Həzərparə Əhməd Paşa (ö. 8 avqust 1648) — Sultan İbrahim dönəmində 21 sentyabr 1647 - 7 avqust 1648 tarixlərində ümumilikdə 10 ay 16 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.
Həzərparə Əhməd Paşa | |
---|---|
هيزاربار أحمد باشا | |
21 sentyabr 1647 – 7 avqust 1648 | |
Əvvəlki | Qara Musa Paşa |
Sonrakı | Sofu Mehmed Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XVII əsr |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | Linç mühakiməsi |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Beyhan Sultan |
İstanbulda dünyaya gəlmişdir. Vəfat etdiyində 50-li yaşlarda olduğu bilinir. Buna görə də doğum tarixi təqribi olaraq XVI əsrin sonları qəbul edilir. Bir sipahi əsgərinin oğlu idi. Sürətli və gözəl xətt yazısı olduğundan öncə maliyyə qurumlarında çalışmış, Sədrəzəm Kəmankeş Qara Mustafa Paşa dönəmində məhkəmə işlərində, çox keçmədən yeni sədrəzəm seçilən Sultanzadə Mehmed Paşaya hədiyyələr göndərərək dəftərxana əmini seçildi. 1646-cı ilin noyabrında vəzir rütbəsiylə dəftərdarlığa yüksəldi. Bəzi mənbələrə görə, rüşvətlə, bəzilərinə görə isə, intriqalarla 21 sentyabr 1647 tarixində sədarətə gətirildi. Bu əsnada padşahın 2 yaşındakı qızı Beyhan Sultana namizəd olmuş, beləliklə, saraya kürəkən seçilmişdir.
Sədarətə gətirildiyi əsnada dövlət daxildə böyük ixtişaşlar içərisində, xaricdə isə Krit adası səbəbilə Venesiya ilə müharibə şəraitində idi. Çanaqqala boğazını ələ keçirən venesiyalılar Bosniya sahillərini də nəzarət altına almışdılar. Bununla yanaşı Klis qalası da venesiyalıların əlinə keçmiş, sədrəzəm Əhməd Paşa isə bunu padşahdan gizlətmişdir. O əsnada Rumeli bəylərbəyliyindən alınıb ikinci vəzir olaraq paytaxta gələn, eyni zamanda Sultan İbrahimin də kürəkən olan Fazil Paşa həqiqəti sədrəzəmin yanında sultana açıqlamış, bununla yanaşı, sədrəzəmi rüşvətxorluqla, dövlət vəzifələrini satmaqla və padşahı dövlət məsələlərindən uzaq tutmaqla günahlandırdı. Bütün bunları ilk dəfə eşidən Sultan İbrahim isə kürəkənini danlayıb əvvəlcə həbs etmiş, ardından Azov qalasının mühafizəsi ilə vəzifələndirərək paytaxtdan uzaqlaşdırmışdır. Əhməd Paşa, həqiqətlərin eşidilməməsi üçün sarayda gedən müharibə ilə əlaqədar danışmağı qadağan etmiş, bu əsnada Venesiya donanmasının da Çanaqqala boğazını zəbt etməsini padşahdan gizlətmişdir.
Əhməd Paşa daxili və xarici məsələləri həll etmək yerinə, Sultan İbrahimin arzu və istəklərini yerinə yetirməklə məşğul idi. Padşahın samur kürkə və kəhrəbaya olan xüsusi marağı səbəbilə yaranan əlavə xərcləri ödəmək üçün sədrəzəm İstanbul əhalisindən, dövlət xadimlərindən, yüksək rütbəli üləmadan, hətta yeniçəri ağalarından belə “samur və kəhərba vergisi” adı altında pul toplamış, bu vəziyyət isə başda Qalata qazısı Mehmed Çələbi olmaqla üləmanın narazılığına səbəb olmuşdu. Əhməd Paşa daha da irəli gedərək elm sahəsindəki bəzi vəzifələri də açıq-aşkar satışa çıxarmışdı. Bütün bunlar azmış kimi, Sultan İbrahim üçün ümumi dəyəri 40 min real olan səltənət qayığı hazırlatmağa başlamışdı. Hətta Kritdə yoxluq içərisində adanı mühasirədə saxlayan Dəli Hüseyn Paşanın yardım istəklərini qarşılamamış, əksinə orada döyüşən bəylərbəyilərin və bəylərin vəzifələrini pul qarşılığı başqalarına satmışdı.
Sədrəzəmin bu hərəkətləri həm ordu, həm əhali, həm də üləma arasında etirazlara səbəb olmuşdu. Başda Qara Murad ağa olmaqla, yeniçərilər sədrəzəmin baş düşməninə çevrilmişdi. Bu səbəblə özünə müxalif olan bu qrupu aradan qaldırmaq istəyən Əhməd Paşa oğlu Baki bəyin toy mərasiminə Qara Murad ağa və digər yeniçəri ağalarını çağırmış, burada onları gizlicə öldürtmək istəsə də, məsələnin üstü açılmışdı. Məsələnin ciddi olduğunu anlayan yeniçərilər Orta məsciddə toplandılar və sədrəzəmin vəzifədən alınmasına qərar verdilər. Ardından bu qərarı təsdiq etməsi üçün şeyxülislam Əbdürrəhim Əfəndini bura çağıran üsyançılar burada Sofu Mehmed Paşanı sədrəzəm seçdilər və bir heyət yollayaraq Sultan İbrahimdən qaçıb gizlənən sədrəzəmi təslim etməsini tələb etdilər.
Sofu Mehmed Paşanın sədarəti Sultan İbrahim tərəfindən də təsdiq edilsə də, kürəkəni Əhməd Paşanı təslim etməkdən çəkindi. Bu vəziyyətdə üsyançılar tələblərini yerinə yetirməyən Sultan İbrahimi taxtdan endirməyi qərara aldılar. Şəhərin qapıları bağlandı və şahzadələrin qorunması üçün Validə Kösəm Sultana xəbər göndərildi. Digər yandan iki xidmətçisi, bir torba qızıl və Şeyx Həmdullah tərəfindən xüsusi olaraq yazdırılan Quran-ı Kərim ilə birlikdə qaçan Əhməd Paşa bəzi dövlət adamlarının evinə sığınmaq istəsə də, heç kəs tərəfindən qəbul edilmədi. Bu tanışlarından Hacı Bəhram adlı birinin xəbər verməsi ilə ələ keçirilən Əhməd Paşa o gecə şeyxülislam fətvasıyla boğularaq öldürüldü (7-8 avqust 1648). Cəsədi çılpaq olaraq Sultanəhməd meydanındakı çinar ağacından asıldı və üsyançılar tərəfindən parça-parça edildi. Bu səbəblə Əhməd Paşa ölümünün ardından “min tikə” mənasını verən Həzərparə ləqəbiylə anılır. Ölümünün ardından 8 min kisə qızıl axcası dövlət xəzinəsinə əlavə olundu.