Bu söz “Dədə Qorqud”da, Aşıq Ələsgərdə və s. mənbələrdə işlədilib. İndiki dillə desək, “banket”, “ziyafət” deməkdir. Əslində, xalqa verilən qonaqlıq olub, kasıbları doydurmaq üçün onlara şadlıq məclisləri düzəldiblər. Qərb dialektlərində şülən əvəzinə, indi lejan kəlməsi işlədilir. Salyan rayonunda lej forması da mövcuddur. Qazaxda deyirlər: “Bostanda qarpız lejan olub”, yəni boldur, çoxdur. Şül sözü bol deməkdir, -ən şəkilçisi ehtimal ki, ərənlər sözündəki –“ən”lə eynidir, çoxluq bildirir. Belədirsə, şülən sözü “çox bol” mənasını verir (Şulan sözü adam adı kimi də işlədilir, görünür, “səxavətli”, “çörəkli” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)