Saleh Məhərrəm oğlu Rüstəmov (25 may 1963, Gədəbəy) — azərbaycanlı siyasətçi, Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992–1993), siyasi məhbus.[1]
Saleh Rüstəmov | |
---|---|
27 may 1992 – 26 noyabr 1993 | |
Əvvəlki | Qənbər Qurbanov |
Sonrakı | Ramiz Bağırov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 may 1963 (61 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Saleh Rüstəmov 1963-cü il mayın 25-də Gədəbəy şəhərində anadan olmuşdur. O, 1970–1978-ci illərdə İ. Əliyev adına Gədəbəy qəsəbə orta məktəbində, 1978–1980-ci illərdə isə N. Krupskaya adına Gədəbəy qəsəbə tam orta məktəbində təhsil almış, 1980–1984-cü illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda ali təhsil almışdır.
1984-cü ildə bir müddət idman müəllimi olaraq çalışan Saleh Rüstəmov 1987–1988-ci illərdə Gədəbəy İdman Məktəbinin tədris şöbəsinin müdiri, 1988–1991-ci illərdə isə Gədəbəy İdman Məktəbinin müdiri vəzifəsində çalışmışdır. O, 1984–1986-cı illərdə Jitomir vilayətində Sovet Ordusunun sıralarında hərbi xidmətdə olmuşdur.
Ailəlidir, üç övladı var.
Saleh Rüstəmov 2018-ci il mayın 5-də Rusiyadan Azərbaycana gəlmiş, mayın 8-də isə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılmışdır. Onun barəsində Cinayət Məcəlləsinin 192.3.2, 193–1.3.1 və 193–1.3.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Saleh Rüstəmov təcridxana olduğu müddət ərzində işgəncələrə məruz qaldığını bildirmişdir.[2]
Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2019-cu il tarixli hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Özü ittihamları rədd etmiş və siyasi məhbus ailələrinə pul yardımına görə həbs olunduğunu bildirmişdir.[3]
Saleh Rüstəmov 2021-ci il noyabrın 6-da azad edilməsi tələbilə aclıq elan etdi və aksiyanı 40 gün davam etdirdi.[4] Saleh Məhərrəm oğlu Rüstəmov Azərbaycan Prezidenti İlham Əliyevin 27 may 2022-ci il tarixli Sərəncamı ilə əfv edilmişdir.[5]
Birinci Qarabağ müharibəsi zamanı Saleh Rüstəmov Gədəbəy Özünümüdafiə Batalyonunun və Xüsusi Təyinatlı Milis Dəstəsinin Gədəbəy Bölüyünün yaradılmasında rol almışdır.
Saleh Rüstəmov 27 may 1992-ci il tarixində Azərbaycan Prezidenti səlahiyyətlərini icra edən Azərbaycan Ali Sovetinin sədri İsa Qəmbərin 792 nömrəli Fərmanına əsasən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.[6] Başçı olduğu illərdə o, Gədəbəy Rayon Müdafiə Komitəsinin rəhbəri olmuşdur.
4 iyun Gəncə qiyamının ardından Saleh Rüstəmov vəzifəsindən istefa vermiş və 26 noyabr 1993-cü il tarixində Azərbaycan Prezidenti Heydər Əliyevin 50 nömrəli fərmanına əsasən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir.[7]
Saleh Rüstəmov 1989–1995-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin Gədəbəy Rayon Şöbəsinin sədri və Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuşdur. Partiyalaşma prossesindən sonra o, 1995–1998-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gədəbəy Rayon Şöbəsinin sədri və Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin üzvü olmuşdur. O, 1998-ci ildə daimi olaraq Rusiyada yaşamağa başladığına görə partiyada tutduğu vəzifələrindən istefa vermişdir.