Salvatore Kvazimodo (it. Salvatore Quasimodo; 20 avqust 1901[1][2][…], Modika[4][5][…] – 14 iyun 1968[3][1][…], Neapol[3][4][…]) — italyan yazıçı, şair, tərcüməçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1959).
Salvatore Kvazimodo | |
---|---|
it. Salvatore Quasimodo | |
Doğum tarixi | 20 avqust 1901[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 14 iyun 1968[3][1][…] (66 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | beyin qansızması[d][6] |
Dəfn yeri |
|
Fəaliyyəti | şair, dilçi, yazıçı, tərcüməçi, ssenarist, universitet müəllimi[d], jurnalist, ədəbiyyat tənqidçisi, tənqidçi |
Əsərlərinin dili | italyan dili |
Üzvlüyü | |
salvatorequasimodo.it | |
Vikianbarda əlaqəli mediafayllar |
İtalyan şairi Salvatore Kvazimodo Siciliyadakı Modike şəhərində, dəmiryol stansiyası rəisinin ailəsində doğulmuşdu. Atası texniki təhsili daha praktik və "çörəkli" hesab etdiyindən Salvatore bir müddət Messinadakı texniki məktəbdə oxumuşdu. 1919-cu ildə Roma Politexnik institutuna daxil olmuşdu. Bir tərəfdən ədəbiyyata həddindən artıq vaxt ayırması, o biri tərəfdən isə maddi çətinliklər ucbatından təhsili yarımçıq atmışdı. Ekstern yolla imtahan verməklə topoqraf ixtisasına yiyələnmişdi. Şairin "lirika" ilə "fizika" arasındakı tərəddüdləri uzun müddət davam etmişdi. O qədim yunan və latın dillərini öyrənməsinə, xeyli "sandıq ədəbiyyatı" nümunəsi yaratmasına baxmayaraq, ədəbi istedadına əmin olmadığından texniki sahədəki işindən əl çəkməmişdi.
Yalnız 1929-cu ildə qaynı, gələcəyin tanınmış italyan romançısı Elio Vittorio Salvatoreni ədəbi mühitə yaxınlaşdırmış, onu Eucenie Montale, Cüzeppe Unqaretti və "Solyari" jurnalının redaktoru Alessandro Bonsatti ilə tanış etmişdi. Müəllifin ilk şeirləri də bu jurnalda dərc edilmişdi. Növbəti il isə Bonsattinin maliyyə yardımı ilə kitabı çap olunmuşdu. Ədəbi tənqidin fikrincə, Kvazimodo öz yaradıcılığı ilə italyan şerinə "şifrələnmiş obrazlılıq, söz kultu və sərt, sehrli intellektualizm" gətirmişdi. Maraqlıdır ki, ilk şeirlərinin çapından cəmisi üç il sonra o, Florensiyanın "Antiko Fattore" ədəbi mükafatına layiq görülmüşdü.
Salvatore Kvazimodo heç vaxt italyan faşizminə rəğbəti ilə seçilməmişdi. 1938-ci ildə o dövlət qulluğundan – mülki tikinti nazirliyindəki işindən uzaqlaşaraq qəzetçilik fəaliyyətinə keçmiş, 1939-cu ildə "Tempo" jurnalının baş redaktoru təyin olunmuşdu. 1942-ci ildən həm də Milan konservatoriyasında italyan ədəbiyyatı professoru vəzifəsində çalışmışdı. Bu dövrdə müəllifin qədim yunan poeziyasından tərcümələrinin toplandığı "Yunanıstan lirikası" (1940), habelə orijinal əsərlərindən ibarət "Axşam düşdü" (1942) şeirlər kitabı nəşr olunmuşdu.
O, çoxsaylı ədəbi-tənqidi məqalə və esselərin müəllifi, eləcə də Homer, Sofokl, Esxil, Vergili, Katull kimi antik müəlliflərin, müasir ispan və amerikan şairlərinin əsərlərindən nümunələrin italyan dilinə tərçüməçisi kimi tanınmışdı.
İkinci Dünya müharibəsinin başlanması, İtaliyanın üzləşdiyi fəlakətlər Kvazimodonun da əsərlərinin mövzu və üslubunda müəyyən dəyişikliklər yaratmışdı. Şair real həyata və sosial mövzulara daha çox diqqət yetirməyə başlamışdı. Müqavimət hərəkatına qoşulmuş, hətta siyasi baxışlarına görə həbsxanaya düşmüşdü. 1945-ci ildə Kommunist partiyasına üzv olmuşdu. Sifarişlə siyasi şeirlər yazması tələb ediləndə isə kommunistlərlə əlaqəsini kəsmişdi. 1958-ci ildə sovet kommunistlərinin dəvəti ilə SSRİ-yə gəlmiş, xəstələndiyindən yarım il Moskvada qalmalı olmuşdu.
Ədəbi dairələrdəki müəyyən nüfuzuna baxmayaraq Salvatore Kvazimodo heç zaman İtaliyanın görkəmli şairi sayılmamışdı. Bu baxımdan ölkəsindən kənarda o qədər də tanınmayan müəllifin 1959-cu ildə "zəmanəmizin faciəli təcrübəsini klassikaya məxsus samballılıqla ifadə edən lirikasına görə" Nobel mükafatına layig görülməsi yalnız Avropanın digər ölkələrində deyil, İtaliyada da təəccüb və anlaşılmazlıqla qarşılanmışdı. Yeni laureatın Nobel mühazirəsinin də hansısa yeni, orijinal fikirlərlə fərqləndiyini söyləmək çətindir.
Salvatore Kvazimodo öz ölkəsinin də bir sıra ədəbi mükafatlarını almışdı. O, Messina və Oksford universitetlərinin fəxri doktoru idi. Həyatının son illərində müəllif bir sıra Asiya və Avropa ölkələrinə səyahət etmiş, universitet və elmi cəmiyyətlərdə italyan ədəbiyyatı haqqında mühazirələr oxumuşdu.
Müasir tənqidçilər onu öz kökləri ilə antik dövrə gedib çıxan hermetizm ədəbi cərəyanın tanınmış nümayəndələrindən biri saysalar da, sənətkarlıq baxımından Montalenin, Eliot, Yets kimi şairlərlə rəqabətə girə bilməyəcəyini etiraf edirlər.