Azərbaycan fəlsəfəsi

Azərbaycan fəlsəfəsi — tarixən Azərbaycanda və ölkə xaricində yaşayan azərbaycanlıların fəlsəfi irsinin təşəkkül və təkamülünü əhatə edir.

border=none Əsas məqalə: Azərbaycan sufizmi

XIV əsrin əvvəllərindən XIX əsrin II yarısına qədər Azərbaycan ədəbiyyatında mövcud olan mövzular ya lirika, ya da mistik-fəlsəfi mövzuda hesab edilə bilər. Azərbaycan ədəbiyyatındakı şiə mövzusu ilkin dövrlərdə mistik-fəlsəfi istiqamətli idi, müxtəlif şiə təriqətləri və sufi birliklərinin geniş mövzu dağarcığından bəhrələnirdi.[1]

XV əsrin sonu və XVI əsrin əvvəllərində yaşamış Azərbaycan şairi Həbibinin şeirlərində hürufiliklə bağlı məzmunlar öz yerini tapmışdır. O, aydın və canlı metaforalarla məhəbbət və sufilik mövzularında fəlsəfi şeirlər yazmışdır.[2][3]

XVI əsrin əvvəllərində Səfəvilər imperiyasının qurulması və XVII əsrin əvvəllərində Şah I Abbasın qısamüddətli Osmanlı hakimiyyətindən sonra Şirvan və İran Azərbaycanını geri alması nəticəsində sünni fars, azərbaycanlı və kürd elm adamları Osmanlı imperiyasına köçmüşdür. Bu hadisə Osmanlı imperiyasında fəlsəfi elmlərə marağın artmasına gətirib çıxartmışdır.[4] Səfəvilər imperiyasından qaçan bu alimlər özləri ilə Osmanlı imperiyasına məntiqi elmlər sahəsində yeni elmi əsərlər gətirdilər və bacarıqlı müəllimlər kimi şöhrət qazandılar.[5]

Şəmsəddin Səmərqəndinin "Əl-Risalə fi ədəb əl-baht" əsəri Osmanlı imperiyasında Məsud Şirvaninin (?-1499) şərhi ilə birlikdə tədqiq edilirdi.[6] Dövrünün məşhur alimi Məmməd Əmin Sadruddin Şirvanizadənin (?-1627) əsərlərindən biri Məmməd Fərnarinin Əsirəddin Əbhərinin "İsaquci"sinin şərhinə həsr edilmiş traktatı idi. Bu traktat XIX əsrdə hələ də Osmanlı çevrələrində tədqiq edilirdi. Məmməd Əminin nəvəsi olan Məmməd Sadıq Sadruddin Şirvanizadə (?-1708) isə məntiq sahəsində ən azı bir əsər yazmışdır.[7]

Səfəvi ilahiyyatçısı Mirzə Zahirə Təfrişi (?-1702) məntiqi ilahiyyat və fəlsəfə sahəsində traktatlar müəllifi idi. O, Gürcüstanda katolik və ərəb pravoslav nümayəndələri və kilsə liderləri ilə dinlərarası debatlarda iştirak etmişdir. Azərbaycan türkcəsini böyük ehtimalla ana dili olaraq bilir, debatlarının bəzilərini bu dildə aparırdı.[8]

Mirzə Fətəli Axundovun "Kəmalüddövlə məktubları" (1865)

XIX əsrdə Azərbaycanın Rusiyanın tərkibinə qatılması ilə ölkənin qərbləşməsini istəyən maarifpərvərlik ideologiyası yarandı.[9] Maarifpərvərlər ölkənin Avropadan geri qalmasını və dini cəhalətpərəstliyi tənqid edirdi.[10]

Azərbaycan alimi Abbasqulu ağa Bakıxanov insanın elm və öyrənmə yolu ilə geridə qalmaqdan qurtulacağını fikirləşsə də, elm və din arasında harmoniyaya inanırdı. O, "Əxlaqın tərbiyələnməsi" əsərində İslam təlimlərindən bəhs edir və onları Yunan fəlsəfəsi və Qərb dəyərləri ilə müqayisə edirdi.[11] Bakıxanovun "Nəsihətlər kitabı" əsəri mesaj baxımından Qaraxanlılar dövrünə aid "Qutadqu-bilik" əsəri ilə bir çox oxşarlıq daşıyır.[12]

Mirzə Fətəli Axundov öz fəlsəfi fikirlərini "Kəmalüddövlə məktubları", "Mollayi-Ruminin və onun təsnifinin babında", "Həkimi-ingilis Yuma cavab", "Yek kəlmə haqqında" kimi əsərlərində bəyan edirdi.[10] O, "Kəmalüddövlə məktubları" əsərində İslamın əsaslarını, despotik feodal dövləti, İranda hökm sürən aristokratik təbəqəni tənqid edirdi.[13] XIX əsrdə Azərbaycanda ictimai və fəlsəfi fikrində İslam ideoloqu Cəmaləddin Əfqaninin irsi önəmli rol oynamışdır.[10]

1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin fəlsəfəsinin yaradıcılarından biri olan Əli bəy Hüseynzadə "Milli Azərbaycan", "İslam bölgəsi miqyasında intibah" və "Turan" konsepsiyalarına görə təqiblərə məruz qalmışdır. O, türk xalqlarının inkişafında Şərq və Qərb mədəniyyətinin sintezini vacib hesab edir, türkçülüyün, islamçılığın və avropalaşmanın labüdlüyünü irəli sürürdü. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə milli müstəqil Azərbaycan ideyası və dövlət konsepsiyasının banilərindən biridir.[14]

1920-ci ildə Azərbaycanın Qırmızı Ordu tərəfindən işğalından sonra marksizmin tədqiqinin və tədrisinin aparıldığı dialektik və tarixi materializm kafedrası açıldı. Bu dövrdə fəlsəfənin Azərbaycan Milli Elmlər Akademiyasının himayəsində institualizasiyası baş verdi, Qərb fəlsəfəsinə aid əsərlərin azərbaycan dilinə tərcüməsi və Azərbaycan fəlsəfəsinin tədqiqi və sistemləşdirilməsi təmin edildi və Rene Dekart, Benedikt Spinoza, Tomas Hobbs, Con LokkGeorq Vilhelm Fridrix Hegelin fəlsəfi görüşləri tədqiq edildi. Əddin Şakirzadənin Qədim Yunanıstan filosofu Epikürə həsr edilmiş əsəri məşhur idi. Bu dövrdə Azərbaycanın İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi görkəmli mütəfəkkirlərinin fəlsəfi görüşləri ilə bağlı tədqiqatlar aparıldı. SSRİ-in son dövlərində paniranizmlə rəqabət aparan türkçülük ideologiyası populyarlıq qazandı. Bundan başqa Zakir Məmmədovun (1936–2008) Azərbaycan fəlsəfəsinin sistemləşdirilməsi və tədqiq edilməsində böyük rolu olmuşdur.

  1. Berengian, 1988. səh. 17-18
  2. Sadıkoğlu, 1996. səh. 374–375
  3. Javadi, Burrill, 1988. səh. 251–255
  4. El-Rouayheb, 2008. səh. 210
  5. El-Rouayheb, 2008. səh. 196
  6. El-Rouayheb, 2008. səh. 218
  7. El-Rouayheb, 2008. səh. 211-212
  8. Alsulami, Mohammed, “Mīrzā Ẓahīrā Tafrishī”, in: Christian-Muslim Relations 1500 - 1900, General Editor David Thomas. Consulted online on 18 March 2023
  9. Azərbaycan Milli Ensiklopediyası, 2007. səh. 529
  10. 1 2 3 Azərbaycan Milli Ensiklopediyası, 2007. səh. 530
  11. Javadi, Hasan, “BAKIKHANOV, ABBAS-KULI-AGA”, in: Encyclopaedia Iranica Online, © Trustees of Columbia University in the City of New York. Consulted online on 18 March 2023.
  12. "NASIHATLAR OF ABBAS KULU AGHA BAKIKHANLI. Audrey L. ALTSTADT | Central Asian Monuments | Edited by H. B. Paksoy | CARRIE Books". Vlib.iue.it. 2019-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-02.
  13. М. Рафили. Пушкин и Мирза-Фатали Ахундов Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine. — "Пушкинский временник": Издательство Академии наук СССР, 1936. — С. 240–256.
  14. Azərbaycan Milli Ensiklopediyası, 2007. səh. 531
  • Azərbaycan Milli Ensiklopediyası, Azərbaycan, Azərbaycan Milli Ensiklopediyası NPB, 2007
  • Berengian, Sakina. Azeri and Persian Literary Works in Twentieth Century Iranian Azerbaijan. K. Schwarz. 1988. ISBN 978-3-922968-69-6.
  • Javadi, H.; Burrill, K. AZERBAIJAN x. Azeri Turkish Literature // In Yarshater, Ehsan (ed.). Encyclopædia Iranica (ingilis). Volume III/3: Azerbaijan IV–Bačča(-ye) Saqqā. London and New York: Routledge & Kegan Paul. 1988. 251–255. ISBN 978-0-71009-115-4.
  • El-Rouayheb, K. (2008). The Myth of “The Triumph of Fanaticism” in the Seventeenth-Century Ottoman Empire, Die Welt des Islams, 48(2), 196-221. doi: https://doi-org.wikipedialibrary.idm.oclc.org/10.1163/157006008X335930
  • Sadıkoğlu, Cengiz. HABÎBÎ // TDV İslam Ansiklopedisi (türk). 14 (Geli̇bolu – Haddesenâ). İstanbul: Türkiyə Dəyanət Vəqfi. ISBN 9789753894418.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]