Aşıq Əkbər
Aşıq Əkbər Cəfərov (1933, Tovuz rayonu – 24 avqust 1990) — Azərbaycan aşığı.
== Həyatı ==
Aşıq Əkbər Zərbalı oğlu Cəfərov 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində dünyaya göz açıb. Saza-sözə vurğun olan Əkbər bir çox böyük ustad sənətkarların – Aşıq Mirzə Bayramovun, Aşıq Məhəmməd Rzayevin, Aşıq Hüseyn Dəmirçinin, Aşıq Yusif Həsənovun, Aşıq Mikayıl Azaflının, Aşıq Yunis Həsənovun, Aşıq Vəli Qaraxanlının yanında şəyirdlikdən ustadlığa qədər yüksəlib. Əsas müəllimi isə aşıq dastanlarının mahir bilicisi, böyük ustad, Aşıq Hüseyn Bozalqanlının bacısı oğlu Aşıq Qədir İsmayılov olub.
Sazdan əvvəl balabanda, zurnada, tütəkdə əksər aşıq havalarını, el havalarını məharətlə ifa edən Aşıq Əkbər böyük ustad Mikayıl Azaflı və Yusif Yusifovun təkidi ilə cavanlığından sırf aşıqlığa keçərək, könlünü həmişəlik saza-sözə bağlayır.
Aşıqlar adətən zil, orta və bəm köklərdən birində oxuya bilirlər. Aşıq Əkbər isə hər üç kökdə böyük ustalıq və məharətlə oxuya bilirdi. El ona "Zilxan" təxəllüsünü boş yerə verməmişdi. Əkbərin əsas özəlliklərindən biri də ondan ibarətdir ki, aşıq musiqisi ilə yanaşı, muğam və təsniflərimizi də gözəl ifa edirdi. Oxuduğu "Heyratı", "Mənsuriyyə", "Dilkeş", "Zabul segah"ı ilə hər kəsi heyrətləndirərdi.