Salvatore Kvazimodo
Salvatore Kvazimodo (it. Salvatore Quasimodo; 20 avqust 1901[…], Modika[…] – 14 iyun 1968[…], Neapol[…]) — italyan yazıçı, şair, tərcüməçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1959).
== Həyatı ==
İtalyan şairi Salvatore Kvazimodo Siciliyadakı Modike şəhərində, dəmiryol stansiyası rəisinin ailəsində doğulmuşdu. Atası texniki təhsili daha praktik və "çörəkli" hesab etdiyindən Salvatore bir müddət Messinadakı texniki məktəbdə oxumuşdu. 1919-cu ildə Roma Politexnik institutuna daxil olmuşdu. Bir tərəfdən ədəbiyyata həddindən artıq vaxt ayırması, o biri tərəfdən isə maddi çətinliklər ucbatından təhsili yarımçıq atmışdı. Ekstern yolla imtahan verməklə topoqraf ixtisasına yiyələnmişdi. Şairin "lirika" ilə "fizika" arasındakı tərəddüdləri uzun müddət davam etmişdi. O qədim yunan və latın dillərini öyrənməsinə, xeyli "sandıq ədəbiyyatı" nümunəsi yaratmasına baxmayaraq, ədəbi istedadına əmin olmadığından texniki sahədəki işindən əl çəkməmişdi.
Yalnız 1929-cu ildə qaynı, gələcəyin tanınmış italyan romançısı Elio Vittorio Salvatoreni ədəbi mühitə yaxınlaşdırmış, onu Eucenie Montale, Cüzeppe Unqaretti və "Solyari" jurnalının redaktoru Alessandro Bonsatti ilə tanış etmişdi.