"Ən yaxşı müəllim" müsabiqəsi
"Ən yaxşı müəllim" müsabiqəsi — Azərbaycan Respublikasında müasir təlim texnologiyaları və üsulları üzrə kompleks tədbirləri (innovativ təhsil proqramlarını) həyata keçirən, keyfiyyət göstəriciləri ilə fərqlənən müəllimlər üçün 2007-2008-ci tədris ilindən başlayaraq hər tədris ilində bir dəfə olmaqla, müsabiqə əsasında 100 ən yaxşı müəllimin hər birinə innovativ təhsil üsullarının inkişaf etdirilməsi üçün 5.000 manat məbləğində birdəfəlik mükafatın verilməsini nəzərdə tutan müsabiqə.
Müsabiqə hər tədris ili üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilib.
== Təsisi ==
"Ən yaxşı müəllim" müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2007-ci il tarixli, 2373 nömrəli Sərəncamı ilə gənc nəslə fundamental biliklərin əsaslarını yeni üsullarla aşılayan, Azərbaycan dili, ədəbiyyatı və tarixinin, xarici dillərin tədrisində nailiyyətlər qazanan, informasiya texnologiyalarının mənimsədilməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yüksək nəticələr əldə edən müəllimlərin fəaliyyətini qiymətləndirmək məqsədilə təsis edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2008-ci il tarixli, 714 nömrəli Fərmanı ilə "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları" təsdiq edilmişdir.
== Başlıca məqsədi ==
Müsabiqənin keçirilməsində başlıca məqsəd ölkənin ümumtəhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək, novatorluğa və innovasiyalara meyilli müəllimlərə pedaqoji ustalıqlarını nümayiş etdirmək üçün səmərəli şərait yaratmaq, cəmiyyətdə müəllimin statusunu və nüfuzunu yüksəltmək, dövlətin təhsil siyasətinin həyata keçirilməsində müəllimin rolunun getdikcə artmasına nail olmaq və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsində stimullaşdırıcı tədbirlərin mühüm əhəmiyyət daşıdığını geniş ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir.
== Müsabiqədə iştirak şərtləri ==
Müsabiqədə iştirak etmək istəyən müəllimlər aşağıdakı şərtlərə cavab verməlidir:
azı beş il pedaqoji iş stajına malik olması;
əlavə təhsil alması, pilot və digər inkişafyönümlü layihələr çərçivəsində öyrədici treninqlərdə iştirakına dair, habelə yeni təlim texnologiyalarının tətbiqi ilə bağlı müvafiq sənəd alınası;
təcrübə mübadiləsi məqsədilə digər ölkələrdə təşkil edilmiş müvafiq kursda (kurslarda) iştirak etməsi;
dərs demək, məşğələ aparmaq üçün əlavə təhsil tədbirlərinə, seminar və treninqlərə cəlb edilməsi;
pedaqoji mühazirələrdə, elmi-təcrübi konfranslarda məruzələrlə çıxış etməsi, əvvəlki illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən elan olunmuş "İlin ən yaxşı müəllimi" müsabiqəsinin respublika mərhələsində mükafata layiq yer (yerlər) tutması;
mətbuatda metodiki məqalələrlə çıxış etməsi, tədris vəsaitlərinin müəllifı olması;
tədris etdiyi ixtisas üzrə şagirdlərinin ali təhsil müəssisələrinə qəbul imtahanlarında uğurlu nəticələr qazanması, fənn olimpiadalarının, müsabiqə, sərgi və yarışların yekun mərhələsində mükafata layiq yerlər tutması;
"Baş müəllim" yaxud "Metodist müəllim" adını alması, dövlət təltiflərinə ("Şöhrət" ordeni, "Tərəqqi" medalı, "Əməkdar müəllim" fəxri adı və s.) layiq görülməsi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunması;
Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiya qərarları və Azərbaycan Respublikası təhsil nazirinin əmrlərində, yerli təhsil orqanlarının müvafiq sənədlərində səmərəli fəaliyyəti barədə məlumatların olması, qabaqcıl təcrübəsinin müxtəlif səviyyələrdə öyrənilib yayılması barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qərarın qəbul edilməsi;
informasiya və kommunikasiya texnologiyalarından istifadə bacarıqlarına malik olması;
ictimai birliklər, fondlar, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları, valideyn-məktəb assosiasiyaları və digər qurumlar tərəfındən aparılan sorğularda həmin müəllim haqqında müsbət mülahizə və rəylərin irəli sürülməsi;
müəllimin müsabiqədə iştirakı üçün əhəmiyyətli olan digər zəruri göstəricilər.
== Müsabiqənin keçirilməsinə rəhbərlik və nəzarət ==
Müsabiqənin keçirilməsinə rəhbərlik və nəzarət, tərkibi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən və ictimai əsaslarla fəaliyyət göstərən "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi üzrə Təşkilat komitəsi" tərəfindən həyata keçirilir. Təşkilat komitəsinin tərkibinə beynəlxalq və qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri də daxil edilə bilərlər. Müsabiqə prosesində mərhələlər üzrə qiymətləndirmə balları Təşkilat komitəsi tərəfındən müəyyən edilir.
Müsabiqənin keçirilməsi və nəticələri ilə bağlı yaranan mübahisəli məsələlərə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yaradılan apelyasiya komissiyasında baxılır.