Xristianlıqda İsa

Xristianlıq


Xristianlıq

İsa Məsih – təqribən e.ə. 4-cü ildən eramızın 30-cu ilinə qədər yaşamış tarixi şəxsiyyət. Sovet İttifaqında və Azərbaycanda nəşr olunan ensiklopediyalarda mif[1] olaraq təqdim edilməsinə baxmayaraq, müasir tarixçilər "mif nəzəriyyəsi"ndən imtina edib, İsanın real tarixi şəxsiyyət olması ilə razılaşırlar.[2]

Xristianlıqda İsa haqqında vahid əqidənin mənbəyi

[redaktə | mənbəni redaktə et]

Xristianlar İsa barəsindəki inanclarında Bibliyaya istinad edirlər. Məzhəblərindən asılı olmarayaq, bütün xristianlar İsanın Allahın mücəssiməsi, Allahın Oğlu, Allahın qurbanlıq Quzusu, Rəbb, Məsih, Xilaskar olduğuna, bakirə Məryəmdən doğulduğuna, ölüb dirildiyinə, göyə qalxıb Ata Allahın sağında oturduğuna və qiyamət günündə təkrar dünyaya gələrək bəşəriyyəti mühakimə edəcəyinə etiqad edirlər. Bibliyada bu əqidələrin hamısı üçün ciddi əsaslar mövcuddur, bu əqidələrin hər hansı birinə etiqad etməyən şəxs xristian adlandırıla bilməz. Odur ki, Yehovanın Şahidləri kimi İsanın Allahın mücəssəməsi olduğunu qəbul etməyən təriqətlər xristian ənənəsini rədd etdikləri kimi, özləri də xristianlar tərəfindən bidətçi olaraq rədd edilirlər. Xristianlıqda İsa haqqında vahid əqidənin mənbəyi Bibliyadır.

Allahın mücəssiməsi

[redaktə | mənbəni redaktə et]

Əhdi-Cədid İsanı birmənalı olaraq Allahın mücəssiməsi kimi təsvir edir:

Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi.[3]

Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı.[4]

Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan vahid Oğul Onu tanıtdı.[5]

Yəhudilər Ona (İsaya) dedi: "Sənin heç əlli yaşın yoxdur, İbrahimi necə görmüsən?" İsa onlara dedi: "Doğrusunu, doğrusunu sizə deyirəm: İbrahim olmazdan qabaq Var Olan Mənəm".[6]

Bakirədən doğulması

[redaktə | mənbəni redaktə et]

İsanın anadan olması əhvalatı dörd Müjdənin ikisində – Matta Müjdəsi və Luka Müjdəsində mövcuddur. Bunlarda Məryəmin bakirə ikən İsaya hamilə olduğu nəql edilir:

"İsa Məsihin doğulması belə oldu. Anası Məryəm Yusifə nişanlanmışdı. Amma birlikdə olmalarından əvvəl Məryəmin Müqəddəs Ruhdan hamilə olduğu aşkar oldu… Rəbbin bir mələyi röyada ona (Yusifə) görünüb dedi: "Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır. Məryəm bir Oğul doğacaq və Onun adını İsa qoy, çünki O Öz xalqını günahlarından xilas edəcək". Bütün bunlar Rəbbin peyğəmbər vasitəsilə söylədiyi bu söz yerinə yetsin deyə baş verdi: "Budur, bakirə qız hamilə olub Oğlan doğacaq, adını İmmanuel qoyacaqlar". "İmmanuel" "Allah bizimlədir" deməkdir."[7]

Mələk ona dedi: "Qorxma, Məryəm, çünki sən Allahın lütfünə nail oldun. Sən hamilə olub bir Oğul doğacaqsan…" Məryəm mələyə dedi: "Bu necə olacaq? Mən heç kişi üzü görməmişəm". Mələk cavabında ona dedi: "Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq… Çünki Allah üçün mümkün olmayan şey yoxdur".[8]

Bu cür fövqəltəbii şəkildə doğulması sayəsində İsa bəşəriyyətin tarixində misilsiz Şəxsiyyət kimi qarşımıza çıxır. Bununla belə, Bibliya İsanın təqribən otuz yaşına qədər adi insan kimi yaşadığını nəql edir.

Uşaqlıq, yeniyetmə, gənclik çağı

[redaktə | mənbəni redaktə et]

Apokrifik İncillərin müəllifləri İsanın uşaqlığından bol məlumat verdikləri halda, Əhdi-Cədiddə Onun uşaqlığı, yeniyetmə çağı və erkən gəncliyi barəsində son dərəcə az məlumat verilmişdir. Eramızın II əsrində yazılmış və İsa Məsihin uşaqlığından bəhs edən "Foma İncili" Məsihi hər addımbaşı möcüzələr göstərən təkəbbürlü və sərt bir uşaq kimi təsvir edir. O, şənbə günü gildən bir neçə quş düzəldib, insanların etirazları qarşısında əl çalır; bunlar o saat əsil quşlara dönüb uçmağa başlayır.*[9] Lakin Əhdi-Cədiddə Lukanın Müjdəsində yazılmış bir neçə sətirdən başqa İsanın uşaqlığı haqqında məlumat yoxdur:

"Uşaq böyüyür, qüvvətlənir və hikmətdə yetkinləşirdi. Allahın lütfü də Onun üzərində idi.

Hər il İsanın ata-anası Pasxa bayramında Yerusəlimə gedərdi.
İsanın on iki yaşı tamam olanda onlar bayram adətinə görə yenə ora getdilər.
Bayram qurtarandan sonra onlar evə yollandı. Amma yeniyetmə İsa Yerusəlimdə qaldı, onun ata-anasının isə bundan xəbəri yox idi.
Onlar İsanın səyyahlar dəstəsi içində getdiyini düşünürdü. Amma bir günlük yolu gedəndən sonra Onu dostların və qohumların arasında axtarmağa başladılar.
Onu tapmadılar və axtara-axtara Yerusəlimə qayıtdılar.
Üç gündən sonra Onu məbəddə tapdılar. İsa müəllimlər arasında oturmuşdu və onlara qulaq asır, suallar verirdi.
Onu dinləyən hər kəs Onun zəkasına və verdiyi cavablara mat qalırdı.
Ata-anası Onu görüb təəccübləndi. İsanın anası Ona dedi: "Oğlum, bu nədir başımıza gətirdin? Atanla mən nigaran qalıb səni axtarırdıq".
İsa onlara cavab verdi: "Məni nə üçün axtarırdınız? Məgər bilmirdiniz ki, Mən Atamın evində olmalıyam?"
Amma onlar Onun nə demək istədiyini başa düşmədi.
Sonra İsa ata-anası ilə Nazaretə qayıtdı. O, ata-anasına itaətli idi. Onun anası isə bütün bu şeyləri öz ürəyində saxlayırdı.

İsa böyüyürdü və hikmətdə artırdı. O, Allahın və insanların qarşısında lütf qazanırdı".[10]

Xidməti, möcüzələri

[redaktə | mənbəni redaktə et]

Təqribən otuz yaşında ikən İsa, Vəftizçi Yəhya tərəfindən vəftiz edilir; o zaman Müqəddəs Ruh göyərçin kimi Onun üzərinə enir və bundan sonra iblis tərəfindən sınağa çəkilməsi üçün Onu səhraya aparır.[11] Səhradan çıxan İsa "Ruhun qüdrəti ilə"[12] qayıdır, on iki həvari seçir, vəz etməyə başlayır. Eyni zamanda O, inanılmaz möcüzələr yaradır: toyda suyu şəraba döndərir,[13] cinləri qovur,[14] təbiət üzərindəki hökmranlığını nümayiş etdirir,[15] müxtəlif növdən xəstələrə şəfa verir,[16] minlərlə adamı yedirtmək üçün çörəkləri çoxaldır,[17] su üzərində yeriyir,[18] ölüləri dirildir[19].

Əhdi-Cədid İsanın insanları Özünə inandırmaq, Kim olduğunu sübut etmək üçün deyil, onlara rəhmi gəldiyinə görə möcüzələr yaratdığını açıqlayır.[20]

Ölümü, dəfn olunması, dirilməsi, göyə qalxması

[redaktə | mənbəni redaktə et]

İncilə görə, İsa Məsih Allahın qurbanlıq Quzusu olaraq insanların günahları üçün çarmıxa çəkilmək məqsədilə gəldiyini bilirdi.[21] Xristianlar İsa Məsihin çarmıxa çəkildikdən sonra dirildiyinə həmişə inanmış və bunu bəşəriyyətin tarixində ən mühüm hadisə hesab etmişlər.

Cümə günü çarmıxda ölən İsanın bədəni nizə ilə deşildi[22] və təzə bir qəbirdə dəfn edildi.[23] Şənbə günü keçdikdən sonra bazar günü səhər tezdən "hələ qaranlıq ikən Məcdəlli Məryəm qəbirin yanına gəldi. O gördü ki, daş qəbirin ağzından götürülüb".[24] Dirilmiş İsa ən birinci Məcdəlli Məryəmə göründü; Həvari Pavelin şəhadətinə görə, O, "əvvəl Kefaya, sonra On İki şagirdə göründü. Bundan sonra beş yüzdən çox bacı-qardaşa eyni anda göründü…"[25] Nəhayət, O, "həvarilərin gözləri qarşısında yuxarı qaldırıldı. Bir bulud İsanı götürüb onlardan gizlədi".[26]

Məsihin ikinci gəlişi və qiyamət günü

[redaktə | mənbəni redaktə et]

İsa Məsih göyə qalxdıqdan sonra həvarilər durub, "səmaya baxırdılar. Elə həmin an ağ libaslı iki kişi onların yanında peyda olub soruşdu: "Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq"".[27]

İsa Məsih Öz şagirdlərinə dünyanın sonunda – qiyamət günündə təkrar gələcəyini dönə-dönə söyləmişdir: "O zaman Bəşər Oğlunun əlaməti göydə görünəcək. O vaxt yer üzünün bütün tayfaları şivən qaldıracaq və Bəşər Oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcək".[28]

İsa Məsih gələcəyi zaman "dirilərlə ölüləri mühakimə edəcək".[29] Qiyamət günündə İsa vəfat etmiş möminləri dirildəcək[30] və Rəbbin zühurunadək sağ qalan möminlər heç vəfat etmədən, "son şeypur çalınanda bir andaca, bir göz qırpımındaca" dəyişiləcəklər. Həvari Pavel yazdığı kimi: "ölülər çürüməzliklə diriləcək, bizsə dəyişiləcəyik".[31]

Bibliyanın axırıncı səhifəsində İsa belə deyir:

"Budur, tezliklə gəlirəm. Verəcəyim mükafat Mənimlədir və hər kəsə öz əməlinə görə əvəz verəcəyəm. Alfa və Omeqa, Birinci və Sonuncu, Başlanğıc və Axır Mənəm!… Mən Davudun Kökü və Nəsli, parlaq Dan Ulduzuyam… Bəli, tezliklə gəlirəm!"[32]

Vəhy Kitabının müəllifi də Ona cavabən

"Amin. Gəl, ya Rəbb İsa!"

deyir. Beləliklə, Bibliya İsa Məsihin Şəxsiyyəti, həyatı, ölümü, dirilməsi və gələcəyi haqqında bu cür mənzərə yaradır. Təqribən iki min ildir ki, xristian möminləri bu mənzərəni mənimsəyərək həqiqət olduğuna inanırlar.

  1. "İisus Xristos – Xristian dininin eramızın I əsrində Fələstində yaşamış əfsanəvi banisi"" Məktəblinin tarix lüğəti, Ayna Mətbu Evi, Bakı – 2004. "İisus Xristos", Səh. 164; Bax həmçinin: "Христос" в Большой Советской Энциклопедии http://bse.sci-lib.com/article119843.html Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine
  2. Bax: Мень А. протоиерей "Библиологический словарь в 3-х т.". Москва: Фонд имени Александра Меня, 2002. "Мифологическая теория происхождения христианства". http://krotov.info/spravki/essays_bible/varia/mifolog.html Arxivləşdirilib 2012-05-15 at the Wayback Machine
  3. Yəhya Müjdəsi 1:1
  4. Yəhya Müjdəsi 1:14
  5. Yəhya Müjdəsi 1:18
  6. Yəhya Müjdəsi 8:57–58
  7. Matta Müjdəsi 1:18–25
  8. Luka Müjdəsi 1:26–38
  9. Bax: Мировая духовная культура. Христианство. Церковь. Лекции и беседы. – М.: Фонд имени Александра Меня, 1995. 671 с. Тир 10 000. 2-е изд.: 1997.http://krotov.info/library/13_m/myen/00049.html
  10. Luka Müjdəsi 2:40–52
  11. Matta Müjdəsi 3:13–4:1
  12. Bax: Luka Müjdəsi 4:14
  13. Yəhya Müjdəsi 2:1–11
  14. Luka Müjdəsi 4:31–37; 4:40–41; Mark Müjdəsi 5:1–20 və s.
  15. Luka Müjdəsi 5:1–11; 8:22–25; Matta Müjdəsi 17:24–27; 21:18–22 və s.
  16. Mark Müjdəsi 1:29–34; 2:1–12; 5:24–34; Matta Müjdəsi 9:27–31; 12:9–13; Luka Müjdəsi 17:11–19; Yəhya Müjdəsi 9:1–12
  17. Matta Müjdəsi 14:13–21; 15:32–39
  18. Mark Müjdəsi 6:45–52
  19. Mark Müjdəsi 5:21–43; Yəhya Müjdəsi 11:1–44
  20. Matta Müjdəsi 14:14; Luka Müjdəsi 7:13
  21. Yəhya Müjdəsi 1:29 "Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: "Dünyanın günahını aradan götürən Allah Quzusu budur!""; Matta Müjdəsi 16:21"Bundan sonra İsa şagirdlərinə danışmağa başladı ki, Özü Yerusəlimə getməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən çox əzab çəkməli, öldürülməli və üçüncü gün dirilməlidir"; Matta Müjdəsi 20:28 "Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin".
  22. Yəhya Müjdəsi 19:34
  23. Yəhya Müjdəsi 19:41
  24. Yəhya Müjdəsi 20:1
  25. 1 Korinflilərə 15:5–6
  26. Həvarilərin İşləri 1:9
  27. Həvarilərin İşləri 1:10–11
  28. Matta Müjdəsi 24:30
  29. 2 Timoteyə Məktub 4:1
  30. Yəhya Müjdəsi 6:39–40, 44, 54; 1 Saloniklilərə Məktub 4:13–18
  31. 1 Korinflilərə Məktub 15:51–52
  32. Vəhy Kitabı 22:12–13, 16, 20