Azərbaycan Xalça Muzeyinin Şuşa filialı
Şuşa Xalça Muzeyi — Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 26 sentyabr 1985-ci il tarixli 502 №-li əmrinə əsasən əsası qoyulan Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı. Filial fəaliyyətinə 19 may 1987-ci il tarixindən general Səməd bəy Mehmandarova məxsus XVIII əsr abidəsi olan malikanədə başlamışdır.Qədim tarixə malik Qarabağ, o cümlədən Şuşa xalçalarının tədqiqi, təbliği, qorunub-saxlanılması məqsədilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan – milli sənət dəyərlərimizi yaşadan xalça və xalça məmulatları, bədii tikmə, milli geyim və zərgərlik nümunələri sərgilənməsi üçün Şuşa filialına göndərilmişdi.Şuşa filialında Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan seçilmiş xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii tikmə, milli geyim, zərgərlik və bədii metal nümunələri nümayiş olunurdu.
== Muzeyin tarixi ==
Filial beş il, 1992-ci il may ayının 8-də Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu günə kimi fəaliyyət göstərmişdir. Azərbaycan və Ermənistan arasında baş vermiş hərbi münaqişə 1992-ci ildə filialın öz fəaliyyətini dayandırmasına səbəb oldu. 1992-ci ilin 29 fevral tarixində Şuşa filialının 246 ədəd eksponatından 183-ü (80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatı, 29 ədəd bədii tikmə və milli geyim, 39 ədəd zərgərlik məmulatı) təxliyə edilərək Bərdəyə, daha sonra Bakı şəhərinə gətirilərək, Azərbaycan Xalça Muzeyinin əsas fonduna təhvil verilmişdir.Şuşada fəaliyyət göstərən 8 muzeydən yalnız Azərbaycan Xalça Muzeyi əşyalarının yarıdan çoxunu, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev muzeyi isə əşyalarını qismən xilas edə bilmişdir. Xilas edilmiş eksponatlar arasında XIX–XX əsrləri əhatə edən Qarabağın ənənəvi "Şabalıd-buta", "Malıbəyli", "Qoca", "Bəhmənli", "Atlı-itli", "Xanlıq", "Çələbi", "Açma-yumma" çeşniləri əsasında toxunmuş xovlu xalçalar, məişətdə geniş istifadə olunan xovsuz xalçalar və xalça məmulatları, bədii tikmə, milli geyimlər və zərgərlik nümunələri var. Hazırda Şuşa filialı öz fəaliyyətini Azərbaycan Xalça Muzeyində davam etdirir.
== Muzeyin fəaliyyəti ==
Muzeyin Şuşa filialı Qarabağ məktəbinə məxsus xalça nümunələrinin məhz xarici ölkələrdə təbliği məqsədi ilə ABŞ-də fəaliyyət göstərən "Qarabağ Fondu" ilə əməkdaşlıq edir. Qarabağın unudulmaqda olan toxuculuq texnologiyalarının bərpası və inkişafı Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının əsas layihələrindəndir. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının əməkdaşları tərəfindən Qarabağ məktəbinə məxsus qədim çeşnili "Çələbi", "Bəhmənli" və "Malıbəyli" xalçalarının eskizləri hazırlanaraq 2012-ci ilin yanvar ayından fəaliyyət göstərən xalça sexinə toxuması üçün təhvil verilmişdir.