ƏMİR İBN AS
(43/664-cü ildə vəfat etmişdir) – tanınmış siyasi xadim və İslam ordusunun sərkərdəsi olmuşdur. Nüfuzlu qüreyş başçılarından biri olduğundan uzun müddət müsəlmanlara qarşı olmuş, onlarla vuruşmuşdur. Canlarını təqiblərdən qurtarmaq üçün Həbəşistana hicrət edən müsəlmanların zorla geriyə qaytarılması məqsədi ilə qüreyşlilər o ölkənin kralı Nəcaşinin yanına Əmir ibn Ası göndərmişdirlər. Ancaq o, bu tapşırığı yerinə yetirə bilməmişdir.
Müsəlmanlar Məkkədən Mədinəyə hicrət etdikdən sonra Əmir ibn As Bədr, Uhud və Xəndək döyüşlərində onlara qarşı vuruşmuşdur.
Xəndək döyüşündən sonra o, müsəlmanlara qarşı müqavimətin mənasız olduğunu anlamışdır. Hüdeybiyə sülh anlaşmasının (8/629) bağlanmasından sonra Əmir ibn As, Xalid ibn Valid ilə birlikdə Mədinəyə, Məhəmməd peyğəmbərin yanına gələrək İslamı qəbul etdiklərini bildirdilər. Müsəlmanlar Məkkənin fəth olunmasından az öncə Məhəmməd peyğəmbər ayrı-ayrı ərəb qəbilələrinin onlara qarşı hücum edəcəkləri haqqında xəbərlər almışdır. Buna görə o, ənsar və mühacirlərdən könüllülər dəstəsi yaratmış, onların başçısı olaraq da Əmir ibn As seçmişdir. İslam ordusunun yaxınlaşdığını görən bədəvilər döyüşə girmədən geri çəkilmişdirlər. Əmir ibn As isə dəstəsi ilə Mədinəyə qayıtmışdır. Müsəlmanlar Məkkəni fəth etdikdən sonra Məhəmməd peyğəmbər Əmir ibn Ası ərəb qəbilələrinin tapındıqları Suva bütünü dağıtmağa göndərmişdir.
Birinci Raşidi xəlifə Əbu Bəkrin dövründə Əmir ibn As Ərəbistan üsyançıları ilə vuruşmuş, sonra isə Suriya və Bizansla savaşa yollanmışdır. Orada o, Yərmuk döyüşündə, eləcə də Dəməşqin, Əcnədeynin və Fələstinin alınması uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
Müsəlmanlar Misiri alanda Əmrin bacarıqlı sərkərdə olmasının bir daha şahid olmuşdurlar. O, bu yürüşə çıxmağı təklif edərək özü də orduya başçılıq etmişdir.
Xəlifə Ömər isə onun təklifini dəstəkləmiş ona yardım etmək üçün o bölgəyə daha bir qoşun birləşməsini göndərmişdir. Yürüşə ciddi hazırlaşmış Əmr irəliləyərək Misir hökmdarı Mukavkasın güclərini məğlub edə bilmişdir. Bu uğurdan sonra Xilafət ordusu bütün Misiri və Şimali Afrikanın bir hissəsini ələ keçirmişdir.
Xəlifə Ömər Əmir ibn Ası Misirin valisi vəzifəsinə təyin etmişdir. Ancaq sonra, Osmanın xəlifəliyi dövründə maliyyə işlərində buraxdığı səhvlərə görə o vəzifəsindən uzaqlaşdırılmışdır.
Bundan sonra Əmir ibn As bir zaman siyasətdən uzaq qalmışdır.
Əli ibn Əbu Talib xəlifə olduqdan sonra Əmir ibn As yenə də siyasətə qatılmışdır. O, Suriya valisi Müaviyənin ordusuna komandanlıq etmişdir. Bəzi rəvayətlərə görə buna qarşılıq olaraq Müaviyə uğur qazanardısa, onu yenidən Misirin başçısı vəzifəsinə təyin etməli idi. Xəlifə Əli Suriyaya öz elçisini göndərdikdə Müaviyə ilə Əmir ibn As onu Osmanın qatillərini təmizə çıxartmaqda günahlandırmış və onun xəlifəliyini tanımayacaqlarını bildirmişdirlər.
Suriyalıların müqavimətini qırmaq üçün xəlifə Əli onlara qarşı qoşun yeritmişdir. Əli Süffeyn döyüşündə uğura çox yaxın olmuşdur. Çıxılmaz duruma düşmüş suriyalıların ordu komandanı Əmir ibn As döyüşçülərinə nizələrinin uclarına Quran səhifələrini sancaraq Allahın məhkəməsini qurmağı tələb etmələrini əmr etmişdir. Xəlifə Əli bunun məğlubiyyətdən qurtulub vaxt udmaq üçün bir gediş olduğunu bildiyindən döyüşü dayandırmaq istəmirdi. Ancaq, onun ətrafında olan bir qrup ordu sərkərdələri buna israrlı idilər. Buna görə də o, danışıqlara getməli oldu. Problemi çözmək üçün çağırılan məhkəmədə xəlifə Əli və Müaviyənin təmsilçiləri onların vəzifələrindən getmələrini bildirməli idilər. Sonra o, yeni xəlifə seçilməli idi. Beləliklə, hər iki tərəfin təmsilçiləri Dümətül-Cəndəldə bir araya gəldilər.
Birinci xəlifə Əlinin təmsilçisi Əbu Musa Əşəri çıxış etdi. Öncə anlaşıldığı kimi o, xəlifə Əli və Suriya başçısı Müaviyənin vəzifələrindən uzaqlaşdırıldığını elan etdi.
Ancaq, ondan sonra çıxış edən Müaviyənin təmsilçisi Əmir ibn As Müaviyənin vəzifəsindən uzaqlaşdırılmasını elan etməkdən çəkindi və bununla da tərəflər arasındakı anlaşma pozuldu. Beləliklə, heç bir nəticə əldə olmadığından Xilafətdə iç savaş davam etdi.
Ancaq, artıq bu dəfə suriyalılar üstünlük qazanmışdırlar. Çünki, məhkəmədən sonra Əlinin tərəfdarlarının bir hissəsi ona qarşı üsyan edərək ondan ayrıldılar. Bu da Əlinin ordusunu zəiflətdi. Əlini tərk edənlər xaricilər adlanmış və onlar həm ona, həm də Müaviyəyə qarşı vuruşmağa başlamışdırlar.
Əmir ibn Asın bu kimi gedişlərinə görə suriyalılar vaxtı qazanaraq öz sıralarını möhkəmlətmişdirlər. Bundan sonra onlar xəlifə Əlinin tərəfdarlarının arasında parçalanmadan yararlanaraq hücuma keçirlər.
Hicrətin 38-ci ilində Əmir ibn Asın başçılığı ilə suriyalılar Misirə girmiş xəlifə Əlinin oraya başçı təyin etdiyi Məhəmməd ibn Əbu Bəkrin güclərini məğlub edir, onun özü isə öldürürlər. Bundan sonra suriyalılar İraq və Hicazda da Əlinin güclərinə ağır zərbələr endirmişdilər.
Hicrətin 40-cı ilində Xilafətdə gedən savaşların başlanmasında Əli, Müaviyə və Əmir ibn Ası günahlandıran xaricilər onlara qarşı suiqəsdlər hazırlamışdırlar. Bunun nəticəsində xəlifə Əli öldürülmüş, Müaviyəyə qarşı basqın isə baş tutmamış və o yalnız ayağından yüngül yaralanmışdır.
Əmir ibn Asın yerinə isə xaricilər bir səhv səbəbindən onun yaxın adamını öldürdülər.
Əli öldürüləndən sonra xəlifə olan Müaviyə ibn Əbu Süfyan Əmir ibn Ası Misirə vali vəzifəsinə təyin etmişdir. O, bu vəzifədə hicri 43-cü (ya da ayrı-ayrı qaynaqlara görə 51-ci) ilə qədər olmuş, sonra ağır xəstəliyə tutulub vəfat etmişdir.