Aydın Qaradağlı
Qaradağlı Aydın Çingiz oğlu (20 avqust 1929, Quba – 28 yanvar 1980, Bakı) — Azərbaycanlı diktor, Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı. 1946-cı ilin dekabr ayının 18-dən Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinin, 1954-cü ildən Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsinin, 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin, 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin diktoru işləmişdir. Azərbaycan SSRin əməkdar atisti (1964), ürəklərə nüfuz edən, aydın, təmiz, cilalanmış, məlahətli səs sahibi idi.
== Həyatı ==
Aydın Qaradağlı 20 avqust 1929-cu ildə Qubada anadan olub. 1944-cü ildə orta məktəbi, 1945-ci ildə Gəmiçilik məktəbini (Azərbaycan Dövlət Dəniz Akademiyasını) bitirib. 1946-cı il dekabr ayın 18-də Azərbaycan SSR dövlət radiosuna diktor vəzifəsinə işə qəbul olunmuşdur. 1948-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Teatr məktəbini (aktyor ixtisası ilə), 1949-cu ildə Moskvada Ümumittifaq diktorluq kurslarını bitirib. 1951–1954-cü illər (1951-Gürcüstan SSR, 1952–1954-Rumıniya) Sovet Orsusunda xidmət edib. 1955-ci ildə Gültəkin xanım Cabbarlı ilə ailə həyatı qurub. 1956-cı ildə Xanım, 1959-cu ildə Aygül adlı qızları, 1966-cı ildə isə Vüqar adlı oğlu anadan olur.