Şotlandiya musiqisi
Şotlandiya musiqisi — Şotlandiya ərazisində formalaşmış musiqi sənəti.
== Tarixi ==
Şotlandiya musiqi sənətinin mənşəyi ölkənin ərazisində məskunlaşmış tayfaların, yəni keltlərin, skottların, skandinavların və başqalarının mahnı və rəqsləri ilə bağlıdır. Gəzərki xalq müğənniləri olan bardlar, sonralar isə minstrellər qəhrəmani, məhəbbət mahnıları qoşur, xalq eposunu qoruyub-saxlayırdılar. Şotlandiya mahnıları üçün pentatonika və natural məqamlar xarakterikdir. Mahnı və rəqslər XII əsrdən populyarlaşan arfa, XV əsrdən əsas milli musiqi aləti olan tuluq zurnası, fidele, viola, skripka ilə müşayiət olunurdu. XII əsrdən professional dini və dünyəvi saray musiqisi inkişaf etməyə başlamış, XIII əsrdə xor məktəbləri yaranmışdı. XVI əsrin birinci yarısında Şotlandiya musiqisi bəstəkarlardan Robert Karver, Robert Conson, Devid Pibls və başqalarının yaradıcılığı ilə bağlıdır. Musiqi sənəti XVII əsrdən yüksəlişə başlamışdır. XVIII əsrdə professional musiqi cəmiyyətləri, xor, orkestrlər və opera birlikləri yaranmışdır. Şotlandiya xalq mahnıları əsasında ilk ballada-opera ("Nəcib çoban", 1725, Allan Ramzey) yaradılmışdır.