Yusif ibn Məhəmmədcan Qarabaği

Yusif Məhəmmədcan oğlu Qarabaği (1532, Qarabağ1591, Səmərqənd) — XVI əsrdə yaşamış Azərbaycan filosofu və şairi.

Yusif ibn Məhəmmədcan Qarabaği
Doğum tarixi 1532
Doğum yeri
Vəfat tarixi 1591
Vəfat yeri
Fəaliyyəti alim

Yusif Qarabağinin öz dövründəki elmi nüfuz və şöhrəti haqqında onun müasiri Xacə Seyid Şərif Raqimin "Tarixi-Raqimi" adlı əsərində verdiyi məlumatlar dolğun təsəvvür yaradır: "Alimlərin sultanı, fazillərin sübutu olan Mövlana Yusif Qarabaği mənalar Misrində taxta əyləşmiş, bəlkə də üzüyünün qaşı altına tam fəzilət mülkünü almış, bilik taxt-tacında əzizlənib elm səmasında on dörd gecəlik Ay kimi şəfəqlənmişdi. Bütün elmlər üzrə o, müasirlərindən bir istisna təşkil etmişdir. O, elmlər üzrə ixtisaslaşmış və mahir olmuşdur. Xüsusilə fəlsəfə və nücum sahəsində zəmanəsinin misilsiz alimi və əsrinin yeganəsi idi".

Raqim Yusif Qarabağinin həm də istedadlı bir şair kimi təqdim edərək yazır: "Yusif Qarabaği şeir deməkdə yüksək ilhama və gözəl istedada malik idi, onun qəsidələri mətlədən məqtəyə qədər nadir və məzmunlu qafiyələrlə bitmişdir". Maraqlıdır ki, vaxtilə Abbasqulu ağa Bakıxanov Yusif Qarabağini məhz bir şair kimi yad etmişdir.

Yusif Qarabağinin şəxsiyyəti məşhur Azərbaycan alimi Məhəmmədəli Tərbiyətin diqqətindən kənarda qalmamış və o, "Danişməndani-Azərbaycan" adlı ensiklopedik əsərində əldə etdiyi məlumatları ümumiləşdirərək yazmışdır:

"Kosa adı ilə məşhur olan Yusif Məhəmmədcan oğlu Məhəmmədşahi Qarabaği öz dövrünün alimlərindən olmuş və hicri-qəməri. 1054-cü (1644-cü) ildə vəfat etmişdir. O, Mövlana Cəlaləddin Dəvvaninin "Şərhi-əqayidi-əzüdi" əsərinə haşiyə və əlavələr yazmışdır ki, "Haşiyəyi-Xanəgahi" adı ilə məşhurdur. Yusif Qarabaği bu əsəri Səmərqəndin Hüseyniyyə xanəgahında yazmış və Əbu Hamid Xəlilullaha təqdim etmişdir (hicri-qəməri 999-cu il səfər ayının 2-də / 1590, 30 noyabr). Ağa Hüseyn Xalxali bu əlavələri tənqid etmişdir. Mövlana Yusif hicri-qəməri 1033-cü (1623-cü) ildə Buxara şəhərində ona cavab yazmışdır ki, bu da "Tətimmətul həvaşi fi izalətil ğəvaşi" ("Qaranlıq məsələləri aradan qaldırmaq məqsədilə haşiyələrə əlavə") adı ilə məşhurdur". Daha sonra M. Tərbiyət onun bir beyt şeirini misal kimi vermişdir.

Çoxcildlik Özbəkistan və Azərbaycan tarixlərində Yusif Qarabaği bir sıra fəlsəfi əsərlərin müəllifi kimi yad olunmuş və həmin əsərlərin Oktyabr inqilabına qədər Orta Asiya mədrəsələrində dərs vəsaiti kimi öyrənildiyi göstərilmişdir. Həmid Araslı da Yusif Qarabağini "Orta Asiya xalqlarının mədəniyyəti üzərində müəyyən təsiri olmuş" Azərbaycan filosofu kimi xatırlamışdır.

Yusif Qarabağinin həyat və yaradıcılığının öyrənilməsi sahəsində ən mühüm xidmət, şübhəsiz, Azərbaycan tədqiqatçısı Əhməd Əminzadəyə məxsusdur. O, əvvəlcə "Azərbaycan fəlsəfəsi tarixinə dair oçerklər" adlı kollektiv əsər üçün Yusif Qarabaği haqqında məqalə yazmış, daha sonra özünün "Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikir tarixindən" adlı monoqrafiyasında ona xüsusi fəsil həsr edərək, filosofun həyatı və fəlsəfi irsi, ontoloji, qnoseoloji və etik görüşləri barədə geniş bəhs açmışdır.

Yusif Qarabaği çox güman ki, XVI əsrin II yarısında Azərbaycanın Qarabağ mahalında ruhani ailəsində doğulmuş, ilk təhsilini burada almış, daha sonra İrana gedib o dövrün tanınmış alimi Həbibullah Mirzəcan Şirazinin (vəf. 1585) şagirdi olmuşdur. Bir müddət sonra o, müəllimi ilə birgə Orta Asiyaya mühacirət etmişdir.

Yusif Qarabaği bir müddət Səmərqənddə yaşamış, tədrislə məşğul olmuş, "Böyük Axund" ("Axundi-kəlan") adı ilə şöhrət qazanmışdır. Elə həmin dövrdə o, məşhur sufi şeyxi Nəcməddin Kübranın (1145–1221) adı ilə bağlı olan "kübraviyyə" təriqətinə qoşulmuşdur.

Daha sonra Buxaraya köçən Yusif Qarabaği burada məhsuldar elmi yaradıcılıqla məşğul olmuşdur. O, Buxara əmiri İmamqulu Bahadurxan (1611–1642) ilə yaxın olmuş, onun məclislərində iştirak etmişdir.

Yusif Qarabağinin oğlu Xacə Yaqub atasının ölümünə maddeyi-tarix yazmışdır. Həmin maddeyi-tarixə ("Yaqubun gözündən Yusif getdi") əsasən, Yusif Qarabaği hicri-qəməri 1054-cü ildə (1644/45) vəfat etmişdir və Buxara ətrafında dəfn olunmuşdur.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Yusif Qarabağinin fəlsəfi irsi kifayət qədər zəngindir. Əhməd Əminzadə yalnız Özbəkistan Şərqşünaslıq İnstitutunun əlyazmalarına əsasən, alimin 20-yə qədər əsərinin adını göstərmişdir. Bu əsərlərin əksəriyyəti ərəbcədir.

Türkiyə alimi Əbdürrəhim Gözəl isə onun Süleymaniyə kitabxanasında əlyazması saxlanılan yeddi əsərinin adını çəkmişdir.

Mənbələrin bildirdiyinə görə, Yusif Qarabağinin elmi-fəlsəfi əsərləri ilə yanaşı, poetik divanı da olmuşdur, lakin bu divan hələlik əldə edilməmişdir.

Yusif Qarabağinin fars dilində yazdığı "Həft cinan" ("Yeddi bağ") əsəri şərqşünas alim Məsiağa Məhəmmədi tərəfindən Azərbaycan dilinə tərcümə və nəşr edilmişdir. Həcmcə kiçik olan bu əsərdə filosofun insan haqqında mükəmməl və sistemli konsepsiyası öz əksini tapmışdır.

1. Xacə Seyid Şərif Raqim. Tarix-e raqemi. – AMEA Şərqşünaslıq İnstitutunun arxivi, inv. № 52

2. Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan. Bakı, 1987

3. Ə. Ə. Əminzadə. Azərbaycanda fəlsəfi və ictima-siyasi fikir tarixindən. Bakı, 1972

4. Yusif Qarabaği. Yeddi bağ. Fars dilindən çevirəni, ön söz və şərhlərin müəllifi Məsiağa Məhəmmədi. Bakı, "İrşad", 1997

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]