Dinosaur Game[1] (həmçinin Chrome Dino[2] kimi də bilinir) — "Google" tərəfindən yaradılmış və "Google Chrome" veb-brauzerində quraşdırılmış brauzer oyunu. Oyunçu yönləndirdiyi tirannozavrı soldan sağa qaçırdaraq hərəkət etdirir və daha yüksək nəticə qazanmaq üçün maneələri aşır. Oyun 2014-cü ildə "Chrome UX" komandasının üzvləri tərəfindən yaradılmışdır.
Dinosaur Game | |
---|---|
| |
Hazırlayan | |
Yayımlayan | |
Buraxılış tarixi | 2014 |
Janrlar | sonsuz qaçış oyunu |
Dizaynerlər |
Sebastiyan Qabriyel Alan Bettes Edvard Cunq |
Texniki məlumat | |
Platforma | brauzer |
Oyun rejimi | birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili |
İdarəetmə | kompüter klaviaturası, sensor ekran |
Vikianbarda əlaqəli mediafayllar |
İstifadəçi oflayn olduğu vaxt "Google Chrome"da veb-səhifəyə daxil olmağa cəhd etdikdə, brauzer istifadəçiyə internetə qoşulmaması barədə məlumat verir və səhifədə pikselləşdirilmiş tirannozavr təsvir olunur.[3] Oyun space və ya ↑ düymələrinə basmaqla masaüstündə, "Android" və "iOS" mobil əməliyyat sistemlərində dinozavrın üzərində toxunmaqla başladıla bilər. Əlavə olaraq, brauzerin axtarış çubuğuna chrome://dino
və ya chrome://network-error/-106
keçidlərini daxil edərək oyuna girmək olar.[4]
Oyun zamanı dinozavr dayanmadan ağ-qara səhra mənzərəsi boyunca soldan sağa hərəkət edir, oyunçu hoppanaraq kaktuslardan və ya əyilərək pterozavr kimi qarşıdan gələn maneələrdən qaçmağa çalışır.[5] space, ↑ düymələrini basaraq yaxud mobil cihazlarda dinozavra basmaq vasitəsilə dinozavrın hoppanmasına, ↓ düyməsinə basmaqla isə əyilməsinə nail olunur. Oyun irəllədikcə, yaxud oyunçu dinozavrı hər hansı bir maneəyə vurana qədər oyunun sürəti yavaş-yavaş çoxalır və oyunun başa çatma ehtimalı getdikcə artır.
Oyunçu təxmini 700 xala çatdıqdan sonra oyun ağ fonda tünd qrafikadan qara fonda boz qrafikaya keçir, gündüzdən gecəyə keçişi təmsil edir, gündüz səma qrafikası da gecə səma qrafikinə çevrilir.[a] Oyunun teması daha sonra oyun irəlilədikcə dəyişir.[6][7] Oyun Təbaşir-Paleogen dövrünün məhv olması[ing.] hadisəsi zamanı tirannozavrın nəslinin kəsilməsindən əvvəl nə qədər vaxt mövcud olduğuna istinad edərək, təxminən 17 milyon illik oynanma vaxtından sonra maksimum xala çatılacaq şəkildə tərtib edilmişdir.[8]
Əgər şəbəkə administratoru oyunu deaktiv edərsə, oyunu oynamağa cəhd edərkən oyunçu dinozavra doğru gələn meteor toplarını görəcək.[9]
Oyun 2014-cü ildə Sebastiyan Qabriyel, Alan Bettes və Edvard Cunqdan ibarət "Chrome UX" komandasının üzvləri tərəfindən yaradıldı.[10] Qabriyel "Lonely T-Rex" (azərb. Tənha T-rex) adlı oyunçu personajını dizayn etdi.[3] Təkmilləşdirmə zamanı oyuna "T. Rex" qrupunun solisti Mark Bolana istinad edilərək "Project Bolan" kod adı verildi. Tərtibatçılar dinozavrı oyunun funksiyasına ona görə seçiblər ki, bu zarafat internet bağlantısının olmaması "tarixdən əvvəlki dövrlərdə" yaşamağa bərabərdir deməkdir. Oyun 2014-cü ilin sentyabrında buraxıldı, əvvəlcə köhnə cihazlarda işləmədi, buna görə də kod eyni ilin dekabrında yeniləndi və yenidən buraxıldı.[11] Pterozavrlar 2015-ci ildə brauzer yeniləməsi ilə maneə kimi əlavə edildi.[12]
2018-ci ilin sentyabrında "Chrome"un 10-cu və oyunun 4-cü ad gününü qeyd etmək münasibətilə oyuna bir pasxa yumurtası əlavə edildi, səhrada bir doğum günü tortu peyda oldu və əgər tortun "yeyildiyi" halda "Lonely T-Rex"də doğum günü papağı göründü.[13] Həmin ilin noyabr ayında "Google" oyunçunun yüksək xalını qeydə almaq üçün bir funksiya əlavə etdi.[14] Oyunun mənbə kodu "Chromium" saytında mövcuddur.[15]
2021-ci ildə "Google" mart ayında "iOS 14" üçün oyunçuları chrome://dino
bağlantısına yönləndirən vidgeti təqdim etdi;[16] oxşar bir vidgeti həmin ilin sonunda Android üçün də təqdim etdi.[17] İyul ayında 2020 Yay Olimpiya Oyunları üçün müxtəlif olimpiya fəaliyyətlərini simulyasiya edən olimpiya məşəli pasxa yumurtası əlavə olundu.[18] Məşələ çatdığında dino üzgüçülük, qaçış və bir çox fərqli Olimpiya oyunları ilə qarşılaşır. Adi kaktuslar və pterozavr maneələri yerinə artıq Olimpiyada ilə əlaqəli çətinliklərlə qarşılaşır.[19]
Oyun yaradıcıların 2018-ci ilin sentyabrında ayda təxminən 270 milyon oynandığını bildirməsi ilə geniş miqyasda tanındı.[8]
2021-ci ilin iyulunda "Awesome Foundation"[ing.] xeyriyyə təşkilatının köməyi ilə gənclər tərəfindən Ermənistanın Loru rayonunun Güləkərək kəndində oyun personajı dinozavra aid heykəl yaradılmışdır.[20]
Oyuna "Simpsonlar"ın 34-cü mövsümünün premyerası "Habeas Tortoise"ın "couch gag" açılış kadrında göndərmə edilir.[21][22][23]
2020-ci ilin mayında "Microsoft Edge" yenilənməsi oyunçuların əngəllərdən qaçmağa və gücləndiricilər toplamağa çalışan bir sörfçünü idarə etdiyi "Surf" oyununu əlavə etdi. "Dinosaur Game" kimi, brauzer oflayn ikən bir xəta səhifəsindən oyuna daxil olmaq mümkündür. Oyun personajı fərdiləşdirməyə və müxtəlif idarəetmə sxemlərinin istifadəsinə imkan verir.[24]
2020-ci ilin avqustunda "MSCHF" və "100 Thieves" şirkətləri "Dino Swords" adlı oyunun kiçik bir silah arsenalından və zamanı yavaşladan həbblərdən ibarət modifikasiya edilmiş bir versiyasını yaratmaq üçün ortaqlıq qurdular, yanlış idarə olunduqda silahlar əks nəticə verə və dinozavra zərər verə bilər.[25]