Bu səhifədə iş davam etməkdədir. |
Azərbaycan Milli Xalça Muzeyi — Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə yanaşı, müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri toplanan muzey[2]
Azərbaycan Milli Xalça Muzeyi [1] | |
---|---|
Əsası qoyulub | 1967 |
Açılış tarixi | 1967 |
Ölkə | |
Yerləşir |
Azərbaycan, Bakı AZ 1003, Mikayıl Useynov prospekti, 28. Dənizkənarı Milli Park |
Direktor | Əminə Məlikova |
Muzeyə yetişmək | M 1 İçərişəhər metrostansiyası |
Telefon | (+994 12) 497-20-57 |
İş rejimi |
Çərşənbə axşamı - Cümə 10:00 -18:00, Şənbə - Bazar 11:00 - 19:00 İstirahət günü - Bazar ertəsi |
40°22′09″ şm. e. 49°50′33″ ş. u. | |
Muzeyin rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan SSR-nin Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli 130 nömrəli sərəncamı ilə yaradılmışdır. 1967–1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993–2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014–2019-cu illərdə Azərbaycan Xalça Muzeyi, 2019-cu ildən bu günədək[3] Azərbaycan Milli Xalça Muzeyi adlanır. Yarandığı dövrdə dünyanın yeganə ixtisaslaşdırılmış xalça muzeyi idi. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramı olmuşdur.
Muzeyin yaranmasının təşəbbüskarı alim və xalçaçı, xalça haqqında elmin banisi, rəssam və pedaqoq, "Azərbaycan xalçası" adlı fundamental əsərin müəllifi Lətif Kərimovdur. Azərbaycan Xalça Muzeyinin ilk ekspozisiyası 26 aprel 1972-ci ildə İçərişəhərdə yerləşən, XIX əsr memarlıq abidəsi olan Cümə məscidinin binasında açılmışdır. Ekspozisiyanın açılış mərasimində muzey yarandığı gündən böyük dəstəyini əsirgəməyən Heydər Əliyev iştirak etmişdir. 1970–1980-ci illərdə Heydər Əliyevin davamlı dəstəyi sayəsində muzey sənətkarlıq nümunələrini almaq və bununla da öz kolleksiyasını genişləndirmək imkanı əldə etdi. Həmin illərdə muzey üçün Azərbaycan xalça sənətinin inciləri alındı. 1992-ci ildə Azərbaycan Xalça Muzeyi Neftçilər prospektində yerləşən Muzey Mərkəzinə (keçmiş Lenin Muzeyi) köçürüldü.[4] 1991-ci ildə SSRİ-nin süqutundan sonra prezident sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verildi və Muzey Mərkəzi adını aldı. Azərbaycanın müxtəlif regionlarından olan xalça və tətbiqi sənət nümunələrini sərgiləyən muzeyin ekspozisiyası binanın ikinci mərtəbəsində yerləşən 13 geniş zalda yerləşirdi. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondunun birgə layihəsi çərçivəsində Dənizkənarı Milli Parkda Azərbaycan Xalça Muzeyi üçün yeni binanın tikilməsi barəsində sərəncam imzaladı. 2014-cü ildə avstriyalı memar Frans Yantsın layihəsi əsasında muzey işinin ən müasir tələblərinə cavab verən yeni bina inşa edildi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli qərarı ilə ölkəmizin xalça sənətinin qorunması və təbliği sahəsindəki müstəsna xidmətlərinə görə Azərbaycan Xalça Muzeyinə "Milli" statusu verilmişdir. Hazırda, ölkənin müasir tikililərindən birində yerləşən Azərbaycan Milli Xalça Muzeyi yalnız sənət nümunələri və milli irsimiz olan xalçaların saxlanc yeri kimi çıxış etmir, həm də milli xalça sənətinin hərtərəfli araşdırılması və xalqımızın bədii incilərinin yüksək səviyyədə təqdimat məkanı olaraq çoxşaxəli fəaliyyət göstərir.[5]
"Xovlu xalçalar", "Xovsuz xalçalar", "Xalça məmulatları", "Bədii metal", "Çini, şüşə, ağac, kağız", "Parça, geyim, tikmə" və "Zərgərlik məmulatları" kimi yeddi kolleksiyanı özündə birləşdərən muzey fondunda 10139 ədəd eksponat saxlanılır. Muzeydə tunc və antik dövrə, erkən orta əsrlərə aid nadir əşyalar qorunur, kolleksiyalarının böyük hissəsi isə XVII–XX əsrlərə aiddir.
Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyalarının toplanması və sonrakı inkişafında ölkənin aparıcı elmi qüvvələri, akademiklər Rasim Əfəndiyev və Teymur Bünyadov, əməkdar incəsənət xadimi və muzeyin ilk direktoru Əziz Əliyev, sənətşünaslıq üzrə elmlər doktorları, professorlar Röya Tağıyeva və Kübra Əliyeva, tarix elmləri doktoru Həsən Quliyev, sənətşünaslıq üzrə namizəd Nəcibə Abdullayeva yaxından iştirak etmişlər.
"Xovlu xalçalar" kolleksiyası. Muzeyin əsas fondunu təşkil edən "Xovlu xalçalar" kolleksiyası 2398 ekspontdan ibarətdir. Kolleksiyada olan xalçalar XVII–XX əsrin əvvəlləri və müasir dövrləri əhatə edir. Xovlu xalçalar kolleksiyasının əsas hissəsini Azərbaycan xalça sənətinin dörd xalça qrupunun – Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz xalça qruplarının müxtəlif kompozisiyaları təşkil edir.
Qubada toxunan xalçalardan -"Pirəbədil", "Qımıl", "Sırt-Çiçi" zərifliyi, rəsm və naxış elementləri ayrıntılarının nəcibliyi, səthə taxılmış kimi görünən — toxunması belə hiss olunmayan elementləri, xırdalanmış cizgi rəsmi, yığcam rəng qammaları ilə insanı heyran edir. Şirvan xalçalarından — "Muğan", "Şilyan" bir növ ilk — qədim xalçalarımıza oxşayır. Bu xalçalarda qədim xalça kompozisiyaları ciddi ritmlə realizə edilir, sakit kolorit üstündür. Qarabağ xalçaları — "Xanlıq", "Malıbəyli", "Ləmpə"də yüksək kompozisiya ustalığı, ağlasığmaz fantaziya, kolorit əlvanlığı ön planda dayanır. Bakıda hazırlanan xalçalardan — "Xilə-buta"nın, "Novxanı"nın, "Fatmayi"nin zərif cizgi rəsmi, mürəkkəb ornamentləri vardır. Olduqca böyük şərtiliyə əsaslanan "Faxralı", "Şıxlı", "Borçalı", "Qaçağan", "Qədim Göyçə", "Dəmirçilər" kimi Gəncə-Qazax növünə aid xalçalarda əsasən naxışların həndəsi üslubuna daha çox üstünlük verilir. Bu naxışlar kainatın sirlərini, mistik təsəvvürləri damğalar və cizgilərin dili ilə bizlərə yetirirlər.[6] Təbriz xalçalarından — "Sərabi", "Əfşan", "Ləçək-turunc"da dairəvi və ya spiralvari plastik formaların dekoru, dünyanm əbədiliyi, gözəlliyi və həyat ritmi haqqında təsəvvür yaradır. Azərbaycan Milli Xalça Muzeyi Azərbaycanın məhz belə nadir sənət nümunələrini öz kolleksiyasında toplamışdır.
"Xovsuz xalçalar" kolleksiyası. Muzeyin "Xovsuz xalçalar" kolleksiyası 681 eksponatdan ibarətdir. Kolleksiyada xovsuz xalçların palaz, çiyi-palaz, kilim, qədirqə, cecim, şəddə, ladı, vərni, zili və sumax kimi növləri saxlanılır. Kolleksiya əsasən XVIII–XX əsrləri əhatə edir.
Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənirlər. Müxtəlif ölçülü rəngli zolaqları ilə seçilən palaz və cecimlər sadə keçirtmə texnikası ilə toxunur. "Kilimgülü" medalyonlu, dördbucaq və altıbucaq formalı fiqurlardan ibarət həndəsi naxışlarla bəzədilən kilimlər mürəkkəb keçirtmə üsulu, vərni, şəddə, zili və sumax kimi xovsuz xalçalar isə mürəkkəb naxışlar (S və yaxud Z formalı stilizə olunmuş əjdaha təsvirləri, antromorf və zoomorf motivlər, nəbati ornamentlər, "Xətai" kompozisiyası) vurmağa imkan yaradan dolama texnikası ilə toxunur. Xovsuz xalçalardan məişətdə döşəmə, alaçığın örtüyü, pərdə, geyim, süfrə və s. kimi istifadə olunurdu. Bu kimi məmulatların hazırlanması insanların müdrikliyini, onların təfəkkürünün originallığını sübut edir[7]
"Xalça məmulatları" kolleksiyası. Muzeyin "Xalça məmulatları" kolleksiyası XIX–XX əsrlərə aid 1576 ədəd eksponatdan ibarətdir. Yüngül, rahat daşınan və yığcam xalça məmulatları maldarların məişətinin ayrılmaz tərkib hissəsi idi. Hər bir məmulatın özünəməxsus funksiyası olmuşdur. Belə ki, içərisində taxıl məmulatlarının saxlanılması üçün çuval, qaşıq saxlamaq üçün qaşıqdan istifadə olunurdu. Burada əcdadlarımızın həyatı üçün vacib hesab olunan xalça məmulatları da saxlanılır: heybə (kiçik ölçülü çanta), xurcun (iki hissədən ibarət çanta), qaşlıq (yəhərin qaşından keçirilən çanta), məfrəş (yataq dəsti, geyim yığılması və yük daşınması üçün çanta), sicim (yükü bağlamaq üçün qalın ip), örkən (yükü bənd etmək üçün ensiz ip), balışüzü, süfrə, duz torbası, corab, cahaz (dəvə başlığı), yəhərüstü (yəhərinin üstünə salınan kiçik ölçülü xalça), çətən (döşəmə, alaçıqdakı divar, arakəsmə və pərdə kimi istifadə olunan məmulat), keçə, ləmə qabağı (alaçığın təsərrüfat hissəsini ayıran naxışlı pərdə), asmalıq (dəvə bəzəyi).
"Bədii metal" kolleksiyası. Muzeyin "Bədii metal"kolleksiyası 1082 eksponatdan ibarətdir. Kolleksiya əsasən XIX–XX əsrləri əhatə edir və Qarabağ, Naxçıvan, Şirvan, Lahıc bölgələrinə məxsusdur. Misgərlik nümunələrinin hazırlanmasında soyuq və isti döymə, tökmə, qaynaqetmə və pərçimləmə kimi texniki üsullardan istifadə olunurdu. Kolleksiyada səhəng, güyüm, satıl, parç, dolça, aftafa-ləyən, cam, sərpuş, qənddan, meyvə qabı, çil-cam, nimçə, kasa, qazan, kəfkir, abgərdan, ləmpə, gülabdan, samovar, badya, çaydan, hamam tası, hamamsandığı, məcməyi, çıraq, xına qabı, şərbət qabı kimi bədii metal nümunələri saxlanılır. Muzeyin kolleksiyasına XVI əsrin sonu-XVII əsrin əvvəllərinə aid dəbilqə və XVIII əsrin sonu-XIX əsrin əvvəllərinə aid qalxan nümunəsi də daxildir.
"Parça, geyim, tikmə" kolleksiyası. Muzeyin "Parça, geyim, tikmə" kolleksiyasında XIX–XX əsrləri əhatə edən 1225 eksponat qorunub saxlanılır. Kolleksiyada milli geyim nümunələrindən Azərbaycanın müxtəlif bölgələrinə məxsus çəpkən, arxalıq, tuman, kürdü, canlıq, çuxa, yapıncı, çax-çur, şalvar, çarıq, ləbbadə, küləcə, köynək, araqçın, rübənd, kəlağayı, çarşab nümunələri saxlanılır. Milli geyimlə sıx bağlı olan, Azərbaycanın ənənəvi maddi mədəniyyətinin zərif və incə sahələrindən biri tikmə sənəti olmuşdur. Kolleksiyada tikmə nümunələrindən taxça qabağı, süfrə, daraq qabı, tütün qabı, iynədan, qələmdan, bığ bağı, heybə, möhür qabı, pul kisəsi, yelpik, namazlıq, Quran qabı kimi növləri vardır. Tikmələrin bəzədilməsində təkalduz, güləbətin, pilək, muncuq, qurama və cülmə kimi texnikalardan istifadə olunurdu. Kolleksiyanın ən qədim tikmə nümunəsi arxeoloji qazıntılar zamanı Naxçıvanın Xaraba Gilan ərazindən tapılmış XII–XIII əsrlərə aid kətan parçanın fraqmentidir. Kolleksiyada həmçinin əhali arasında məşhur olan qanovuz və tirmə parça növləri də saxlanılır. Parçaların naxışı və rəngləri etnik qrupları və ya sinfi təbəqələrin nümayəndələrini fərqləndirməyə imkan verirdi.
"Çini, şüşə, ağac, kağız" kolleksiyası. Muzeyin "Çini, şüşə, ağac, kağız" kolleksiyası 1754 eksponatdan ibarətdir. Eksponatlar əsasən XIX əsrin əvvəli-XX əsrin sonuna aiddir. Kolleksiyanın ən qədim eksponatları Naxçıvanın Kültəpə ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılmış Tunc dövrünə aid keramik məmulatlardır. Antik dövr (e.ə. IV-b.e III əsrlər) məmulatlarına Mingəçevir, Şəki, Qax, Şamaxı və Oğuzdan tapılmış arxeoloji tapıntılar daxildir. Bundan əlavə, kolleksiyada orta əsrlərə aid Culfa, Bərdə, Şamaxı və Bakıda Şirvanşahlar sarayından tapılmış nadir sənətkarlıq nümunələri saxlanılır. Kolleksiyada Kuznetsov fabrikinin istehsalı olan çini məmulatlar və müasir ağac, şüşə və keramik məhsullardır. Kolleksiyanın ən qiymətli hissələrindən biri də Azərbaycan Xalq Rəssamı Lətif Kərimova məxsus müəllif xalçalarının eskizləri, milli xalça motivlərinin qrafik cədvəli və kompozisiyalardır.
"Zərgərlik məmulatları" kolleksiyası. Muzeyin "Zərgərlik məmulatları" kolleksiyasında 817 eksponat saxlanılır. Məmulatlar əsasən XIX–XX əsrin əvvəllərinə aiddir. Ən qədim nümunələr isə Tunc dövrünə aid qılınc, sırğa, qolbaq və quş fiqurlarıdır. Kolleksiyaya qadın zinət əşyalarının bütün növləri daxildir: baş bəzəyinə aid dümçə; qulaq bəzəyinə aid sırğalar – piyaləzəng, səbət; boyun-yaxa bəzəyinə aid sinəbənd və boğazaltılar; bilək-ayaq bəzəyinə aid bilərzik və xalxallar, üzüklər; bel bəzəklərinə aid kəmər və toqqalar. Azərbaycan qadınlarının zərgərlik dəstlərində əsas yerlərdən birini qoruyucu məqsədlə boyundan asılan amulet qabı tutur. Buraya kiçik ölçülü Quran kitabı, dualar, nəzir üçün nəzərdə tutulan pullar və sirli məna daşıyan digər əşyalar qoyulurdu. Muzeyin fondunda mücrü, sürmədan və ətriyyat qabları kimi məişət əşyaları da qorunub saxlanılır. Zərgərlik kolleksiyasında kişi zinət əşyalarından xəncər və qılınclar əsas yer tutur. Bundan əlavə, təsbeh, qəlyan, müştük və digər şəbəkə üsullu əşyalar da dekor zənginliyi ilə seçilir. Zərgərlik məmulatlarının bəzədilməsində döymə, tökmə, basma, oyma, həkketmə, şəbəkə, zər oyunu, qarasavad, minasazlıq və inkrutasiya kimi texniki üsullardan istifadə olunurdu. Kolleksiyada həmçinin müasir dövrdə bu sənətdən bəhrələnərək zərgərlik nümunələri yaradan sənətkarların − Nina Paşayeva, Hacı Şamov, Camal Eyyubov, Əli Əhmədov, Əlimuxtar Zeynalov və Rəşid Məmmədovun əl işlərindən ibarət qızıl və gümüş zərgərlik nümunləri də saxlanılır.
Bu gün Azərbaycan Milli Xalça Muzeyi milli sənət incilərinin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə fondların komplektləşdirilməsi sahəsində fəal işlər görür. Kolleksiyamızın zənginləşmə mənbələri kimi satınalma komissiyaları, arxeoloji ekspedisiyalar, hərrac evləri və şəxsi kolleksiyaları qeyd etmək olar.
2016-cı ildə muzeyin hər kolleksiyası üzrə monitorinq aparılmış və konsepsiya hazırlanmışdır. Bu konsepsiya əsasında kolleksiyada mövcud olmayan xalçalar üzə çıxarılır, onları dünya kolleksiyaları üzrə axtarır, həmin nümunələrin əldə olunması üçün öz vəsaiti hesabına əldə edir və ya sponsor axtarılır.
Son illərdə muzey təfərindən həyata keçirilən "Nadir Azərbaycan xalça nümunələrinin tarixi vətəninə qaytarılması" layihəsinin əsas prioritet məsələlərindən biri vaxtı ilə xaricə aparılmış və ya ixrac olunmuş, işğal altında olan torpaqlarımızdan talan edilərək ölkəmizdən kənara çıxarılan nadir xalçaların tarixi vətəninə qaytarılmasıdır. Bu layihə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018–2022-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi istiqamətində aparılan layihələrdən biridir. Layihə çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası 50 (əlli) ədəd dəyərli xalçalarla zənginləşmişdir. Onların sırasında XVII əsrə aid "Xətai"[8] və "Şamaxı", XVIII əsrə aid "Naxçıvan" və "Çələbi", XIX əsrə aid "Uqah", "Sor-sor", "Xilə-buta"[9], "Hacıqayıb"[10], "Sırt-çiçi" xalçaları bu gün kolleksiyamızda layiqli yerlərini tutmuşlar. Bu xalçalar muzeyin öz hesabına yerli əhalidən və xarici kolleksionerlərdən satın alınmışdır. Həmçinin, bir neçə sənət əsəri Heydər Əliyev Fondu, azərbaycanlı və xarici xeyriyyəçilər tərəfindən muzeyə hədiyyə olunmuşdur. Bununla yanaşı, Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən müsadirə olunmuş xalçalar da muzey kolleksiyasına təhvil verilmişdir.
Qədim tarixə malik Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 26 sentyabr 1985-ci il tarixli 502 №-li əmrinə əsasən Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının əsası qoyulmuşdur. Filial fəaliyyətinə 19 may 1987-ci il tarixindən Mehmandarovlara məxsus XIX əsr abidəsi olan malikanədə başlamışdır. Şuşa filialında Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan seçilmiş xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii tikmə, milli geyim, zərgərlik və bədii metal nümunələri nümayiş olunurdu.
Azərbaycan və Ermənistan arasında baş vermiş hərbi münaqişə 1992-ci ildə filialın öz fəaliyyətini dayandırmasına səbəb oldu. 1992-ci ilin 29 fevral tarixində Şuşa filialının 246 ədəd eksponatından 183-ü (80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatı, 29 ədəd bədii tikmə və milli geyim, 39 ədəd zərgərlik məmulatı) təxliyə edilərək muzeyin əsas fonduna təhvil verilmişdir.
Filial Şuşanın işğalından sonra, 1992-ci ildən etibarən öz fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyində davam etdirirdi.
2023-cü il mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Milli Xalça Muzeyinin Şuşa filialının açılışında iştirak ediblər[11]. Hazırda Şuşada yeni xalça ekspozisiyası təqdim olunur.
Milli Xalça Muzeyinin Şuşa filialının XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılmışdı. Görülmüş işlər nəticəsində binanın daxili divarları, döşəmələri, tavanları bərpa olunub. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar götürülərək binanın tarixi siması özünə qaytarılıb. Binanın fasadındakı çatlar bərpa olunub və daşla üzlənib.
Azərbaycan Milli Xalça Muzeyinin nəzdində fəaliyyət göstərən kitabxana elmi xarakter daşıyır və təkcə muzey işçiləri deyil, eyni zamanda ali məktəb tələbələri, müəllim heyəti, dissertantlar və xarici ölkələrdən gələn mütəxəssislər də kitabxananın xidmətindən istifadə edə bilərlər. Hazırda kitabxananın fondunda 4030 (dörd min otuz) ədəd kitab və kataloq, 1012 (min on iki) ədəd jurnal saxlanılır. Əsasən dekorativ-tətbiqi sənətin müxtəlif növləri: xalçaçılıq, parça, tikmə, geyim, metalişləmə sənəti (misgərlik, zərgərlik), dulusçuluq (bədii keramika), incəsənətin növləri: memarlıq, heykəltəraşlıq, rəssamlıq, rəngkarlıq, miniatür, daş plastikası, fotoqrafiya, muzeyşünaslıq, mədəniyyətşünaslıq, musiqi, kino, teatr, eləcə də elmin digər sahələri; bədii ədəbiyyat, siyasi ədəbiyyat, tarix, arxeologiya, etnoqrafiya, numizmatika, epikqrafiya və s. sahələri əhatə edir. Kitabxana fondunun əsas hissəsini xalçaçılığa aid olan kitablar təşkil edir.
Muzeyin kitabxanası əsas fonddan və ekspozisiyanın içərisində yerləşən, muzeyə gələn tamaşaçıların istifadəsi üçün nəzərdə tutulan kitabxanadan ibarətdir. Bu da öz növbəsində muzeyə gələn tamaşaçıların asudə vaxtlarının səmərəli keçirilməsinə və xalça haqqında kitablarla yaxından tanış olub, biliklərinin artırılmasına xidmət edir.
Azərbaycan Milli Xalça Muzeyinin kitabxanasının fondu günü-gündən zənginləşir. Fondun zənginləşməsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Millli Kitabxanasının dəstəyi böyükdür. Kitabxana fondu muzeyi ziyarət edən qonaqlar tərəfindən hədiyyə olunan, müxtəlif təşkilatlar tərəfindən verilən, eləcə də muzeyin çap etdirdiyi nəşrlər [12] sayəsində daha da zənginləşir.
Azərbaycan Milli Xalça Muzeyinin nəzdində “Uşaq Muzeyi” şöbəsi [13] 2009-cu ildən təhsil, tədris və dərnək proqramları üzrə fəaliyyət göstərir. Burada daim yeniləşən ideyaların səmərəliliyi, intelektual və maraqlı proqramların vacibliyi, uşaqlarda maraq dairəsinin düzgün istiqamətləndirilməsi, zövqün, eləcə də estetik tərbiyənin inkişafı önəmli yer tutur.
“Uşaq muzeyi” şöbəsində 6-16 yaş məktəblilərə şəddənin, qobelenin toxunması, çətən, ebru, kətan parça üzərində milli ornamentlərin sadə naxış üsulu ilə tikilməsi, eyni zamanda milli ornamentləri təbliğ edən suvenir xalça, boşqab və kətan üzərində rəsm ustad dərsləri təqdim olunur.
“Uşaq muzeyi” şöbəsində aşağıdakı proqramlar tədris olunur:
1. “Nənəmin sandığından fashion show” proqramı çərçivəsində uşaqlara Azərbaycan milli geyimlərinin tarixi, həmçinin parçalardan istifadə qaydaları, məmulatın tikilmə üslubu haqqında nəzəri və praktiki dərslər keçirilir.
2. “Öz xalçanı yarat” proqramı çərçivəsində uşaqlara xalça sənəti haqqında həm nəzəri, həm də praktiki dərslər keçirilir.
3. “Art kukla” proqramı çərçivəsində uşaqlara onların zövqlərinə uyğun həm milli, həm də müasir kuklaların hazırlanması haqqında həm nəzəri, həm də praktiki dərslər keçirilir.
“Uşaq muzeyi” şöbəsində aşağıdakı dərnək proqramları fəaliyyət göstərir.
1. “Musiqili teatr dərnəyi”
2. Rəsm dərnəyi
3. Tikmə sənətinin müxtəlif növlərinin öyrədilməsi
4. Toxuma dərnəyi
“Uşaq muzeyi” şöbəsi nəzdində Uşaq Birliyi yaradılmışdır. Uşaq Birliyinin üzvləri muzeydə keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edirlər. Musiqili teatr dərnəyi “O olmasın, bu olsun”, “Arşın mal alan” , “Tıq-tıq xanım” və “Günəşin nağılı” tamaşalarını Uşaq Birliyinin üzvləri ilə səhnələşdirmişdir. “Uşaq muzeyi” şöbəsi tərəfindən uşaqlar üçün Azərbaycan milli geyimləri, “Xalçanı tanı və tanıtdır”, “Boyaçılıq” adlı mühazirələr təşkil olunur, uşaqlar üçün mövzuya uyğun ustad dərslər keçirilir, muzeyin ekspozisiyasına tematik ekskursiyalar təşkil olunur. “Uşaq muzeyi” şöbəsində həm də “Uçan xalça”, “Şəngülüm, şüngülüm, məngülüm”, “Məlikməmmədin nağılı” marionet teatrı, “Cırtdan”, “Şuşa, Zəfərin mübarək”, “Fitnə” və “Leyli və Məcnun” kölgə teatr tamaşaları göstərilir. Şöbə əməkdaşlıq etdiyi musiqi məktəbləri, yardıcılıq mərkəzləri, orta məktəb və liseylər ilə mütəmadi olaraq kütləvi tədbirlər, konsert proqramları, art terapiya, online və muzeydə təqdim olunan rəsm sərgiləri, art obyekt və plenerlər təşkil edir.
Muzeyin fəaliyyəti dövründə bir neçə rəhbəri olmuşdur. 1967–1982-ci illərdə Əməkdar incəsənət xadimi Əziz Əliyev, 1982–2016-cı ilin 5 yanvar tarixinə kimi Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva, 2016–2023-cü illərdə isə muzeyə[14] Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova rəhbərlik etmişdir. 2024-cü ildən etibarən muzeyin direktoru Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikovadır.[15]
Muzeydə xalça və xalq tətbiqi sənətinin müxtəlif mövzularına dair sərgilər, ekskursiyalar, mühazirələr, müsabiqə, eləcə də xalça toxunan bölgələrə etnoqrafik turlar təşkil edilir. Muzeyin zəngin elmi bazası əsasında kitab, buklet, kataloq, bələdçi və s. materiallar nəşr edilir, müxtəlif mövzularda təhsil, folklor proqramları təşkil olunur[16]. Bu proqramlarda maraqlı etnoqrafik səyahətlər, milli xalq ənənəsi üslubunda bədii gecələr və s. təşkil edilir. Eyni zamanda gənc nəslin tədris proqramında yaxından iştirak etmək, onların estetik zövqünün inkişafı, tarixi-bədii ənənələrimizin öyrədilməsi, təsviri sənət, bədii tikmə sənəti, xalça toxuma ənənələrinin incəliklərinin öyrədilməsi məqsədilə muzey təhsil proqramı hazırlamış və bu proqram əsasında da məktəblilərlə iş aparır. Muzeydə həmçinin, müxtəlif növ və çeşnidə xalçaların toxunulması və suvenirlərin hazırlanması üçün sifarişlər qəbul olunur.
Muzey sərgilər, beynəlxalq simpoziumlar və konfranslar keçirməklə elmi-tədqiqat, mədəniyyət və təhsil mərkəzinə çevrilmişdir. Fəaliyyəti ərzində muzey dünyanın bir çox ölkələrində 30-dan çox sərgi təşkil etmişdir. 1983-cü ildə Heydər Əliyevin təşəbbüsü və YUNESKO-nun təşkilati dəstəyi ilə Azərbaycan Xalça Muzeyində "Şərq xalça sənəti" mövzusunda birinci beynalxalq simpozium keçirildi. Azərbaycan Xalça Muzeyinin bilavasitə iştirakı ilə 1988-ci ildə "Azərbaycan xalça sənəti", 2003-cü ildə "Azərbaycan xalçası və xalq tətbiqi sənəti", 2007-ci ildə Lətif Kərimovun 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan xalça sənəti" (Paris, UNESCO-nun Baş qərargahı) adlı beynalxalq simpoziumlar keçirilmişdir.
Muzey Azərbaycan xalçasının xaricdə təbliği istiqamətində işini uğurla davam etdirmişdir. Azərbaycan mədəniyyəti günləri çərçivəsində Dövlət Keramika Muzeyi və "Kuskovo" Muzey-Malikanəsində (Moskva, 2001); İSESCO-nun Rabatdakı mənzil qərargahında (Mərakeş, 2008); Berlin Etnologiya Muzeyində (2008) və Drezden Etnologiya Muzeyində (2008–2009) sərgilər təşkil edilmişdir. Həmçinin müxtəlif əlamətdar tarixlərə həsr olunmuş sərgilər də keçirilmişdir. Bunlara misal olaraq, Azərbaycanın Avropa Şurasına qəbul edilməsinin birinci ildönümü münasibətilə (Strasburq, 2001); UNESCO-nun mənzil qərargahında Azərbaycan xalça sənəti üzrə IV Beynəlxalq Simpozium çərçivəsində L. Kərimovun 100 illik yubileyinə həsr olunan (Paris, 2007); İndira Qandi adına Milli Mədəniyyət Mərkəzində Nizami Gəncəvinin 870 illik yubileyinə həsr edilmiş (Nyu Dehli, 2012)[17], Azərbaycan Milli Xalça Muzeyinin 50 illik yubileyi münasibətilə Belqrad Etnoqrafiya Muzeyində "Əvəzolunmayan dəyərlər" (Belqrad, 2017), Bolqarıstan Etnoqrafiya Muzeyində "Əzəmət nümunələri – Azərbaycan xalq sənəti" (Sofiya, 2017) [18], Gürcüstan Xalq və Tətbiqi Sənət Muzeyində "Azərbaycan Xalça Muzeyinin kolleksiyasından xalça məmulatları" (Tbilisi, 2017)[19], 2018-ci ildə Ümumrusiya Dekorativ Sənət Muzeyində (Moskva ş.) görkəmli bəstəkar Qara Qarayevin 100 illiyi [20], 2022-ci ildə isə Dövlət Rus Muzeyində (Sankt-Peterburq ş.) dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "Yeddi gözəl"[21] sərgilərini qeyd etmək olar.
Muzey əlaqədar beynəlxalq şəbəkələrin fəal iştirakçısıdır. O, Avropa Tekstil Şəbəkəsi (ETN), Avropa Muzey Forumu (EMF), Beynəlxalq Muzeylər Şurası (İCOM), YUNESKO və Təhsil, Elm və Mədəni Əməkdaşlıq üzrə Hökumətlərarası Fond (IFESCCO) ilə sıx əməkdaşlıq edir. 2004-cü ildə muzeyin iştirakı ilə "Azərbaycan xalçasının qorunması və inkişafı" üzrə milli qanun hazırlanıb qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan xalçasının reyestrinin tərtib edilməsi, qorunması və inkişafı istiqamətində dövlət dəstəyinin təminatı, elmi və metodiki kadrların hazırlanması nəzərdə tutulmuşdur. 2010-cu ildə Azərbaycan xalça sənəti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın dəstəyi ilə YUNESKO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı"na daxil edilmişdir[22].
Müasir dövrdə AMXM dünyanın aparıcı muzeyləri ilə əməkdaşlıq müqavilələri imzalayır, ikitərəfli razılaşma əsasında sərgi və elmi layihələr həyata keçirir, xarici muzey kolleksiyalarında qorunan Azərbaycan xalçalarının atribusiyasını müəyyənləşdirir. Bu gün AMXM ümumilikdə 30-dan çox xarici muzey və digər institusiyalarla anlaşma memorandumları və əməkdaşlıq müqavilələri imzalamışdır. Yarandığı gündən etibarən AMXM Azərbaycan xalçası və digər dekorativ-tətbiqi sənət nümunələrinin xaricdə təbliğ etmək məqsədilə otuza qədər sərgi təşkil etmişdir. Mühüm elmi mərkəz kimi, AMXM müntəzəm olaraq müxtəlif ölkələrin alim, rəssam və kolleksiyaçılarını bir araya gətirərək, mədəni irsimiz olan xalçaçılığın öyrənilməsinə həsr olunmuş beynəlxalq konfranslar keçirir. Konfranslar müxtəlif beynəlxalq təşkilatların birgə təşkilatçılığı ilə həyata keçirilmişdir. Muzey ümumilikdə 22 beynəlxalq konfrans və müsabiqəyə ev sahibliyi etmişdir: Xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslara AMXM-nin əməkdaşları qatılaraq muzeyin fəaliyyəti və onun kolleksiyaları ilə bağlı mühazirələrlə çıxış edir. 2016–2023-cü illərdə ümumilikdə AMXM 57 xarici konfransda təmsil olunmuşdur. 2016-cı ildən etibarən xarici ölkələrdə AMXM-in tarixi, kolleksiyaları və fəaliyyətinə həsr olunmuş mühazirələr keçirilir.