Maşın tərcümə
Maşın tərcüməsi (ing. machine translation, rus. машинный перевод) — lüğətlər və tərcümə qaydaları toplusu əsasında mətnin bir dildən başqa bir dilə avtomatik çevrilməsi texnologiyası. Kompüterlərdən tərcümə üçün istifadə olunması ideyası 1947-ci ildə, ilk kompüterlərin yaranmasından dərhal sonra ABŞ-də irəli sürülüb. Maşın tərcüməsinin (Corctaun eksperimenti) ilk ictimai nümayişi isə 1954-cü ildə olub. Həmin sistem nə qədər primitiv olsa da (250 sözdən ibarət lüğət, 6 qaydadan ibarət qrammatika, bir neçə cümlənin tərcüməsi), eksperiment geniş resonans yaratdı: ADR-də, AFR-də, Bolqarıstanda, Çində, Fransada, İngiltərədə, İtaliyada, SSRİ-də, Yaponiyada bu istiqamətdə tədqiqatlara başlanıldı.
Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qohumluğundan asılıdır. Bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti, demək olar ki, həmişə qaneedici olmayıb. Texniki mətnlərdə isə azacıq redaktəyə ehtiyacı olan tərcümələr almaq mümkündür.
Fəqət mükəmməl maşın tərcüməsi sisteminin yaradılması yarım əsr bundan öncə olduğu kimi, yenə də arzu olaraq qalır.