Xalidə Səfərova

Xalidə Ələkbər qızı Səfərova (25 avqust 1926, Gəncə23 dekabr 2005, Bakı) — Azərbaycan rəngkarı, Azərbaycan SSR xalq rəssamı (1989).

Xalidə Səfərova
Doğum tarixi
Doğum yeri Gəncə, Gəncə qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Mahmud Tağıyev
Fəaliyyəti rəssam
Təhsili Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi,
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu
Janrlar peyzaj, natürmort, portret
Stil impressionizm
Mükafatları "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 1989 "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1977
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xalidə Səfərova 25 avqust 1926-cı ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1941–1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1949–1955-ci illərdə isə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil almışdır.[1][2]

Xalidə Səfərova 1946-cı ildə rəssam Mahmud Tağıyev ilə ailə həyatı qurmuşdur. Rəssam 23 dekabr 2005-ci ildə Bakıda vəfat etmişdir.[1]

Rəssam Mahmud Tağıyevin həyat yoldaşı, Əkrəm Tağıyevin anasıdır.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
Səttar Bəhlulzadə, Xalidə Səfərova və Mahmud Tağıyev

Xalidə Səfərovanın ilk diplom işi "Cəbhədən gələn məktub" mövzusu olmuşdur.[3] Onun ikinci diplom işi — Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasına çəkilən illüstrasiyalar SSRİ Rəssamlıq Akademiyasının sərgisində, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun yubileyində, eləcə də 1956-cı ildə PraqaParis şəhərlərində keçirilən kino festivalın çərçivəsində sərgilənmişdir.[4][5]

Xalidə Səfərovanın yaradıcılığında əsas yeri peyzaj və natürmort janrlarında çəkilmiş rəsm əsərləri tutur. Onun güllərlə natürmort silsiləsində "Payızgülü" (1956), "Zinya çiçəyi" (1971), "Bahar çiçəkləri" (1971), "Monmartr gülləri" (1985),[4] ilk əsərləri olan "Gülabdan", "Qızılgül", "Çöl çiçəkləri", "Eyvanda", "Xrizantemlər", "Yasəmənlər", "Zanbaqlar", "Nərgizlər", "Nar çiçəyi" kimi əsərlərə rast gəlinir.[3]

Rəssam Azərbaycanın bölgələrinə etdiyi səfərlərinin hesabatını Mahmud Tağıyev ilə 1947-ci ildə Bakıda keçirilən ilk birgə sərgidə vermişdir. Həmin sərgidə o, 70-ə yaxın rəngkarlıq və qrafika əsərləri, 150-dən artıq etüd, peyzajnatürmort əsərləri ilə iştirak etmişdir.[3] Təqdim edilmiş əsərlərin sırasına "Üç palıd", "Yağışdan əvvəl", "Bağda natürmort", "Üzümlükdə natürmort" kimi işlər də daxil edilmişdir.[4]

Rəssamın yaradıcılığında portret əsərləri də yer almışdır. Bunların sırasına "Qapıçı", balet artisti "Leyla Vəkilovanın portreti", rəssam "Maral Rəhmanzadənin portreti", rəssam "Mahmud Tağıyevin portreti" və başqaları daxildir. O, 1960-cı illərdə idman mövzusunda da işləmişdir. Bu mövzu çərçivəsində futbol oyunları, velosipedçi yürüşü, avarçəkmə təsvirlərindən ibarət çoxfiqurlu kompozisiyalar çəkmişdir. Onun "Gimnastlar", "Estafet", "Velosipedçi" (1969)[4] "Futbolçular", "Çövkən" əsərləri bu istiqamətə nümunədir.[3]

Xalidə Səfərova Azərbaycanın rayon və kəndlərində bir çox natürmort və peyzajlar yaratmışdır. Çəkdiyi rəsmlərdə kənd həyatını təsvir edən rəssamın "Qızılgül dəstəsi", "Qızılgüllər və sərv ağacı", "Yağışdan sonra", "Çinarlar", "Alma yığan qız" əsərləri xüsusi əhəmiyyətə malikdir. Onun əsərlərində Abşeron, Qarabağ, Ağdam və Azərbaycanın digər rayonlarının təbiəti öz əksini tapmışdır. Bu silsilədən olan mənzərə əsərlərinə "Dumanlı səhər", "Çəmənlikdə bahar", "Payız günəşi", "Pambıq gül açanda" və başqaları daxildir. Onun məişət mövzuları arasında "Uçun, göyərçinlər" adlı tablosu xüsusi yer tutur.[3]

Rəssam 1970-ci illərdə "Mənim diyarım" triptixini ərsəyə gətirmişdir. Əsərin mərkəzi hissəsi "Bürkü", kənar hissələri isə "Səhər" və "Axşam" adlanır.[4]

1985-ci ildə Xalidə Səfərova Fransaya səfərə çıxaraq Sena sahilinin mənzərələrini, düzənliklərini təsvir etmişdir. Rəssam Provans payızını əks etdirməklə "Provansda payız", "Arl kafesi", "Marsel limanı", "Martinq sahili" və bir çox əsərlər yaratmışdır. O, fərqli variantlarda "Paris Notrdam kilsəsi", "Bənövşəyi gecə", "Site" tabloları üzərində işləmişdir. Fransa səfəri zamanı çəkdiyi əsərlərinin bir hissəsi Fransanın Azərbaycandakı səfirliyinin sərgisində nümayiş etdirilmişdir.[3]

Xalidə Səfərovanın Bakıda 1947-ci ildə (M.Tağıyev ilə birgə Azərbaycan Dövlət İncəsənət Muzeyində), 1980-ci ildə (yaradıcılığının 35 illik yubileyinə həsr olunmuş sərgi), 1984 və 2002-ci illərdə (Fransa səfirliyində), 1988-ci ildə Moskvada (M.Tağıyev ilə birgə) fərdi sərgiləri keçirilmişdir. Bundan əlavə o, 1945 və 1946-cı illərdə Bakıda keçirilən qadın rəssamlarının V və VI respublika sərgilərində də iştirak etmişdir. Yaradıcılığının müxtəlif illərində rəssamın əsərləri Rusiya, Türkiyə, Rumıniya, Macarıstan, Polşa, Əlcəzair, İsrail və başqa ölkələrdə sərgilənmişdir.[5] Onun işləri ABŞ, Almaniya, Rusiya, Türkiyə, Çexiyada, bir sıra muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.[3]

  • Əsədova, X. Xalidə Səfərova. Bakı: Şərq-Qərb. 2013. 104 səh. ISBN 978-9952-34-973-3.
  • Məlikova, Ş. Xalidə Səfərova və Mahmud Tağıyev. Bakı: Xalq Bank. 2011. 335 səh.
  1. 1 2 Əsədova, 2013. səh. 103
  2. Azərbaycan qadını ensiklopediyası. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyi. 2002. səh. 351. ISBN 5-896001-366-8.
  3. 1 2 3 4 5 6 7 Orucova, V. "Xalidə Səfərova yaradıcılığına yeni baxış..." "Palitra" qəzeti. 22 noyabr 2013. 10 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2020.
  4. 1 2 3 4 5 Azərbaycan Dövlət Rəsm Qalereyası. Azərbaycan rəssamları haqqında qısa məlumat kitabçası. Bakı. 2017. səh. 39–40.
  5. 1 2 "Xalidə Səfərova — (Biqrafiya Xronologiya)". nar-gallery.com. 2019-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2020.
  6. "Respublika təsviri sənət xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 5 dekabr 1977-ci il tarixli Fərmanı" (PDF). Azərbaycan Milli Kitabxanası. 16 yanvar 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 fevral 2020.
  7. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]