və qəsidədə həmqafiyə olduğu halda, qitədə həmqafiyə olmur. Qitədə yalnız ikinci misralar bir-biri ilə həmqafiyə olur. Həcmi 2 beytdən 10 beytə qədər olur. Qitənin sonuncu (məqtə) beytində şair, adətən, öz təxəllüsünü bildirmir. Qəzəl daha çox məhəbbət mövzusunda yazıldığı halda, qitə daha çox ictimai-siyasi, əxlaqi-tərbiyəvi məzmun daşıyır.
Qazi Bürhanəddininin, Nəsiminin, Məhəmməd Füzulinin, Seyid Əzim Şirvaninin bəzi şeirləri qitə janrındadır.
Məhəmməd Füzulinin "Padşahi-mülk..." şeiri qitənin ən yaxşı nümunələrindəndir.
Padişahi-mülk, dinarü dirəm rüşvət verib,
Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri.
Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır,
Ol dəxi asari-əmnü istiqamətdən bəri.
Göstərən saətdə dövrani-fələk bir inqilab,
Həm özü fani olur, həm ləşkəri, həm kişvəri.