Abşeron-Xızı iqtisadi rayonu
Abşeron-Xızı iqtisadi rayonu – Azərbaycan Respublikasında iqtisadi-coğrafi rayon. Sahəsi 3,34 min km2
. Əhalisi 563,1 min . Abşeron və Xızı inzibati rayonları, Sumqayıt şəhəri daxildir. 7 iyul 2021-ci ilə qədər Abşeron iqtisadi rayonu adlandırılmışdır.
== Təbiəti ==
Abşeron rayonunun ərazisi qərbdə Baş silsilə və Ləngəbiz silsiləsinin cənub-şərq, şərqdə Qobustanı və Abşeron yarımadasının qərb, şimalda Samur-Dəvəçi ovalığının cənub-şərq, cənubda Cənub-Şərqi Şirvan düzünün şimal hissəsini əhatə edir. Relyefi dağlıq və düzənlikdir. Səthi silsilə və tirələrlə yanaşı dərə, yarğan, qobu, təpə və çökəkliklərlə mürəkkəbləşmişdir. Yüksəkliyi Xəzər sahili düzənliklərdə okean səviyyəsindən –28 m -dən dağlıqda 2205 m (Dübrar d.) arasında dəyişir. Rayonun ərazisində, əsasən, Tabaşır, Paleogen, Neogen və Antropogen çöküntüləri yayılmışdır.