Əhmədağa Əhmədov
Əhmədağa Hacı Ağa Mirzə Əbdülkərim oğlu Əhmədov (26 mart 1922, Maştağa, Bakı qəzası – 21 mart 2008, Maştağa) — texniki elmlər namizədi (1954), dosent, islamşünas, ədəbiyyatşünas. Bir sıra texniki, dini və ədəbi araşdırma kitablarının müəllifi.
Əhmədağa Əhmədov 1922-ci ildə Bakının Maştağa kəndində anadan olub. Dövrünün çox savadlı ruhanisi olmuş atası Hacı Mirzə Əbdülkərimin onun təlim-tərbiyəsində böyük əməyi olub. Hacı Mirzə Əbdülkərim uzun müddət İranda və İraqda oxuyub, Məşhəd və Nəcəf şəhərlərindəki mədrəsələrdə ərəb dilinin sərvi-nəhvi, məntiq, bəlağət elmləri, fiqh, üsul, hikmət, ilahiyyat və s. elmlərdən dərs deyib.
O vaxtlar ruhanilərə "kulak" damğası vurulduğu üçün məktəb yaşı çatmasına baxmayaraq balaca Əhmədağanı məktəbə yalnız 13 yaşında qəbul edilib. Lakin 4-5 yaşlarında yazıb oxumağı öyrənmiş Əhmədağa bu illər fars və ərəb dillərini, məntiq ədəbiyyat elmlərini öyrənmişdi.
Orta məktəbi altı il ərzində əla qiymətlərlə bitirib attestat aldıqdan iki gün sonra müharibə başlayır və onu ordu sıralarına çağırıb Uzaq Şərqə yola salırlar. Sibirin buzlu qazmalarında hərbi xidmət keçən Ə.Əhmədov ağır xəstələnir.