Special Force (azərb. Xüsusi qüvvələr) — Livan silahlı qruplaşması olan "Hizbullah" Mərkəzi İnternet Bürosu tərəfindən 2003-cü ildə istehsal olunan birinci şəxs atıcı. Videoyun "Hizbullah" və İsrail arasında baş tutmuş Cənubi Livan münaqişəsindən döyüşləri canlandırır, oyunçu İsrail əsgərlərini məğlub etmək vəzifəsi daşıyan "Hizbullah" döyüşçüsü rolunu oynayır. "Hizbullah" bu oyunu yaratmaq ideyasını 2000-ci ildə münaqişə sona çatdıqdan çox keçməmiş formalaşdırmış, iki ildən artıq müddətdə "Hadeel" şirkəti ilə birlikdə istehsal etmişdir. "Special Force" 2003-cü ilin fevralında bir neçə ərəb ölkəsində buraxılmış və sentyabr ayına qədər 18,000 kopyası satılmışdır. Təbliğat və hərbi xidmətə cəlb etmə vasitəsi kimi qiymətləndirilən videooyun yəhudi təşkilatları və İsrail rəsmiləri tərəfindən pislənmişdir. Bu, "America's Army" kimi videooyunların rolları dəyişdirilmiş forması qeyd edilmiş, köhnəlmiş texnologiyası ilə diqqət çəkmişdir. 2006-cı ildə eyni tərəflər arasında baş vermiş Livan müharibəsinə əsaslanan "Special Force 2: Tale of the Truthful Pledge" sikveli 2007-ci ilin avqustunda buraxılmış, məhdud dərəcədə uğur əldə etmişdir.
Special Force | |
---|---|
| |
Hazırlayan | Hadeel |
Yayımlayan | "Hizbullah" Mərkəzi İnternet Bürosu |
Distribüterlər | Sunlight |
Buraxılış tarixləri | 31 dekabr 2003[1] |
Janr | birinci şəxs atıcı |
Texniki məlumat | |
Platforma | Microsoft Windows |
Oyun rejimi | birnəfərli oyun |
İnterfeysin dili | ərəb, ingilis, fransız, fars |
İdarəetmə | kompüter klaviaturası |
"Special Force" hadisələrin İsrail və "Hizbullah" arasında baş tutmuş Cənubi Livan münaqişəsində cərəyan etdiyi birinci şəxs atıcıdır. "Hizbullah" bəzi ölkələr tərəfindən terror təşkilatı kimi tanınan Livan silahlı qruplaşmasıdır.[2][3] Videooyun münaqişə zamanı baş vermiş bir neçə "Hizbullah" əməliyyatını, o cümlədən onların coğrafi yerləri, hava şəraiti, minaların təşkili və döyüşçülərin sayını təsvir edir.[4][5] Oyunçu "Hizbullah" döyüşçüsü rolunu oynayır.[6] Hər bir missiyanın əvvəlində hekayə mətn brifinqi vasitəsilə davam etdirilir. Əsasən küçə toqquşmalarından ibarət üç missiya var.[7][8] Döyüşdə oyunçu İsrail əsgərlərinə, onların "Merkava" tanklarına və "Boeing AH-64 Apache" helikopterlərinə qarşı bıçaq, tapança, Kalaşnikov tüfəngləri və əl qumbaralarından istifadə edir.[2]
Məşq rejimində oyunçu xal toplamaq üçün İsrailin tanınmış siyasi və hərbi xadimlərinin (o cümlədən baş nazir Ariel Şaron, müdafiə naziri Şaul Mofaz və keçmiş baş nazir Ehud Barak) posterlərinə atəş açır.[2][9][10] Oyunu başa vurduqdan sonra oyunçu "Hizbullah"ın lideri Həsən Nəsrullahın virtual medalı və sertifikatı ilə təltif olunur, həmçinin münaqişə zamanı şəhid olan bəzi "Hizbullah" döyüşçülərinin şəkilləri göstərilir.[2][10] Oyun ərəb, ingilis, fransız və fars dillərində mövcuddur.[2][11]
"Special Force" videooyunu "Hizbullah"ın Mərkəzi İnternet Bürosu tərəfindən istehsal edilmişdir.[12] Onlar bu ideyanı 2000-ci ildə Cənubi Livan münaqişəsi sona çatdıqdan çox keçməmiş formalaşdırmış, bu ideya "Hizbullah"ın yüksək səviyyəli rəsmiləri tərəfindən təsdiqlənmişdir.[4][10] Qrupun proqram təminatlarının buraxılması və vebsaytların, o cümlədən münaqişə ilə bağlı medianın saxlanmasında uzun illər təcrübəsi olsa da, bu layihə onların ilk videooyunu idi.[2] Oyun Livanın "Hadeel" şirkəti tərəfindən ödənişsiz oyun mühərriki olan "Genesis3D"dən istifadə edərək istehsal olunmuşdur.[12] Mərkəzi İnternet Bürosunun rəsmilərindən biri Mahmud Rəyyanın dediyinə görə, bu, ərəbləri Amerika qəhrəmanları tərəfindən məğlub ediləcək düşmən kimi təqdim edən xarici videooyunlara qarşı çıxması üçün nəzərdə tutulmuşdur.[2][4] Onlar real döyüş ssenarilərini canlandırmaq üçün "Hizbullah"ın media arxivlərindən, o cümlədən filmlərdən və xəritələrdən istifadə etmişdilər.[2] İki ildən çox davam edən istehsal prosesindən sonra videooyun 16 fevral 2003-cü ildə Livan, Suriya, İran, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərində buraxılmışdır.[4][10] Bu, "Sunlight" şirkəti tərəfindən distribusiya edilmiş, daxili bazara və Livan diasporuna satılmışdır.[2][12]
"Special Force" videooyununun 8,000 kopyalıq ilk partiyası bir həftə ərzində satılıb qurtarmışdı. "Sunlight"ın sahibi Qasım Qəddarın sözlərinə görə, satışlar gözləntiləri üstələmişdi.[2] Xarici bazarlara Avstraliya, Kanada, Almaniya və Birləşmiş Krallıq daxil idi.[11][13] 2003-cü ilin sentyabrına qədər 18,000-dən çox kopya satılmışdı. Bunun 10,000-i Livanda, 1.000-i isə Avropa və Avstraliyadadır. Birləşmiş Krallıqda 200-dən çox kopya satılmışdır.[10][13] 2014-cü ilin oktyabrına qədər oyun bəzi ərəb ölkələrində yalnız telefon sifarişi ilə mövcud idi.[14]
Bir neçə media orqanına müsahibə verən livanlı uşaqlar israilliləri öldürməyə imkan verdiyi üçün oyuna olan sevgilərini ifadə etmişdilər, çünki onlar bunu real həyatda edə bilmirdilər.[2][9][11] Nyu-York Universitetinin dosenti Aleksandr Qallouey oyunu "mövcud sosial siyasətin birbaşa tənqidinə səbəb olan məzlumların gündəlik mübarizələrini" əks etdirmək üçün "mövcud olan ilk həqiqi realist oyunlar arasında" hesab etmişdi. O, oyunun "America's Army" kimi videooyunların rolları dəyişdirilmiş forması olduğuna inanırdı. Onun fikrinə görə, burada ərəblər düşmən rolundan çox baş qəhrəman mövqeyinə qoyulmuşdu. Qalloueyə görə, oyunda ara-sıra intifadayameylli və antiisrail ikonoqrafiyası təsvir edilmişdi, lakin oyunda bunlardan başqa heç bir güclü povest mesajı yox idi. Bununla belə, eyni mövzulu "Under Ash" oyunundan fərqli olaraq, o, "Special Force"da heç bir təhsil tonu olmadığını və yalnız şiddətə müraciət etdiyini hiss etmişdir.[6] "Frankfurter Allgemeine Zeitung" texniki baxış bucağından fikir bildirərək oyunun Qərb buraxılışları ilə rəqabət apara bilməyəcəyini, təxminən iki il geridə qaldığını və "Windows"un daha yeni versiyalarında uyğunluq problemlərinin olduğunu qeyd etmişdir.[12]
"Special Force" Britaniya Yəhudilərinin Deputatlar Şurası kimi yəhudi təşkilatları tərəfindən qınanmışdır.[10][13] İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Ron Prosor bunu İsrail və Livan arasında "həqiqi sülh şansının qarşısını alan təhsil prosesinin bir hissəsi" adlandırmışdır.[2] Avstraliyalı siyasətçi Maykl Danbi bunu insanlıqdan kənarlaşdıran bir şey hesab etmiş, "Genesis3D"nin yaradıcısı "Eclipse Entertainment" isə özünü oyundan uzaqlaşdırmışdır.[10][12] "The New York Times" nəşri "Special Force" videooyununu "Hizbullah"ın Livan mediasında özünü məşhur bir qurum kimi tanıtmaq üçün apardığı təbliğat səylərinin bir hissəsi kimi xarakterizə etmişdir.[11] "Sunday Herald" nəşrində qeyd edilmişdir ki, bu, gənc oyunçuları "Hizbullah"a qoşulmağa sövq etmək məqsədi daşıyan bir vasitədir.[5] "Frankfurter Allgemeine Zeitung"a görə, bu, xüsusilə mütəmadi olaraq belə zorakılığa məruz qalan və oyunçu personaj ilə özünü əlaqələndirə bilən gənclərə təsir etmək qabiliyyətinə malikdir.[15] Holonda yerləşən İsrail Rəqəmsal İncəsənət Mərkəzi oyunu 2006-cı ilin dekabrından etibarən özünün "Qadağan olunmuş oyunlar" ideoloji videooyunlar sərgisinin bir hissəsi kimi nümayiş etdirmişdir.[16][17]
2006-cı ildə "Hizbullah" və İsrail arasında baş tutmuş Livan müharibəsindən sonra Hizbullah "Special Force 2: Tale of the Truthful Pledge" adlı sikveldə münaqişəni yenidən təsvir etmişdir.[14] Bu, orijinal oyunun istehsalçıları tərəfindən yeni yaradılmış "Might 3D" studiyasında "CryEngine"in lisenziyasız versiyasından istifadə edərək istehsal olunmuşdur.[7][14] Oyun genişləndirilmiş arsenal və resurs idarəetməsi ilə dörd səviyyəyə malikdir.[14][18] "Hizbullah" 16 avqust 2007-ci ildə "Special Force 2"ni buraxmış və onu münaqişə ilə bağlı yerli sərgidə nümayiş etdirmişdir.[18][19] Qrup həm ölkə daxilində, həm də xaricdə yüksək tələbat gözləyirdi və Livanda oyunun bir neçə yüz kopyası əvvəlcədən sifariş edilmişdir.[18] "Special Force 2" ölkədə "məhdud şöhrət" qazanmışdı.[14] "Special Force 2" yalnız rəsmi olaraq ərəb dilində buraxılmışdı, baxmayaraq ki, qeyri-rəsmi, ödənişsiz ingiliscə versiyası da mövcuddur.[7][14] Videooyunun ingilis dilində olan versiyasının müəllifi qeyd etmişdir ki, videooyunu "Hizbullah"a və ya lokal məscidə 10 ABŞ dolları ianə vermədən endirmək haramdır.[14]