Ermənistanda olan məscidlər
1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məhəllə məscidləri Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Cicimli 1, Cicimli 2, Qaroaçalı, Seydlər, Mollalar, Təzə Kilsə, Nərcan, Zor, Əfəndilər, Pasan, Xurtekes, Hacıqəmbər, Qarabağlar, Dəmirçilər, Dondarlı, Kurdaluq, Ulaclı, Saraclı, Dərzili, Oxçi, Kaqlar kəndlərində fəaliyyət göstərib. Ümumilikdə İrəvan quberniyasının Eçmiədzin uyezdində 36 məhəllə məscidi, Sürməli uyezdində 47 məhəllə məscidi, Şərur-Dərələyəz uyezdində 63 məhəllə məscidi, Novobayəzed uyezdində 14 məhəllə məscidi, İrəvan uyezdində 54 məhəllə məscidi fəaliyyət göstərib. Bu məscidlərdə quberniyada anadan olanların, ölənlərin, evlənənlərin, boşananların qeydiyyatı aparıb. Hər məhəllənin mollası qubernator tərəfindən təyin olunub. İrəvan şəhərinin özündə isə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib.