Gürcü Mehmed Paşa

Gürcü Mehmed Paşa (ö. 7 aprel 1666) — IV Mehmed dövründə 7 ay 20 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.

Gürcü Mehmed Paşa
الجورجية محمد باشا
Gürcü Mehmed Paşaya aid miniatür
Gürcü Mehmed Paşaya aid miniatür
30 oktyabr 1651 – 20 iyun 1652
ƏvvəlkiSiyavuş Paşa
SonrakıTarhuncu Sarı Əhməd Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1556
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı
Dini islam

Qafqaz əsilli olan Mehmed ağa sədrəzəm Qoca Sənan Paşanın köləsi ikən sonralar öz istəyilə saraya alınmış, Əndərun təhsilini başa vurduqdan sonra sarayda müxtəlif vəzifələrdə xidmət göstərmişdir. Bilinən ilk xidməti saray mətbəxində olmuş, 1614-cü ilin iyulunda baş cəbəci seçilmişdir. Bu vəzifədə ikən Öküz Mehmed Paşanın şərq səfərinə qatılmış, 1617-ci ilin noyabrında baş çavuş olub paytaxta geri dönmüşdür. 1620-ci ilin fevralında qapıçıbaşı olaraq Gənc Osmanın Lehistan səfərində iştirak etdi. Bu illərdə sədarətə gətirilən Öküz Mehmed Paşa və ardından Gözəlcə Əli Paşaya sədarət möhürünü məhz Mehmed ağa vermişdir.

Biləcikli Mustafa Paşa sədarətə gətirildikdən sonra 1622-ci ilin avqustunda baş miraxur təyin olundu. 9 ay sonra isə Rumeli bəylərbəyi olaraq saraydan ayrıldı (may 1623). Sədrəzəm Çərkəz Mehmed Əli Paşanın rəhbərliyi ilə Abxaz Paşa üzərinə tərtiblənən səfərdə iştirak etdi, ardından Hafiz Əhməd Paşanın Bağdad mühasirəsinə qatıldı. Səfərin sonunda 1626-cı ildə vəzir rütbəsiylə Dəməşq bəylərbəyi seçildi. 1627-ci ilin oktyabrında Diyarbəkir bəylərbəyi, ertəsi il isə qübbə vəziri olaraq təyin olunub paytaxta çağırıldı (dekabr 1628). 1631-ci ilin oktyabrında Ərzurum, ardından Anadolu bəylərbəyliyinə gətirildi (1632). Bir müddət bu vəzifəsindən azad edilsə də, IV Muradın İrəvan səfərində (1635) Anadolu bəylərbəyi olaraq iştirak etdi. Səfər əsnasında Axısqa qalasının təmiri ilə vəzifələndirildi. 1637-ci ildə yenidən Ərzurum bəylərbəyi seçildi.

IV Muradın Bağdad səfərinə qatılanda heç bir vəzifədə deyildi, ancaq səfər əsnasında Mərəş bəylərbəyliyinə gətirildi. Bağdadın fəthindən sonra Anadolu bəylərbəyi seçildi (yanvar 1639). 25 fevral 1640 tarixində ikinci dəfə qübbə vəziri olan Mehmed Paşa bu vəzifədə ikən Ərzurum bəylərbəyi Nasuhpaşazadə Hüseyn Paşanın aradan qaldırılmasıyla vəzifələndirildi və ardından Şam bəylərbəyliyinə təyin olundu. Ancaq o illərdə sədrəzəm Sultanzadə Mehmed Paşa ilə münasibətləri korlanmış, bu səbəblə rütbəsi salınaraq Adana sancaqbəyi seçildi. 1645-1649 tarixlərində Şam, Hələb, Ərzurum bəylərbəyliklərində fəaliyyət göstərdi. Ardından yenidən İstanbula geri dönüb qübbə vəziri oldu.

IV Mehmedin səltənətində yaşının çox olmasına baxmayaraq Darüssəadə ağası Uzun Süleyman ağanın tövsiyəsilə 30 oktyabr 1651 tarixində sədarətə gətirildi. Ancaq yaşı 80-ə yaxın olan və dövrün mənbələrinə görə, divanın ən yaşlı vəziri olan Gürcü Mehmed Paşa iş görə bilməz vəziyyətdə idi. Sədarətə gətirilməsindəki əsas məqsəd isə Validə Turhan Sultanın dövlət məsələlərinə müdaxilə etmək istəyi idi. Gürcü Mehmed Paşa onların bütün əmrlərini yerinə yetirərək vəzifəsini qorumaq istəyirdi. Bu əsnada özünə rəqib olaraq gördüyü bütün dövlət adamlarını paytaxtdan uzaqlaşdırırdı. Tarhuncu Əhməd Paşanı həbs etdirdi, ardından Yanya və Saloniki sancaqbəyi olaraq təyin etdi. Şam bəylərbəyliyini qardaşı Cəfər Paşaya verərək, bu vəzifəni gözləyən Boynuyaralı Mehmed Paşanı Kanija bəylərbəyliyinə göndərdi. Körpülü Mehmed Paşanın vəzirlik rütbəsini alaraq Köstəndil sancaqbəyi seçdi. Yenə dövrün mənbələrində dövlət xərclərini artırmaqla günahlandırılan Gürcü Mehmed Paşa Anadolu başqazısı Xocazadə Məsud Əfəndinin tövsiyəsilə vəzifədən alındı (20 iyun 1652). Divan məclisinin ardından saraydan ayrılmasına icazə verilmədi və həbs olundu.

Yeni sədrəzəm Tarhuncu Əhməd Paşa əvvəllər onu paytaxtdan uzaqlaşdıran Mehmed Paşanı iki ay Yeddiqüllə zindanlarında tutdu. Ardından yaşlı olması səbəbilə Şeyxülislam Bahai Mehmed Əfəndinin xahişi ilə bağışlandı və Oxrid sancağına göndərildi. Ertəsi il Dərviş Mehmed Paşanın sədarəti dönəmində bağışlanaraq paytaxta çağırıldı. Ancaq sədarətə gətirilməsi üçün bəzi işlərə adı qarışmış, bu səbəblə Timeşvar bəylərbəyi seçilərək mərkəzdən uzaqlaşdırıldı. 1655-ci ilin sentyabrınadək burada qalan Mehmed Paşa ardından paytaxta dönsə də, bir il keçmədən Kipr adasına göndərildi (aprel 1656). Bundan sonrakı həyatı haqqında dəqiq məlumat yoxdur. Paşanın ölüm xəbəri 7 aprel 1666 tarixində İstanbula çatdı. Vəfat edərkən yaşının 110 vəya 113 olduğu deyilir.

  • Mühimme Defteri 90 (haz. Nezihi Aykut v.dğr.), İstanbul 1993, s. 65, 408;
  • Topçular Kâtibi Abdülkādir (Kadrî) Efendi Tarihi (haz. Ziya Yılmazer), Ankara 2003, II, 753, 768, 808, 824, 967, 975, 1010, 1021, 1110, 1124, 1137;
  • Kâtib Çelebi, Fezleke, II, 378, 381;
  • Karaçelebizâde Abdülaziz Efendi, Ravzatü’l-ebrâr, Bulak 1248, s. 576, 583, 634, 636;
  • a.mlf., Zeyl-i Ravzatü’l-ebrâr (haz. Nevzat Kaya, doktora tezi, 1990), İÜ Sosyal Bilimler Enstitüsü, s. 131, 132, 148, 152, 160;
  • Mehmed Halîfe, Târîh-i Gılmânî (haz. Ertuğrul Oral, doktora tezi, 2000), MÜ Sosyal Bilimler Enstitüsü, s. 34, 42, 48;
  • Vecîhî Hasan, Târih (haz. Ziya Akkaya, doktora tezi, 1957), AÜ DTCF, s. 114, 115, 117, 118, 236-237;
  • Abdurrahman Abdi Paşa Vekāyi‘nâmesi (haz. Fahri Ç. Derin, doktora tezi, 1993), İÜ Sosyal Bilimler Enstitüsü, s. 33-36, 75, 134, 192;
  • Evliya Çelebi, Seyahatnâme (Dağlı), III, 188, 196, 208;
  • Naîmâ, Târih, V, 168-176, 188-189, 191, 215-219, 225;
  • Silâhdar, Târih, I, 183, 211, 333, 362, 373, 396;
  • Hadîkatü’l-vüzerâ, s. 95-96;
  • Müneccimbaşı, Sahâifü’l-ahbâr, III, 702, 733, 736;
  • Şeyhî, Vekāyiu’l-fuzalâ, I, 600-601;
  • Râşid, Târih, I, 118;
  • Uzunçarşılı, Osmanlı Tarihi, III/2, s. 402-404;
  • Fahri Ç. Derin, “Mehmed Paşa”, İA, VII, 587-588;
  • A. H. de Groot, “Meĥmed Paѕћa, Gürғјü”, EI² (İng.), VI, 994-995.