Skalzi kilsəsi (Venesiya)

Santa Mariya di Nazaret kilsəsi (it. Chiesa di Santa Maria di Nazareth) — İtaliyanın Venesiya şəhərində yerləşən Roma katolik məbədidir. O, şəhər sakinləri tərəfindən daha çox "Skalzi kilsəsi" olaraq adlandırılır və bunun başlıca səbəbi, binada, yaradıldığı gündən etibarən Ayaqyalın Karmelitlər Ordeninin yerləşməsi idi (Skalzi (it. Scalzi) — italyan dilindən tərcümədə "ayaqyalın" deməkdir). XVII əsrin parlaq və möhtəşəm Venesiya barokkosu üslubunun təkrarolunmaz nümunəsi sayılan bu kilsə, dahi memar Baldassaro Longinin layihəsi əsasında inşa edilmişdir.

Santa Mariya di Nazaret kilsəsi
it. Chiesa di Santa Maria di Nazareth
Xəritə
45°26′28″ şm. e. 12°19′19″ ş. u.HGYO
Ölkə İtaliya İtaliya
 Veneto (vilayət)
Yerləşir Venesiya
Aidiyyatı Venesiya patriarxatının Roma-Katolik kilsəsi
Memar Baldassare LongenaCuzeppe Sardi
Tikilmə tarixi 1672-1680
Üslubu Barokko memarlığı
Material kərpic
Rəsmi sayt chiesadegliscalzi.it/ch/
Skalzi kilsəsi (Venesiya)
Skalzi kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Skalzi kilsəsi, Venesiyanın Kannareco sestierisində, daha dəqiq desək, Santa Luçiya dəmiryol vağzalı ilə qonşuluqda yerləşir. Vağzaldan şəhərə daxil olan bütün qonaqlar, Kanal Qrandeni keçərək, şəhərin mərkəzinə üz tutmaq üçün adətən kilsənin yaxınlığında yerləşən Ponte delyi Skalzi adlı böyük körpüdən və ya Ferrovia adlanan vaporetto stansiyasından istifadə edirlər.

Heykəltəraş Bernardo Falkoninin müəllifi olduğu Madonna körpəsi ilə kompozisiyası
Heykəltəraş Bernardo Falkoni tərəfindən yaradılmış və kilsənin fasadını bəzəyən Müqəddəs Sebastian və Mariya Maqdalenanın heykəlləri

Skalzini bəzəyən heykəllər dominant protaqonistlər rolunda çıxış edirlər və bu baxımdan kilsə, Venesiyanın yeganə və təkrarolunmaz müqəddəs dini tikilisi hesab edilir. Onun fasadında, altı künc kapella altarlarında və həmçinin əsas altarda, nef divarlarında və presviterilərdə mərmər heykəl nümunələri yerləşdirilmişdir. XVII əsrin ikinci yarısından XVIII əsrin əvvəlinə kimi davam edən Venesiya heykəltaraşlıq məktəbinin inkişafını və çiçəklənməsini əks etdirən bu heykəllər, öz kəmiyyət və keyfiyyətlərinə görə, kilsəni mükəmməl seyretmə qalereyasına çevirirlər. Bundan əmin olmaq üçün, kilsənin presviteriyasına daxil olmaq kifayət edir; mərmər sənətin bu şah əsərləri XVIII əsrin birinci onilliklərinin bədii səhnəsinin baş qəhrəmanları — Cuzeppe Torretti, Cuzeppe və Paolo Qroppelli qardaşları, karraralı Pyetro Barratta və həmçinin XVII əsrin ikinci yarısını əhatə etmiş barokko dövrünün iki böyük ustadı — Orazio Marinali və Custo Le Kur tərəfindən yaradılmışdır.

Venesiya arxivində saxlanılan və barokko dövrünün məhsuldar italyan yazıçısı Antonio Lupisə aid edilən 1680-ci ilin əlyazmasında olan qeydlərdən məlum olur ki, əsas altarın burulmuş sütunlarının arasında yerləşdirilmiş Santa Madre Tereza (tərcümədə Müqəddəs Tereza Ana) və Beato Covanni della Kroçe (tərcümədə Xaçlı İohann) adlı iki heykəl Flandriyalı usta Custo Le Kur tərəfindən yaradılmışdır. Antonio Lupis həmin heykəltaraşı Dövrümüzün Praksiteli və Adriatikanın Berninisi adlandırırdı. Xaçlı İohannın beatifikasiyası 1675-ci ildə Roma papası X Klement, kanonizasiyası isə, müvafiq olaraq 1726-cı ildə papa XIII Benedikt tərəfindən həyata keçirilmişdir.

Həmin dövrdə yazılmış digər sənəddə, kilsəni bəzəyən iki heykəlin sifarişçisi qismində, yuxarıda adı qeyd edilmiş ispaniyalı karmelit keşişi və həmin ordenin reformatoru Xaçlı İohannın pərəstişkarı olmuş zadəgan nəslin nümayəndəsi, vəkil Bernardo Navenin adı göstərilmişdir (onun Padua vilayətindəki Çittadelle şəhərində yerləşən şəxsi villasının ibadətxanasında heykəltaraş Custo tərəfindən yaradılmış inanılmaz sayda büstlər saxlanılırdı).

Ayaqyalın karmelitlər daha möhtəşəm kilsəyə sahib olmaları üçün Venesiyanın Senatına kollektiv şəkildə məktub yazaraq, qraf Cirolamo Kavazzanın ordenə himayədarlıq etməsi üçün torpaq sahəsinin və orada yerləşən kapellanın ona ötürülməsini xahiş etmişdilər. Yeni kilsənin və kapellanın təməlqoyma mərasimi 1671-ci ildə həyata keçirilmişdir. Xaçlı İohannın şərəfinə adlanan kapellanın layihəsi memar Ludoviko Davidə tapşırılmışdır. Bundan başqa Kavazza ailəsi tərəfindən kilsənin inşası üçün əlavə olaraq 75 000 dukat məbləğində pul ayrılmışdır. Həyatının çox hissəsi Serenissimaya xidmət göstərmiş yerli şəhər sakini Cirolamo Kavazza, fərqlənməyə görə medallarla təltif edilmiş və Madrid, Paris, Sürix, Münhen və Avropanın bir çox digər şəhərlərində diplomatik missiyalara başçılıq etmişdir.

Memar Cuzeppe Sardinin layihəsi əsasında inşa olunan kilsənin fasadı Venesiyanın simasını daha da əzəmətli edərək, yeni memarlıq istiqamətinin populyarlaşmasına səbəb olmuşdur. Şəhərin bəzəyinə çevrilmiş bu kilsə, təkcə xristian dininin simvolik olaraq daha da şöhrətləndirilməsi ilə kifayətlənmirdi; o, həmçinin ordenə himayədarlıq edən Kavazza ailəsinin təntənəli mərasimlərinin keçirilməsi üçün də geniş istifadə olunurdu. Məhz bu səbəbdən bu ailəyə məxsus gerb binanın tağvari timpanının mərkəzində quraşdırılmışdır (gerbin qalxanında sola tərəf baxan altı şir başı təsvir olunmuşdur). Öz gözəl, xeyirxah əməlləri ilə yaddaşlarda qalmaq və gələcək nəsillərə örnək olmaq məqsədilə, Kavazza ailəsi, rəqibləri hesab edilən Fini ailəsindən tamamilə fərqli mövqe seçmək qərarına gəlirlər (Fini ailəsi tərəfindən restavrasiya olunmuş Venesiyadakı San Moize kilsəsinin heykəllərlə və ornamentlə yüklənmiş fasadı, heykəltaraş Enriko Meyrinq tərəfindən hazırlanmışdır və binaya külli miqdarda pul xərcləmiş Fini ailəsinin ticarət uğurlarını olduqca impozant tərzdə tərifləyirdi). San Moize kilsəsindən fərqli olaraq, Skalzinin fasadında nə himayəçinin mərmər təsviri, nə də onun xüsusi üstünlüklərinin alleqorik təsəvvürü təqdim edilmişdir. Bunun əksinə olaraq, tikinti zamanı istifadə olunmuş materialların dəyəri, dekorativ ornamentlərin bolluğu və müxtəlif memarlıq elementlərinin artikulyasiyası sayəsində, fasad ona seyr edən insanları ilk baxışdan Venesiya dojlarının və yaxud XVI və XVII əsrlər prokuratorlarının ən təmtəraqlı məqbərələrini xatırlamağa vadar edir. Burada ən paradoksal məqam ondan ibarətdir ki, Cirolamo Kavazzanın karmelitlər ordeninə və Skalzi kilsəsinə himayədarlıq etməsinə baxmayaraq, o, ölməzdən bir neçə il öncə təmtəraqlı memorial başdaşı kompleksinin şəhərin Kannareco rayonunda yerləşən Mariya del Orto adlı digər kilsədə 1657-ci ildə inşa edilməsini sifariş etmiş və maliyyələşdirmişdir.

Zadəgan sinfinin ideallarına və mədəniyyətinə uyğun şəkildə inşa olunan kilsənin eksteryeri, orijinal antik memarlığını təkrar edərək, qiymətli karrar mərməri bolluca istifadə olunmuşdur. Binanın fasadını həmçinin yumru formalı iyirmi ədəd ikiqat klassik sütun və qızıl suyuna salınmış çoxlu detal bəzəyirdi. Kilsənin əsas frontonunu çılpaq qadın və kişi heykəlləri bəzəyir; öz ideal bədənləri ilə, onlar müqəddəs fiqurlardan daha çox yunan Olimpiya ilahilərini xatırladırlar.

Skalzi fasadının üzərində inşaat işləri təxminən 1672-ci ildə başlanmış, 1680-ci ildə isə tamamlanmışdır, lakin qeyd etmək lazımdır ki, fasadın heykəltaraşlıq dekorunun tamamlanması ən azı 1681-ci ilə qədər uzanmışdır. Bunun başlıca səbəbi, 8 may 1681-ci ilə aid edilən Kavazzanın vəsiyyətnaməsi ilə əlaqəli idi; o, öz vəsiyyətində, frontispisin yuxarı hissəsində daha iki heykəlin quraşdırılması barəsində varisi Cirolamo Liondan təkidlə xahiş edirdi. Həmin heykəllər frontonun hər iki tərəfində uzanıq tərzdə quraşdırılmışdır. Əllərində bir zamanlar mövcud olmuş atributların günümüzədək gəlib çatmaması səbəbindən, fiqurların identifikasıyası olduqca çətindir. Çiyinlərində qanad izlərinin olmaması, fiqurların mələklərə ithaf olunmadığa dəlalət edir. 12 sentyabr 1862-ci ildə kilsənin fasadının bərpa edilməsi münasibətilə italyan siyasətçisi və Venesiya respublikasının prokuroru və diplomatı Nikolo Erizzo tərəfindən dərc edilmiş məqalədə, həmin fiqurlara müvafiq olaraq Qabil və Habil adları verilmişdir.

Fasadın zəngin heykəltaraşlıq dekorunun yaradılması istiqamətindəm emarlıq dairələrində az tanınan Marinali qardaşları da işə cəlb edilmişdir ki, bu da o dövrün aristokratiyasının diqqətini cəlb etmişdir. Burada onu da vurğulamaq lazımdır ki, XVII əsr Venesiyasının ən bahalı və zəngin fasadının bəzədilməsi üçün Cirolamo Kavazza tərəfindən az tanınan heykəltaraşları işə götürmək qərarı heç də maddi çətinliklərdən yaranan məcburiyyətlə əlaqələndirilməməlidir, əksinə, o homines novi qədim latın ifadəsinə tam olaraq uyğun gəlir.

Skalzi kilsəsinin heykəltaraşlıq elementlərinin analizi fasadın zirvəsində yerləşdirilmiş və öz fizioqnomik tipologiyası, pozanın artikulyasiyası, əzələ kütlələrinin plastik ötürülməsi və səthlərin incə emalı ilə göz oxşayan fiqurlardan başlanır. Fasad kompozisiyasının birinci elementi sifarişçinin eponimi hesab edilən və oturmuş aslanın müşayiəti ilə münzəvi obrazında tövbə edən Müqəddəs İyeronimi təsvir edir. Fasadın küncündə quraşdırılmış yarımçılpaq kişi fiquru, öz güclü çiyinləri, kiçik ölçülü başı və poetik tərzdə Venesiya melanxoliyası adlandırılan gərgin ifadəli üz cizgiləri ilə incəsənət ustalarının diqqətini cəlb edir. Fiqur sağ ayaqda duraraq təsvir edilmişdir; onun sol ayağı əyilmiş və çarpazlaşdırılmış, sol dirsəyinin söykəndiyi bədəni yan tərəfə əyilmiş və dayağa ehtiyac duyur. Fasadın mərkəzində yerləşdirilmiş körpəylə Madonnaya tamaşa etmək üçün yarımçılpaq fiqurun başı sağa çevrilmişdir.

Madonna körpəsi ilə adlı mərkəzi fasad kompozisiyasının kənarlarında heykəltaraş Luici Ferrari tərəfindən 1882-ci ildə İnam və Ümid adlandırılan iki alleqorik fiqur quraşdırılmışdır. Sağ tərəfdə yerləşən fiqur ehtimal ki, 1915-ci ildə Avstriya ordusunun şəhəri bombalaması zamanı dağılmışdır (bombalanma nəticəsində kilsənin incisi sayılan Tiepolonun "Loreto evinin daşınması" adlı freskası məhv edilmişdir).

Alessandro Vittori tərəfindən San Françesko della Vinya kilsəsinin Montefeltro kapellası üçün hazırlanmış Müqəddəs Sebastian heykəlindən ilhamlanaraq Skalzinin fasadında yaradılan eyniadlı fiqur, Orazio Marinalinin uzunayaq kişi fiqurları ilə müqayisədə daha yığcam bədəni, güclü, amma daha kiçik çiyinləri və nisbətən böyük başı ilə səciyyələnir.

Yakopo Antonio Pozzonun müəllif olduğu Manin kapellasının mərmər dekoru. Burada ağrəngli elementlər Karrara mərmərindən, zümrüdü rəngdə Fessaliya mərmərindən, tündqırmızı panellər isə Langedok mərmərindən istifadə olunaraq hazırlanmışdır.
Polixrom materiallardan bolluca istifadə edilməklə, XVII əsrdə Ludoviko David tərəfindən inşa edilmiş Covanelli kapellasının dekoru

Skalzi kilsəsini çoxsaylı mərmər ornamentlər və müxtəlif detallar bəzəyir. Bütövlükdə Karrara mərmərindən hazırlanmış fasad, Venesiya kilsə tərtibatının nadir nümunələrindən biri hesab edilir. XV–XVI əsrlərin arasında Venesiyaya gətirilmiş bu litotip kristallik və dənəvər struktura, eləcə də xırda boz ləkələri ilə göz oxşayan ağ rəngə malikdir. Öz rəng çaları ilə Karrara mərmərinə bənzəyən və inşaatda tarixən istifadə olunan İstriya daşı isə, nefin memarlıq elementləri üçün istifadə olunmuşdur.

Arxiv sənədlərdən məlum olur ki, 1672 və 1673 illər arasında mərmər üzrə inşaat işləri müxtəlif daşyonanlar tərəfindən həyata keçirilmişdir; belə ki, daşyonma üzrə ustalar Cirolamo Viviani da San Trovazoya pilyastrların aşağı hissələrinin, Domeniko de Kavalyeriyə kapitellərin, Pollonio Covanni Talyapyetraya isə, Rovinyo (indiki Rovin) şəhərindən gətirilmiş incə və gözəl daşdan karnizarxitravın hazırlanması tapşırılmışdır. İstriya daşı (it. Pietra d'Istria) ənənəvi olaraq Venesiya və Dalmasiya memarlığında italyanlar tərəfindən istifadə olunurdu; Təcridolunmuş şəkildə laqunda yaşayan Venesiyanın öz inşaat materialları olmadığından, tikintidə lazım olan hər bir şey indiki Xorvatiyanın yerləşdiyi İstriya yarımadasından gətirilirdi. Dağlardan yonularaq çıxardılmış bu daş açıq sarı və ya solğun yaşıl çalarlara malik idi və zamanla, atmosferdəki olan dəyişikliklər və aşınma nəticəsində o, özünəməxsus "fil dişi" çalarını əldə edirdi. Beləliklə, İstriya daşının işıltılı rəngi tikintidə istifadə olunan rəngli daşlarla və kərpiclə yaxşı kontrast təşkil edirdi.[1][2][3] Yüksək intensivliklə baş verən Akva alta şəraitində havadakı rütubətə və dəniz suyundakı duzluluq səviyyəsinə qarşı olan dözümlüyü sayəsində bu tikinti materialı XIII əsrin sonundan Venesiyada həm binaların daxilində, həm də açıq havada geniş istifadə olunurdu. Nefin bəzədilməsi üçün mənşəyi Toskana vilayətinin Apua (indiki Pontremoli) şəhərində hələ Qədim Roma dövründə aşkar edilmiş və İntibah dövründə məşhur Mediçi sülaləsi tərəfindən yenidən populyarlaşdırılan brekçiya adlı dağ süxurunun qırıntılarından hazırlanmış lövhələrin istifadə olunması qərara alınmışdır.

Brekçiyanın elementlərini həmçinin ağ Karrara mərməri və fransız qırmızı mərmərindən (onu bəzən Langedok mərməri olaraq da adlandırırlar) hazırlanmış əsas altarda da aşkar etmək olar. Fransanın cənubunda yerləşən keçmiş Langedok-Russilyon bölgəsinin Kon-Minervua kommunasındakı Nuar dağından gətirilmiş Langedok mərməri qeyri-bərabər ölçülü ağ ləkələrə və tünd qırmızı fon rənginə malikdir. Langedok mərməri ümumiyyətlə barokko dövrünün tipik materiallarından biri idi və bu səbəbdən də olduqca bahalı tünd qırmızı mərmər incə şpon şəklində kilsənin əsas altarındakı burulmuş sütunlarda istifadə olunmuşdur. Altarın aşağı hissəsi və pillələri Rosso di Verona adlanan qırmızı-qəhvəyi əhəngdaşı materialından hazırlanmışdır; açıqrəngli mərmər konkresiyası və daşlaşmış ammonit fosilləri ilə diqqəti cəlb edən bu material Lessiniya dağlarında və Aziaqo şəhəri yaxınlığındakı platoda çıxarılaraq, Venesiyaya gətirilmişdir.

Əsas altarda istifadə olunmuş materialları, künc xorlarda da görmək olar; burada yuxarıda qeyd olunmuş mərmər növləri ilə birlikdə həm də "Nero Antiko" adlanan ağ zolaqlı qara mərməri də görmək olar. Bu litotip növü XVII və XVIII əsrlərdə olduqca məşhur idi və əsasən yüksək təbəqə nümayəndələrinin qəbirdaşlarının və ya məqbərələrinin tikintisində istifadə olunurdu.

Düm ağ çalarlı Müqəddəs Tereza altarı sadəlik və eyni zamanda zərifliyi simvolizə edirsə, Müqəddəs Ailə və ya Manin kapellasının altarı materialların daha böyük müxtəlifliyini seçilir. Arxiv sənədlərə əsasən, o daşyonan Covanni Battista Fattoretto tərəfindən 1716-cı ildə Verde Antico et Africano adlı daşla bəzədilmişdir. Bəzən Fessaliya mərməri olaraq adlanan, əsl adı isə ofikalsit olan ağ çilli, zümrüdü-yaşıl rəngli və xırda dənəli metamorfik dağ süxuru, tarixən Afrikada, daha dəqiq desək Misirdə hasil olunurdu. Qəhvəyi sement və ağ qırıntılarla birgə sonuncunun istifadəsi altarı əhatə edən "reqolon", yəni kürsülük və böyük sütunlarla məhdudlaşdırılmışdır. Yunan mənşəli bu material, bizans dövrünə qədər B.e. II əsrindən etibarən olduqca məşhur idi.

Nəhayət, Manin və ya Müqəddəs Ailə altarının iki yan karniz divarlarındakı nəzərəçarpacaq dərəcədə böyük olan sarı rəngli materialı Brentoniko brekçiyası adlanır. Günümüzədək İtaliyanın Trentino əyalətindəki eyniadlı dağında hasil olunan bu mərmər, Venesiyada barokko üslublu bir çox altarların istehsalı üçün istifadə olunurdu. Bəzən çəhrayı və ya bənövşəyi xalları olan olan bu mərmərin dolğun sarı rəngi var.

Müvafiq olaraq Venyer və Mora kapellalarında yerləşən Müqəddəs Sebastiyan və Xaçlı İohann altarları açıqrəngli mərmər çərçivələr ilə tamamilə qara rəngdə olan panel və sütunlar arasında öz xromatik ziddiyyətində oxşardırlar. Bu termin hazırda həmcins qara rəngə və yığcam struktura malik olan və bununla da makroskopik identifikasının demək olar ki, mümkünsüz edən müxtəlif mənşəli karbonatlı və bitum əhəngdaşılarının müxtəlif tərkibli qrupunun təsviri üçün istifadə olunur. Bu qrupa xüsusi olaraq barokko dövründə olduqca sıx istifadə olunmuş Belçika qara mərmərini aid etmək olar.

Çarmıxa çəkmə altarına nəzər yetirdikdə, Karrara mərmərinin və İstriya daşının Verde Antiko (antik yaşıl) və Bardilyo (boz) polixrom materialları ilə necə mahiranə şəkildə birləşdiyini görmək olar. Daş oyma ustası Bettamelliyə 1680 və 1683 illər arasında sifariş edilmiş Xaçlı İohann altarı isə, Çarmıxa çəkmə altarı ilə müqayisədə daha da rəngarəng görünür. Kilsənin ən bahalı materialı hesab olunan altarın sütunları qədim isveçrə Makkiavekkiya mərmərindən hazırlanmışdır. İsveçrənin Tiçino kantonunda yerləşən Arzo icmasıMendrizio şəhəri yaxınlığında kəsilmiş material açıq və tünd qırmızı, boz və qara rəng çalarlarına görə dəyişir. O XVII və XVIII əsrlərdə şimali İtaliyada geniş istifadə olunurdu.

Digər çoxsaylı mərmər dekorları kilsənin divarlarını örtür, kapella tağ-tavanlarını, sürahıbəndləri hətta qapıları bəzəyir. Müqəddəs Tereza kapellasının mərmər üz çəkməsi daş oymaçı Bortolo tərəfindən yerinə yetirilmişdir.

30 may 1915-ci ildə, İtaliya Krallığı ilə Avstriya-Macarıstan imperiyası arasında müharibənin elan olunmasından iki həftə sonra, amerika jurnalisti Corc Makklellan Nyu-York Tayms qəzetində "Müharibə zamanı Venesiyaya olan təhlükə" adlı məqaləni dərc etmişdir. Makklellan öz məqaləsində müharibənin episentrində olan Venesiyanın tamamilə müdafiəsiz qaldığını izah edirdi. Müharibənin başlamasından bir neçə il öncə, italyan hökuməti XIX əsrdə kasıblaşmış Venesiya şəhərinin iqtisadiyyatını canlandırmaq ümidi ilə, köhnə Arsenalı yenidən tikməyə və müasirləşdirməyə qərar vermişdir. İşğalçılıq arzusunda olan avstriya qoşunları isə, vaxtı boşa itirməyərək, Venesiyadan cəmi 160 km məsafədə yerləşən Pulada hərbi bazanın yaradılması ilə məşğul idilər. Şəhərin və Arsenalın müdafiəsi üçün italyanlar Lido adasında cəmi bir neçə yüngül silahlı qoşunları cəlb edə bilmişdilər. Makklellan qeyd edir ki, düşmən təyyarələri müqavimət göstərməkdə aciz qalan şəhərin üstündən asanlıqla uça bilirdi. Venesiyanın qıyğısız və sakit həyatını təhlükə altına salmış avstriyalıları ittiham etmək əvəzinə, Makklellan şəhərin ağır vəziyyətə düşməsində bütün məsuliyyəti Romanın üzərinə qoymuşdur.

Avstriya-Macarıstan təhlükəsi ilə üz-üzə qalmış Venesiyanın o dövrki başçısı qraf Filippo Qrimani, kilsələrin bombalanma nəticəsində məhv olacağından qorxaraq, onların interyerlərini bəzəyən bütün rəsm əsərlərinin yığışdırılmasını və təhlükəsiz yerlərdə gizlədilməsini əmr etmişdir.

İtaliya hökumətinə edilən xəbərdarlıqdan beş ay sonra, yəni 24 oktyabr 1915-ci ilin axşamı Avstriya-Macarıstan imperatoru I Frans İosifin birbaşa əmri ilə Avstriya generalları italyan dəmir yollarına və digər strateji obyektlərə zərbələrin endirilməsi üçün hərbi aviasiyanı Venesiya istiqamətində göndərdilər. Bombalanma nəticəsində baş vermiş çoxsaylı insan itkiləri ilə birgə, Venesiya daha bir böyük itkiyə məruz qalmışdır: Skalzi kilsəsinin nefi üzərində 1743–1745-ci illərdə Cambattista Tiepolo və Cerolamo Menqozzi tərəfindən yüksək ustalıqla işlənmiş və Venesiyanın incisi hesab edilən "Müqəddəs evin daşınması" freskası məhv olmuşdur. Kilsənin bədbəxt taleyi, onun 1860-cı ildə inşa olunmuş dəmiryol vağzalı ilə qonşuluqda yerləşməsi idi.

Mədəni dünya freskanın məhv olmasına dərhal reaksiya vermişdir, ingilis yazıçısı Bouir Nikols isə həmin ilin dekabr ayında Burlington Magazine jurnalında dərc etdiyi qəmqin məqaləsində, Cuzeppe Sardinin layihəsi əsasında inşa edilmiş möhtəşəm kilsənin I Frans İosif tərəfindən partlayışlardan sonra bərpa işləri üçün ayırdığı maddi yardımı və fasadın üzərinə bərpa işləri zamanı yerləşdirilmiş istehza xarakterli absurd yazıları qeyd edirdi.

Müqəddəs evin daşınması adlı freskadan başqa, kilsənin interyerini günümüzədək qorunub saxlanılmış daha iki möhtəşəm divar rəsm əsəri bəzəyir. Onlardan birisi 1790-cı illərin sonunda mərkəzi kapellanın qübbəsində yaradılmış və "Müqəddəs Terezanın Şöhrəti" adlandırılmışdır. Həmin divar rəsm əsərinin müəllifi olmuş Enriko Meyrinq bir neçə il sonra həmin kapellanın altarında "Müqəddəs Terezanın ekstazı" adlı daha bir əsəri yaratmış, freska və kətan üzrə rəsm ustası Nikolo Bambini isə Müqəddəs İosif kapellasının yan divarlarını "Müqəddəs Terezanı təhlükədən xilas edən Müqəddəs İosif" və "Müqəddəsləşdirilmiş ordunun möcüzəsi" adlı iki rəsm əsəri ilə bəzəmişdir.

Dojlar sarayındakı Böyük Şura zalının tavan və plafonlarını bəzəyən və rəssam Paolo Veronezenin ən məşhur əsərlərindən birisi hesab edilən "Venesiyanın triumfu" adlı alleqorik obrazından ilhamlanan Tiepolo, Skalzi kilsəsində Müqəddəs Tereza divar rəsmini yaradarkən, XVI əsrin Venesiya bədii incəsənət ənənələrinə və renessans dövrünün standartlarına riayət etməyə çalışırdı.

  1. "Raffaella Geometrante, Dario Almesberger, Antonio Rizzo: Characterisation of the State of compression of Pietra D'Istria elements by Non Destructive Ultrasonic Technique.". 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-09.
  2. "M. Simunic Bursic, D. Aljinovic, S. Cancelliere: Kirmenjak-Pietra d'Istria: a preliminary investigation of its use in Venetian architectural heritage. In: Geological Society, London, Special Publications; 2007; v. 271; p. 63-68 (abstract)". 2021-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-09.
  3. "Venice, an online exhibit produced in ARTH 470z at the University of Mary Washington : Istrian stone". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-09.