Sikstin kapellası freskalarının restavrasiyası

Mikelancelonun"Tanrının yer kürəsini yaratması və Günəş və ayı səmada yerləşdirməsi" freskası
restavrasiyadan əvvəl və sonra

Sikstin kapellası freskalarının restavrasiyasıXX əsrin əsas incəsənət restavrasiyalarından biridir.

Sikstin kapellası Roma papası IV Sikstin sifarişi ilə, Vatikan ərazisində, Müqəddəs Pyotr bazilikasından şimalda inşa etdirilmiş və 1481-ci ildə tamamlanmışdır. Bazilikanın divarları XV əsr İtaliya incəsənətinin ən nümayəndələri olan, Girlandayo, Perucino, Botiçelli kimi müxtəlif intibah rəssamlarının əsərləri ilə bəzədilmişdir.[1] Roma papası II Yulinin hakimiyyəti dövründə bazilikanın bəzədilməsi işləri davam etmiş, kapellanın tavanı Mikelancelo tərəfindən 1508–1512-ci illərdə bəzədilmişdir. Sonra Roma papası VII Klementin hakimiyyəti dövründə Mikelancelo bazilikanın divarında intibah incəsənətinin şah əsərlərindən biri hesab edilən "Böyük məhkəmə" əsərini işləmiş və 1541-ci ildə tamamlamışdır.[2] Divarların aşağı hissəsini örtmüş xalıların təsviri Roma papası X Leonun hakimiyyəti dövründə Rafaelin təsvirləri əsasında hazırlanmışdır və 1515–1516-cı illərdə tamamlanmış bu işlər hazırda Rafael cizgiləri adı ilə tanınır.

Kapellanın rəsmləri əsasında İntibah dövrü incəsənəti mövzularının rəsmli sxemi yaradılmışdır. Məsələn, Mikelancelo tərəfindən kapellanın tavanında işlənmiş rəsm əsərlərindən bir neçəsi Qərb incəsənətinin ən məşhur nümunələri hesab olunur. Sikstin kapellası freskaları, kapellanın tavanında Mikelancelo tərəfindən işlənmiş rəsm əsərləri, həmçinin digər incəsənət detalları 1980–1994-cü illərdə bir neçə dəfə müxtəlif səviyyədə restavrasiya edilmişdir. Bu restavrasiyalardan ən son həyata keçiriləni, restavrasiyanın səviyyəsi və təsiri baxımından incəsənət sevərlər və tarixçilər arasında ciddi müzakirələrə səbəb olmuşdur. Qeyd edilir ki, son restavrasiya nəticəsində "Mikelancelonun hər bir kitabı yenidən yazılmışdır".[3] "ArtWatch International"dan Ceyms Bek kimi başqa incəsənət tarixçiləri isə restavrasiyanı sərt tənqid edərək, rəssamın əsl fikirləri və yaradıcılığı ilə əlaqəsi olmadığını bildirmişdilər. Bu məsələ hələ də, debat mövzusu olmağa davam edir.

Əvvəlki restavrasiyalar

[redaktə | mənbəni redaktə et]

Sikstin kapellasındakı freskalar 1980-ci ildən başlayaraq, bir neçə mərhələdə restavrasiya edilmişdir. Kapellanın tavanı ilə bağlı əsas problem vaxtilə yuxarıdan su sızmasının tavanda Mikelancelo tərəfindən işlənmiş freskalara ziyan vurması olmuşdur. Hələ 1547-ci ildə Paolo Ciovio yazır ki, kapellanın tavanı əmələ gələn çatlar və selitra səbəbiylə zədələnmişdir. Selitra effekti freskalarda qabarma və parçalanmaların meydana gəlməsinə səbəb olmuşdu. Papa Abidələri, Muzeyləri və Qalereyalarındakı Rəsm Əsərlərinin Restavrasiyası Laboratoriyasının Baş Restavratoru Janludci Kolaluççi yazdığı məqalədə, əvvəlki restavratorların istifadə etdiyi kətan və qoz yağlarından sonra freskaların üzərində şəffaf kristal təbəqəsinin əmələ gəlməsindən və bu təbəqənin təmizlənməsindən sonra "Mikelancelonun rənglərinin yenidən kəşf edilməsi"ndən[4] bəhs edir.

1652-ci il restavrasiyasına tavanı kətan parça ilə silərək və ləkələri çörək ilə pozaraq təmizləmiş "saray zərgəri" Simone Lagi rəhbərlik etmişdir. Çətin çıxan ləkələrin təmizlənməsi üçün bəzən isladılmış çörək də istifadə edilmişdir. Lagi restavrasiyanın nəticəsi haqqında məlumatında qeyd edir ki, "heç bir zərər verilmədən freskaların əvvəlki gözəlliyi bərpa edilmişdir."[5] Kolaluççi qeyd edir ki, Lagi rənglərin təbəqələrinin bərpası üçün yapışqan-lakdan "demək olar ki, dəqiqliklə" istifadə etmişdir, lakin, "özlərinin [restavratorların] istifadə etdiyini fəndlər haqqında heç bir məlumat vermir."[4]

1710–1713-cü illərdə kapellanın freskaları növbəti dəfə, rəssam Hannibal Mazuolli və onun oğlunun rəhbərliyi altında bərpa restavrasiya edilmişdir. Onlar bərpa zamanı yunan şərabına batırılmış süngərlərdən istifadə etmişlər ki, Kolaluççi bunun əvvəlki bərpa zamanı istifadə edilmiş yağların üzərinə hopmuş jis və qurumu bir qədər də sıxlaşdıraraq rəngləri tutqunlaşdırdığını qeyd edir. Kolaluççi qeyd edir ki, Mazzuoli daha sonra tavan freskalarının bərpasına başlamış və kontrastlar üzərində yenidən işləyərək onları daha da gücləndirmişdir. Onlar həmçinin freskaların qabarma səbəbiylə qopmuş hissələrini yenidən çəkmişdilər. Yenidən çəkilmiş hissələr fırça vurması üsulu çəkilmiş ilə nazik cızıqla qeyd edilmişdir. Kolaluççi qeyd edir ki, Mazzuoli həm də xeyli məqdarda yapışqan lakdan istifadə etmişdir. Restavrasiya zamanı əsasən tavandakı freskalara fikir verilmiş və lunetlərdəki təsvirlərə az vaxt ayrılmışdır.[4]

Kapella freskalarının növbəti restavrasiyası 1935–1938-ci illərdə Vatikan Muzeyinin Restavrasiya Laboratoriyasının rəhbərliyi ilə həyata keçirilmişdir. Bu restavrasiya əsasən əmələ gəlmiş çatların birləşdirilməsi və freskalar üzərində əmələ gəlmiş çirk təbəqəsinin təmizlənməsi məqsədi daşımışdır.[4]

Müasir restavrasiya

[redaktə | mənbəni redaktə et]
Sikstin kapellası restavrasiyadan əvvəl.

Kapelladakı freskaların müasir restavrasiyasına başlanılması üçün ilkin sınaqlar 1979-cu ildə başlamışdır. Restavrasiya qrupu Janluidci Kolaluççi, Maurisio Rossi, Piercorcio Bonetti və 1978-ci ildə Vatikan Rəsmlərin Bərpası Laboratoriyasının direktoru Karlo Pietranceli tərəfindən əsası qoyulmuş incəsənət əsərlərinin restavrasiyası qaydalarını müəyyənləşdirmiş başqa mütəxəssislərdən təşkil olunmuşdu.[6] Müasir incəsənət restavrasiyasının bir çox üsul və qaydaları bu restavrasiyanın nəticələrinin tədqiq və təhlil edilməsi ilə müəyyənləşdirilmişdir. Bunlardan biri restavrasiyanın hər bir mərhələsində əsərin vəziyyətinin qeydə (foto və ya video qeyd) alınmasıdır.[4] Kapellanın freskalarının bərpası zamanı bu iş "Nippon Television Network Corporation" üçün fotoqraf Takaşi Okamura tərəfindən həyata keçirilmişdir.[7]

1980-ci ilin iyunu və 1984-cü ilin oktyabrı arasında restavrasiyanın birinci mərhələsi olan Mikelancelonun lunetləri üzərində iş uğurla tamamlanmışdır. Bundan sonra diqqət tavandakı rəsmlərin bərpasına yönəldilmiş və burda işlər 1989-cu ilin dekabrında tamamlanaraq, "Böyük məhkəmə" üzərində işlərə start verilmişdir. Restavrasiyanın tamamlanmasından sonra, 8 aprel 1994-cü ildə kapellanın açılışı Roma papası II İohann Pavelin iştirakı ilə baş tutmuşdur.[8] Divar feskalarının bərpasını əhatə edən restavrasiyanın sonuncu mərhələsi 1994-cü ildən 11 dekabr 1999-cu ilə kimi davam etmişdir.[9]

Konservatorların məqsədi

[redaktə | mənbəni redaktə et]

Sikstin kapellası freskaları üzərində işləyən restavratorların qarşısında aşağıdakı məqsədlər qoyulmuşdu:

  • Freskaların tədricən tədqiqi, analizi və əldə edilmiş nəticələrə uyğun texniki metodların tətbiqi.
  • Restavrasiyanın hər bir mərhələsinin foto və video şəklində qeydə alınıb arxivləşdirilməsi.
  • Yalnız sadə, əvvəllər yoxlanmış və heç bir halda zərərli olmayacaq prosedurlardan və vasitələrdən istifadə.
  • Divarlardakı suvağın sabitliyinə və qalımlığına zərər yetirə biləcək zədə və çatların aradan qaldırılması.
  • Şam əriməsi nəticəsində yaxılmış mumların və 500 il ərzində divarlara çökmüş hisin təmizlənməsi.
  • Əvvəlki restavrasiyalar zamanı yenidən çəkilmiş hissələrin silinməsi və orijinal rəsmlərin bərpası.
  • Yağ təbəqəsi və su sızmalarından əmələ gəlmiş ləkələrin təmizlənməsi.
  • Duz təbəqəsinin yaratdığı ağarmaların aradan qaldırılması.
  • Bərpa olunmuş hissələrin qabarma və qopmalardan müdafiəsi.
  • Bir təbəqəsi qopmuş, tamamilə korlanmış, qopmuş və ya başqa səbəbdən zərər çəkmiş hissələrin ətraf orijinal hissələr əsasında bərpa edilməsi.
  • Əvvəlki restavrasiyalarla müqayisə üçün kişik eksperimental hissələrin saxlanılması.

Hazırlıq və işə yanaşma

[redaktə | mənbəni redaktə et]
"Cənnətdən qovulma" freskasının restavrasiyadan əvvəl çəkilmiş bu detalında rənglərin bozarması, çatlar, suvağın bərkidilməsi üçün istifadə edilmiş metal sancaq, duz təbəqəsindən əmələ gəlmiş ağ ləkələri və rənglərin çirkdən qaralmış hissələrini görmək olur.
"Cənnətdən qovulma" freskasının restavrasiyadan sonra çəkilmiş həmin detalında təmizləmədən sonra rənglərin açılması görünür. Böyük çatlar və metal sancağın yaratdığı dəlik doldurularaq müvafiq şəkildə rənglənib. Kiçik çatlar isə müşahidə edilməkdədir. Duzlanmanın yaratdığı kiçik dairələr də zəif də olsa görünür.

1979-cu ildə Kolaluççi Sikstin kapellası freskalarının düzgün restavrasiyası üsulunu tapmaq üçün silsilə təcrübələrin həyata keçirilməsinə start verir. Tədqiqat kapellanın divarında Matteo de Leççe tərəfindən çəkilmiş və Mikelancelonun kapelladakı işləri ilə fiziki və kimyəvi, həmçinin texniki baxımdan çox oxşar olan "Musanın vücudu uğrunda münaqişə" freskası üzərində aparılmışdır. Lazım olan həlledicilərin tapılması üçün axtarışlar Yeleazar və Matfan lunetləri üzərində davam etdirilmişdir.[4]

Tavanın həddən artıq hündür olması və tavandakı freskaların əlçatmazlığı səbəbindən həmin əsərlərdəki zədələnmənin hansı səviyyədə olması və ümumiyyətlə tavanda hansı problemlərlə üzləşiləcəyini bərpa ərazisində eşafotların quraşdırılmasından əvvəl dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Kolaluççi qeyd edir ki, davam etdirilən elmi analizlər və restavratorların meydana çıxan problemlərə tapdığı həllər davam etməkdə olan restavrasiya prosesinin bir hissəsi idi, çünki restavratorlar binadakı əsərlərin hər birinə fərdi yanaşır və bərpası üçün fərdi texnologiya və üsuldan istifadə edirdilər.[4]

Aparılan təcrübə və hazırlıqlardan sonra, nəhayət ki, 1980-ci ildə kapelladakı freskaların restavrasiyasına start verilmişdir. Yaponiyanın Nippon Television Network Corporation şirkəti restavrasiya prosesini çəkə bilmək üçün 4.2 milyon $ ödəməli olmuşdu.

Birinci mərhələdə restavratorlar qrupu vertikal səthlər üzərində çalışmış və bu zaman yuxarıdakı pəncərələr qarşısında quraşdırılmış əyməli alüminium eşafotlardan istifadə edilmişdilər ki, bu eşafotlar da lunetlərə çatmaqla yanaş, divardakı bir neçə deşiklə birləşdirilməklə həm də Mikelancelonun eşafotu effekti yaradılmışdır. Tavana qalxdıqdan sonra onlar Mikelancelonun istifadə etdiyi sistemə oxşar sistemlə işləməyə başlamışdılar. Müasir qurğuların verdiyi avantaj sayəsində, Mikelancelonun hələ 1506-cı ildə etdiyi kimi platformanın hərəkətliyini və beləcə də bina uzununa rahat istifadəsi təmin edilmişdir.[7][10]

Freskaların vəziyyəti

[redaktə | mənbəni redaktə et]

1979-cu ildə aparılmış araşdırmaların nəticəsində məlum olmuşdur ki, kapellanın interyeri bütöv saxlanmış, lakin tavandakı fresakaların üzəri tamamilə his və qurum təbəqəsi ilə örtülmüşdür. Şəhər havasının təsiri ilə pəncərənin (kapellanın əsas ventelyasiya yolu) yuxarısında yerləşən lunetlər "tavanın digər hissələri ilə müqayisədə daha çox" çirklənmiş və görünməz hala gəlmişdi.[7] Bina hələ yeni tikildiyi dövrdə möhkəm olmamış və sürüşmüşdür, 1508-ci ildə Mikelancelo kapellanın tavanında işləyərkən orda artıq çatlar əmələ gəlmişdi və rəssam "Yudif" freskasını işləməzdən əvvəl tavandakı çatları doldurmalı olmuşdu. Tavanın yuxarı hissəsində də çatlar və su ləkələri olduğundan, Mikelancelo bu hissədə də səthi təmir işləri aparmalı olmuşdu.[1]

Sonrakı dövrlərdə damdan su sızması freskalar üzərində su ləkələrinin qalmasına və kağız ləkələrinin yaranmasına səbəb olmuşdu. Su sızmasından zərər çəkən hissələrdə dairəvi qabarmalar, çatlar və qopmalar müşahidə olunurdu. Digər bir problem isə rənglərin ölməsi idi, belə ki, Mikelancelo tavan rəsmlərini işləyərkən əsasən təkrarolunmaz incə rəng çalarlarından istifadə etmiş, lakin sızan suyun qurumasından sonra qalan duz təbəqəsi rənglərin ölməsinə səbəb olmuşdu.[4]

Əvvəlki restavrasiyalar da, hər biri freskalar üzərində öz izini qoymuşdu. Freskalar üzərində yığılmış duz təbəqəsindən ağarmalar əmələ gəlmiş, heyvan nəcisi və yağ ləkələri isə həmin duz kristallarını şəffaflaşdırmışdır, lakin bu şəffaf kristalların çirklənməsi freskaların üzərində qalın təbəqə əmələ gətirərək onların görünməz olmasına səbəb olmuşdu. Başqa bir problem isə, divarlarda əmələ gəlmiş çatlardan çıxan çirklərin qara ləkələr əmələ gəlməsi idi. Duz kristalları və onlar üzərində əmələ gəlmiş çirkdən fərli olaraq bu qara çirklərin təmizlənməsi və freskanın bu çirklə örtülmüş hissəsinin əvvəlki rənglərinin bərpası mümkün olmamışdır. Bərpa işləri zamanı bir çox hissələrdə lak və yapışqan istifadəsi tələb olunmuşdur. Freskalardakı fiqurların tamamlanması üçün, restavratorlar qaralmış hissələri yenidən işləyərək bərpa etmişlər. Bu hissələr əsasən lunetlər, künc hissələr və pendentivlərin aşağı hissələri idi.[4]

Qapalı müayinədən sonra məlum olmuşdu ki, tüstü təsirləri, hava təsirləri və çatlar nəzərə alınmazsa, Mikelancelo freskalarının "bədii dərisi" əla vəziyyətdədir.[4] Kolaluççi qeyd edir ki, Vazari vurğuladığı kimi Mikelancelo ən yaxşı freska texnikasından istifadə etmişdir.[11] Təsvirlərin əksər hissəsi yaxşı yapımış və kiçik retuşlama ilə işlənmişdir. Əvvəlki restavratorlar tərəfindən bürünc sancaqlarla bərkidilən suvaqlar əsasən möhkəm və yaxşı vəziyyətdə idi.[4]

Mikelancelo tərəfindən işlənmiş "AdəmHəvvanın günahı və qovulması" fresakası. Yuxarı sol tərəfə restavrasiyadan əvvəlki, aşağı sağ tərəfdə isə sonrakı vəziyyəti təqdim edilir.

Restavrasiyaya başlamazdan əvvəl işçi qrup altı ay ərzində kompozisiyaların öyrənilməsi və freskaların vəziyyətinin müəyyənləşdirilməsi ilə məşğul olmuş, 1930-cu il restavrasiyasını həyata keçirmiş işçilərlə münasibət saxlamış və hansı üsul və metodların freskalar üçün uyğun olacağını müəyyənləşdirməyə çalışmışlar.[4]

Fiziki bərpa prosesinin birinci mərhələsi suvaqların (təxminən 5 mm qalınlığında) qopub tökülməsinin qarşısının alınması məqsədi ilə sırf bərkitmə işlərindən ibarət olmuşdur. Bu iş polivinilatsetat rezin yeridilməsi ilə həyata keçirilmişdir. Əvvəlki restavrasiyalar zamanı istifadə olunmuş bürünc sancaqlar çıxarılmış, onların yaratdığı kişik çatlar və dəliklər isə doldurulmuşdur. Lakin akrilik rezinin qətranla konsolidasiyasından sonra zəif piqmentlər meydana çıxmışdı.[4]

Əmələ gəlmiş piqmentlər restavratorlar tərəfindən müxtəlif yağlar tətbiq edilərək təmizlənmişdir. Hislərin təmizlənməsi üçün distilə olunmuş sudan və suda həll olunmuş qətrandan istifadə edilmişdir. Əvvəlki restavrasiyalar zamanı freskalara əlavə edilmiş retuşlamalar və yenidən işləmələr həll edilmiş jelatin vasitəsiylə təmizlənmiş, daha sonra isə distilə edilmiş su vasitəsiylə silinmişdir. Kalsium karbonat duz ləkələri dimetilformamid tətbiq edilərək təmizlənmişdir. Son mərhələdə akrilik polimer vasitəsiylə təmizlənmiş freskalar bərpaya hazır vəziyyətə gətirilmişdir.[4]

Görüntü materiallarının inteqrasiya edilməsi üçün freskaların bəzi hissələri sulu boya ilə retuş edilmişdir. Bu hissələr uzaqdan hiss edilməyən, lakin yazından baxdıqda diqqətlə seziləcək şəkildə vertikal fırçalarla işlənmişdir.[4] Əvvəlki restavrasiyalarla müqayisə etmək imkanının olması üçün, freskalarda müəyyən kiçik ərazilər restavrasiya edilməmişdir.

Freskaların kənar təsirlərdən müdafiəsi

[redaktə | mənbəni redaktə et]

His, heyvan nəcisi və digər çirklərin təmizlənməsindən sonra Sikstin kapellası freskaları əvvəlki restavratorların əlavələrindən də təmizlənmiş və bərpa edilərək ilkin görkəminə qaytarılmışdır ki, bundan sonra da onların əvvəlki kimi çirklənmədən və digər kənar təsirlərdən qorunmasını təmin etmək lazım gəlirdi.

Freskalar üçün əsas təhlükə təbii amillərdir və bu gün də çox kövrək olan freskaların təbii amillərdən – hər gün kapellanı ziyarət edən minlərlə turistlərin gətirdiyi istilik, nəm, toz və bakteriyaların freskalara zədə vurmaq təhlükəsindən müdafiə olunmuş deyil. Təmizlənmiş suvaq təbəqəsi olan hissələr üçün bu təhlükə daha çoxdur və zərərli elementlərin həmin hissələrə təsir ehtimalı daha güclüdür.[12]

Əvvəllər Sikstin kapellasının ventelyasiyası yalnız divarın yuxarı hissəsində yerləşən pəncərələr vasitəsiylə həyata keçirilirdi. Hal-hazırda hava ilə daxil ola biləcək çirk və mikrobların qarşısının alınması üçün pəncərələr həmişə bağlı saxlanılır və kapella üçün kondinsioner sistemi quraşdırılmışdır. "Carrier of the United Technologies Corporation" tərəfindən quraşdırılmış sistem hazırda Vatikanın "Texnoloji Servis Xidməti" tərəfindən idarə edilir. Sistem kapellanın spesifik problemlərini həll edə biləcək şəkildə formalaşdırılmışdır və kapellada tempraturun, nəmin daim təyin edilmiş səviyyədə saxlanılmasını təmin edir. Kondinsioner sistemi təkcə tempraturu yox, həm də yay və qış aylarında eyni nəm səviyyəsi və atmosfer təzyiqinin saxlanmasını təmin edir. Tavana yaxın hissədə tempratur mülayim saxlansa da, aşağı hissədə daha sərin və sürətli sirkulyasiya edəcək səviyyədə saxlanılır. Kapellaya daxil olan hava kimyəvi maddələr və bakteriyalardan təmizlənir.

Ekoloji spesifikasiyalar:[12]

  • Hava filtirasiyası əmsalı: hava 0,1 mikrometrə qədər təmizlənir
  • Hava tempraturu: yayda 20 °C (68 °F), qışda 25 °C (77 °F) dərəcə.
  • Tavanda nisbi rütubət: 55% ±5%.
  • Sensorlar: 92, təxminən yarısı dönüş xarakterli.
  • Məftil uzunluğu: 26 km (85,000 ft)
  • Restavrasiyaya verilən reaksiyalar

Restavrasiyaya verilən reaksiyalar

[redaktə | mənbəni redaktə et]
Mikelancelonun "Adəmin yaradılışı" freskası restavrasiyadan əvvəl və sonra

Tənqid və tərif

[redaktə | mənbəni redaktə et]

Siskstin kapellasının restavrasiya olunacağı elan edildikdə, bu, bir çox sualların ortaya çıxmasına və dünyanın müxtəlif yerlərində incəsənət tarixçilərinin etirazlarına səbəb olmuşdur. Bunlardan ən çox etiraz edənlərdən biri, "ArtWatch International"dan Ceyms Bek restavrasiyanın Mikelancelo freskalarına zərər yetirə biləcəyini bildirmişdi. Gətirilən arqument isə bu idi ki, bundan əvvəl edilmiş bütün müdaxilələr, bu və ya digər dərəcədə freskaların zədələnməsinə səbəb olmuşdu. Həyata keçirilən hər bir restavrasiya incəsənət əsəri üçün risk deməkdir. Digər tərəfdən, restavrasiya zamanı həyata keçirilən konservasiya işləri əsərlərin müdafiəsinin təmin edilməsi və ömrünün uzadılması baxımından önəmlidir. Bek özünün "İncəsənət restavrasiyası, Mədəniyyət, Biznes və Qalmaqal" kitabında bunlardan bəhs edir.

"Söhbət açıldıqda, [konservatorlar] deyirlər ki, əvvəlki restavrasiyalar yaxşı olmayıb – indi biz daha yaxşısı restavrasiya həyata keçirməyə çalışırıq. Bu, plastik əməliyyat aparılmasına bənzəyir. İnsanlar, yazıq üzlə bir yolu neçə dəfə gedə bilər?"[13]

Ceyms Bekin Janluidci Kolaluççi ilə debatları davam etdirdiyi müddətdə, Nyu-York incəsənət əsərləri mütəxəssisi Ronald Feldman, Roma papası II İohann Pavelə ünvanlanmış və dövrün on beş məşhur rəssamı, o cümlədən Robert Moteruell, Corc Şaqal, Robert Rauşenberq, Kristo və Endi Uorhol tərəfindən dəstəklənərək, Sikstin kapellasındakı freskaların, həmçinin Leonardo da Vinçinin "Sonuncu şam yeməyi" əsərinin restavrasiyasının dayandırılmasını tələb etmişlər.[14]

Restavrasiya qrupundan tamamilə şəffaf işləmələri, jurnalistlərin, incəsənət tarixçilərinin və sadəcə olaraq məsələ ilə maraqlanan şəxslərin, işlərin gedişi və incəsənət əsərlərinin vəziyyəti haqqında məlumat alma imkanlarının yaradılması tələb edilirdi. Lakin, yalnızca bir şirkət, "Nippon Television Network Corporation" kapellada çəkiliş aparmaq hüququ əldə edə bilmişdir. "The New York Times"ın şef incəsənət tənqidçisi Maykl Kimmelman 1991-ci ildə yazır ki, tavan və lunetlərin restavrasiyasının tənqid edilməsindən sonra, prosesin bütün mərhələlərini lentə almış "Nippon Television Network Corporation" incəsənət əsərlərinin vəziyyətini əks etdirən yeganə güvənilən mənbə olan eksklüziv fotoların bəzilərini yayımlamağa məcbur olmuşdur.

Kimmelman qeyd edir ki, onların detallı fotoları yayımlamaq istəməmələrinin səbəbi o idi ki, limitli miqdarda iki cildli kitab nəşr etmək istəyirdilər. Bu kitab hazırlanıb bazara çıxarıldıqda $1,000 qiymətə satıldı. Kimmelman fikrini onunla izah edir ki, bu eksklüziv şəkillər yalnız təyin edilmiş tutulmuş məbləği ödəyən şəxslər üçün nəzərdə tutulmuşdu.[15]

İşlər tədricən tamamlandıqca, insanlar vəziyyətdən məmnunluqlarını bildirməyə başlamışdılar; Papa II İohann Pavel restavrasiyanın hər mərhələsinin tamamlanmasından sonra vaaz verərək işin gedişi haqqında fikrini bildirmişdir. 1999-cu ildə divar vreskalarının da tamamlanmasından sonra, o çıxış edərək demişdir:

"Bibliya hadisələrinin Sikstin kapellasından daha fəsahətli vizual şərhini tapmaq çətindir və biz bu gün onun qənirsizliyindən zövq ala bildiyimizə görə bu tamamlanmış restavrasiyaya minnətdar olmalıyıq. Bizim sevincimiz, təkcə dəyərli incəsənət əsərlərinə görə yox, həm də kilsə həyatı baxımından dəyərli olan bütün imanlı dünyaya yayılır."[9]

Vatikan şəhərinin qubernatoru kardinal Edmund Szoka deyir: "Restavratorların tədqiqləri və zəhmətləri bizə imkan verir ki, freskalar ilk təqdimat günündə necə idisə, bu gün biz də onları həmin vəziyyətdə görək."[16]

"The Independent"dən Endryu Vordsvort restavrasiya ilə bağlı narahatlıq doğuran məqamları belə ifadə edir:

"Güman edilir ki, Sikstin kapellası freskalarının bir hissəsi sekko texnikası işlənmişdir, lakin restavratorlar qərara gəlmişlər ki, freskaların uzun illər ərzində üzərinə yığılmış çirklərdən (əsasən şam tüstüsündən əmələ gələn his təbəqəsi) radikal şəkildə təmizlənməsi lazımdır. Nəticəsə tavan freskaları hazırda, gözəl rəngli, lakin zövqsüz və Mikelancelonun intensiv şəhvətli heykəltəraşlıq üslubuna oxşamayan tamamilə təmiz görüntüyə malikdir."[17]

Bu mühüm məsələ Bek tərəfindən də qabardılmış və rəssam Piter Leyn Arcuimbaunun rəsmi saytında fikir əsaslandırılaraq izah edilmişdir.[18]

Tənqidçilər tərəfindən qaldırılmış məsələlər

[redaktə | mənbəni redaktə et]
Daniel restavrasiyadan əvvəl və sonra.

Sikstin kapellasının restavrasiyasında əsas narahatlıq doğuran məsələ kapellanın tavanında Mikelancelo tərəfindən işlənmiş freskalara dəyə biləcək zərər idi. Parlaq rəngli "İsanın şəcərəsi"nin meydana çıxmasından sonra təmizləmə işlərinin davam etdirilməsinə qarşı sərt reaksiyalar verilməyə başladı. Xəbərdarlıqlara baxmayaraq kapellanın tavanında işlər davam etdirildi və Ceyms Bek və onun kimi düşünən tədqiqatçılar qeyd edir ki, kapellanın tavanında işlər tamamlandı və onların qorxularının həqiqət olduğunu sübut etdi.[18][19]

Təfriqənin yaranmasının əsas səbəbi Mikelancelonun istifadə etdiyi texnika və bu texnikanın anlanılması, həmçinin restavratorların həmin texnikanı necə öyrənmələri və tətbiq etmələri ilə bağlı idi. Qapalı tədqiqatlardan sonra restavratorlar əmin idilər ki, Mikelancelo "buon freska" texnikasından istifadə etmişdir; həmçinin Mikelancelonun təzə suvaq üzərində işlədiyi, işin suvağın yeniliyini itirməsinə kimi tamamlandığını müəyyənləşdirmişlər. Başqa sözlə, Mikelancelo "sekko" texnikasından istifadə etmədiyi üçün, sonradan qayıdıb əsərlərə nəsə əlavə etməmişdir.

Rəssamın freskaları işlədiyi zaman universal yanaşmadan istifadə etdiyini düşünən restavratorlar, restavrasiya üçün də universal yanaşmanı əsas götürdülər. Qəbul edilmiş qərara əsasən heyvan nəcisləri, his, mum və yenidən işlənmiş ərazilər birinci qrup çirklənmə, tüstü qaralmaları, əvvəlki restavrasiyaların qalıqları isə ikinci qrup çirklənmələr hesab edildi. Arcimbaunun bu qərara əsasən yazdığı tənqidi qeydlərinə əsasən, restavratorlar qrupunda çalışan kimyaçılar hopdurulmuş həlledicilər vasitəsiylə, suvağa hopdurulmuş rənglər xaric hər şeyi təmizləmək qərarına gəlmişdilər. Bu təmizləmədən sonra, yalnız "buon freska" texnikası ilə çəkilən hissələr saxlanılmışdı.[18]

Tənqidçilərə görə, restavratorların işə yanaşmasında əsas problem, onlar Mikelancelonun hər iş günün sonunda razı qaldığını, sonradan işlədiyi hissələrə hansısa yenidən işləmələr və ya detallar əlavə etmədiyini, buna görə də dörd il yarıma tavanı tamamladığnı və yalnız "buon freska" texnikasından istifadə etdiyini düşünmələri idi. Arcimbau bu fikrə zidd olaraq öz vebsatyında restavrator qrupunun rəhbəri Kolaluççidən sitat gətirərək deyir:

"Hazırlıq prosesi zamanı, 1930-cu il restavrasiyasını həyata keçirmiş qoca restavratorlarla danışılmışdı. Onlar demişdilər ki, Mikelancelo müxtəlif şirələrdən cild kimi istifadə edərək "secco freska" texnikası ilə işləmişdir. Kolaluççi isə bunu tamamilə rədd edərək qeyd edir ki, Mikelancelo yalnız "buon freska" texnikasından istifadə etmişdir. Daha sonra isə Kolaluççi bu fikrini inkar edərək deyir ki, Mikelancelo "secco freska" texnikasından istifadə etmişdir, lakin "çox az miqdarda" və "bəzi lunetlərdə." Kolaluççi daha sonra, Mikelancelonun "buon freska" texnikasına "ciddi düzəlişlər"indən danışır, və söylədiklərinə zidd olaraq hər ikisi lunet olan Yelazarın çiyinlərinin və Reboamın ayaqlarının "secco freska" texnikası ilə çəkilməsini təsvir edir. Daha sonra isə o qeyd edir ki, Mikelancelo tamamilə "buon freska" texnikası ilə işləmiş, yalnız kiçik dəyişiklər üçün digər texnikaya müraciət etmişdir."[4]

Tənqidçilər bildirirlər ki, restavratorlar tavan freskalarının ayrı-ayrı hissələrində hansı texnikadan istifadə olunduğunu müəyyənləşdirməkdə çətinlik çəkmişlər. Bu məsələ ilə bağlı fikir ayrılıqları səs-küy yaratmış və həll olunmamış qalmışdır.[18][19]

Restavratorlar tavan freskaları üzərində əmələ gəlmiş yağ və his təbəqəsinin şam yanması nəticəsində əmələ gəlməsi qərarına gəlmişdi. Lakin Ceyms Bek kimi bəzi tədqiqatçılar Mikelancelonun yapışqana qarışdırılmış hisdən kölgələr və qara ləkəli hissələri işləmək üçün istifadə etdiyini bildirmişlər. Bu halda restavrasiya zamanı freskaların mühüm hissələrinin silinməsi məsələsi ortaya çıxır.

Bəzi fiqurlarda indi də hislə işlənmənin qalıqları görünməkdədir. Bunun mümkün izahı isə odur ki, Mikelancelo uzun müddət freskalar üzərində işlədiyindən, ehtimal ki, bəzi hissələrdə texnikasını dəyişmişdir. İşin uzun çəkməsinə havanın isti tempraturu, nəmlilik və işıqlı gün saatlarının uzunluğu da təsir etmiş ola bilərdi. Həmçinin hər bir fiqurda işıq və kölgəyə fərdi yanaşma da fərqliliklərin ortaya çıxmasına səbəb ola bilərdi.

Kumea sibilini əhatə edən böyük kölgə relyefi indi də vardır. Lakin bu relyefdən daha böyükdür; bu, incəsənət sevərlərin Musa heykəlində təsvir edilmiş kişi hesab etdikləri fiqurun ətrafındakı üç qaranlıq məkan kimi təsvirlərdir.[19] Tənqidçilər bildirirlər ki, bu, Mikelancelonun yaratmaq istədiyi effekt idi və o, bu effekti almaq üçün, freskaların çəkilməsindən sonra sekko texnikası ilə yenidən onların üzərində işləmişdir ki, təmizlənmə zamanı bu effekt tamamilə itirilmişdir.[18]

Restavrasiya zamanı təmizlənmiş sekko detalları – dilikli örtüklər, qozalar, diyircək və tağalaq təsvirləridir ki, bunların da növbəti freska üzərində işləməyə başlayan Mikelancelonun köməkçilərindən biri tərəfindən işləndiyi düşünülür. Bu detalların təmizlənməsinə müxtəlif reaksiyalar verilmişdir. Məsələn, Ezekiel spandreli (künc təsviri) "buon fresko" texnikası ilə işlənmiş və dövrümüzə çox yaxşı vəziyyətdə çatmışdır.

İki müxtəlif spandrelin restavrasiyadan sonrakı müqayisəsi onlar arasındakı fərqi göstərir.
Oxşar spandrellərin restavrasiyadan sonrakı görünüşü. Soldakı freskada xalatda, gözlərdə və memarlıq detallarında qara kölgələr görünür. Sağ freskada isə təmizlənmədən sonra, bu kölgələr itmişdir.

Spandrellərin müqayisə edilməsi, onların restavrasiyadan sonrakı vəziyyətlərinin müxtəlif olduğunu ortaya çıxarır. Onlardan birinin kölgələri vardır və qara ilə işlənmiş detalları vardır. Ezekielin tünd yaşılla işlənmiş və sarı ilə işıqlandırılmış geyimində tünd qara kölgələr vardır. Detalda təsvir edilmiş uşağın gözləri qara və ağ rənglə işlənmişdir. Bu detalların davam etməsi onların, hələ suvağın nəm olduğu dövrdə tamamlanmasını düşünməyə əsas vermişdir. Girişdən sağdakı spandrel isə bir qədər yarımçıq təsiri bağışlayır. Lakin, restavrasiyadan əvvəl bu freskadakı xələtdə və memarlıq detalları arasında da qara kölgələr olmuşdur.

Künc təsvirlərinin dördündə də, təmizlənmədən sonra sərt görünüş yaradan tünd hissələrin rənginin açılması dramatikliyin azalmasına səbəb olmuşdur. Xüsusilə, "Hamanın cəzalandırılması" freskasında dərinliyin itməsi daha çox hiss olunur. Fiqurların bəziləri isə, o qədər açıq rənglidir ki, tünd interyerdə yamaq kimi görünür və təsvirin dərinliyinin itməsinə səbəb olur.

Danielin sağ əli və dizi. Restavrasiyadan əvvəl qırmızı arasında qara kölgələr — sekko görünür və bu ətrafdakı rəngi sanki aydınlandırır. Təmizlənmədən sonra həmin qara kölgə daha tünd tonlu qırmızı kimi görünür.[f]

XVIII əsr fransız səyyahı De Lalandeyə istinad edən kurator Fabrisio Mançinelli bildirir ki, həmin dövrdə ravan monoton, "darıxdırıcı qırmızı və boz çalarlar"ın qarışığından ibarət olmuşdur. Mançinelli qeyd edir ki, restavrasiya daha rəngli olan "yeni Mikelancelo"nu ortaya çıxarmağa kömək edir və bu "yeni xarakter əsərlərin tarixi görünüşünü daha yaxşı çatdırır."[7] O, bir qədər də irəli gedərək bildirir ki, Sikstin kapellasının əvvəlki vəziyyətini görənlər restavrasiyadan sonra rənglərin dəyişdiyini bildirirlər[20] və rənglərin xüsusilə Mikelancelonun müəllimi və İntibah dövrünün ən yaxşı freska rəssamlarından biri olan Domeniko Girlandayonun istifadə etdiyi çəhrayı, alma yaşılı, turuncu, sarı, açıq mavi rənglərdən çox fərqli olduğunu qeyd edirlər.

Restavratorlar, Mikelancelonun parlaq palitrasından Cotto, Mazaçço, Mazolina da Panikale, Fra Anceliko, Pyero della Françeska, həmçinin Girlandayonun özü, sonrakı freska rəssamları Hannibale Karraççi, Covanni Batista Tyepolonun rəng həcminə bənzər nəticə gözləyirdilər. Lakin, gözlənilən rəng həcminin istifadə olunmaması, ola bilsin ki, rəssamın boyaların tərkibindəki kimyəvi maddələrin yaş suvaqla reaksiyaya girməsindən ehtiyat etməsi ilə əlaqədardır. Mikelancelonun tavan freskaları rəng diapazonu baxımından kasad olsa da, bunu, lacivərd mavisinin bol istifadə edildiyi altardakı "Böyük məhkəmə" freskasına aid eləmək olmaz. Qızılı rəngli çərçivələr ətrafında və freskanın ikinci, sekko təbəqəsində istifadə olunmuş bu rəng yarı-qiymətli lacivərd daşının yonulmasından alınmışdır.

Tavan freskalarında əsas gözlənilməz cəhət, Mikelancelonun kölgə təsvirləridir. Yanaşı yerləşən Libiya Sibili və Peyğəmbər Daniel freskaları bu baxımdan nümunəvidir. Sibilin əynindəki sarı xalatı Mikelancelo sarı rəng effekti ilə işıqlandırır, yaxın tonlar olan tünd sarı, turuncu və açıq qırmızı qatışığından kölgə effektlərində istifadə edir. Freska üçün qırmızı kölgə qeyri-adi olduğu halda, qonşu spektrlərdə by həll yaxşı alınmışdır. Danielin xalatı üzərində bu cür incə əvəzlənmə yoxdur. Sarı parçanın qatlanması zamanı yaranan kölgə açıq yaşılla təsvir olunsa da, çəhrayı parçanın kölgəsi qırmızı ilə göstərilmişdir. Bu cür əlvan rəng kombinasiyasını tavanın müxtəlif hissələrində görmək mümkündür.

"İona" restavrasiyadan sonra. Təmizlənmədən sonra əksər dramatik rənglər üzə çıxmış və əvvəlki effekt bərpa edilmişdir.

Bəzi məqamlarda, rəssamın istifadə etdiyi bu cür rəng kombinasiyaları həddən artıq parlaq təsir bağışlayır: xüsusilə Peyğəmbər Daniel freskası bu baxımdan diqqəti cəlb edir. Bu freskanın restavrasiyadan əvvəl və sonrakı vəziyyətlərinin müqayisə edilməsi, Mikelancelonun həqiqətən də hislə işlədiyini və bu texnikanı əvvəlcədən planlaşdırdığını sübut edir. Peyğəmbər Daniel və Liviya Sibili feskalarında parlaq qırmızı yalnız kölgə effekti yaratmaq üçün istifadə edilmişdir. Bu və bir çox digər hallarda, qırmızı rəsmaltı rəng kimi istifadə edilmiş və indi Kumea Sibilində olduğu kimi, hisin qırmızının parlaqlığını gizlədəcəyi nəzərdə tutulmuşdu. Bu cür parlaq rənglər kontrastının rəsmaltı vasitə kimi istifadə edilməsi, freska rəssamlığında geniş yayılmamışdır, lakin həm sulu, həm də yağlı boya rəssamlığında istifadə edilmişdir. Daniel kimi, Liviya Sibilindəki sarı geyim də əvvəl daha kölgəli və az nəzərə çarpan görünüşə malik olmuşdur.

Heç bir şübhə yoxdur ki, restavrasiyadan əvvəl bütün tavan çox çirkli, boz və monoxrom olmuş, Mikelancelonun nəzərdə tutduğundan fərqli vəziyyətdə olmuşdur, lakin bərpa edilmiş və daha yaxşı vəziyyətə qaytarılmış freskaları gördükdən sonra Bek və Arcimbau[18][19] restavrasiya haqqında yaxşı sözlər söyləməyə başlamışdılar.

Rəssam və bioqraf Corco Vasari "Rəssamların həyatı" əsərində XVI əsrdə İona fiqurunun vəziyyətini təsvir edir:

"Kim, kapelladakı son fiqur — İonanın əzəmətli və zəhmli görünüşünə heyran deyil? Onun ətrafında daş hörgüsü sanki divarın əyilərək uçduğu hissini yaradır və yanlardan bulaq suyu axır, lakin incəsənətin gücü vasitəsiylə İona fiquru bu mənzərəni tamamlayaraq əminlik təsviri doğurur və dizayn incəsənətinin kölgə və işıq effektləri ilə tavan bir kompleks təsiri bağışlayır."[21]

Nəhəng İona fiquru bütün kompozisiyanı tamamlayan əsas komponent olaraq, həm təsviri, həm də teoloji baxımdan ucalan Məsihi simvolizə edir. Fiqur altarın üzərində yerləşən, kənardan tağlarla dəstəklənən və gərginləşdirilən pendentivdə yerləşdirilmiş, gözləri isə Tanrıya yönəldilmişdir. Vasarinin qısa təsviri, sonrakı bir çox rəssamlar üçün yaradıcı və çox təsiredici olmuşdur. Təmizlənmədən sonra, bu diqqətçəkən fiqurun sol tərəfində bəzi kölgəli yerlər qalmışdır. Digər hissələrdə tündlük çox azdır, qara xəttlər və ləkələr, restavrasiyadan sonra təmizlənmiş, həmçinin böyük balıq, ruhlar və kiçik memarlıq detallarındakı qaralıqlar da silinmişdir.

Zədələnmiş hissələr tənqidçilər tərəfindən "təqlid" hesab edilir. Cessi spandreli restavrasiyadan əvvəl və sonra. İndi, əsasən İsanın qohumlarını əks etdirən bir çox freskalar kimi, bu freskadakı əsas fiqurun gözləri yoxdur.

Restavrasiyadan sonra əsərlərdə dərinliyin itməsi tənqidçiləri narahat edən yeganə məsələ deyildi. Mikelancelonun əsərlərinin ən mühüm xüsusiyyətlərindən biri də çox dəqiqlik və incəliklə işlənmiş gözlər idi. Gözlər Mikelancelonun Sikstin kapellasındakı ən məşhur və təsirli freskalarından biri olan "Adəmin yaradılışı" freskasının əsas hissələrindən biridir. Adəm Tanrını seyr edir və Tanrının qoruyucu qolu altında yerləşən Həvva gələcək ərinin yaradılmasını izləyir və Mikelancelo bütün bu səhnələrdə əsas hissləri obrazların üzləri vasitəsiylə çatdırır.[22] Həmin üz detallarının əksəri buon fresko texnikası ilə işləndiyindən yaxşı saxlanaraq dövrümüzə çatmış, bəziləri isə çatmamışdır. Zorobabel lunetindəki ailənin gözləri, Aminadab lunetindəki fiqurun gözləri kimi boşdur, həmçinin tənqidçilər qeyd edirlər ki, Cessi lunetinin yuxarısından boylanan yaşıl və ağ rəngli fiqurun gözləri də qaranlıqdır.[22]

Arcimbau deyir:

"Elə bir şey təsəvvür edə bilərsinizmi ki, heç vaxt ölməsin və həmişə ilham qaynağı olaraq qalsın. Hazırda sanki dərisi soyulmuş və məyusedici görünüşə malik olan Sikstin kapellası məhz belə bir şey idi. …Rəssamın yaratdığı kompozisiya və rənglərin qorunması restavratorun borcudur. Əgər Kolaluççi Mikelancelonu kolorist hesab etsə və Pontormo və Rossi kimi onun əsərlərini rəngləndirmək qərarına gəlsə bu heç kimin vecinə olmayacaq. Onun işinin əsas xüsusiyyətləri hər kəsi işdən uzaq durmaq və özünü müdafiə etməkdir. Freskaların restavrasiyadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotoların müqayisə olunması Kolaliççinin sekko texnikası ilə işlənmiş bir çox detalları silməsi haqqında çoxlu sübutlar ortaya çıxır. Bu isə rəssamın əsərlərinin dəyişdirilməsi deməkdir."[18]

Riçard Serrin "Yalanlar və Qəbahətlər, Janluidci Kolaluççinin Sikstin kapellasındakı işləri" adlı essesində yazır:

"Mikelancelo freskalarının şanlı adlandırılan restavrasiyası onları həmişəlik məhv etmişdir. İndi biz nə desək də onları yenidən geri qaytara bilmərik. Biz yalnız Vatikan restavratorlarının işlərini sənədləşdirə bilərik ki, buna da razılıq verilmir."[22]

İşığın restavrasiyası

[redaktə | mənbəni redaktə et]

Vatikan muzeylərinin keçmiş baş direktoru Karlo Pietrangeli restavrasiya haqqında yazır: "Bu qaranlıq otağa işıq salınması və bu işığın şüaları altında hər şeyin aydınlanmasına bənzəyir."[6] Onun sözləri XVI əsrdə kapelladan bəhs etmiş Corco Vazarinin sözləri ilə səsləşir:

"Dünyada başqa elə səsrlər yoxdur ki, mükəmməlliyinə görə bunlarla müqayisə edilə bilsin… Tavan bizim incəsənətimiz üçün əsl mayak rolunu oynayıb, bütün rəssamların dəyərbiçilməz ilham mənbəyi olub, əsrlər boyu qaranlığın əsiri olmuş işığın dünyaya qaytarılmasını əks etdirib."[21]

Sikstin kapellasının lunetlərinin restavrasiyasının tamamlanmasından sonra Pietrangeli yazdığı önsözdə yalnız restavrasiya prosesində işçi heyəti ziyarət edib, öz dəyərli məsləhətləri ilə onlara kömək edən mütəxəssis və alimlərə deyil, eyni zamanda restavrastorların işlərini tənqid edərək, düzgün yol seçməkdə onlara kömək etmiş mütəxəssislərə də təşəkkür edir.[6]

  1. 1 2 John Shearman, essay The Chapel of Sixtus IV in The Sistine Chapel, ed. Massimo Giacometti, (1986) Harmony Books, ISBN 0–517–56274-X
  2. Massimo Giacometti, editor,The Sistine Chapel, (1986) Harmony Books, ISBN 0–517–56274-X
  3. University of Victoria art scholar, in the Queen's Quarterly, as quoted in: Osborne, John. "Address of the Holy Father John Paul II at the inauguration of the restored 15th century fresco cycle in the Sistine Chapel". The Globe and Mail. 11 February 1998. 2012-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-16.
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 Gianluigi Colalucci's essay, Michelangelo's Colours Rediscovered in The Sistine Chapel, ed. Massimo Giacometti. (1986) Harmony Books, ISBN 0–517–56274-X
  5. Vatikan Kitabxanası, Vat. Capponiano 231, f 238 and Chigiano G. III 66. f 108. as cited by Colalucci
  6. 1 2 3 Carlo Pietrangeli, Foreword to The Sistine Chapel, ed. Massimo Giacometti. (1986) Harmony Books, ISBN 0–517–56274-X
  7. 1 2 3 4 Fabrizio Mancinelli's essay, Michelangelo at Work in The Sistine Chapel, ed. Massimo Giacometti, (1986) Harmony Books, ISBN 0–517–56274-X
  8. "Homily preached by the Holy Father John Paul II at the mass of to celebrate the unveiling of the restorations of Michelangelo's frescoes in the Sistine Chapel". Vatican Publishing House. 8 April 1994. 11 June 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 oktyabr 2013.
  9. 1 2 "Address of the Holy Father John Paul II at the inauguration of the restored 15th century fresco cycle in the Sistine Chapel". Vatican Publishing House. 11 December 1999. 30 December 2001 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 oktyabr 2013.
  10. Pietrangeli, Hirst and Colalucci, eds. The Sistine Chapel: A Glorious Restoration, (1994) Harry N Abrams, ISBN 0-8109-8176-9
  11. Milanesi ed. Vasari, Vite… Book I, Chapter V, p.182, ed. Milanesi, Florence (1906), Kolaluççi istinad edir.
  12. 1 2 Carrier, United Technologies, Sistine Chapel, [1] Arxivləşdirilib 2009-02-22 at the Wayback Machine Retrieved on 2007–09–28. NOTE: This page is no longer available.
  13. James Beck and Michael Daley, Art Restoration, the Culture, the Business and the Scandal, W. W. Norton, 1995. ISBN 0-393-31297-6
  14. Grace Glueck, Halt Urged in Work on Sistine and "Last Supper", New York Times, 1987–03–06 [2] Arxivləşdirilib 2009-02-24 at the Wayback Machine. Retrieved 2013–10–28.
  15. Kimmelman, Michael. "Finding God in a Double Foldout". The New York Times. 8 December 1991. 2009-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-28.
  16. BBC News, Sistine Chapel Restored 1999–12–11, [3] Arxivləşdirilib 2007-08-10 at the Wayback Machine. Retrieved 2007–10–06.
  17. Andrew, Wordsworth. "Have Italy's art restorers cleaned up their act?". The Independent. 20 June 2000. 2013-06-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-28.
  18. 1 2 3 4 5 6 7 Arguimbau, Peter Layne. "Michelangelo's Cleaned off Sistine Chapel". Arguimbau. 5 October 2006. 2013-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-28.
  19. 1 2 3 4 "James Beck". ArtWatch. 2007-08-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-09-28.
  20. Fabrizio Mancinelli, in the essay Michelangelo at Work (The Sistine Chapel, ed. Giacometti), Wilson, Biagetti və Wilde istinad edir.
  21. 1 2 Giorgio Vasari, Michelangelo from Lives of the Artists,(1568) translated by George Bull, Penguin Classics, (1965) ISBN 0-14-044164-6
  22. 1 2 3 Serrin, Richard. "Lies and Misdemeanors, Gianluigi Colalucci's Sistine Chapel Revisted" (PDF). 2012-07-03 tarixində orijinalından (PDF) arxivləşdirilib.