Vətənə qayıt (roman)

Vətənə qayıtƏzizə Cəfərzadənin 1973-cü ildə yazdığı və "Şirvan" trilogiyasının 1-ci kitabı olan roman.[1]

Vətənə qayıt
İlk nəşr (1977)
İlk nəşr (1977)
Janr roman
Müəllif Əzizə Cəfərzadə
Orijinal dili azərbaycanca
Yazılma ili 1973
Nəşr ili 1977
Nəşriyyat Gənclik
Sonrakı Aləmdə səsim var mənim

Əzizə Cəfərzadə 1973-1978-ci illərdə ilk tarixi romanı olan “Aləmdə səsim var mənim” adlı əsəri yazarkən, eyni vaxtda “Vətənə qayıt” tarixi romanını da yazmış və bu əsəri XVIII əsrdə rus qoşunlarının Azərbaycana ilk yürüşü zamanı şair Nişat Şirvaninin həyatında baş verən hadisələrə həsr etmişdir.[2]

Romanda vətən və məhəbbət xətti aparıcı yer tutmaqdadır. Yazıçı bütün roman boyu bu sujet xətlərini paralel, bəzənsə qovşaq təsvirini vermişdir. Əsərdə yalnız Nişat Şirvaninin deyil, taleyini vətənlə bağlamış bir sıra qəhrəmanların obrazları da bədii inikasını tapmışdır. "Vətənə qayıt" əsərində hadisələrin cərəyan etdiyi tarixi dövr haqqında oxucuda bitkin təsəvvür yarada bilmişdir. Romanın başlanğıcı olan "Beş qız idik..." hekayəsi xüsusilə diqqət çəkir. Təsvir edilən hadisə Azərbaycan xalqının faciəvi həyatını öyrənmək üçün oxucunu keçmişə aparır.

Əsərin qəhrəmanlarından biri olan Sürəyya xanımın gözəl qızı Nisəbəyimin yad ellərə düşməkdənsə övladı ilə birlikdə od içində yanması xalqın sonsuz qəzəbindən xəbər verir.

Romanda təsvir olunan hadisələr, əsasən, qədim Şamaxıda cərəyan edir. XVIII əsrdə artıq böyük ticarət mərkəzi olan Şamaxı həm də elm, mədəniyyət və memarlıq sahəsində böyük müvəffəqiyyət qazanmışdır. Sonralar Nadir şahın Şirvana hücumu Şamaxını bərbad vəziyyətə salmışdır. Bir müddət istiqlaliyyət qazana bilməyən Şirvan Türkiyə soltanlığının əlinə keçmiş, beləliklə, Zaqafqaziyada İranTürkiyəyə qarşı münasibətinin kəskinləşməsi Rusiyaya tərəf meylin yaranmasına səbəb olmuşdur. Belə ziddiyyətli bir dövrdə Şirvanda yaşayıb-yaradan Nişat Şirvani, Zülali, Ağa Məsih Şirvani, Raci Şirvanlı, Rəşid və digər şairlər özlərini bu mübarizələrə həsr etmiş, hamısı vətəndən didərgin düşmüşdür.

Əsərin süjet xətti qeyd olunan tarixi hadisələrə uyğun inkişaf etsə də, bəzi tarixi şəxsiyyətlərin adları olduğu kimi saxlanılsa da, müəllifin hadisələrə qabarıq münasibəti aydın nəzərə çarpır.

Əslində belə romanda bu iki cəhət gözlənilmiş, biri digərini tamamlamışdır. Xüsusən, Nişat Şirvaninin qəzəllərinin təsiri, Maro əhvalatı, onların məhəbbətlərinə inamı daha da gücləndirmişdir. Əsərdə təsvir edilən Əsgər bəy və Şəbnəm yazıçı tərəfindən çox xarakterik təsvir edilmişdir. Feodalizmin nümayəndələri olan bu bacı-qardaşın xarakterləri psixoloji vəziyyətləri ilə qarşılaşdırılmışdır. Belə halda oxucu Şəbnəmə qarşı rəğbət hissi ilə yanaşır.

Müəllif Əsgər bəyin də ziddiyyətli xarakterini ustalıqla qələmə almışdır. Zahirdə Türkiyə soltanının Şamaxıdakı hakimi Ehsan bəyin ən yaxın adamı olan Əsgər bəy daxilən müstəqil hakimiyyətə can atır. Nişatın qardaşları Qələmşah və Ələmşahın rəhbərliyi ilə baş verən el üsyanına qoşulur və son halda üsyana xəyanət edir. Onun xarakterindəki bu ziddiyyətlər yazıçı tərəfindən məharətlə işlənmişdir.

Nəşr və tərcümə

[redaktə | mənbəni redaktə et]

Roman ilk dəfə 1977-ci ildə, Bakıda, "Gənclik" nəşriyyatında Kiril qrafikalı Azərbaycan əlifbası ilə (məhz bu əsər) 272 səhifədə, "Əllərini mənə ver" povesti ilə birlikdə (ümumilikdə 302 səhifədə) 40 min tirajla çap edilib.[3]

"Елге кайт" adı ilə qazax dilinə tərcümə olunub, 1983-cü ildə Qazaxıstanın o zamankı paytaxtı Alma-Atada 10 min tirajla çap edilib.[4]

Əzizə Cəfərzadənin "Seçilmiş əsərləri"nin nəşri çərçivəsində 2021-ci ildə Bakıda, Elm və təhsil nəşriyyatında II cilddə 424 səhifədə təkrar çap edilib.[5]

Professor Şamil Qurbanov əsəri yüksək qiymətləndirərək yazır: "Vətənə qayıt" romanında ümumi xəttə daxil edilən lirik hadisələr əsərin daha oxunaqlı və maraqlı çıxmasına kömək etmişdir. Yazıçı tarixi mövzuya müraciət etsə də, hadisələrə bu günün gözü ilə baxır, onlara müasir tələblərdən yanaşır.[6]

Romanın nəşri ilə bağlı yazdığı eyniadlı məqalədə ədəbiyyatşünas Qurban Bayramov qeyd edir ki, romanın süjet xətti tarixi hadisələrə uyğun inkişaf etsə də, bir sıra tarixi şəxsiyyətlərin adı olduğu kimi saxlanılsa da, müəllifin hadisələrə fəal müdaxiləsi qabarıq nəzərə çarpır. Əsərdə bu iki cəhət daim gözlənilmişdir və biri digərini tamamlamışdır.[7]

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ədəbiyyat və dillər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İradə Qafur "Vətənə qayıt” romanının ideya mərkəzində iki xəttin - Vətən və məhəbbət motivlərinin durduğunu qeyd edir.[8]

Filoloq Asifə Telmanqızı "Əzizə Cəfərzadənin bədii dünyası" adlı filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyasında bu əsərdə məhəbbət xəttinin güclü və əhatəli verildiyini[9], həmçinin şair Nişat Şirvaninin başına gələn macəralar, həyat və tale çətinliklərinə geniş yer verildiyini [10], romanda təkcə N. Şirvani deyil, özünü vətənə həsr etmiş bir çox qəhrəmanların obrazlarının əks etdirildiyini bildirib.[11]

Filologiya elmləri doktoru, professor Vaqif Sultanlı qeyd edir ki, «Vətənə qayıt» romanı vaxtilə sovet senzurasının ciddi «redaktə»sinə məruz qalmış, xüsusilə əsərin Qəbulə xanımla bağlı hissəsi bütünlüklə kəsilib çıxarılmışdır. Həmin hissə romanın müstəqillik illərindəki nəşrlərində bərpa olunmuşdur.[12]

Filologiya üzrə elmlər doktoru, professor Almaz Əliqızı "Bakı Universitetinin Xəbərləri" jurnalındakı "Tarixi həqiqətlərin bədii ifadəsi" məqaləsində bu romanı ətraflı təhlil və şərh etmişdir.[13]

  1. Xalid Əlimirzəyev. Şair təbiətli nasir. "Azərbaycan qadını". 1982. No 1. səh. 6-7
  2. "Yazıçı Əzizə Cəfərzadənin Azərbaycan sevgisi". ZİM.Az | "ZİYA" İnformasiya Mərkəzi (az.). 2023-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-05.
  3. Vətənə qayıt Arxivləşdirilib 2021-10-22 at the Wayback Machine, azizajafarzade.com
  4. "Елге кайт (qazax dilində)". 2023-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-04.
  5. "AMEA Naxçıvan Bölməsi elektron kitabxana". www.e-kitab.ameanb.nmr.az. İstifadə tarixi: 2023-11-05.
  6. Şamil Qurbanov. Müasirlik mövqeyindən. “Ədəbiyyat və incəsənət”, 18 mart 1978
  7. Qurban Bayramov. "Vətənə qayıt". Bakı. 1 mart 1978
  8. İradə Qafur. Xalq yazıçısı Əzizə Cəfərzadənin yaradıcılıq yolu. Scientific Collection «InterConf», (132), 233–238. No. 132 (2022): 10th ISPC «Challenges in Science of Nowadays» (November 16-18, 2022; Washington, USA). səh. 234 Arxivləşdirilib 2023-11-04 at the Wayback Machine
  9. Asifə Telmanqızı. Əzizə Cəfərzadənin bədii dünyası Arxivləşdirilib 2019-10-29 at the Wayback Machine. Bakı - 2000. səh. 55
  10. Telmanqızı. 2000. səh. 52
  11. Telmanqızı. 2000. səh. 54
  12. "Tarixi Yaddaşın Salnaməsi". azizajafarzade.com. 2022-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-05.
  13. Almaz Əliqızı. "Tarixi həqiqətlərin bədii ifadəsi". "Bakı Universitetinin Xəbərləri" jurnalı. Humanitar elmlər seriyası. 2009. № 2. səh. 55-60
  • Şövkət Əliyeva. "Vətənə qayıt". "Abşeron". 1978-12-10

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]