Cəlal Məmmədov (ictimai xadim)
Cəlal Cabbar oğlu Məmmədov (9 dekabr 1918, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Ermənistan Demokratik Respublikası – 4 fevral 1983, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan ictimai və dövlət xadimi, yazıçı, tərcüməçi, "Azərbaycan" jurnalının baş redaktoru (1966–1975), Azərbaycan SSR əməkdar incəsənət xadimi, SSRİ və Azərbaycan SSR Yazıçılar İttifaqının katibi.
Cəlal Mirzə Cabbar oğlu Məmmədov 1918-ci il dekabrın 9-da görkəmli alim Mirzə Cabbar Məmmədzadənin (1882–1937) ailəsində doğulmuşdur. Mirzə Cabbar Məmmədzadə, öz növbəsində, fars dili mütəxəssisi kimi İrəvanda "Fars Abbas" adı ilə məşhur olan molla Abbas Məhəmmədzadənin (1846–1916) oğlu idi.
Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirsə də ədəbiyyata meyil etmişdir. "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin redaktoru, Azərbaycan Tədris-Pedaqoji Nəşriyyatında baş redaktor, Radio Verilişləri və Dövlət Televiziya Komitəsində sədr müavini, "Kommunist" qəzetində redaktor müavini vəzifələrində calışmışdır. 1966-cı ildə "Azərbaycan" jurnalının baş redaktoru təyin edilmiş, 1975-ci ildən ömrünün sonunadək isə Kitab Ticarəti, Poliqrafiya və Nəşriyyat işləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində işləmişdir.
Cəlal Məmmədov 1983-cü il fevralın 4-də 65 yaşında vəfat etmişdir.