Xocalı 613 — Fransa bəstəkarı Pyer Tilloy tərəfindən bəstələnmiş[1] musiqi pyesi. Əsər Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş[2][3][4][5] Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuşdur.
Xocalı 613 | |
---|---|
Bəstəkar | Pyer Tilloy |
Tonallıq | faciə |
Forma | musiqi pyesi |
Yazılma tarixi | 2013 |
Premyera |
|
İthaf olunub | Xocalı soyqırımı |
Hissələr | 2 hissədə |
Xocalı 613 musiqi pyesi Pyer Tilloy tərəfindən 2013-cü ildə yazılmış və Qarabağ münaqişəsi zamanı[6] 26 fevral 1992-ci ildə Xocalı şəhərində törədilmiş soyqırım nəticəsində erməni silahlı qüvvələri tərəfindən oldürülmüş 613[7][8] dinc sakinin xatirəsinə həsr edilmişdir.
Bəstəkar özü bu əsər haqqında yazır:
Xocalı qırğını, Azərbaycan xalqının yaddaşında ən həssas və kədərli hadisələrdən biri kimi qalmış, bu hadisə bütöv bir xalqın hələ də əziyyət çəkdiyi uzunsürən Qarabağ münaqişəsi ilə əlaqəlidir. Adətən "yaddaş" adlandırılan bir mexanizm mövcuddur ki, o, vulqar pafosdan uzaq formada insanlığı unutmadan qoruğur və onun ləyaqətinin keşiyində durur. "Yaddaş" həmişə, siyasi və inqlabi kontekst çərçivəsindən çıxaraq insanlara onların qəlbinin dərinliklərinə toxunacaq əsas dövrlər, çətin anlar və dramları xatırladan musiqiçilər və digər sənətkarlar üçün yaradıcılıq bayrağı olmuşdur. |
Xocalı 613 musiqi pyesinin dünya premyerası 21 fevral 2013-cü ildə Avropa-Azərbaycan Cəmiyyətinin (AAC) Fransa təmsilçiliyi tərəfindən Xocalı soyqırımının iyirmi birinci ildönümü münasibətilə təşkil olunmuş tədbirlər çərçivəsində Parisin Müqəddəs Roş kilsəsində baş tutmuşdur.[9] Konsertdə 350 senator, Fransa Milli Assambleyası üzvləri və musiqi həvəskarları iştirak etmişlər.[10][11]
Konsert proqramı drijor və bəstəkar Loran Petijerarın rəhbərliyi, Londonun "Orion" orkestrının iştirakı ilə baş tutmuşdur. Əsərdə balaban partiyasını musiqiçi Şirzad Fətəliyev, skripka partiyasını isə Nyu-Yorkun Culyard məktəbinin ilk azərbaycanlı məzunu, AAC-nin mədəniyyət məsələləri üzrə məsləhətçisi Səbinə Rakçeyeva ifa etmişdir.[12]
Pyer Tilloyon Xocalı 613 musiqi pyesinin Böyük Britaniya premyerası 26 fevral 2013-cü ildə Londonda, Parlament binası yanında yerləşən Müqəddəs Con Smit meydanında, Xocalı soyqırımı qurbanlarının xatirəsinə təşkil olunmuş konsert çərçivəsində keçirilmişdir. 500-dən çox lord, parlament üzvləri, diplomatlar və musiqi həvəskarlarının iştirak etdiyi konsert Avropa-Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil olunmuşdu. Əsər drijor və bəstəkar Loran Petijerarın rəhbərliyi, Londonun "Orion" orkestrının iştirakı ilə ifa edilmişdir.[6][13]
Əsər skripka, balaban, zərb alətləri və simli alətlər orkestri ilə ifa üçün yazılmışdır. Əsərdə marş və konflikt ritmləri fonunda "Laçın" və "Sarı gəlin" xalq mahnılarının musiqisindən istifadə olunmuşdur.[6]
Məşhur Böyük Britaniya bəstəkarı Robber Haqill dünya klassik musiqisi haqqında olan saytda Xocalı soyqırımı haqqında nəşr etdirdiyi məqaləsində, fransız bəstəkarı Pyer Tilloyun Xocalı 613 musiqi pyesindən də bəhs etmişdir.[14]