Yuzef Ploşko

İosif Kasperoviç Ploşko (pol. Józef Płoszko, 1867[1], Polşa1931[1], Polşa) — memar, mühəndis.[2][3]

İosif Ploşko
pol. Józef Płoszko
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Polşa
Vəfat tarixi
Vəfat yeri Polşa
Vətəndaşlığı
Təhsili
  • İnşaat Mühəndisləri İnstitutu[d]
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Bakı
Vladiqafqaz
Əsas tikililəri
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İosif Ploşko 1867-ci ildə Polşada anadan olmuşdur. 1897-ci ildə İosif Qoslavskinin dəvəti ilə Bakıya gəlmiş, Şəhər İdarəsində sahə memarı işləmiş, bir müddətdən sonra isə şəhər memarı vəzifəsini tutmuşdur. 1920-ci illərdə Ploşko Bakıda mühəndis kimi işləmiş və Zivər bəy Əhmədbəyovla birlikdə Abşeronda bağ-şəhərlərin salınması layihəsinin müzakirəsində iştirak edib. Memar 30 ilə yaxın Bakıda yaşadıqdan sonra 1925-ci ildə Varşavaya, daha sonra isə Fransaya köçüb və orada dünyasını dəyişib.

Gənc Ploşko şəhərin memarlıq-inşaat həyatı ilə yaxından tanış olur, yerli tikinti materiallarını, əsas etibarilə, gözəl bədii keyfiyyətləri olan əhəngdaşını öyrənir, sonralar isə öz tikililərində ondan məharətlə istifadə edirdi. Bununla yanaşı, o zaman, təəssüf ki, bərbad vəziyyətdə və dağılmaqda olan Bakı qalasının nadir abidələri onun diqqətini cəlb edir. Ploşko həcm plastikası, daş üzərində nəfis oyması və ornament motivlərinin fantaziyası ilə insanı heyran edən Şirvanşahlar sarayı ansamblına xüsusilə böyük maraq göstərir. O, öz istedadı sayəsində şəhərin bəzəyinə çevrilmiş çox gözəl monumental binaların müəllifi oldu".

Ploşkonun memarlıq aktivində çoxlu yaşayış evləri və binalar, ictimai, mülki, dini tikililər var. Bir memar kimi o, çox məhsuldar idi. Məşhur yerli milyonçular onun sifarişçiləri idilər. Ploşkonun memarlıq əsərlərinin üslubu da zəngin idi: Avropa klassikası, yüksəksəviyyəli Venesiya və fransız qotikası, xüsusilə də əsrin əvvəlində dəbdə olan modern. Onun layihələndirdiyi tikililər arasında yaşayış evləri üstünlük təşkil edirdi. Sifarişçiləri arasında milyonçu Ağamusa Nağıyev xüsusilə seçilirdi. Digər polyak memarı İ. Qoslavski H. Z. Tağıyevin yaxın memarı olduğu kimi, İ. PIoşko da A. Nağıyevin memarı idi. Ploşkonun sifarişçiləri arasında başqa Bakı milyonçuları da vardı: Murtuza Muxtarov, Nuru Əmiraslanov, polyak mənşəli Rılskilər ailəsi və s.

Nəriman Əliyevin sözlərinə görə, Ploşkonun layihələndirdiyi tikililər Bakı şəhərinin memarlıq-planlaşdırma quruluşunda əhəmiyyətli yer tutur: "Ploşkonun monumental səciyyəli ilk işi olan "İsmailiyyə" onu şəhərin memarlıq mühitində birinci sıralara çıxartdı. Əvvəl bu binanın yerində İ. Qoslavskinin layihəsi üzrə bazar tikilməli idi. Bazar tikilmədi və sahə on il ərzində boş qaldı, sonra məscid tikməyi qərara aldılar, ancaq Bakı qubernatoru şəhərin mərkəzində məscid tikməyə icazə vermədi. Yalnız 1907-ci ildə Ağamusa Nağıyev sahəni aldı və erkən vəfat etmiş oğlunun xatirəsinə "İsmailiyyə" ictimai-xeyriyyə cəmiyyətinin binasının inşasını Ploşkoya sifariş etdi. Bina planlaşdırma cəhətdən əlverişli mövqe tuturdu. Venesiya qotikası üslubunda tikilmiş dəbdəbəli "İsmailiyyə" sarayı çox plastikdir və yaxşı işlənib".

Ağamusa Nağıyevin Torqovı küçəsindəki (indiki Nizami, 93) evi (1910) də şəhər tikintisinin miqyasını, küçənin memarlıq həllinin xarakterini müəyyənləşdirən və estetik vəzifəyə malik olan çoxmərtəbəli tikilidir. Bina Bakı moderni üslubunda tikilib, yan çıxıntılara ayrılıb, qoşa pəncərə aşırımlarına bölünüb. Ploşko özünün daha bir böyük sifarişini Bakı milyonçusu Murtuza Muxtarovdan almışdı. Milyonçu Osetin xanımının arzusunu yerinə yetirərək Vladiqafqaz şəhərində məscid tikməyi memara tapşırmışdı. Ploşko Bakıda yaşadığı dövrdə islam memarlığı abidələri ilə yaxından tanış olmuşdu. Məscidin tikintisi 1908-ci ildə bitdi. Şəhər gözəl bir hədiyyə, müsəlmanlar isə dekorativ motivlərlə bəzənmiş bir ibadətgah aldı.

  1. 1 2 Józef Płoszko // MAK (pol.).
  2. "Архитекторы Баку". 2021-05-15 tarixində arxivləşdirilib.
  3. "Архитектор Иосиф Плошко с супругой". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]