Məhkəmə
Məhkəmə — Cinayət işlərinə və mülki mübahisələrə baxan ədliyyə orqanı. Ədalət mühakiməsini həyata keçirən, haqqın, ədalətin təntənə çalmasına xidmət edən, dövlətin ali hakimiyyət orqanı.
Azərbaycan Respublikasının Məhkəmə Sistemi Azərbaycan Respublikası ali məhkəməsində, apelyasiya məhkəmələrindən, ümumi məhkəmələrdən və digər ixtisaslaşmış məhkəmələrdən ibarətdir. Azərbaycanda üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir:
Birinci instansiya məhkəmələri
Apelyasiya instansiyası məhkəmələri
Kassasiya instansiyası məhkəmələri
Birinci İnstansiya məhkəmələri İlkin məhkəmə orqanlarıdır. Birinci İnstansiya məhkəmələrinə Rayon (Şəhər) məhkəmələri, hərbi məhkəmələr, yerli iqtisad məhkəmələri və ağır cinayətlərə dair işlər üzrə məhkəmələr daxildirlər.
Rayon (şəhər) məhkəmələri Azərbaycan Respublikası qanunvericiliyi ilə onlara həvalə edilmiş mülki və cinayət işlərinə, o cümlədən inzibati xətalara dair işlərə baxır.
Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər mübahislərdən irəli gələn işlərə baxılır.
Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş hökmündən və ya digər qərarından verilmiş şikayət və ya protestlərə baxmaq səlahiyyətinə malik olan məhkəmədir.
Maraqlı şəxslərin şikayətinə və prokurorun protestinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq onu dəyişdirmədən saxlayır, yaxud ləğv edərək yeni qərar çıxarır, yaxud iş üzrə icraata xitam verir, yaxud ərizəni baxılmamış saxlayır, yaxud da dəyişdirilməsi barədə qərar qəbul edir.
Kassasiya instansiya məhkəməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda apelyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökmündən və ya digər qərarından verilmiş şikayət, protest, yaxud təqdimatlara baxmaq səlahiyyətinə malik olan məhkəmədir.